525.Az

Minskdə Kamran Nəzirlinin kitablarının təqdimatı olub


 

Minskdə Kamran Nəzirlinin kitablarının təqdimatı olub<b style="color:red"></b>

Belarus Respublikasının paytaxtı Minsk şəhərində fəaliyyət göstərən "Qobustan" Azərbaycan Cəmiyyəti belaruslu ziyalılarla birlikdə Azərbaycan yazıçısı Kamran Nəzirlinin kitablarının təqdimatını keçirib.
 
Minsk şəhərinin A. S. Puşkin adına yaradıcı ziyalılar evinin kitabxanasında, habelə "Gənclik" İstirahət Mərkəzinin böyük salonunda baş tutmuş tədbirlərdə Azərbaycan yazıçısının 2 kitabı ("19+1" (rus dilində), "Miras" (Azərbaycan dilində), ingilis dilinə tərcümə etdiyi 3 kitabı - "Candles", (Azərbaycan şeiri Antologiyası), "Punishment" (Hüseynbala Mirələmovun "Cəza" povesti) və "Value the people while they are alive"(Cabir Novruzun "Sağlığında qiymət verin insanlara" seçilmiş şeirlər toplusu) təqdim edilib. Rus, ingilis və Azərbaycan dillərində nəşr edilmiş kitabların təqdimat mərasimlərində  "Qobustan" Diaspor Cəmiyyətinin sədri Baxşı Qənbərov, sədr müavini, tarix elmləri namizədi Baldadaş Qənbərov,  Azərbaycan diaspor cəmiyyətinin digər üzvləri, tanınmış rəssam Kamil Kamal, tibb elmləri doktoru, professor Neyman Zeynalov, Belarus universitetlərində təhsil alan azərbaycanlı tələbələr, habelə Minsk şəhərinin ziyalıları, elm və ədəbiyyat xadimləri, Rusiya, Ukrayna, Latviya və Litvadan gəlmiş qonaqlar da çıxış ediblər. 

Cəmiyyət üzvlərinə və qonaqlara Azərbaycan yazıçısının kitabları paylanıb, onun tərcümeyi-halı, yaradıcılığı barədə məlumat verilib, əsərlərindən parçalar səsləndirilib. Tədbirlərdə yazıçının "Şeytan işığı" tamaşasından bir fraqment də göstərilib. Görüş iştirakçılarınını xahişi ilə Azərbaycan yazıçısı Kamran Nəzirli tərcümə etdiyi "Candles" kitabından Nigar Rəfibəyli, Bəxtiyar Vahabzadə və Ramiz Rövşənin şeirlərini ingilis dilində səsləndirib, oxucuların suallarına cavab verib.

Növbəti gün Belarus Yazıçılar Birliyinin və belaruslu yaradıcı ziyalıların ədəbi orqanı "Ədəbiyyat və incəsənət" qəzeti Azərbaycan yazıçısının "Ziya və Leonid İliç Brejnev" adlı hekayəsini dərc edib.

Hekayəni belarus dilinə Pavel Alsovi çevirib.

Bundan başqa azərbaycanlı yazıçı Belarus Yazıçılar Birliyinin üzvü, "Zvezda" Nəşriyyat evinin direktoru, yazıçı Ales Karlyukoviçlə, yazıçı-dramaturq Yeqor Konevlə görüşüb, Azərbaycan- Belarus yazıçılarının əsərlərinin iki ölkənin dilinə tərcüməsi və yayılması barədə fikir mübadiləsi aparıb. 

S.ABDULLAYEVA

 





17.06.2015    çap et  çap et