525.Az

Neapoldan gözəl - Xalq yazıçısı Anar yazır


 

Neapoldan gözəl - <b style="color:red">Xalq yazıçısı Anar yazır</b>

Xalqımızın böyük fikir adamı Əlibəy Hüseynzadə vaxtiylə "İslamlaşaq, türkləşmək, müasirləşmək"  şüarını irəli sürmüşdü.

Sonra bu şüarı türkçülüyün babası Ziya Göyalp təkrar etdi. Bəzən bu üçlüyü "İslamlaşmaq, türkləşmək, batılaşmaq" kimi də ifadə edirlər, yəni çağdaşlığı məhz batılaşmada, Qərbə yaxınlaşmada görürlər. Bu barədə mübahisəyə girişmək istəmirəm, çünki deyə bilərdim ki, məsələn Yaponiya, yaxud " Asiya pələngləri" kimı tanınan bir sıra ölkələr müasirlikdə heç də Qərbdən geri qalmır. Hər halda, nə olur-olsun, Qərb dünyasına, özəlliklə də Qərb mədəniyyəti, Qərb  elmi, təhsili, texniki tərəqqisi ilə yaxınlaşmaq vacib və gərəklidir. Əlbəttə, Qərb uyqarlığı İslamın bir çox şərtlərini, məsələn, çoxarvadlılığı qəbul etmədiyi kimi,müsəlman Şərşi də,tutalım, eyni cinslə evliliyi qəbul edə bilməz. Bununla belə, müstəqilliyimiz dövründə İslamı dəyərlərə daha böyük ağırlıq verməklə,milli  köklərimiz olan türk mənəviyyatına sədaqət göstərməklə bərabər dünyayla, o cümlədən Qərblə inteqrasiyamız da çox önəmlidir.Bu inteqrasiyaya yalnız siyasi institutlar baxımından yanaşmaq düz deyil, yəni Azərbaycan hansısa Avropa şuralarının, təşkişlatlarının, qurumlarının üzvü ola da bilər,olmaya da… Amma mədəniyyət, ədəbiyyat, sənət, idman baxımından qarşılıqlı təmaslar və deməli qarşılıqlı zənginləşmək labüddür.

Məhz bu baxımdan Azərbaycanın “Avrovision” yarışmalarında daima uğurla çıxış etməsi və hətta birinci yeri qazanıb bu mötəbər müsabiqənin iştirakçılarını şəhərimizə gətirməsi mühüm hadisəydi. Milyonlarla dünya televiziya tamaşaçısı məhz bu Bakı yarışı nəticəsində ölkəmizi daha yaxından görə və tanıya bildi.

Hazırda Bakıda başlayan Avropa oyunlarının böyük əhəmiyyətini də ilk növbədə bu cəhətdən dəyərləndirmək lazımdır. Yenə də dünyanın diqqət mərkəzində olacayıq. Bu böyük tədbir ölkəmiz, xalqımız haqqında,onun tarixi, mədəniyyəti haqqında illər boyu düşmənlərimizin  sırıdığı qərəzli təbliğata əyani və tutarlı cavabdır. Bütün ölkələrdə mövcud olan qüsurlar kimi Azərbaycanın da  öz çatışmazlıqları var. Amma bu gün dünyaya haqq səsimizi çatdırmaqçün daha çox inkişafımızı, quruculuğumuzu, mədəni səviyyəmizi, tolerantlığımızı, bir sözlə  uğurlarımızı nümayiş etdirməliyik. Və bu baxımdan dünyada yaxşı adla tanınmağımız və sevilməyimiz üçün bu tədbir əlverişli  fürsətdir.

İkinci mühüm cəhət odur ki, bu oyunlar Azərbaycanda idmanın daha da  inkişaf etməsi və geniş yayılması üçün təkan verəcək. Yarışlara qatılan iştirakçılarımıza böyük uğurlar, hamımızı sevindirəcək qələbələr arzulayıram. Şübhəsiz bu qələbələr yeni-yeni nəsilləri də idmanla məşğul olmağa həvəsləndirəcək.

Üçüncü vacib amil Avropa Oyunlarının gələcəkdə başqa ölkələrdə də keçiriləcəyi  haqqında aldığımız xəbərlərdir. Deməli, idman tarixində daha bir ellərarası yarışın təməli Bakıda qoyulur və bu da tarixə yazılacaq şərəfli  faktdır.

Dördüncü mühüm məsələ, yarışlarla bağlı Bakıda aparılan inşaaat işləridir. Onsuz da son illərdə tanınmayacaq dərəcədə dəyişən şəhərdə yeni-yeni göydələn binalar, parklar, abad yollar, yol qovşaqları, körpülərlə bir sırada yeni idman obyektləri Bakımızı daha da cazibədar edir. Yeni tikilən idman obyektləri, stadionlar, yarış meydanları yalnız funksional xarakter daşımır, həm də şəhərimizin unikal memarlıq, deməli sənət abidələridir. Biz, bizim nəsil və bizdən sonra gələnlər bir gün gedəcək, binalar dövrümüzün misilsiz yadigarları kimi qalacaq.

Oyunlardan sonra  iştirakçıların yerləşəcəyi binaların bir qismində ən çox mənzilə ehtiyacı  və ən az imkanları olan  sakinlərimizə verilməsini arzu edirəm və umuram ki, bundan yazıçılarımıza da pay düşər.

Haçansa böyük rus yazıçısı Maksim Qorki Bakını Neapola bənzətmişdi və illər boyu bu bənzətməylə fəxr edirdik. Neapolda olmuşam və tam məsuliyyətlə deyə bilərəm ki, bugünkü Bakı Neapoldan gözəl, yaraşıqlı, işıqlı və şık şəhərdir. İndi Neapol Bakıya bənzədilməsiylə qürur duya bilər.

İdmançılarımıza uğurlar, xalqımızın bütün zümrələrinə, bütün kəsimlərinə anlaşmaq və anlaşılmaq, barış və rifah diləyirəm.

10 iyun 2015

 

 





11.06.2015    çap et  çap et