525.Az

“Azərbaycana ilk dəfə gəlsək də, buranı öz Vətənimiz kimi qəbul etdik”


 

“Azərbaycana ilk dəfə gəlsək də, buranı öz Vətənimiz kimi qəbul etdik” <b style="color:red"></b>

ANKARANIN ALTUNDAĞ BƏLƏDİYYƏSİ TƏMSİLÇİLƏRİ BAKIYA SƏFƏRLƏRİNDƏN RAZI QALIBLAR

 

Türkiyənin Ankara şəhərinin Altındağ bələdiyyəsinin üzvlərindən ibarət nümayəndə heyəti Bakıda səfərdədir. Nümayəndə heyətinin tərkibinə Altındağ bələdiyyəsi sədrinin müavini Yunus Keleş, bələdiyyənin mədəniyyət və sosial işlər üzrə şöbə müdiri Sevgi Bəyaz, layihə əlaqələndiricisi Ceren Tecimen, sözügedən qurumun məclis üzvləri –  Ərcan Özçelik, memar Yener Güran və Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu daxildir. Ötən gün nümayəndə heyətinin üzvləri ilə görüşüb söhbətləşdik. Altındağ bələdiyyəsinin sədr müavini Yunus Keleş gəlişlərinin məqsədi barədə bunları dedi: “Altındağın bələdiyyə sədri Veysəl Tiryakinin təşəbbüsü və rəhbərliyi ilə Ankarada bir Ədəbiyyat Muzeyi yaratmağı düşünürük. Bu səbəbdən ilk olaraq Azərbaycandakı Nizami adına Ədəbiyyat Muzeyi ilə tanış olub nümunə kimi bu formuladan istifadə etmək məqsədilə Azərbaycanda səfərdəyik. Altındağ Ankaranın mərkəzində yerləşir. Bura Türkiyə Cümhuriyyətinin qurulduğu yerdir. Biz orada qədim Ankaranın köhnə evlərinin restavrasiyası ilə məşğuluq. Qədim arxitekturanı canlandırmaq niyyətindəyik. Burada bir ədəbiyyat muzeyi yaratmaq fikri də bələdiyyə sədrimizin təşəbbüsü və təklifidir. Düşünürəm ki, bu, bələdiyyə sədrimizin Türkiyənin qələm adamlarına, ədəbiyyatçılarına olan böyük sayğısının ifadəsidir”.

 

Sevgi Bəyaz isə ədəbiyyat muzeyi yaratmaq üçün ilk olaraq Azərbaycandakı adıçəkilən muzeyi örnək kimi qəbul edərək bu təcrübədən yararlanmağı düşündüklərini bildirib: “Nizami adına Ədəbiyyat Muzeyini çox bəyəndik. Həm zahirən, həm daxilən çox gözəl muzeydir. Bilmirəm, bu qədər gözəlini yarada bilərikmi, amma sizin bu muzeyi ziyarət etmək bizə muzeyin özü kimi möhtəşəm ideyalar bəxş etdi. Buradan bir sıra məsələlər öyrəndik- həm bina olaraq, həm də muzeyin məzmununa görə öz muzeyimizdə nələri edə biləcəyimizə aid bizdə çoxlu fikirlər yarandı. Düzdür, Ankaradakı sizdəki kimi belə möhtəşəm bir muzey olmayacaq. İlkin mərhələdə hələlik məhdud şəkildə fəaliyyət göstərəcək. Hələlik təbirimizcə desək, az və öz şəkildə mövcud olacağıq. Burada Türkiyənin tanınmış yazıçı və şairlərinin arxiv materialları, şəxsi əşyaları da yer alacaq. Amma zamanla gələcəkdə daha da inkişaf edəcəyimizə inanıram. Bu muzeyi gəzərkən türk ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatının müqayisəsini də apara bildik. Nizami adına Ədəbiyyat Muzeyinin direktoru Rəfael Hüseynovla görüşə bilməsək də, onun rəhbərliyi və təşəbbüsləri ilə muzeyin böyük inkişaf yolu keçdiyinə şahid olduq. Yəqin ki, gələcəkdə Nizami adına Ədəbiyyat Muzeyi ilə əməkdaşlıq edəcəyik, bu təcrübədən yararlanacağıq. Fürsətdən istifadə edərək muzeyin əməkdaşları Sədaqət xanıma və Nəzmiyyə xanıma da, bizi müşayiət etdiklərinə, yardımçı olduqlarına görə minnətdarlığımızı bildiririk”.

 

Muzeyin memarlıq üslubundan danışan memar Yener Güran ümumilikdə Bakının arxitekturasını bəyəndiyini deyib: “Bakıda  qədim binaları canlandırırlar, restavrasiya edirlər. Biz də hazırda Ankarada Altındağ bölgəsində məhz bu işlə məşğuluq. Muzey yaratmaqla burada qədimliyi müasirliklə sintez edib dəyərləndirmiş oluruq. Burada da məhz bu praktikadan istifadə olunub. İllər öncə inşa edilmiş, xalqa xidmət edən bir tarixi bina muzey kimi istfadəyə verilib. Ankarada  yaratmağı düşündüyümüz ədəbiyyat muzeyinin də bunun eynisi olacağına ümid edirik”. Bakıya ilk gəlişinin olduğunu deyən təcrübəli memar unudulmaz təəssürat aldığını söyləyib: “Bakıya ilk dəfədir gəlirəm. Bu şəhərə heyran oldum. Bakını şəhərsalma baxımından da çox nizamlı şəhər hesab edirəm. Fikrimcə, yolları da kifayət qədərdir. Nəqliyyat vasitələri boldur. Yaşıllıqlar böyük sahəni əhatə edir. Xüsusilə vurğulamaq istədiyim bir məqam da Rəşad Məcidin bizi ziyarətə apardığı Fəxri Xiyaban haqqındadır. Burada Azərbaycanın ictimai-siyasi, mədəni həyatında böyük əməyi olan dahi şəxsiyyətlərin xatirəsinə necə ehtiram göstərildiyinin şahidi oldum. Əgər məni bir memar olaraq dəvət edib “buna bənzər nə isə yarat, dəyərləndir, dizayn et” desələr, bundan yaxşısını edə bilməzdim. Fəxri Xiyaban hər baxımdan çox gözəl dəyərləndirilib. İçərişəhər haqqında da eyni fikirləri söyləyə bilərəm. Çox qədim, özünəməxsus aurası və arxitekturası olan dəyərli tarixi məkandır. Bura çox yaxşı restavrasiya edilib, dəyərləndirilib, canlandırılıb. Bu hal-hazırda da davam etdirilir. Şəhərin ümumi panoraması baxımından ən çox diqqəti çəkən də məhz bu amildir. Bir nüansı deyim ki, Bakı işıqlandırma baxımından Ankaradan çox irəlidədir. Bakını gəzərkən bir mesajı da aldıq ki, bu ölkədə, bu şəhərdə dövlət adamına, eləcə də sənətçiyə, ədəbiyyatçıya böyük dəyər verilir. Burada ucaldılan möhtəşəm heykəllər bunu deməyə əsas verir”.

 

Nümayəndə heyətinin üzvləri Bakıdan zəngin təəssüratlarla ayrıldıqlarını dilə gətiriblər: “İlk dəfə gəlsək də, Azərbaycanı öz vətənimiz kimi qəbul etdik. Bura bizə doğma ölkədir, biz sadəcə sərhədi keçdik. Özümüzü məmləkətimizdəki kimi hiss edirik. Bakı gözlədiyimizdən daha gözəl bir şəhərdir. Həm memarlıq baxımından fərqlidir,  həm də insanları çox səmimi, qonaqpərvərdirlər. Azərbaycana yenidən gəlməyi arzu edirəm”.

 

Sevinc MÜRVƏTQIZI

 

 





17.12.2012    çap et  çap et