525.Az

Həsən Haminin şeirləri


 

Həsən Haminin <b style="color:red">şeirləri </b>

Səfir Həsən Hami/Hassan Hami/ siyasi elmlər üzrə fəlsəfə doktorudur. Bir müddət beynəlxalq münasibətlər üzrə müstəqil müxbir kimi çalışıb. İlk dəfə onunla 6-7 il əvvəl Bakıya gələn Mərakeş yazıçıları ilə Milli Kitabxanadakı toplantıda görüşdük. Sonra isə bir neçə il əvvəl Norveç səfirinin evində mənimlə bağlı düzənlənmiş  şeir gecəsində təkrar görüşdük. Çox diqqətlə qulaq asırdı şeirlərə. Adi dinləyici diqqəti deyildi bu. Sonradan biləcəkdim ki, fransız dilində qələmə alınmış altı, ingiliscə yazılmış bir romanın, ərəb dilində yazılmış və nəşr olunmuş iki şeir kitabının müəllifidir.

İki həftə əvvəl - mayın 26-da görüşdük Həsən bəylə. Mənim təklifimlə. Səfirlikdə. Həminki gülərüz, alicənab tövrlə qarşıladı bizi. Tərcüməçi-ərəbşünas Mahir Həmidovla birlikdəydik. Bakı haqqında da şeirlər yazıbmış-bunu  görüşdə öyrəndim. Hərçənd ki, səfirin şairliyi və yazıçılığı təzə məsələ deyil. İkisi də söz sənətidir və  ədəbiyyat tarixində çoxlarının  görkəmli Çili şairi Pablo Neruda kimi tanıdığı Neftali Reyes Basolto da, böyük polyak şairi Çeslav Miloş da, onlarla başqaları da söz sənətinin hər iki sahəsində öz ehtiraslarını çox sınağa çəkiblər. Mənim üçün maraqlı olan cəhət səfirin Bakı, “Taqrovı” haqqında yazması idi. Bildiyim qədər bizdə paytaxtın baş küçəsinə şeirləri ancaq şair Elxan Zal yazıb.

Cənab Səfirlə görüşün təəssüratı çox maraqlı idi. Təfərrüata varmıram. Amma görüşdən sonra Mahir Həmidovdan xahiş elədim ki, Həsən bəyin bir neçə şeirini ərəbcədən dilimizə çevirsin. Sağ olsun, xahişimi yerə salmadı. Həmin şeirləri kiçik redaktələrlə Azərbaycan oxucuları ilə bölüşməyin vaxtı, görünür, indiymiş.

Səlim Babullaoğlu

Bakı

Ağrısı, acısı ağıdır,
Zəlzələdir limanı, küləklər qayığıdır,
Atəşdir duyğusu, qüruru oddur,
Nə yatır, nə yorulur.

Muğamı səs
lənəndə
hamı susur, nəfəsi daralır tarixin.
Orda eşq varsa,
burda pıçıltılar - sonsuz və həzin.

İçərişəhər...
Eşq ilə dolub-daşır şəhər və insanlar.
Fəxr edir  “Əli və Nino”suyla -
ucalır
sevgiylə qınananlar.

İçərişəhər...
Sirli-sehirli Qız qalası...
Bir-birinə qovuşub,
bütün olub sevginin iki parası!...
Qalanın uçan pillələri
Gülüşlərə heyran, gülüşlərə tamaşa. 
Qafqazın pıçıltıları
Xəzərin nəğmələri - indi qoşa. 

Əsrarəngiz Bakı -
Şərqlə Qərbin qovşağı
sanki göy qurşağı-
hərdən canbir qəlbdə olurlar,
itirlər hərdən də -
uzağa uçurlar
sözləri çəpləşəndə.

Bakı tapmacadı başdan-ayağacan,
əngəlləri qürurla aşıb keçir, şəstlə.
Zülmə, qəddarlığa muğamın və
cazın diliylə
 “can” deyə cavab verir şəfqətlə,

Üfüqləri nəğmə söyləyən Bakı-
suyu qurumayan bir quyu -
dərin gözlərində nə yorğunluq, nə uyqu.

Şərq

Şərq həm sehirləyir, həm də qorxudur,
Zərif bir libasda addımlayır Şərq.
Payız soyuğundan üşüyür,
dodağı uçuqlayır,
Sağalmayan, qanayan yaradır Şərq.
Düşüncəsində, idrakında zəifdir,
Ətrafının gözündə bir əsrlik yuxudur.
Sevgi, qardaşlıq əli uzadırsa da
uşaqtək hamıya,
Və  zəngindirsə də - yenə
bir parça çörəyə möhtacdır Şərq.

Xurafat

Xürafat ya heç nədən toxunur,
ya hər şeydən -
adlardan, şəhərlərdən,
xəyallardan və kəlmələrdən..

Hər gün bir az daha böyüyür xurafat,
meydan oxuyur zamana.
Ən gözəl əsərlər, izlər şahiddir
əbədi qalacağından
xəbərlər çatdırır insana,

Gecə Xəzər dənizi ilə söhbətləşirəm-
hər şeydən xəbər verir dalğaları.
Dəlillər yox olanda nəyi vəsf edəsən,
Geriyə dönən dalğalarının mənası
yox kimi görünür.

İpək yolunu salanlarla qarşılaşıram,
içimdə möhtəşəm bir istək baş qaldırır...
Möhür oğurlanmışdır.
hər şey yalnız öz sonuna çatır.

Tamaşa edənlər üçün 
bütün o gözəl, qiymətli sənət əsəri -
yalnız qəlbə açılan pəncərədir.

Şair və vətən

Şair vətənə şeir qoşduğu zaman
Onu kəfənsiz dəfn etdilər.
Onu casusluqda ittiham etdilər
İlahi, görəsən kimə casusluq etmiş?!

Ah, bu vətən sevgisi nə qədər də çətindi...
Soruşun siz, soruşun Vətəni olmayandan,
Köçkünlərin gözündəki
Bitib-tükənməyən gecədən soruşun,
Şəfqət dolu Qolqof haqqında
Fələstin övladlarından soruşun.
Tanınmadan dəfn olunanlardan soruşun,
Alınlarının təriylə torpaqlarını sulayan
O torpaqlardan qovulmuşlardan soruşun.

Öz ölkəmə məftunam mən də aşiqlər kimi,
Dəlicəsinə məftun!
Sevirəm hər qarış toprağını mən.
Müdafiə edirəm namusumu hər zaman,
Məni sevməyənlərin ədasına baxmadan.

Qovulmuş, sevilməyən bir şair
 Gələndə yanıma
Parçaladım, dağıtdım bütün maneələri,
Mən bütün sərhədləri açdım ona, sonra da
Hədiyyə etdim ona ən dəyərli kəfəni -
Yenidən yaşasın,
Vətənə nəğmələr qoşsun deyə...

Həsən HAMİ

 





16.06.2015    çap et  çap et