525.Az

Alsunun "Quş yuxusu" təqdim olundu


 

Alsunun "Quş yuxusu" təqdim olundu <b style="color:red"></b>

Yazıçılar Birliyində (AYB) yeniyetmə yazar Alsunun "Quş yuxusu" kitabının təqdimatı olub.

Tədbiri AYB-nin gənclər üzrə katibi Rəşad Məcid açaraq on yaşlı Alsunun ədəbiyyata, mütaliəyə olan marağından, yaşının azlığına baxmayaraq, müəllifin məsələlərə münasibətindəki özünəməxsusluğundan danışıb:
 
"On yaşındaykən kitab çıxarmaq Alsunun ədəbiyyata olan daxili tələbatından irəli gəlir. Mən Alsunu lap uşaq vaxtlarından tanıyıram. O, iti ağlı, hazırcavablığı ilə mənim yadımda qalıb. Alsu hələ balacadır, gələcəkdə peşəsini, sənətini özü müəyyən edəcək. İnanıram ki, gələcəkdə də onun kitab və ədəbiyyat sevgisi bu cür tükənməz olacaq".

R. Məcidin Alsu ilə maraqlı mükalimələri tədbir iştirakçılarının marağına səbəb olub.

Professor Buludxan Xəlilov müəllifin hekayələrindəki səmimiyyəti Alsunun özünəməxsus üslubu kimi səciyyələndirib:

"Bu kitab Alsunun ürək çırpıntılarıdır. On yaşlı uşağın bu cür kitabla oxucuların görüşünə gəlməsi böyük cəsarətdir və biz bu cəsarəti alqışlayırıq. Buna ancaq sevinmək lazımdır.

İnanıram ki, Alsu gələcəkdə gözəl hekayələri ilə bizi yenə sevindirəcək. Böyüklük həm də ətrafındakıları böyük eləməyi bacarmaqdır. Biz Alsunun sözün bütün mənalarında böyüyəcəyinə, daha böyük uğurlara imza atacağına inanırıq".

AYB-nin katibi, Xalq şairi Fikrət Qoca, "APA Holding"in rəhbəri Vüsalə Mahirqızı, professor Buludxan Xəlilov, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli, Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Zöhrə Əliyeva, şairlər Sevinc Nuruqızı, İlqar Fəhmi, Oqtay Rza başqaları müəllifə uğurlar arzulayıb, onun gələcəkdə Azərbaycan ədəbi və mədəni həyatında özünəməxsus yer tutacağına inandıqlarını bildiriblər.

Tədbirdə çıxış edən müəllif kitablara və ədəbiyyata olan marağından danışıb, təqdimat mərasiminə toplaşanlara minnətdarlığını bildirib.

Qeyd edək ki, Alsu şair Qulu Ağsəs və jurnalist-publisist Laura Cəbrayıllının övladıdır. Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbin şagirdi olan Alsu dərs əlaçısıdır və mütaliəni çox sevir. "Quş yuxusu" Alsunun oxucularla ilk görüşüdür.

"Təhsil" nəşriyyatında işıq üzü görən kitabda Alsunun hekayələri, esseləri və gülməcələri yer alıb. Kitabın girişində müəllif yazır:
 
"İlk hərfləri öyrənəndə də, nağılları, kitabları oxuyanda da mən ancaq onu görürdüm: "Quş yuxusu"nu. Bu az idi - istəyirdim ki, onu hamı görsün. Evdəkilər on yaşımı qeyd etməyə hazırlaşırdılar. Hər il olduğu kimi bu dəfə də məndən soruşdular:

- Alsu, ad gününə nə istəyirsən?

Tez cavab verdim:

- "Quş yuxusu"nu!...

İnanmadılar.Yazdıqlarımı gətirdim. Məktəbə gedəndən bu gün üçün hazırlaşırdım. Hətta hissələrə də bölmüşdüm. Götürüb vərəqlədilər, bir-birinə baxdılar. İstəyirəm, hamı "Quş yuxusu"nu görsün... Axı bu, əsl quş yuxusudu!..."

S.MÜRVƏTQIZI

 





11.06.2015    çap et  çap et