525.Az

Milli Dram Teatrına TÜRKSOY-un medalı təqdim olunub


 

Milli Dram Teatrına TÜRKSOY-un medalı təqdim olunub<b style="color:red"></b>

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi bu günlərdə Kazanda keçirilən beynəlxalq teatr festivalında iştirak edib.

Festival haqqında daha ətraflı məlumat əldə etmək üçün “Azərtac”ın əməkdaşı teatrın direktoru, professor İsrafil İsrafilovla görüşərək söhbət edib.

İ.İsrafilov beynəlxalq teatr festivalının əhəmiyyəti, burada nümayiş olunan tamaşalar, keçirilən görüşlər və müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşərək deyib:

- Bildiyiniz kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bu günlərdə Tatarıstanın Kazan şəhərində keçirilən Türk Xalqlarının XII Novruz Beynəlxalq Teatr Festivalında iştirak edib. Azərbaycanla yanaşı, Tatarıstan, Qazaxıstan, Qırğızıstan, Krım-tatar, Türkiyə, Altay, Saxa-Yakutiya, Aktau, Çuvaş, Özbəkistan və Başqırdıstanın teatr kollektivlərinin də qatıldığı festivalda Akademik Milli Dram Teatrı “Kitabi-Dədə Qorqud” eposunun “Disrə xan oğlu Buğac” boyunun motivləri əsasında hazırlanmış “İlahi oyun” tamaşası ilə çıxış edib.

Festivalda Türk Xalqlarının XII Novruz Beynəlxalq Teatr Festivalında “Kitabi-Dədə Qorqud” dastanının müxtəlif boyları əsasında hazırlanan səhnə əsərləri, eləcə də milli və dünya dramaturgiyası nümunələri əsasında hazırlanan tamaşalar təqdim edildi. Bizim tamaşamız K.Tinçurin adına Tatar Dövlət Dram və Komediya Teatrının səhnəsində göstərildi.

Əski türk qəbilələrinin əsrarəngiz dünyasını əks etdirən “İlahi oyun” tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.

Teatrın kollektivi festivalın diplomu və TÜRKSOY-un təsis etdiyi “Türk dünyasının ulu atası Qorqud” medalı ilə təltif olundu.

“İlahi oyun” tamaşasının quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Amid Qasımov, rəqslərin quruluşçusu Pərviz Məmmədrzayev və Nigar Güləhmədovadır. Janrı bir hissəli soylama kimi təyin olunmuş tamaşada Əməkdar artistlər Vidadi Həsənov, Pərviz Məmmədrzayev, aktyorlar Nigar Güləhmədova və Novruz Novruzlu çıxış etdilər.

- Maraqlıdır, niyə məhz “İlahi oyun”?

- “İlahi oyun” tamaşası mühüm bir beynəlxalq layihənin tərkib hissəsi kimi hazırlanıb. Belə ki, 2011-ci ildə yaradılan Türkdilli Dövlətlərin Teatr Rəhbərləri Şurası türkdilli dövlətlərin teatrları arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı üçün bir sıra silsilə xarakterli tədbirlər həyata keçirib. Bu tədbirlərdən biri, elə hesab edirəm ki, ən uğurlusu müxtəlif türkdilli dövlətlərin teatrlarında ortaq ümumtürk mənəvi abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının müxtəlif boyları əsasında tamaşaların hazırlanması idi. Milli mənəvi dəyərlərimizin, ümumtürk mədəniyyətinin qorunması və təbliği istiqamətində mühüm addım hesab etdiyim bu layihə artıq üç ildir ki, davam edir və yaxşı nəticələri verməkdədir. Belə ki, artıq türkdilli dövlətlərin əksəriyyətində eposun müxtəlif boyları əsasında maraqlı tamaşalar hazırlanıb və beynəlxalq festivallarda nümayiş etdirilib. Ötən il Konyada keçirilən “Min nəfəs bir səs” Beynəlxalq Teatr Festivalında bu tamaşaların bir qismi nümayiş olundu.

Tatarıstanda keçirilən Türk Xalqlarının XII Novruz Beynəlxalq Teatr Festivalında da “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında hazırlanan üç tamaşa - M.Auezov adına Qazax Dövlət Akademik Dram Teatrının “Qorqud sehri”, Q.Kariev adına Tatar Dövlət Gənc Tamaşaçılar Teatrının “Ayraz Batır” (“Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi boy” əsasında) və teatrımızın “İlahi oyun” (“Disrə xan oğlu Buğac” boyu əsasında) tamaşası təqdim olundu. Fərəh hissi ilə qeyd etmək istərdim ki, mütəxəssislərin yekdil rəyinə görə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının tamaşası yanaşma tərzinə, mövzu aktuallığına, bədii-estetik səviyyəsinə görə digər teatrların tamaşalarından üstün idi.

- Bildiyimizə görə, festival çərçivəsində digər tədbirlər də keçirilib.

- Bəli, festival çərçivəsində iki önəmli tədbir də baş tutdu. Bunlardan biri ünlü türk yazarı Haldun Tanerin anadan olmasının 100 illiyinə həsr olunmuş Beynəlxalq Teatr Əsərləri Müsabiqəsi ilə bağlı görüş idi. Görüşdə mən də müsabiqənin münsiflər heyətinin Azərbaycan üzrə nümayəndəsi qismində iştirak edirdim.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə Dövlət Teatrlarının, Avrasiya Yazarlar Birliyinin və TÜRKSOY-un birgə təşkil etdikləri ünlü türk yazarı Haldun Tanerin 100 illiyinə həsr olunmuş Beynəlxalq Teatr Əsərləri Müsabiqəsi son dərəcə əhəmiyyətli və genişmiqyaslı beynəlxalq layihədir. Müsabiqədə bütün türkdilli xalqların dramaturqları iştirak edəcək və yarışmada qalib olan əsərlər TÜRKSOY-a üzv olan ölkələrin teatrlarında istifadə edilməsi üçün tövsiyə olunacaq. Digər bir tədbir isə festivalın sonuncu günündə dünyanın müxtəlif ölkələrindən gəlmiş mütəxəssislərin iştirakı ilə “Şərq-Qərb: teatrın inkişaf vektoru” adlı elmi-praktiki konfrans oldu. Konfransda Almaniyadan Yuri Alşits, Qazaxıstandan Saniyə Kabdiyeva, Türkiyədən Yaqub Öməroğlu, İrandan Ərdəşir Salehpur, İsveçdən Peter Oskarson, Rusiyadan Aleksey Bartoşeviç, Elmir Nizamov, Fərid Bikçantaev kimi görkəmli teatr mütəxəssislərinin dünya teatrının müasir inkişaf tendensiyalarına həsr olunmuş məruzə və çıxışları böyük maraq doğurdu və iştirakçıların geniş müzakirələrinə səbəb oldu. Konfransda bir çox iştirakçılarla maraqlı və səmərəli dialoqumuz baş tutdu.

Ümumiyyətlə, elə hesab edirəm ki, Tatarıstanın Kazan şəhərində keçirilən Türk Xalqlarının XII Novruz Beynəlxalq Teatr Festivalında iştirakımız teatr sənətimizin təbliği, yeni beynəlxalq əlaqələrin qurulması baxımından son dərəcə səmərəli oldu. Festivalda iştirak edən bir çox kollektivlərlə və teatr mütəxəssisləri ilə sıx münasibətlərimiz quruldu. Bir neçə teatr kollektivi ilə qarşılıqlı əməkdaşlıqla bağlı ilkin razılaşmalar əldə olundu.

 





16.06.2015    çap et  çap et