525.Az

Gənc ömrün ədəbi kitabı


 

Gənc ömrün ədəbi kitabı<b style="color:red"></b>

Şair-publisist Elxan Yurdoğlunun mənə yeni bağışladığı “Ömrüm - ədəbi kitab”ını vərəqləyirəm. Elxanla Naxçıvan Dövlət Universitetində magistraturada (folklorşünaslıq və mifologiya istiqaməti) təhsil almağımız, “Şərq qapısı” qəzetində çalışmağımız... xəyalımda canlanır.

2004-cü ilin sonları idi. Magistraturanın birinci kursunda oxuyurdum. “Aşıq Ələsgərin Naxçıvan səfəri”nə həsr olunan yazımı “Şərq qapısı”na apardım. Sevinclə həyəcanım bir-birinə qarışmışdı. Çünki ilk dəfə araşdırma aparıb, məqalə yazmışdım. Qəzetin baş redaktoru, tanınmış jurnalist, tarixçi alim, mərhum Məmməd Məmmədov yazıya ötəri nəzər saldı, fotoqraf tədbirdə olduğu üçün dizayner Ziyaya tapşırdı ki, mənim şəklimi çəksin. Elə redaksiyanın foyesindəcə fotoobyektivin yaddaşına köçürüldüm və bir-iki gündən sonra yazım dərc olundu. Bu, mənim mətbuata doğru ilk qədəmlərim idi...

Qismət elə gətirdi ki, bir neçə aydan sonra Elxanla həmkar oldum. “Şərq qapısı” evimiz idi, bizlər də bir ailəyə bənzəyirdik. Ailəmizin başçısı da - Allah ruhunu rahat eləsin - qəzet üçün, onun “əsgərləri” naminə əlindən gələni əsirgəmirdi. Bəzən yazılarıma ara verəndə başını otağıma uzadıb: - “Ə, Fariz, niyə yazmırsan?!” - deyirdi. Bu səslənişi indi də qulağımdan getmir. Kollektivçilik kəlməsi də Məmməd müəllimin dilindən düşməzdi.

Elxan bu ailənin tək ərköyün övladı idi. Şair qəlbi ilə yalnız təbə, ilhama “tabe” olurdu. Ürəyi istəyəndə yazır, istəməyəndə istedadlı gənc şair Rahil Tahirli ilə redaksiyadan yayınıb, yaxınlıqdakı çayxanada bir-birinin “şah”ını mat eləmək uğrunda baş sındırırdılar...

İndi onun yeni kitabında yer alan qəzet məqalələrinə baxıram və düşünürəm ki, Elxan hələ ara-sıra yaza-yaza bu qədər məqaləni necə ortaya qoyub? Bədii yaradıcılığı da ki, öz yerində. “Qızlar gözlərində sevgi gəzdirir” (2000), “Mən sevginin bəndəsiyəm” (2004), “Ən gözəl sevgidi ölüm” (2008), “20+13” adlı şeir kitabları ilə oxucuların qəlbinə yol tapıb. Həmçinin bir neçə türkiyəli yazarın əsərini dilimizə uyğunlaşdıraraq ədəbi ictimaiyyətin ixtiyarına verib. Görkəmli maarif xadimi, yazıçı-publisist Eynəli bəy Sultanovla bağlı apardığı araşdırmalar isə onun tədqiqatçı bacarığını ortaya qoyur.

“Ömrüm - ədəbi kitab”la Elxan Yurdoğlunun publisistik yaradıcılığının təkamülünü izləmək mümkündür. Buna müəllif də şərait yaradıb. Yəni “Şərq qapısı”nda dərc olunan ilk yazıları ilə son illərdə işıq üzü görən publisistika nümunələri arasında müqayisə aparmaq olar. Bu, onun ötən illər ərzində hadisə və faktlara yanaşmalarda necə professionala çevrildiyini nümayiş etdirir. Müəllif kitabın əvvəlində yazır: “...İndiyə kimi yazdıqlarımın içərisində publisistik cəhətdən, informasiya baxımından, yanaşma tərzi olaraq zəif olanları da var. Amma həmin yazıları çıxdaş etmək istəmədim. Bir növ, zamanla, günbəgün dəyişən və püxtələşən qələmimin, yazılarımın ümumi mənzərəsinin görünməsini də istədim”.

Elxanın bu etirafı onun “Ən gözəl sevgidi ölüm” kitabında yer alan aşağıdakı misralarını yadıma salır. Müəllif oxucusuna üz tutaraq onun da rəyini soruşur, misralarının təsirli olub-olmadığını xəbər alır:

Söylə yazdıqlarım şeirmi, səncə?
Sözüm titrədirmi ruhunu, söylə?
Tək-tük misralarım cansıxan gecə,
Qaçıra bilirmi yuxunu, söylə?

Yeni nəşrdə Elxanın müxtəlif kitablar haqqında yazdığı və müəllifi olduğu kitablar haqqında yazılmış resenziyalar, ön sözlər, şair və yazıçılardan aldığı, həmçinin ondan götürülən müsahibələr, hekayə və esselər yer alıb. Eyni zamanda müəllifin müxtəlif illərdə qələmə aldığı, amma müəyyən səbəblərdən işıq üzü görməyən bir neçə müsahibəsi, məktubu və s. qəlb məhsulu da oxuculara təqdim edilir.

Naxçıvan ədəbi mühitinin üzdə olan, özünəməxsus deyim-duyum tərzi ilə seçilən qələm sahiblərinin əksəriyyəti haqqında Elxanın yazıları var. Həmid Arzulu, Kəmalə Ağayeva, Elman Həbib, Vaqif Məmmədov, Xanəli Kərimli, Asim Yadigar, Hüseyn Bağıroğlu, İbrahim Yusifoğlu kimi qocaman və ortayaşlı şair və yazıçıların söz dünyasına baş vuran Elxan Yurdoğlu onların yaradıcı “mən”ini oxucular üçün əlçatan edib. Kitabda Naxçıvanın gənc ədəbi qüvvələrinin də yaradıcılığına işıq tutan yazılar kifayət qədərdir. Zaur Vedili, Rahil Tahirli, Qafar Qərib, Tural Həsənli, Elnur Qəlbinur, Əzizə Həsənova və başqalarının əsərlərini təhlil süzgəcindən keçirən müəllif ədəbi mühiti gözündən yayındırmadığını sübut edir. Bu yazılarda o, ədəbi aləmə ilk qədəmlərini atanlara həssas yanaşıb, onlara düzgün istiqamət verib.

Elxan bu illər ərzində ədəbi tənqid məsələlərinə də lazımınca yer ayırıb. Ədəbi mühitlə iç-içə olan qələm sahibi yazılan əsərlərə, çap olunan kitablara vaxtında münasibət bildirib. Bu cəhətdən onun “Şərq qapısı” qəzetində dərc olunan “Ədəbi tənqid ədəbi mühitin inkişafına xidmət edir”, “Ədəbi mühitimizdə gənclik” məqalələri, həmçinin müxtəlif ədəbi-elmi məclislərdə etdiyi məruzələri bölgənin ədəbi mənzərəsini dolğun şəkildə canlandırır.

Elxan Yurdoğlu muxtar respublikada fəaliyyət göstərən mətbuat orqanları ilə yanaşı, mərkəzdə və bölgələrdə nəşr olunan qəzet və jurnallarla, internet portalları ilə də sıx əməkdaşlıq edir. Bu kitabda 35 illik ömrün sözlə qol-boyun keçən 12 ilinin hesabatı oxucuların ixtiyarına verilir. Elxanın uğurları hələ qarşıdadır. Düşünürəm ki, “Ömrüm - ədəbi kitab”ı oxuyan hər kəs bu qənaətə gələ bilər. Qələmdaşıma yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Fariz YUNİSLİ 

 





16.06.2015    çap et  çap et