525.Az

Siyasətin iki üzü, işğalın bir adı...


 

2015-Cİ İLİN 12 İYUN GÜNÜ TƏKCƏ BİRİNCİ AVROPA OYUNLARININ START GÖTÜRDÜYÜ GÜN KİMİ DEYİL, HƏM DƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ TƏNZİMLƏNMƏSİ PROSESİNİN HƏLLEDİCİ MƏRHƏLƏSİNİN BAŞLANĞIC GÜNÜ KİMİ TARİXƏ DÜŞƏ BİLƏR

Siyasətin iki üzü,  işğalın bir adı...<b style="color:red"></b>

Siyasətdə daimi dostlar olmadığı kimi, daimi düşmənlər də olmur.
 
Bu mənada siyasətin, ən azından, iki üzü var. Ən yeni tarixdə baş verən hadisələrə nəzər salsaq görərik ki, son illər müstəmləkədən qurtulub sivil topluma inteqrasiya etmək üçün bütün gücü ilə çaba göstərən, vassala çevrilmək istəməyən neçə-neçə ölkə bu siyasət dolanbacında öz maraqları naminə hətta ən məkrli planlara da əl atan dünya güclərinin ikiüzlü siyasətinin qurbanlarına çevrilib; silahlar işə düşüb, insanlar qətlə yetirilib, şəhərlər, kəndlər viran qoyulub, torpaqlar işğal olunub. Bu siyasi oyunda ən böyük zərər çəkən ölkələrdən biri də, heç şübhəsiz, Azərbaycandır. Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğalı, 1 miyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkün düşməsi nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıyla məşğul olan beynəlxalq təşkilatlar bugünə qədər prosesdə heç bir irəliləyişə nail ola bilməyiblər.

Ortada Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltmasına dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə var. Lakin bu sənədləri icra etməyərək beynəlxalq hüququn tələblərini kobud şəkildə pozan Ermənistana qarşı dünya gücləri indiyədək sanksiya alətlərini işə salmayıblar.

Halbuki, işğalçı dövlət və onun rəhbərliyi dinc azərbaycanlı əhaliyə qarşı amansız rəftarı, kütləvi terror törətməsi, Xocalı, Qaradağlı soyqırım aktlarını həyata keçirməsiylə beynəlxalq sülhə böyük təhdid yaradıb. Görünən odur ki, əksər dünya gücləri hadisələrə tərəfli yanaşaraq münaqişələrin həll olunması üçün konkret mövqe ortaya qoymaq istəmirlər.

İşğalçılarla separatçılara fərq qoyanlar

Dağlıq Qarabağ probleminin tənzimlənməsi prosesində vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən ABŞ və Fransanın Ermənistana və Dağlıq Qarabağ separatçılarına dəstək verməsi birmənalı olaraq onların neytrallığı pozduğunu, separatçılara fərq qoyduğunu göstərir.

Diqqət yetirsək, əgər Ukrayna böhranından sonra Donbas vilayətində yaranan separatçı hərəkatlara qarşı qəti mövqe nümayiş etdirən, onların səfərlərinə qadağa qoyan Qərb dövlətləri və ABŞ erməni separatçılarına maliyyə, humanitar yardımlarını bugünə qədər davam etdirir, hətta qondarma rejim rəhbərini "rəsmi" qonaq kimi qarşılamaqdan da çəkinmir. Əvəzində isə inkişaf dövrünü yaşayan, beynəlxalq imicini daha da yüksəldən, NATO-nun sülhməramlı missiyalarına, anti-terror əməliyyatlarına öz töhfəsini verən Azərbaycan bu gün həmin dövlətlərin təzyiqləri ilə üzləşir.

Xüsusilə, Birinci Avropa Oyunlarının yaxınlaşdığı ərəfədə dövlətimizə qarşı insan hüquqları kontekstində hücumların sayı durmadan artır, mötəbər yarışın boykot edilməsi çağırışları səsləndirilir. Burada da Avropa və Amerika dairələrinin fəallığı hiss olunmaqdadır. Sonuncu dəfə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində mayın 21-22-si Riqada baş tutan sammitdə Azərbaycan qatı ermənipərəst Martin Şults, Nils Mujnieks, Dunya Miyatoviç kimi Avropa institutlarının rəhbər şəxsləri tərəfindən əsassız tənqidlərə məruz qalıb, Ermənistan prezidenti Serj Sarkisyan isə ali tribunadan həyasızcasına dünya ictimaiyyətinə haqq-ədalət "mesajları" ötürüb, Azərbaycanı beynəlxalq təhlükəsizliyi pozmaqda ittiham edib. Bununla Qərb dövlətləri və ABŞ təkcə ikili standartlar siyasəti yürütdüyünü deyil, eyni zamanda işğalçıya dəstək olduğunu da açıq şəkildə nümayiş etdirib.

Rusiya-Azərbaycan-Türkiyə üçbucağında yeni münasibətlər sistemi

Daxili siyasətdə olduğu kimi, xarici siyasətdə də ölçülüb-biçilmiş addımlar atan Azərbaycan Prezidenti cənab İlham Əliyev böyük siyasi iradə göstərib xarici dairələrin ölkəmizə qarşı tətbiq etdiyi ikili standartlar, təzyiq siyasətinə etiraz əlaməti olaraq Riqa sammitinə qatılmayıb. Nəzərə alsaq ki, ümumilikdə bu tədbir Rusiya əleyhinə təşkil olunub, o zaman dövlət başçısı İlham Əliyevin atdığı addımın Moskva ilə münasibətlərə müsbət təsir edəcəyini də düşünmək olar.

Bunun nəticəsi olaraq, zirvə görüşündə Azərbaycanı təmsil edən xarici işlər naziri Elmar Məmmədyarov tədbirdən dərhal sonra Rusiyaya səfər edərək həmkarı Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar aparıb. Son dərəcə nikbin keçən görüşdə nazirlərin verdiyi qarşılıqlı bəyanatlar onu göstərib ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yürütdüyü balanslı siyasət öz nəticəsini verir və tezliklə Dağlıq Qarabağ torpaqlarının erməni işğalından azad edilməsiylə nəticələnə bilər. Qeyd etmək lazımdır ki, ölkə rəhbərinin bu qərarından sonra Rusiya prezidenti Vladimir Putin də iyunun 12-də Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının açılış mərasiminə qatılmaq haqqında qərar verib və ölkəsinin media orqanlarına mötəbər tədbiri yüksək səviyyədə işıqlandırmağı tapşırıb.

Bu o deməkdir ki, artıq Moskva Bakıyla münasibətlərə yüksək diqqət yetirməyin zəruriliyini, Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir irimiqyaslı layihə həyata keçirməyin mümkünsüzlüyünü anlayıb. Bu mənada Rusiyanın reallaşdırmaq istədiyi ən böyük transmilli layihə "Türk axını"dır. Bu məqsədlə Moskva ilə Ankara arasında da danışıqlar aparılıb, ilkin mərhələdə müsbət nəticələr əldə olunub. Lakin Türkiyənin bu layihəyə isti yanaşması Rusiyanın qaz inhisarından qurtulmaq istəyən Avropa İttifaqını narahat etməyə başlayıb.

Buna görə də həmin ərəfədə Rusiyanın əhəmiyyət vermədiyi, Türkiyə ilə əlaqələrə zərbə kimi qiymətləndirdiyi uydurma erməni soyqırımı məsələsindən Qərb dairələri hərtərəfli istifadə etmək qərarına gəldi. Müxtəlif Avropa dövlətləri və qurumları tərəfindən "soyqırım"ın rəsmi səviyyədə qəbul olunması, hətta vəzifəsi dinlərarası, mədəniyyətlərarası dialoqa, sülhə və əminamanlığa töhfə vermək olan Vatikan kilsə rəhbəri Fransiskin öz "müqəddəs" missiyasına xəyanət edərək bu barədə arzuolunmaz bəyanat yayması Rusiyanı hərəkətə keçməyə vadar edib. Lakin Putin aprelin 24-ü uydurma erməni soyqırımının 100 illik tədbirlərində iştirak etmək üçün deyil, Qərbin "soyqırım" siyasəti ilə Ermənistana sahiblənmək planlarını dayandıraraq öz regional maraqlarını qorumaq üçün İrəvana gedib.

Nəticədə, Qərbin ikili oyununda Rusiya Ermənistanı başlı-başına buraxmayıb, əvəzində Türkiyə və Azərbaycanla müttəfiqlik əlaqələrinə gözlənilməz zərbə vurub. Yəni, burada Türkiyə və Azərbaycan sadəcə, Qərbin böyük oyununun qurbanı olub. Buna baxmayaraq, Putin Ermənistanda çıxışı zamanı "soyqırım" sözünü dilinə gətirməyib. Nəzərə almaq lazımdır ki, uydurma erməni soyqırımı kampaniyasına rəhbərlik etməməklə Rusiya artıq öz mövqeyini ortaya qoyub. Bu o deməkdir ki, Türkiyə və Azərbaycanla münasibətləri korlamaq Rusiyanın planlarına daxil deyildi və bir müddət narazılıqları aradan qaldırmaq üçün yeni zəminin formalaşmasını gözləmək lazım gələcəkdi. Nəticədə, Avropa İttifaqının iflasa uğrayan Riqa sammiti fonunda Azərbaycanla Rusiya xarici işlər nazirlərinin uğurlu Moskva görüşü və Putinlə Ərdoğanın Avropa Oyunlarının açılış mərasiminə qatılmaq üçün Bakıya səfər haqqında qərar qəbul etmələri, həm də regionun üç böyük dövləti - Rusiya-Azərbaycan-Türkiyə üçbucağında yeni münasibətlər sisteminin formalaşması üçün əlverişli fürsət yaradıb.

Dağlıq Qarabağ probleminin nizamlanmasında vacib Bakı görüşü

Hadisələr onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında açar rolunu oynayan Rusiya prosesin həllinə xüsusi maraq göstərir. Heç kəsə sirr deyil ki, post-Sovet məkanında yaranan digər münaqişə ocaqları kimi Qarabağ konfliktinin də səbəbkarı Rusiyadır. Hətta müəyyən mənada Putin verdiyi açıqlamalarda bunu etiraf edib. Keçən ilin avqustunda Soçidə baş tutan Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşündə Kreml rəhbəri Dağlıq Qarabağ probleminin SSRİ-nin mirası olduğunu bildirməklə bu münaqişənin arxasında Moskvanın dayandığını açıq şəkildə dilə gətirib. Çünki Sovetlər Birliyində bütün qərarlar Moskvadan verilib və onun icazəsi ilə yerinə yetirilib. İndi isə bütün kartlar açıldığı üçün çözüm nöqtəsi yaxınlaşmaqdadır.

Birmənalı olaraq Rusiya öz sərhədlərində münaqişə ocaqlarının alovlanmasını, müharibə həddinə çatmasını istəmir. Eyni zamanda, Putinin regional siyasətdə göstərdiyi fəallığının arxasında Türkiyə və Azərbaycanı Avrasiya İqtisadi İttifaqına cəlb etmək niyyətlərinin dayandığı da heç kəsə sirr deyil. Rəsmi Bakı isə dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ problemi öz həllini tapmayana qədər Azərbaycanın ittifaqa üzvlüyündən söhbət gedə bilməz.
 
Türkiyənin isə Avrasiya İqtisadi Birliyinə qoşulması bir qədər mürəkkəb məsələdir. Əvvəla ona görə ki, Ankara buna qədər Avropa İttifaqına qoşulmaq barədə düşünürdü. Lakin uydurma "erməni soyqırım"ı məsələsində Qərb dövlətlərinin Türkiyəyə qarşı yürütdüyü məkrli siyasət qırılma nöqtəsi oldu. Bu məqamdan istifadə edən Putin Ərdoğanla danışıqları intensivləşdirib, müəyyən iqtisadi maraqlar daxilində Türkiyə ilə razılığa gələ bilərdi. Əgər Qərb "soyqırım" siyasətindən istifadə edib Moskvanı Ankaraya qarşı çevirməyə nail olmasaydı. İndi isə prezidentlərin Bakı görüşündə mövcud konfliktlərin aradan qaldırılması üçün Rusiya təkliflər paketini təqdim etməyə hazırdır. Əsas odur ki, tərəflər yeni münasibətlər sisteminə keçid üçün hazır olsunlar.
 
Əslində mövcud geosiyasi şəraitdə Rusiya-Türkiyə və Rusiya-Azərbaycan əlaqələrində müsbət irəliləyişlərin əldə olunacağına inam yüksəkdir. Çünki hazırda hər 3 dövlət Qərbin təzyiqləri ilə üz-üzə dayanıb. Ona görə də, bu dövlətlərə güclərini birləşdirməkdən, müttəfiq olmaqdan başqa seçim qalmır. Təbii ki, Rusiya da böyük regional güc formalaşdırmaq istəyirsə, həm Azərbaycanın, həm də Türkiyənin siyasi maraqlarını nəzərə almalıdır. Dağlıq Qarabağın erməni işğalından azad edilməsi isə rəsmi Bakının siyasətində prioritet məsələdir. Bu baxımdan, prezidentlərin Bakı görüşündə həll prosesinin aktivləşdirilməsi istiqamətində konkret razılıq əldə edilərsə, Ermənistan yalnız icraedici funksiyanı öz üzərinə götürməli olacaq və Putinin adından yayılan xəbərlərə görə, boşaltmaq əmri aldığı Azərbaycan torpaqlarından Silahlı Qüvvələrini birdəfəlik geri çəkəcək. Çünki Dağlıq Qarabağ münaqişəsi çərçivəsində Rusiya ilə aparılan son danışıqlar hər iki tərəfdə yalnız nikbin fikirlər formalaşdırır.

İlham Əliyev Qarabağ problemini həll etməyə yaxındır

Xarici işlər nazirlərinin Moskvada keçirilən görüşündə Elmar Məmmədyarovun yaxın vaxtlarda Dağlıq Qarabağ probleminin həll olunacağına əminliyini ifadə etməsinin də ayrıca bir özəlliyi var. Söhbət ondan gedir ki, bu günə qədər münaqişə ilə bağlı Azərbaycan tərəfi heç vaxt belə konkret açıqlama verməyib. Bu onu göstərir ki, prezidentlərin Soçi görüşündən bu yana Rusiya ilə Azərbaycan arasında əldə olunan etimad mühitinə uyğun olaraq aparılan danışıqlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində əsaslı irəliləyişlər yarada bilər. Əgər iyunun 12-si dövlət başçıları Bakıda görüşməyi qərara alıbsa, deməli bütün hazırlıqlar tamamlanıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev 28 May - Respublika günü münasibətilə təşkil olunan xüsusi mərasimdə Dağlıq Qarabağ məsələsinə münasibət bildirərək torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələsini bir daha qabardıb, həm dünya, həm ölkə, həm də Ermənistan ictimaiyyətinə vacib mesajlar verib. Prezident bildirib ki, biz BMT-yə üzv olduqda Dağlıq Qarabağ da bütün dünya dövlətləri tərəfindən Azərbaycanın tərkib hissəsi, Azərbaycanın bir parçası kimi qəbul edilib: "Bu gün siyasi müstəvidə, Azərbaycanla Ermənistan müqayisəedilməz dərəcədədir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Post-Sovet məkanında buna oxşar münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası qətnamə qəbul etməyib. Ancaq bu məsələ ilə bağlı qəbul olunmuş qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini nə qədər təhrif etməyə çalışsa da, mümkün deyil, çünki bu, yazılıb və dərc edilib. Odur ki, siyasi, tarixi, hüquqi əsaslar var, onların hamısı bizim mövqeyimizi dəstəkləyir".

Bu mənada Birinci Avropa Oyunlarının açılış günündə Rusiya prezidenti Vladimir Putinlə Azərbaycanın dövlət başçısı İlham Əliyev arasında baş tutacaq görüşdə bütün suallara aydınlıq gətiriləcək. Elə Moskvada iki ölkənin xarici işlər nazirlərinin nikbin notlar üzərində qurduğu danışıqlar da məhz Bakı görüşünə hazırlıq xarakteri daşıyıb. Ona görə də, hesab etmək olar ki, qitənin idman tarixində ilk dəfə keçiriləcək Bakı-2015: Birinci Avropa Oyunları Azərbaycana təkcə iqtisadi dividendlər deyil, eyni zamanda siyasi dividendlər də vəd edir. Gəlin ümid edək ki, 2015-ci ilin isti 12 iyun günü təkcə Birinci Avropa Oyunları kimi mötəbər bir yarışın Azərbaycanda gerçəkləşdiyi gün kimi deyil, həm də Dağlıq Qarabağ münaqişəsinin ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsi prosesinin yeni və həlledici mərhələsinin başlanğıc günü kimi tarixə düşəcək.

 





10.06.2015    çap et  çap et