525.Az

Fikrət Qocanın - şeirləri


 

Fikrət Qocanın - <b style="color:red">şeirləri</b>

Birinci Avropa Oyunlarına

Gənclik gözəllikdi, sevgi həvəsdi,
Gözəl dünyamızı qorumaq üçün
Gəncliyin sevinci, gülüşü bəsdi,
Təki yarış olsun dünyada hər gün!
Olimpdən yarışa baxan allahlar,
Dünyaya insandan yaxın allahlar,
Baxma yay fəslidir, dünyada qışdır,
Yarış da
        görüşdür,
               yarış - barışdır!!!

10.06.2015

Sənsiz səninlə

Səni tanıyıram, sən Həvva idin,
Qəlbimi o vaxtdan çalmısan düzü.
Qadağan olunmuş meyvəni yedin,
Gül kimi cənnətdən qovdurdun bizi.

Zamana yalvardım "götür get" məni,
Aləmi dolanıb yenə gəlmişəm.
Eşqin atəşindən xilas et məni,
Səndən qaça-qaça sənə gəlmişəm.

Minillər sonra da niyə yenə sən?!
Mən başa düşmürəm belə varlığı.
Bəlkə bir köpüklü suya girəsən,
Yuyum vicdanından riyakarlığı.

Çaylaqda boğulan çay daşıyam mən,
Qaldır, yaşat məni, al, apar məni.
Dənizdə bir damla göz yaşıyam mən,
Sənsiz kim tanıyar, kim tapar məni.

Sənsiz mümkün deyil, günüm gün deyil,
Səninlə həyatım məşhərə dönür.
Ölə də bilmirəm solarsan, ey gül,
Axı ürəyimdə adın döyünür.

07.06.2015

 





11.06.2015    çap et  çap et