525.Az

Səhnələri titrədəcək o sərçəciyə


 

Səhnələri titrədəcək o sərçəciyə<b style="color:red"></b>

Çoxdandır o qızın tamaşaçısıyam. Əvvəllər özü də bilmirdi. İlk gördüyümdə yanımdakılara pıçıldamışdım: teatrımızı təbrik edə bilərsiz. İlk tamaşasından heyrətə gəlmişdim. 2 saatlıq tamaşa boyu səhnədə dayanmadı.

Sonra diplom işi tamaşasına baxdım. Oyunu eynən Edif Piafı xatırlatdı mənə - səhnələri fəth edən ürkək sərçəni.

Təsadüf elə gətirdi ki, mənim də ssenari müəllifi olduğum, Nicat Qafuroğlunun rejissorluğu ilə çəkilən tammetrajlı psixoloji dram janrındakı “Ultionis” filmində baş rol aldı. Oyunu yüksək səviyyədə idi - bu, istedad məsələsidir. Özü qazandığı xanımlığına söz ola bilməzdi. Həlim, mədəni, aktyor yoldaşlarının qayğısına qalmağı bacaran.

Deyəsən, ixtisasca rejissordur. Ssenariləri də var və onlardan bir neçəsini oxumuşam. Hər dəfəsində Azərbaycan teatrını təbrik etmişəm. Müəllimi görkəmli rejissorumuz Bəhram Osmanovdur. Bəhram müəllimlə tanışlığım var, o ancaq bu qız kimi istedad yetişdirə bilərdi.

Yorulduğu vaxtlar da olub: bir az həyat, bir az həyatsızlıq, bir az da həyatla həyatsızlıq arasındakı boşluq gileyləri onun dilinə gətirə bilib. Ürəksə alovludur, beyinsə açıqdır.

Ürəyinin hökmü, beyninin işığı onu nəhayət Gənc Tamaşaçılar Teatrının möhtəşəm səhnəsinə çıxardı. Teatrın baş rejissoru sərçəciyə güvənmişdi, əmin idi ki, vaxt gələcək zal onu ayaq üstə alqışlayacaq. Nə yaxşı ki, həmin günün şahidi oldum. Özüm də ayaq üstə idim. Sərçəcik, səhnəni titrədirdi, daha doğrusu, onun titrəməsi əvvəl səhnəyə, sonra aktyorlara keçdi. İnanın ki, “nə yaxşı Azərbaycan teatrı var”- deyə bağırmaq istəyirdim. Bağırmadım, oradaca “Facebook” səhifəmə yazdım: “Teatrını qoruyan xalq özünü kənardan görməyi bacarır”. Görürdüm: Haqverdiyevin 100 il öncə car çəkdiyi dərdlər səhnədə yenidən canlanırdı.

“Xortdanın cəhənnəmdən məktubları” tamaşasında nə artıqlıq vardı, nə əskiklik. Bütün ölçülər dəqiqliklə işlənmişdi. Quruluşçu regissor Boris Mandjiyevdir. O, Rusiya Federasiyası və Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycanın fəxri mədəniyyət işçisidir.

Tamaşaçısı olduğum o qızın səhnədə adı “Gövhərtacdır”. Yəqin əsəri hamımız oxumuşuq. Müasirləşən dərdlərimizə işıq salır: ata qızını zorla ərə verir, qız ölür, sevdiyi isə onun ölümünə bais olanları öldürür. Hamısı o dünyaya düşüb. Hamının günahı var, bircə “Gövhərtac” günahsızdır. Onu o biri dünyadakı günahkarlar arasında görmürük.

Tamaşanın final səhnəsində sanki aktrisa imtahan verirmiş kimi oynayır. “Hasarın o üzü” tamaşasında da eynisini edirdi. Deyəsən bu qız səhnəyə hər dəfə imtahan verirmiş kimi çıxır və çıxacaq. Daha bir keyfiyyət - adı məsuliyyət.

“Gövhərtac” artıq havalanıb. 3 ildir zorla ərə verildiyi axundun evindədir. Üzünü aya tutub, sevgilisi Fərmanı axtarır. O, ayla necə danışırdısa, qeyri-ixtiyari həmin səmtə baxıb, göydə ay axtarırdım. Özünü quma çırpa-çırpa öldürür. Ağ kəfənə bükülüb səhnədən yoxa çıxır. Bu dəfə də səhnədə qəbir axtarırdım. O qız neynirdisə, onun həyatda, daha doğrusu tamaşa zalında əksini axtarmağa məcbur olurdum. Tamaşa bitəndə anladım ki, sehrə düşübmüşəm. Səbinə Məmmədovanın sehrinə.

Ceyhun MUSAOĞLU

 





16.06.2015    çap et  çap et