525.Az

YARAT təqdim edir: "Səmadan bir damla" pablik-art festivalı


 

YARAT təqdim edir: "Səmadan bir damla" pablik-art festivalı<b style="color:red"></b>

İyunun 13-dən oktyabrın 5-dək YARAT Müasir İncəsənət Məkanının "Səmadan bir damla" adlı pablik-art festivalı keçiriləcək.
 
YARAT-dan "Azərtac"a bildirilib ki, "Səmadan bir damla" Bakıda keçirilən 3-cü pablik-art festivalıdır. Festivalın başlanğıcı Birinci Avropa Oyunları ərəfəsinə təsadüf edir və həmin ərəfədə festivalı daha çox Bakı sakinləri və qonaqları ziyarət edə bilərlər.

Vafaa Bilal, Ergin Çavuşoğlu, Fərhad Fərzəliyev və Nəzrin Məmmədova kimi rəssamlar festivalda iştirak edəcəklər. Əsərlər şəhərin müxtəlif yerlərində nümayiş etdiriləcək. Həmçinin eksponatların internet vasitəsilə onlayn nümayişi də nəzərdə tutulub, yəni festival çərçivəsində virtual pablik-art platforması hazırlanacaq. Festival tədris proqramının tədbirləri ilə müşayiət ediləcək, o cümlədən, Kinoklubun toplantıları, sənətkarlarla görüşlər, ikihəftəlik praktiki məşğələ, bir də Londonda yerləşən AA Memarlar Birliyinin (AA - Architecture Association) əməkdaşlığı ilə, AA-nın müəllimləri olan memarlar Omid Kamvari və Kasper Əksin rəhbərliyi altında AA-Baku məktəbi təşkil olunacaq.

Guggenheim UBS MAP layihəsinin Yaxın Şərq və Şimali Afrika üzrə kuratoru, YARAT-ın tədris üzrə direktoru Sara Razanın kuratorluğu ilə hazırlanmış bu festival hazırda Bakı və onun ətrafında təbiət, elm və texnologiya ilə bağlı cərəyan edən sürətli dəyişikliklərin müasir sənətkarlar və seyrçilər tərəfindən necə qəbul olunduğunu araşdırır. Festival, rus futuristi Velimir Xlebnikovun şeiriyyət və təfəkkür örnəklərindən ilhamlanaraq, poeziya, fəlsəfə, astronomiya, məntiq və qeyri-məntiqi təzahürlərlə bağlı ideyaları araşdırır. Böyük ticarət mərkəzi və liman olmuş şəhərin zəngin tarixinə, eləcə də onun son zamanların yeniləşmələrinə müraciət edərək, "Səmadan bir damla" həm keçmişə, həm də gələcəyə uzanan nostalji, bir də qədimlə müasirin kəsişdiyi nöqtəyə dair ideyalarla səsləşir.

Festival iyunun 13-də türk əsilli bolqarıstanlı rəssam Ergin Çavuşoğlunun "Mayenin yayılması" (Liquid Breeding) adlı əsəri ilə açılır. İçərişəhərdə nümayiş etdiriləcək bu əsər 2015-ci ildə ərsəyə gətirilib. Əsərin ideyası rəssamın konseptual sənət pioneri Marsel Düşamın yaradıcılığına illər boyu göstərdiyi marağından, eləcə də Bakının şaquli və üfüqi istiqamətlərdə artmasından doğur. Ergin Çavuşoğlunun təqdim etdiyi rəsm həcmli memarlıq modeli (3D) kimi hazırlanıb və ziyarətçilər əsərin üstündən keçməyə dəvət olunurlar. Hər gün adamlar onu tapdalayıb keçirlər, bu da videokamera ilə çəkilir. Kadrlar isə elə bir monitorda göstərilir ki, ona baxanda heykəlin içində gəzən adamlar təəssüratı yaranır. İyunun 13-də Ergin Çavuşoğlu YARAT Müasir İncəsənət Mərkəzində bu festival əsəri barədə məruzə edəcək.

Gənc sənətkar Nəzrin Məmmədova Bakının memarlıq inkişafını daha çox sınağa çəkir. Onun hazırladığı "OUROBORUM" (2015) adlı video oyunu bizə Bakının gələcək görünüşünü müxtəlif hallarda görməyə imkan yaradır. Oyunun iyulun 22-də keçiriləcək təqdimatına ələlxüsus kompyuter oyunçuları dəvət olunurlar ki, bu maraqlı və həvəsləndirici oyuna qatılaraq şəhərimizin gələcək görünüşünü axtarsınlar. Oyunun adı qədim yunan əsatirlərindəki öz quyruğunu dişləyən ilan Oroborosa işarə vurur. Həmin əfsanəvi ilan obrazı xeyli populyardır, təkrarlanan yeniləşmə rəmzidir, Azərbaycan mədəniyyətində də, o cümlədən, ədəbiyyatdan tutmuş, həndəsi fiqurlar dilinə, futuristik memarlığa, ənənəvi və müasir musiqimizədək dəfələrlə öz əksini tapıb. Oyunun iPhone platformasına uyğun variantını internetdən pulsuz əldə etmək olacaq. "OUROBORUM" oyun proqramını onlayn yükləmək mümkün olacaq.

Fərhad Fərzəliyevin "Göydə göy-göyərti göyərdi" (2015) adlı neon işıqlı bilbord layihəsinin açılışı iyunun 26-da keçiriləcək. Layihənin adı dil və lirika zərrələri ilə oynayan poetik bir yanıltmacdır. Reklam mətnlərinin dilini yamsılayaraq, neonla yazılmış sözlərdə eyni sait səslərin dəfələrlə təkrarlanması vasitəsilə Fərhad Fərzəliyev ictimaiyyət qarşısına çıxarılan obyektlərin bəzən necə mənasız mətn, dil və alliterasiya ilə hazırlandığını araşdırır. Yerlə göy arasındakı əlaqəni tərs çevirərək, rəssam tamaşaçıları həm məntiq, həm dilçilik baxımından dolaşdırmaq, hər gün gözümüzə batan reklam yazılarına yumoristik şərhlə yanaşmaq istəyir.

Oktyabrın əvvəllərində İraq-Amerika mənşəli rəssam Vafaa Bilal özəl bir kamera-obskura heykəli hazırlayacaq. Heykəlin adı "Mövcudların iyerarxik düzümü"dür və ilk dəfə belə heykəl 2013-cü ildə Maraya Art Park (Birləşmiş Ərəb Əmirlikləri) üçün hazırlanıb. Vafaa Bilalın layihəsi ilk İslam alimlərindən, xüsusilə optika və kinetik hərəkət sahəsində iki mötəbər iraqlı alimin (İbn Əl-Haytam və Əl-Cəzari) işlərindən ilham alır. Bakı kontekstində Bilal memarlığın əhali ilə əlaqəsinə nəzər salır -Xəzər sahilində qurulmuş möhtəşəm daimi instalyasiya olduğunu, daim genişləndiyini və yalnız sahildən o yana addımlaya bilmədiyini qeyd edir.

Festivalla əlaqədar olaraq, iyun ayında sənətkar görüşləri şəklində maraqlı tədris proqramı da həyata keçiriləcək. İyuldan avqust ayınadək YARAT Müasir İncəsənət Mərkəzinin zalında və YAY Qalereyasının açıq kinoteatrında fantastika və futurizm filmlərinin silsilə nümayişi keçiriləcək. Proqrama Larissa Sansur, Şezad Davud, Deniz Üster və Vahid Vakilifar kimi müasir sənətkar və rejissorların əsərləri daxildir. Bunlardan əlavə, memar və AA-nın müəllimləri olan Omid Kamvari və Kasper Əksin rəhbərliyi altında London Memarlar Birliyinin əməkdaşlığı ilə təşkil olunmuş AA-Baku məktəbi əsasında ikihəftəlik xüsusi praktiki məşğələ də keçiriləcək. AA-Baku məktəbi Qafqaz regionunda bu qəbildən ilk məktəb olacaq. Burada memar, yazıçı, rəssam və filosoflara fikir mübadiləsi aparmaq üçün yer ayrılacaq, məkanı düşünən müasir ideyalara dair intensiv praktiki məşğələdə iştirak etməyə imkan yaradılacaq.

Sara Raza 1979-cu ildə Surrey şəhərində (Birləşmiş Krallıq) anadan olub. Guggenheim UBS MAP layihəsinin Yaxın Şərq və Şimali Afrika üzrə kuratorudur. O, YARAT Müasir İncəsənət Mərkəzinin tədris və ictimai proqramlarına rəhbərlik edir, "ArtAsiaPacific" jurnalının Qərbi və Orta Asiya üzrə buraxılış redaktorudur. Sara Raza son on ildə bir sıra sərgilər təşkil edib. Həmin sərgilərin keçirildiyi yerlər arasında Şarjada yerləşən Maraya İncəsənət Mərkəzi də var. Sara Raza orada Adel Abidin, Vafaa Bilal və Məhəmməd Kazım kimi rəssamlarla əməkdaşlıq edib.

 





12.06.2015    çap et  çap et