525.Az

"Yazıçılarımızı dünyaya tanıdaq” layihəsi çərçivəsində kitab dəsti nəşr edilib


 

"Yazıçılarımızı dünyaya tanıdaq” layihəsi çərçivəsində kitab dəsti nəşr edilib<b style="color:red"></b>

I Avropa Oyunları çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “XAN” nəşriyyatında "Yazıçılarımızı dünyaya tanıdaq” adlı layihə çərçivəsində kitab dəsti nəşr edilib.

525.az-ın məlumatına görə, layihənin hazırlanmasında “Hədəf Nəşrləri”nin mütəxəssisləri də yaxından iştirak ediblər.

Kitabda Azərbaycanın bir sıra tanınmış yazıçılarının həyat və yaradıcılığı haqqında məlumat verilib, onların əsərlərindən müəyyən nümunələr təqdim edilib.

İngilis dilində olan topluda Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Məhəmməd Hüseyn Şəhriyar, Mir Cəlal, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, İsa Muğanna, Məmməd Araz, Anar, Elçin, Kamal Abdulla kimi Azərbaycan ədəbyyatının görkəmli nümayəndələri yer alıb.

20 ayrı kitabçadan və bir ümumi kitabdan ibarət dəst Azərbaycan ədəbiyyatını dünyaya tanıtmaq yolunda xüsusi əhəmiyyətə malikdir.

Layihənin əsas məqsədi I Avropa Oyunları çərçivəsində ölkəmizi ziyarət edəcək qonaqlarda Azərbaycan mədəniyyətinə xüsusi rəğbət oyandırmaqdır.

Nəfis tərtibatda çap edilən dəstdə yazıçıların həyat və yaradıcılığı yüksək poliqrafik keyfiyyətə malik şəkillərlə təqdim olunmaqla xüsusi qutularda yerləşdirilib.

Layihənin məsləhətçisi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, kitab dəstlərinin müəllifi və layihənin rəhbəri isə yazar Şəmil Sadiqdir.

Ön sözün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibəyli, naşiri Müşfiq XAN, ingilis dilinə tərcümə edəni Könül Nəsibova, redaktoru isə Nərgiz Cabbarlıdır.

Qeyd edək ki, layihənin dizayneri Teymur Fərzinin verdiyi məlumata görə hazırda layihənin təqdimatı üçün “Azerbaijani Literature” adlı qısa filmi hazırlanır.

 





08.06.2015    çap et  çap et