525.Az

Üzeyir Hacıbəyli Mükafatı ən doğru ünvanda


 

GÖRKƏMLİ MUSİQİŞÜNAS, ƏMƏKDAR ELM XADİMİ ZEMFİRA SƏFƏROVA DAHİ BƏSTƏKARIN ADINI DAŞIYAN MÜKAFATA LAYİQ GÖRÜLÜB

Üzeyir Hacıbəyli Mükafatı ən doğru ünvanda<b style="color:red"></b>

AMEA-nın 70 illik yubileyi ərəfəsində elmin inkişafında mühüm nailiyyətlər əldə edən alimlərin gərgin əməyini, əvəzsiz xidmətlərini, elmin müxtəlif sahələrinə verdikləri töhfələri dəyərləndirmək məqsədilə, Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlərinin - Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, akademiklər Üzeyir Hacıbəyli, Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev və Musa Əliyev - adına mükafatlar təsis olunub.

2015-ci il aprelin 15-də AMEA-nın Rəyasət Heyətinin yekun iclasında respublikanın tanınmış elm və mədəniyyət xadimləri elmi fəaliyyətlərinə və əldə etdikləri elmi nailiyyətlərə görə orden və mükafatlarla təltif edildilər. Azərbaycan musiqişünaslığında ilk dəfə olaraq AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, Əməkdar incəsənət xadimi, bir çox mükafatlar laureatı, görkəmli üzeyirşünas Zemfira xanım Səfərova Azərbaycan professional bəstəkarlıq məktəbinin banisi, akademik Üzeyir Hacıbəyli yaradıcılığının tədqiqi və təbliği sahəsində xidmətlərinə görə böyük bəstəkarın adını daşıyan mükafata layiq görüldü. Bu mükafatın məhz Zemfira xanıma verilməsi heç də təsadüfi deyil... Alimin elmi yaradıcılığının mühüm hissəsi ömrü boyu yaradıcı şəxsiyyətinə pərəstiş etdiyi, çılğın bir həvəslə öyrəndiyi ölməz sənətkar Üzeyir Hacıbəyliyə həsr edilib. Moskvada və Bakıda nəşr olunan kitablarında Zemfira Səfərova, ilk dəfə olaraq, dahi bəstəkarın yaradıcılığının nəzəri və estetik əsaslarını tədqiq edib, musiqi estetik konsepsiyasının mahiyyətini açıqlayıb, onun elmi və musiqi irsini müxtəlif problemlər baxımından təhlil edib. Alim Üzeyir Hacıbəyli irsinin tədqiqinə həsr etdiyi janr və üslubuna görə seçilən sanballı əsərləri ilə üzeyirşünaslığı əsaslı şəkildə zənginləşdirib, dolğunlaşdırıb. 1973-cü ildə Moskvanın "Sovetski kompozitor" nəşriyyatında çap etdirdiyi "Muzıkalğno-gstetiçeskie vzqlədı Uzeira Qadjibekova" ("Üzeyir Hacıbəylinin musiqi-estetik görüşləri") monoqrafiyasında Z.Səfərova Azərbaycan musiqişünaslığında ilk dəfə olaraq Ü.Hacıbəyli yaradıcılığının estetik konsepsiyasının əsaslarını təhlil edib və mühüm elmi-nəzəri nəticələrə gəlib. Akademik Qara Qarayev kitaba yazdığı ön sözdə musiqişünasın çox çətin və əhəmiyyətli bir problemə, Azərbaycan musiqisinin estetik problemlərinə üz tutmasına böyük əhəmiyyət verib, bu problemin ilk olaraq məhz Üzeyir Hacıbəylinin musiqi və nəzəri irsində çözülməsini ən düzgün qərar kimi dəyərləndirib.

Z.Səfərovanın bu tədqiqatı təkcə Azərbaycanda deyil, digər ölkələrdə də böyük rezonansa səbəb olub. Belə ki,  İ.Y Rıjkin, A.N.Dmitriyev, F.M.Karomatov kimi görkəmli musiqişünaslar bu monoqrafiyanı "Azərbaycan musiqişünaslığına qiymətli töhfə" qismində təqdim edərək, onu yüksək qiymətləndiriblər. 1985-ci ildə alim bəstəkarın 100 illiyinə yeni "Üzeyir Hacıbəyov yaradıcılığında nəzəri və estetik problemlər" monoqrafiyasını nəşr etdirdi. Ü.Hacıbəylinin estetik konsepsiyasını, yaradıcı təfəkkürünü, dahi şəxsiyyətini açıqlayan bu fundamental əsərdə Z.Səfərova bəstəkarın estetikasını, xəlqilik, realizm, beynəlmiləlçilik, millilik, ənənə və novatorluq baxışlarını, səs sistemi, lad, melodiya, metr-ritm, çoxsəslilik kimi nəzəri problemləri onun həm musiqi, həm bədii, həm də nəzəri-tənqidi yaradıcılığında incələyib, təhlil və tədqiq edib. Monoqrafiyanın sonunda alim belə bir doğru müddəa irəli sürüb ki, ölməz sənətkarın nəinki musiqi əsərləri, həmçinin onun nəzəri-estetik görüşləri də ondan sonra gələn nəsillər üçün möhkəm özül, əvəzsiz örnək olacaq.

Zemfira Səfərovanın 2010-cu ildə Ü.Hacıbəylinin 125 illik yubileyi ərəfəsində yeni kitabı - "Ölməzlik" işıq üzü gördü. Bu kitabda tanınmış alimin Ü.Hacıbəylinin yaradıcılığına həsr etdiyi Azərbaycan, rus, ingilis dillərində olan məqalələri toplanıb. Üzeyir Hacıbəyli fenomenini açıqlayan elmi yazıların, dahi bəstəkar haqqında olan qiymətli araşdırmaların, dəyərli fikirlərin rus və ingilis dillərində də təqdim edilməsi  dünyanın müxtəlif regionlarında yaşayan xalqlara bu yüksək sənət ilə daha yaxından tanış olmaq imkanı yaratdı, onun təbliğinə təkan verdi. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, hələ 1985-ci ildə Z.Səfərova Ü.Hacıbəylinin 100 illik yubileyi ilə əlaqədar bəstəkarı vətəndən uzaqlarda tanıtmaq, təbliğ etmək məqsədilə "Üzeyir Hacıbəyov" kitabçasını (redaktor Tofiq Quliyev) yeddi dildə - ingilis, fransız, ərəb, fars, türk, rus, Azərbaycan dillərində, 2010-cu ildə sənətkarın 125 illik yubileyi ilə əlaqədar serb dilində, daha sonra isə ərəb və macar dillərində nəşr etdirib. Xarici dillərdə nəşrlər sırasında daha bir kitab, 2005-ci ildə bəstəkarın 120 illik yubileyi qeyd edilən ərəfədə Z.Səfərovanın "Üzeyir Hacıbəyov və onun görkəmli sələfləri" (ingilis dilində) elmi məqalələr toplusu oldu. Toplunun həmin il sentyabrın 16-da AMEA-nın Bəstəkarlar İttifaqı ilə birgə keçirdiyi təqdimat mərasimində respublikanın elm və mədəniyyət xadimləri belə bir əsərin ingilis dilində nəşr edlməsinə böyük önəm verdilər. Xalq artisti Vasif Adıgözəlov, akademik Bəkir Nəbiyev, Xalq rəssamı Fərhad Xəlilov, professor Ramiz Zöhrabov bu kitabı böyük bəstəkarımızın, görkəmli şəxsiyyətlərimizin, musiqimizin, elmimizin uzaq ölkələrdə tanınmasına, təbliğ edilməsinə olan ehtiyacı ödəməyə qadir bir əsər kimi yüksək dəyərləndirdilər. Bu gün musiqimizin, mədəni irsimizin dünya miqyasında tanınmasına, yayılmasına böyük ehtiyac duyulduğu bir dövrdə xarici dillərdə çap edilən belə nəşrlərin əhəmiyyəti danılmazdır.

Z.Səfərovanın Üzeyir Hacıbəylinin musiqi irsinin nəşri sahəsində də xidmətləri əvəzsizdir. O, bəstəkarın "Leyli və Məcnun" və "Koroğlu" operalarının (klavir və partituralarının) akademik nəşrinin bütün əziyyətini boynuna götürüb. Səfərova bəstəkarın musiqi əsərlərinin ilk dəfə tənqidi mətnlərinin hazırlanması işinə rəhbərlik edib, külliyyatın işıq üzü görən 5 kitabdan ibarət üç cildinə ön söz və elmi şərhlər yazıb, cildlərin nəşr olunmasında böyük təşkilati fəaliyyət göstərib.  Külliyyatın son cildinin on illik fasilədən sonra çap edilməsi məhz vətənpərvər alimin səyləri, qayğısı, inadkarlığı nəticəsində mümkün olub. Qara Qarayev, Fikrət Əmirov, Nazim Əliverdibəyov, Rauf Abdullayev kimi sənətkarlarla birgə cildlərin ərsəyə gəlməsi uğrunda çalışan Z.Səfərova həqiqi peşəkarlıq və gərgin təşkilatçılıq fəaliyyətini bir daha nümayiş etdirib. Əsərlərin yaranma və ifa tarixinə, musiqi dilinin, ədəbi-bədii mətn əsasının dərin təhlilinə həsr edilən elmi şərhlərdə müəllif nadir arxiv sənədlərindən, məktublardan, tarixi əhəmiyyət kəsb edən xatirələrdən geniş istifadə edib. Nəticədə hər iki əsərin səhnə həyatının maraqlı tarixçəsi işıqlandırılıb. Belə ki, "Leyli və Məcnun" operasının partiturasına yazılan elmi şərhləri əsərin ensiklopediyası da adlandırırlar.

 "Ölməzlik" kitabına yazdığı "Ön söz"də Zemfira Səfərova səmimi bir şəkildə bunları qeyd edir: "40 ildən artıqdır ki, mən Üzeyir bəyin musiqisinə elə bənd olmuşam ki, onun böyük cazibə qüvvəsinin təsiri məni hələ də tərk etmir." Doğrudan da, bütün elmi yaradıcılığı boyu Z.Səfərova dahi sənətkarın musiqi və elmi irsini araşdırıb, onun şəxsiyyətini, yaradıcılığını, nəzəri görüşlərini təhlil edən kitablar, monoqrafiyalar, məqalələr yazıb, Azərbaycanda və xarici ölkələrdə keçirilən nüfuzlu beynəlxalq konfrans və simpoziumlarda bəstəkarın yaradıcılığını fəal təbliğ edib. Önəmlidir ki, 1965-ci ildən bu günə qədər alim Ü.Hacıbəylinin 80, 90, 100, 110, 120 illik yubileyləri və digər əhəmiyyətli tarixlərlə əlaqədar keçirilən müxtəlif beynəlxalq simpozium, konfranslarda çıxışlar edib. Z.Səfərova sənətkarın çoxçalarlı şəxsiyyətini, zəngin musiqi və nəzəri irsini incələyən maraqlı məruzələrini təkcə Azərbaycanın mədəni və elmi ocaqlarında deyil, Tbilisi, İstanbul, Kayseri, Tehran və başqa şəhərlərdə də səsləndirib.  

Azərbaycanın musiqisini, sənətini vətənindən kənarlarda da tanıtdıran  Z.Səfərova 2005-ci ildə Tehranda keçirilən beynəlxalq konqresdə "Səfiyəddin Urməvinin "Kitabül-ədvar" risaləsi ilə Üzeyir Hacıbəylinin "Azərbaycan xalq musiqisinin əsasları" kitabının müqayisəli təhlili" adlı məruzə ilə çıxış edib. O, hər iki alimin elmi əsərlərini mənbəşünaslıq prinsipləri əsasında araşdırarkən belə bir fikrə gəlib ki, Səfiyəddin Urməvinin elmi irsinə yaxşı bələd olan Üzeyir Hacıbəylinin "Azərbaycan xalq musiqisinin əsasları" kitabında, xüsusilə də məqam sistemi nəzəriyyəsində, onun "Kitabül-Ədvar" əsərinin təsiri böyükdür. Üzeyir bəyin "Azərbaycan xalq musiqisinin əsasları" kitabı qaldırılan və həll edilən məsələlərə görə, quruluşuna görə "Kitabül-Ədvar" risaləsinə yaxındır. "Azərbaycan xalq musiqisinin əsasları"nı "yeni dövrün risaləsi" adlandıran Z.Səfərova belə bir nəticəyə gəlib ki, bu əsər Urməvinin risaləsinin elmi müddəalarını yeni dövrdə, müasir Azərbaycan misiqi elminin tələblərinə cavab verən səviyyədə davam etdirib.

AMEA-nın 70 illik yubileyi ilə əlaqədar qocaman elm ocağının tarixini araşdırmaq, Azərbaycan elminin, görkəmli elm xadimlərinin fəaliyyətlərini bir daha təbliğ etmək məqsədilə Rəyasət Heyəti Azərbaycanın ilk akademikləri və təsisçiləri haqqında yubiley kitablarını nəşr etdirmək qərarı qəbul edib. Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyliyə həsr edilən kitabın məhz AMEA-nın müxbir üzvü Zemfira xanım Səfərovaya tapşırılması təbiidir. Alimin Ü.Hacıbəylinin həyat və yaradıcılığından, onun Akademiyanın Memarlıq və İncəsənət İnstitutunda apardığı elmi-təşkilati fəaliyyətindən bəhs edən yeni "Akademik Üzeyir Hacıbəyli: Yanan ürəyin aydınlığa  çıxaran sənəti" adlı kitabı tezliklə AMEA-nın "Elm" nəşriyyatında çapdan çıxacaq.

40 kitab, 230-dan  artıq elmi əsərin müəllifi olan Z.Səfərovanın yaradıcılığının tədqiqat dairəsi həm mövzu, həm də zaman etibarilə olduqca genişdir. Ən qədim yazılı abidəmiz olan "Dədə Qorqud"un musiqi dünyasına, orta əsrlərin musiqi elminə, Azərbaycan bəstəkarlıq məktəbinin klassikləri Üzeyir Hacıbəyliyə və Qara Qarayevə, müasir yaradıcılıq prosesi və ifaçılıq sənətinə həsr edilən məqalələrində Z.Səfərova mühüm elmi-nəzəri problemləri tədqiq edib, mədəni həyatımızla, musiqimizlə bağlı xüsusi önəm daşıyan fakt və məqamları gündəmə gətirib. Onun Azərbaycan musiqi elminin tarixi ilə bağlı apardığı məqsədyönlü, sanballı, fundamental araşdırmaları 2012-ci ildə nəşr edilən, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsində, özünün məsul redaktorluğu ilə hazırlanan "Azərbaycanın musiqi tarixi" (I cild)  kitabının da, demək olar ki, əsasını təşkil edir. S.Urməvinin, Ə.Marağainin, F.Şirvaninin, M.M.Nəvvabın və digər musiqi alimlərinin elmi irslərinin, həyat və yaradıcılıqlarının icmalını Zemfira xanım mənbəşünaslıq sahəsində apardığı elmi axtarışlarının nəticələrinə əsaslanaraq  yazıb. Beləliklə, uzun illərdən bəri nəşri gözlənilən "Azərbaycanın musiqi tarixi"nin akademik nəşrinin işıq üzü görməsinə mane olan "ağ ləkələr" məhz  bu qədim məxəzlərin üzə çıxarılması, öyrənilməsi, təhlili nəticəsində  silinib.  Son dərəcə önəmlidir ki, 2013-cü ildə "Azərbaycanın musiqi elmi", 2014-cü ildə isə "Azərbaycan musiqi tarixi" kitabları rus dilində nəşr edildi. Bu da Azərbaycan musiqisi, Azərbaycan musiqi tarixi ilə bağlı zəngin biliklərin daha geniş oxucu auditoriyası tərəfindən mənimsənilməsinə  geniş imkanlar açdı. 2014-cü ildə nəşrə təqdim edilən "Azərbaycan musiqi tarixi"nin II cildində isə Z.Səfərovanın Üzeyir Hacıbəylinin zəngin irsi ilə bağlı uzun illər ərzində apardığı dərin və hərtərəfli tədqiqatları  yer alıb. Burada alim böyük bəstəkarın həyat və yaradıcılığı, musiqi və elmi-nəzəri irsinin təhlilini, çoxşaxəli ictimai fəaliyyətini dövrünün ictimai-siyasi hadisələri fonunda qələmə alıb.

50 ildən çoxdur ki, Zemfira Səfərova özünün elmi-təşkilati fəaliyyətini Azərbaycanın mötəbər elm ocağı olan Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu ilə bağlayıb. Təsadüfi deyil ki, bu böyük mükafatın,  həyatında baş verən belə bir önəmli hadisənin sevincini o məhz doğma kollektivi ilə bölüşdü və ömrünü həsr etdiyi institutda bu mükafata layiq görülməsini qeyd etdi. Z.Səfərova işığına yığışan elm əhli onun zəngin yaradıcılığı, gərgin iş rejimi, geniş ictimai, təşkilati fəaliyyəti barədə fikirlər söyləyərək alimi Ü.Hacıbəyli mükafatına layiq görülən ilk musiqişünas, ilk üzeyirşünas alim kimi qiymətləndirdilər.  İnstitutun direktoru AMEA-nın müxbir üzvü Ə.Salamzadə Z.Səfərova şəxsiyyətinə Azərbaycan sənətşünaslığının, musiqişünaslığının aparıcı simalarından biri kimi dəyər verdi. Alimin Üzeyir Hacıbəyli mükafatına layiq görülməsini tarixi hadisə adlandıran Ə.Salamzadə, onun ərsəyə gətirdiyi əsərlərinin İnstitutun ümumi kitablarının həm say, həm də əhəmiyyət baxımından böyük faizini təşkil etdiyini vurğuladı. Ə.Salamzadə eyni zamanda Zemfira xanımın elmi əsərlərinin İnstitutun hesabatlarında mühüm nəticə kimi təqdim edilməsini də nəzərə çatdırdı.   İnstitutun Muğamşünaslıq şöbəsinə rəhbərlik edən sənətşünaslıq doktoru S.Fərhadova Z.Səfərovanın nəinki özünə, eyni zamanda musiqişünasların daha gənc nəslinin nümayəndələrinə olan tələbkarlığının musiqişünaslıqda yüksək səviyyəni saxlamaq istəyindən irəli gəldiyini söylədi: "Məhz bu tələb musiqişünası zəmanəmizin rəmzi olan Üzeyir Hacıbəylinin çoxşaxəli və genişmiqyaslı yaradıcılığını özünün elmi həyatının "leytmövzusu" qismində seçməyə sövq etdi. Ü.Hacıbəyli irsinin öyrənilməsinə verdiyi sanballı elmi töhfələr Z.Səfərovaya Azərbaycan musiqişünaslığında yaranan elmi istiqamətin - üzeyirşünaslığın əsasını qoyan alim adını daşımaq hüququ verir". 

Z.Səfərovaya bütün ömrünü fədakarcasına musiqi elminə həsr edən alim kimi xasiyyətnamə verən, sənətşünaslıq doktoru "Azərbaycan xalq musiqisi tarixi və nəzəriyyəsi" şöbəsinin rəhbəri İ.Köçərli, onun müraciət etdiyi hər bir mövzuya, elmi baxışlarla yanaşı, böyük bir sevgi və hörmətlə yanaşdığını, Azərbaycanın böyük simaları S.Urməvi, Marağai, M.M.Nəvvab, Ü.Hacıbəyli, C.Qaryağdı oğlu haqda yazdığı bütün elmi əsərlərin təməlində və uğrunda bu sevginin, onların şəxsiyyətlərinə, yaradıcılıqlarına pərəstişin dayandığını göstərdi. "Zemfira xanım Ü.Hacıbəyliyə, Azərbaycanın zəngin musiqi tarixinə, musiqi elminə həsr etdiyi əsərləri ilə öz adını da tarixə yazıb" sözləri ilə İ.Köçərli fikrini tamamladı.  

Z.Səfərovanın Ü.Hacıbəyli mükafatına layiq görülməsinə həm institutun, həm də elmi ictimaiyyətin həyatında əlamətdar hadisə kimi önəm verən, alimin rəhbərlik etdiyi şöbənin aparıcı elmi işçisi S.Ağayeva, onun son dərəcə məhsuldar və yorulmaz bir elm araşdırıcısı olduğunu və bu qənaətə şəxsi müşahidələri nəticəsində gəldiyini bildirdi. S.Ağayeva Z.Səfərovanın bütün fəaliyyətinin, gərgin əmək ritminin şöbənin bütün əməkdaşları üçün bir nümunə olduğunu, eyni zamanda alimin uğurlarının da bütün əməkdaşlar üçün qürur mənbəyi, fərəh qaynağı olduğunu yığıncaq iştirakçılarına çatdırdı.

Elmi, tənqidi-publisistik fəaliyyətlə yanaşı musiqi tariximizi, elmimizi layiqli tədqiqatlarla zənginləşdirə bilən mütəxəssis yetişdirməyin özü də ağır və şərəfli bir işdir. Rəhbəri olduğu dissertant və aspirantların bir-birinin ardınca keçən uğurlu müdafiələri Zemfira xanımı tələbkar, məsuliyyətli, həssas və ciddi elmi rəhbər kimi səciyyələndirir. O gün Z.Səfərovanın dissertantları da rəhbərlərini təbrik etdilər.

Toplantıda Bakı Musiqi Akademiyasının professoru Z.Dadaşzadə Zemfira xanım haqqında yazdığı yeni kitabını təqdim etdi və dedi: "Mükafat öz qəhrəmanını tapdı". Zemfira  xanımın AMEA-nın Üzeyir Hacıbəyli adına  mükafatına layiq görülməsi məlumatını eşidərkən, məhz bu ifadəni  xatırladım. Alimin  davamlı, zəngin, elmi kəşflər dolu yaradıcılıq  həyatında Üzeyir bəy sənətinin, ideyalarının, prinsiplərinin rolu barədə artıq danışmağa, yəqin ki, xüsusi ehtiyac yoxdur. Ü.Hacıbəylinin fiquru alim üçün bir növ mayak rolunu icra edib, elmi axtarışlarının vektorunu müəyyənləşdirib. Zemfira xanım Üzeyir bəy yaradıcılığı müstəvisində  Azərbaycanın qədim və müasir musiqi sənətini görüşdürüb, bir-birindən  sanballı tarixi məsafədə yerləşən mədəniyyət hadisələrini tutuşduraraq, onlar arasında  körpülər  qurub.

Zemfira xanım geniş nəfəsə malik bir alimdir. O qarşısına böyük məqsədlər    qoyur və onların gerçəkləşdirilməsi  naminə zəhmətə qatlaşaraq, müəyyənləşdirdiyi marşrutdan bir an belə sapmayaraq, sonucda real elmi nəticələr əldə edir. Özü də  həlli üzərində çalışdığı  məsələlərin  taleyüklü xarakter daşıdığını aydın dərk edərək, onların icrasında nadir ardıcıllıq və inadkarlıq sərgiləyir. Z.Səfərova əsl böyük alimlər kimi  müntəzəm çalışır və həmin səbəbdən onun bioqrafiyasında baş verən dəyişiklikləri  izləmək və qeydə almaq  asan deyil.

Zemfira xanım barədə yaxınlarda işıq üzü görən  kitabça üzərində çalışarkən mən bir növ əyani olaraq həmin çətinliklə üzləşdim. Belə ki, mətn "Şərq-Qərb" nəşriyyatına ötürüldüyü məqama qədər və hətta artıq mətbəədə ikən müəyyən əlavələrin  edilməsi zərurəti meydana çıxırdı. Amma bütün səylərimə baxmayaraq, yenə də alimin fəal, mütəhərrik həyatının son  hadisələri həmin  nəşrdən kənarda qaldı.

Mən, həm də Zemfira xanımı bir müəllim kimi vəsf etmək istərdim. Onun istedadlı insanları nəzərdən qaçırmamaq, elmə cəlb etmək kimi xüsusiyyətləri alimin gələcək barədə düşüncələrlə yaşadığına dəlalət edir. Şəxsən məni də elm aləminə Zemfira xanım dəvət edərək, tədqiqat işimin səmərəli məcrada yerinə yetirilməsində öz məsləhətləri ilə daim istiqamətləndirməyə çalışmışdır".

Zemfira xanımın dissertantı musiqişünas R.Abbasova da elmi rəhbəri haqda dedi: "Zemfira xanımın çox dəyərli bir xüsusiyyəti var: "ikili standartların olmaması". Məhz bu səbəbdən də alimin hərhansı fikri, adətən, son söz kimi qəbul edilir. Geniş biliklər diapazonuna, dəqiq elmi ümumiləşdirmələr bacarığına malik olan alim daim öz müşahidələrilə bölüşməyə hazırdır. Öz həmkarlarının tədqiqatlarını hər zaman dəyərləndirən Zemfira xanım, onlara əldə etdikləri nailiyyətlərlə kifayətlənməyib yeni yaradıcılıq planları üzərində işləyib, irəliyə getməyi tövsiyə edir. Həmkarlarının professional inkişafında maraqlı olması faktının özü, alimin yüksək insani keyfiyyətlərə məxsus elm fədaisi olduğundan xəbər verir.

Zamanın təsdiq etdiyi bir fikir var: "Əgər hərhansı bir işi Z.Səfərova həyata keçirirsə, bu, yüksək səviyyədə olacaq". Onun hər bir tədqiqatı yeni söz, yeni fikir deməkdir. Təsadüfi deyil ki, Azərbaycan musiqi elminin, Azərbaycan musiqisinin tarixini yaratmaq layihəsi məhz Zemfira xanıma məxsusdur. Bu qlobal layihənin uğurla həyata keçirilməsi, onun yüksək peşəkar səviyyədə davamını da şərtləndirir". 2015-ci ildə R.Abbasovanın Zemfira Səfərovanın rus dilində çıxan "Azərbaycanın musiqi elmi"  kitabı ilə bağlı yazdığı geniş məqaləsinin Rusiyanın mötəbər "Musiqi akademiyası" jurnalında çap edilməsi xəbəri də toplantı iştirakçılarına çatdırıldı.

Azərbaycan ziyalılarının, alimlərinin parlaq nümayəndəsi olan Zemfira xanım Səfərovanın Üzeyir Hacıbəyli mükafatı ilə təltif edilməsi təkcə Akademiya əməkdaşları deyil, ölkənin musiqişünasları, sənətşünasları tərəfindən də böyük rəğbətlə qarşılandı, genış əks-sədaya səbəb oldu: "Üzeyir Hacıbəyli mükafatı həqiqi sahibinə çatdı". Alimi bu yüksək mükafata layiq görülməsi və ad günü münasibətilə təbrik edirik. Ona sonsuz tədqiqatlarla aşılanan bu çətin və maraqlı həyat yolunda uğurlar diləyirik!

Ülkər TALIBZADƏ

 





10.06.2015    çap et  çap et