525.Az

"Azərbaycan dünyaya günəş kimi doğacaq"


 

"Azərbaycan dünyaya günəş kimi doğacaq"<b style="color:red"></b>

Ulu Öndər Heydər Əliyev bu fikri söyləyəndə müstəqil Azərbaycan hələ təzə-təzə ayaq tutub yeriyirdi.

Torpaqlarının 20 faizi  erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş (təbii ki, buna onların gücü çatmazdı məlum dövlətlərdən aldığı  dəstək olmasa), iqtisadiyyatı qırx arşın quyunun dibinə düşmüş, türklər demiş, dəngəsi pozulmuş bir ölkədə bu fikri söyləmək  böyük hünər tələb edirdi. Bunu yalnız millətinə və öz qüdrətinə  inanan  bir sərkərdə deyə bilərdi. Dedi və özünün müdrik siyasətinin nəticəsində də Azərbaycanı bütün dünyaya bir günəş kimi doğdurdu.

Bəli, Azərbaycan bu gün dünyaya bir günəş kimi doğub . Günəşdən qorxan yarasalar nə qədər çalışsalar  da, nə qədər ürək bulandırsalar da bu günəşin doğulmasına mane ola bilmədilər.  Ulu Öndər ölkədə stabilliyi yaratdı, iqtisadiyyatı ayağa qaldırdı, insanlarda həm özlərinə, həm dövlətlərinə inam yaratdı və Azərbaycanı söz sahibi bir dövlətə çevirdi. Yamanlıq eləmək istəyənlərin  yamanlıqları da elə özlərinə qaldı. Möhtərəm prezidentimiz İlham Əliyev isə Ulu Öndərin  müdrik siyasətini davam etdirərək Azərbaycanı  regionda  lider dövlətə  çevirdi  və bütün dünyaya  sübut elədi ki, Azərbaycan öz siyasəti olan, öz sözü olan bir dövlətdir və Avropa ilə Asiyanın qovşağında olan bu dövlətin imzası olmayan çox böyük layihələr  havadan asılı  qala bilər.

Bu gün dünyanın gözü günəş kimi doğan Azərbaycandadı. O günəşin bir qığılcımı məşələ  çevrilib  Avropanı gəzir. Bir qığılcımı! Bütün dünyanın gözü də o qığılcımdadı. Darıxmayın, günəşdən belə qığılcımlar çox qopacaq və bütün dünyanı dolaşacaq və bu qığılcımın istisinə qızınanlar çox olacaq.

Olimpiya oyunlarına, dünya futbol çempionatlarına ev sahibliyi edəcək  ölkələrə  6-7 il vaxt verilir. Amma yenə görürsən ki, həmin ölkələr bu işin öhdəsindən  vaxtında gələ bilmirlər. Elə sonuncu dünya çempionatında Braziliya lap axırıncı gün hazırlıqlarını  tamamlaya bilmişdi. Amma Azərbaycan, çox ağır bir yükün altına çiynini verən Azərbaycan, bu möhtəşəm ilk Avropa oyunlarına cəmi  30 ay   içərisində  hazır oldu. Əslində bir az da tez. Bu bir daha Azərbaycanın bir qüdrətli dövlət olduğuna  sübutdu.

Təbii ki, bunu yeməyənlər də var, daha doğrusu, yemək istəməyənlər, gözü  götürməyənlər, Azərbaycanın qüdrətinə sevinməyənlər, Möhtərəm Prezidentimiz İlham Əliyevin dünya çapında bir müdrik siyasətçi kimi  tanınmasına dilxor olanlar, day nə bilim hansı kərtənkələlər!

Tək Avropa yox, dünya bu bayrama diqqət kəsilib. Amma Avropanın bəzi məlum   təşkilatları bu bayrama kölgə salmaq üçün dəridən-qabıqdan  çıxırlar. Milyonlarla insanın haqlarını  pozanlar insan haqları  təşkilatları adı altında ölkəmizə qarşı  böyük kampaniya aparırlar. Eybi yox, Azərbaycan bu təzyiqləri çox görüb, yəqin ki, hələ görəcək də. Amma Azərbaycan bu təzyiqlərə  həmişə sinə gərib, öz sözünü deyib, öz siyasətini yürüdüb.

Bu xalqın gözəl bir sözü var: "İt hürər, karvan keçər". Azərbaycan adlı bu  karvanı itlərin hürüşü  saxlaya bilməz,  tapdalayıb keçərik.

BAYRAMIN MÜBARƏK, AZƏRBAYCAN! BAYRAMINIZ MÜBARƏK, AZƏRBAYCAN XALQI! BAYRAMIN MÜBARƏK KƏRTƏNKƏLƏLƏRSİZ AVROPA!

 





12.06.2015    çap et  çap et