525.Az

“Gözlərinə qurban, Homer!..”


 

“...Məktublar” silsiləsindən

“Gözlərinə qurban, Homer!..”<b style="color:red"></b>

“Dünyanı qana çalxayan bu əprimiş Yelena gözlərinə qurban, Homer! İlionu vəsf eləyən yaxşıca bir poema yazdığını mənə çatdıranda kim olduğunla maraqlandım. Yerli-yataqlı təsvirə gələn biri deyilsənmiş.

Bircə bunu dedilər ki, korsan, nə zamandı həsrət qalmısan dünya işığına. İnandım da, inanmadım da.

İnandım ona görə ki, bəlkə də kor olduğun üçün, “kor-kor, gör-gör” öz zamanında sənin gözünün qarşısında baş vermiş hadisələri əməlli-başlı təhrif eləyib yazmısan, ən azı mənimlə bağlı hissələri.

İnanmadım ona görə ki, insan yalanı sevir. Yalan gil kimidir, hər kəs yoğurub istədiyi şəklə sala bilir.

Həqiqətsə Egey dənizinin sahilindəki min illərlə dalğaların gah sığalına, gah qapazına  məruz qalsa da cüzi dəyişilən qayaya oxşayır. Oxumağı bilirəm, amma artıq “zümrüd yaşılı” deyib vəsf elədiyin gözlərim nurdan düşdüyü üçün özüm oxuya bilmədim, mənə oxudular yazdıqlarını. Doğrusu, orada yazılanların hamısını cani-dildən, ruhumun qulağı ilə dinləmədim. Ancaq özümlə bağlı yazdığın hissələr süngərə hopan kimi hopdu yaddaşıma. Tək mən yox, insanların çoxu belədi, Homer, çox böyük əsərlərin içərisində onları ancaq özlərinə aid bircə cümlə maraqlandırar... Bütün mətni atarlar bir kənara, o cümlənin ardınca düşərlər. Tərifdən boldusa, o mükaliməni “şah cümlə” elan edərlər, tənqiddirsə, bütün mətni qurban edərlər o cümləyə...

lll

“İliada”da nələr uydurmusan haqqımda, sarayın katibi oxuduqca bu ölüm yatağında məni bir yandan da dəli gülmək tutub öldürürdü. Bilmirəm, bəlkə də cavan oğlansan, bəlkə də mənim kimi artıq əldən-dildən düşmüş, ağzında dişi, başında saçı, üzündə bircə barmaq hamar yeri qalmayan əprimiş ixtiyarın təkisən, hər necəsənsə, bu, sənə tarixi bunca sağa-sola oynatmaq haqqı vermir axı... Doğrusu, bunları ona görə yazmıram ki, “İliada”da nələrisə dəyişəsən. Yaşın elə bir çağı gəlir ki, nə olmuşların bir mənası qalıb, nə olacaqların. Düzünü desəm, haqqımda uydurduqlarını bəyəndim, amma əlahəzrət həqiqət öz yerində qalır.

Troya mənə görə dağılıb, amma güman elədiyin eşq səbəbindən-filandan deyil... İndi ömrümün elə məqamındayam ki, gözləyirəm ki, hər an Aid gəlib məni aid olduğum yerə-yeraltı səltənətinə aparsın.

Daha keçmişdəki hər şeyi asanlıqla danışmaq olar, uğrumda ölmək istəyən kişilərin də hamısı qırılıb qurtarıb, itiriləsi heç nə yoxdur... Bax, katibim də gülür sözlərimə... Bu qız işvəsi, şeytanlığı, gözləri, saçları və mütənasib vücudu ilə necə də cavanlığımı xatırladır, özün onun qəlbinə mərhəmət bəxş elə, ulu Zevs, kişilərə yazığın gəlsin...

Nə isə, güldük, bəsdi, indi səni özümlə bağlı əsl həqiqətlərdən hali eləyəcəm, haqqımda uydurduğun o gözəlim mifi həqiqətlə süsləyəcəm. Vaxtilə uydurduğun, tapındığın, yelinə uçduğun miflər adama ölüm yatağında yaman gülməli görünür, Homer... Günlərin o gözəl günü-ölüm yatağında məlum olur ki,  başqa adlar verib yaşadığın hisslər uydurmaymış, bədən səfalarına verdiyin ruhi-mənəvi, ali “ləqəblər” adamı son nəfəsində güldürməyə xidmət edir, başqa heç nə...

lll

Ağlım kəsəndən asi olmuşam: atam olduğu deyilən, amma əslində doğmam olmayan çar Tindareosa, qardaşlarıma, heç üzünü görmədiyim anamın ruhuna, nazımla oynayan xidmətçilərə və həyatımdan gəlib keçmiş bütün kişilərə... Homer, ulu Zevs xatirinə, barı öz yazdığına özün inanırsanmı? Yəni, sən doğrudan belə bilirsən ki, ulu Zevsə qadın qəhətliyi imiş, özünü nəhəng qu quşu cildinə salıb gəlib çariça Leda ilə sevişsin? Bunu hansı cürətlə əsərinə, dolayısı ilə tarixin sinəsinə yaza bilmisən? Dayəm bir gün guya ağlımın kəsdiyini güman eləyib, məni böyük qız bilib həqiqəti söyləmişdi mənə. Atamın başı əyyaşlığa və xırda ara müharibələrinə qarışanda anamın da başı nəhəng cüssəli qladiatorla eşqbazlığa qarışıbmış. Atamla anam eyni vaxtda ayılıblar: aralarında heç bir münasibət yoxkən, mən dünyaya gələndə. Günahını canıyla ödətdirib atam ona, ağlagəlməz cəzanı da özü uydurub, sevdiyi qladiatoru məcbur edib ki, çariça Ledanı uçurumdan dənizə atsın. Sonra qladiatoru da ardınca aşağı göndərtdirib. Anlaşılan bu ki, anamın ulu Zevslə bağlı  uydurduğu qu quşu nağılına özündən başqa heç kim inanmayıb. Çar mənə qıymayıb, amma böyüdükdən sonra məni gözümçıxdıya saldığını da heç unutmadım...

Uşaqlığımdan hər şeyi bilməyə dəlicəsinə həvəsim vardı. Çox bilmək istəyəni əfv eləmirlər. Həyatını elə zəhərə döndərirlər ki, bilən bildiyi qədər çəkir... Heç kim nə çoxbilmişliyimi, nə gözəlliyimi mənə bağışlamırdı...

Sənin yazdığın kimi məni 10-12 yaşında yox, 14-ü bitirib 15-ə keçəndə Afinanın çarı Tesey qaçırmışdı. Onda gözəlliyini yenicə dərk eləməyə başlayan, hələ ki ürkəkliklə şeytanlığın keçid mərhələsində olan gənc qızcığaz idim. Tesey mənə qıymadı... Hətta sərxoş olduğu zamanlarda da alışıb-yanan gözləri ilə vücuduma, həyəcandan titrəyən əlləri ilə saçlarıma sığal çəkməkdən başqa irəli getmədi... Əziz Homer, əslində mən heç də Parisi yox, məhz Teseyi həyatımın kişişi hesab elədim həmişə... Çünki məhz o, mənimlə ən ali varlıq kimi davranaraq allahların kişi bədənində alovlandırdığı tonqala qurban eləmədi... Böyüməyimi gözləyirdi səbirlə... Dünyanın ən gözəl sözlərini söyləyirdi mənə: “Bu gözəllik və işvəylə sən yer adamının yox, ancaq ulu Zevsin qızı ola bilərsən...”

Əsl sevgini onunla daddım... Məni geri almaq üçün atamın saray adamları onu öldürəndə hamının onunla birgə ölməsini arzuladım. Tesey məni həyatda hamıdan çox sevən və uğrumda öldürülən ilk kişi oldu...

Saraya geri qaytarılanda 17 yaşım vardı... Çiçəyə oxşayırdım, amma daha çox ölüm çiçəyinə... Teseyin öldürülməsi qəlbimi kinlə doldurmuşdu, bundan sonra kimə ərə veriləcəyim vecimə də deyildi. Atam məni bacım Klitemnestranın qaynına, Aqamemnonun qardaşı Menelaya verəndə heç tüküm də tərpənmədi. Növbəti qurbanımın hansı kişi olacağı məni artıq maraqlandırmırdı... Kin gözlərimi, qəlbimin yollarını tutmuşdu. Menelay məndən də şeytan olduğu üçün şeytanlığımdan zövq alırdı, həmişə və hər yerdə...

Qızım Hermione 9 yaşına çatanda qadınlığımın və çoxbilmişliyimin zirvə nöqtəsində  idim... Spartada hər şeyin çal-çağır, əyyaşlıq, harın ziyafətlər üçün bəhanə olduğu günlər idi. Yenə bir gün sarayda ziyafət vardı. Troya çarı əlahəzrət Paris də qonaqların arasındaydı. İlk dəqiqədən gözüm aldı onu, sonra da qəlbimə aldım...

Eh, Homer, sən Yelena olsaydın və sənə desəydilər ki, saçlarının, gözlərinin gözəlliyinə naminə ilahələr - Hera və Afinanın vəd etdiyi bütün Asiyanın hökmranlığını, dünyanın ən qəhrəman insanı olma imkanlarını bir kənara atıb, ifritə Afroditanın fitnəsinə uyub yalnız Yelenanın eşqini tərcih ediblər, sən inanmazdınmı?

Axı biz-yer adamları bəzən deyilənlərin yalan olduğunu bilə-bilə, özümüzlə bağlı qulağımıza xoş gələn yalanlara inanmaq istəyirik. Birgə yaşadığı dünya gözəli nimfanı atıb, ona vəd olunan bu qədər şeydən vaz keçib qarşında səcdəyə qapanan özündənrazı, yaraşıqlı Troya çarına bəlkə sən Yelena olsaydın uymazdın, amma mən Yelena uydum... Ey ulu Zevs, niyə şimşəkləri yağdırmadın, bəlamı vermədin, ey qəzəbli Poseydon,  o üçdişli nəhəng çəngəlinə niyə keçirmədin məni o dənizləri üzüb keçəndə?

Möhtəşəm Troyada eşq sərxoşluğu ilə yaşadığım  on ilə yaxın müddətdə mən həqiqətən elə güman edirdim ki, Paris mənə olan eşqiylə qanad açıb Spartaya uçub gəlibmiş... Nəhəng qu quşu kimi ... Troyanın dağılmasında Parislə eşqimi suçlayırsan, əziz-girami Homer. Bəli, Troyanı mən dağıtdım... Amma necə?

İndiyədək heç yerdə demədiyim sirri açacağam sənə. Troyanı ələ keçirmək Menelayın çoxdankı arzusuydu.  Parisin də dəvət olunduğu o ziyafətdən öncə ərim (“ər” deməyə də ağzım ağrımır e, gülməkdən canım çıxır yenə),  məni çağırıb dedi ki, Yelena, ümidim bircə sənədir. Troyanı ancaq sənin vasitənlə ələ keçirə bilərik. Əvvəlcə heç nə anlamadım. Menelay planını izah elədi: “Sarayda 10 gün ziyafət olacaq. Bu günlər ərzində sən Parisi yoldan çıxarmaq üçün hər fəndə əl atmalısan. Ziyafətin son günü Menelay harasa səfər adıyla ortalıqdan yox olacaq, həmin gün Parislə Troyaya qaçacaqsan. Ordu azdı, xalq müharibələrdən yorulub, övladlarını əsgər vermək istəmir. Ancaq ortada Sparta çariçası Yelenanın şərəfi, geri qaytarılması məsələsi olarsa, kimsə cınqırını çıxara bilməyəcək. Hücum edib bircə ay ərzində Troyanı alacağıq. Və sən də bundan sonra təkcə Spartanın yox, Troyanın da  çariçası olacaqsan, Yelenam”.

Həmin andaca hakimiyyət, şan-şöhrət uğrunda neçə illik arvadını-qızının anasını hər cəhətdən qurban verməyə hazır olan Menelaya elə nifrət elədim ki, ondan bunun qisasını alacağıma ürəyimdə and içdim.

Parislə qaçdım, amma ərim istədi deyə yox, məhz özüm istədim deyə. Menelayın dediyi kimi olmadı, Troyanı nəinki bir aya, heç on ilə də ala bilmədilər. Çünki mən Parisin yanında, Paris də mənim ürəyimdə idi. Ta o məşum günəcən - Parisin özünü itirənə qədər içib sərxoş olduğu, əsl həqiqəti dilə gətirdiyi günə qədər. Demə, bunun mənə danışdığı ilahələr məsələsi-filan hamısı yalan imiş. Ziyafət günü Menelay məndən gözünü çəkməyən Parisi qızışdırmaq üçün deyibmiş ki, Yelenanı heç kim, qətiyyən heç kim yoldan çıxara,  eşqini qazana bilməz. Troyadan və məndən mərc gəliblər. Mən Parislə getsəm, Menelay guya məni güzəştə gedəsiymiş, getməsəm, Paris Troyanın Spartaya birləşdirilməsinə razı olmalıymış. Bu ancaq ikisinə məlum olan bir mərc imiş. Beləcə, mənim gedişim öz aləmlərində həm Parisə, həm də Menelaya sərf edirdi. Menelayın mənə qarşı əclaflığından sonra Parisi həqiqətən sevmişdim, amma son söylədiklərindən sonra mən eşq, o şərab sərxoşluğundan ayılanda hər şey dəyişmişdi. Ayaqlarıma qapandı, bağışlanmağını istədi, sərxoşluqdan ağlına gələni söylədiyini dedi. Özümü bağışlamış kimi göstərdim, amma artıq qərarımı vermişdim: Troya yerlə-yeksan olmalıydı... Troya atı ideyası da mənim fikrim idi. Sərxoş gecələrimizin birində Parisi razı saldım ki, bədbəxtlik ərməğanını-Troya atını şəhər darvazalarından içəri salsınlar. Eh, Homer, Homer, sən bilmirsən, aldadılmış qəzəbli qadın nələrə qadirdir. Hardan biləsən, sən qadın deyilsən axı, hələ Yelena heç deyilsən...

Troya darmadağın edilib Paris yaralananda son nəfəsində hər şeyin mənim planım əsasında olduğunu üzünə söylədim. Bəlkə də keçmiş sevgilisi, nimfa Oinonenin gətirdiyi şəfalı otlar onu sağaldardı, amma məndən aldığı gözlənilməz qisas zərbəsi buna imkan vermədi. Paris həyatını itirməklə cəzasına çatdı, Menelay da məni yenidən yanına qaytarmaqla... Ulu Zevs bizi yenidən birləşdirməklə Menelayın da necə lazımdı bəlasını verdi. Ömrünün son günlərinə qədər qızının anasını Troyanın xətrinə düşməninə bazarlayan bu kişiciyəzi bir udum eşq üçün ayaqlarımda süründürüb yalvartmaqdan, alçaltmaqdan şeytani zövq və intiqam aldım.

lll

Daha kinim qalmayıb. Bir ayağım Aidin səltənətindədir... Bunları nəyəsə düzəliş eləməyin üçün yazdırmıram, sadəcə qadınlar onları şirin dillə vəsf eləyənləri sevirlər, böyük sirrdən agah etməklə sənə bu cür minnətdarlıq etmək istədim. Yazdırdığım bu məktub tarixin yox, sadəcə sənin bəsirət gözünün açılması üçündür, əprimiş Yelena gözlərinə qurban! Əgər həqiqətən korsansa, belə yaxşıdır, çünki bu fani dünyanın vaxtilə ən gözəl qadını sayılan Yelenanın indi nəyə oxşadığını görsəydin, hakimiyyət eşqilə yanıb-tutuşan, amma sonda həmişə gözəl qadına məğlub olan həşəmətli Troya və Sparta kişilərinin o vaxtkı “hallarına” ürəkdən gülərdin... İndi mənim bu ölüm ayağında ləzzətlə güldüyüm kimi...

 





16.06.2015    çap et  çap et