525.Az

Cahangir Novruzov uzun fasilədən sonra Bakıda səhnəyə çıxacaq


 

Cahangir Novruzov uzun fasilədən sonra Bakıda səhnəyə çıxacaq<b style="color:red"></b>

Azərbaycanın teatr və kino aktyoru, rejissor, əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov uzun fasilədən sonra Akademik Milli Dram Teatrında səhnəyə çıxacaq.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov məlumat verib.

Onun sözlərinə görə, ötən həftə C.Novruzovla görüşərək müzakirələr aparıblar. İ.İsrafilov deyib ki, bu il Azərbaycan milli teatrının banisi, aktyor, rejissor, mesenat Cahangir Zeynalovun 150 yaşı tamam olur:

"Bu münasibətlə nəvə Cahangir baba Cahangirə tamaşa həsr etməyi düşünür. Bu da mənim ürəyimdə olan arzulardan, düşündüyüm ideyalardan biridir".

Direktor bildirib ki, C.Novruzov Milli Dram Teatrında A.P.Çexovun "Kalxas" əsəri əsasında tamaşa hazırlayacaq:

"Bu əsəri səhnəyə qoymaq onun arzularından biridir. Ona "Qu quşunun son nəğməsi" də demək olar.

Tamaşanın quruluşçu rejissoru və baş rolun ifaçısı Cahangir Novruzov özü olacaq. Mən də rejissor kimi dostuma yardım edəcəm. Həmin tamaşanı "Cahangirdən Cahangirə" devizi altında səhnəyə qoyacağıq".

Onun sözlərinə görə, iyulda C.Novruzov yenidən Bakıya gələcək və tamaşanın ilk məşqləri başlayacaq:

"Kalxas" əsərini Azərbaycan dilinə Cahangirin özü tərcümə edib. Bir sözlə, bu tamaşa Cahangirin babasına, anası Nəsibə Zeynalovaya və özünə ən gözəl hədiyyəsi olacaq".

Qeyd edək ki, 20 ildir Türkiyənin Adana şəhərində pedaqoq kimi fəaliyyət göstərən Cahangir Novruzov Adana Çukurova Universitetinin Dövlət Konservatoriyasının professorudur.
 
Ötən il 60 illik yubileyini qeyd edən professor haqqında Türkiyə televiziyası sənədli film çəkəcək. Bu münasibətlə iyulda türk kino xadimləri Bakıya səfər edəcək.

Filmdə C.Novruzovun dostları onun haqqında fikirlərini danışacaq, Onun sənət fəaliyyətinin ən maraqlı tərəfləri türk tamaşaçılarına çatdırılacaq. Sənədli filmin çəkilişləri Bakıda, Türkiyədə, Şəkidə və Moskvada aparılacaq.

 





12.06.2015    çap et  çap et