525.Az

Təhsil Problemləri İnstitutunda seminar keçirildi - Fotoreportaj


 

Təhsil Problemləri İnstitutunda seminar keçirildi - <b style="color:red">Fotoreportaj</b>

Təhsil Problemləri İnstitutunda (TPİ) “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının seminarı keçirilib.

TPİ-nin beynəlxalq əməkdaşlıq və informasiya şöbəsindən 525.az-a verilən məlumata görə, “Zəif eşidən və ağır nitq problemli məktəbəqədər yaşlı uşaqların reabilitasiyası və inklüziv təhsilə cəlb edilməsi sahəsində mövcud problemlər və onların həlli yolları” mövzusunda baş tutan seminarı giriş sözü ilə İnstitutun direktoru Qulu Novruzov açıb.
 
O, çıxışında son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atıldığını, sağlamlıq imkanları məhdud uşaqların təhsil və tərbiyəsinin orta ümumtəhsil məktəblərində daim diqqət mərkəzində olduğunu bildirib.
 
Q.Novruzov xüsusi qayğıya ehtiyacı olan bu uşaqların normal vətəndaş və şəxsiyyət kimi formalaşmasında təhsil və tərbiyənin rolunun böyük olduğunu, bu uşaqların dövlət qayğısı ilə əhatə edildiyini söyləyib.

Q.Novruzov “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında qanunda irəli sürülən tələblərin şəxsiyyətin inkişafına təkan verən amillərdən olduğunu söyləyib.
 
“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin sədri Ramilə Rasimqızı deyib ki, seminar əsas məqsədi zəif eşidən və ağır nitq problemli məktəbəqədər yaşlı uşaqların reabilitasiyası və inklüziv təhsilə cəlb edilməsi prosesinin sürətləndirilməsidir.

R.Rasimqızı təşkilatının qarşıda qoyduğu məqsədləri, rəhbərlik etdiyi təşkilatın gördüyü tədbirləri barədə danışıb:

“Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən, ölkə üzrə sağlamlıq imkanları məhdudluğu müəyyən olunmuş 62 mindən çox uşağın 1204 nəfərinin eşitmə qabiliyyəti tamamilə yoxdur, 3329 nəfər zəif eşidir, 6152 nəfərin nitq qabiliyyətində müəyyən problemlər var. Bu qəbildən olan şəxslərin reabilitasiyası və məktəbəqədər təhsili üçün zəruri şəraitə malik olan müasir reabilitasiya və təhsil müəssisələrinə ehtiyac var”.
 
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Gülnarə Hüseynova tədbirin keçirilməsinə verdiyi dəstəyə görə institutun direktoru Qulu Novruzova təşəkkür edib.
 
Almaniyanın Frankfurt Mayn Universiteti Klinikasının aparıcı mütəxəssisi, şöbə rəhbəri Murad Şıxəliyev də çıxış edib.

O, Azərbaycanda eşitmə ilə bağlı olan problemlər və onların qarşısının alınması işində görülə biləcək işlərdən, qulaq xəstəliklərinin növlərindən, müxtəlif yaşlarda eşitmənin dərəcəsindən, eşitmə sistemləri, eşitmə cihazları, orta qulaq implantatlari, sümük keçiriciliyi ilə eşitmə cihazları, Koxlear İmplantasiya və s. haqqında məlumat verib.
 
Tədbirdə TPİ-nin İnklüziv təhsil şöbəsinin əməkdaşları Elmira Kərimova, Dilarə Dostuzadə, Fərid Süleymanov, AMEA-nın disertantı, defektoloq-loqoped Şəfəq Məmmədovanın təqdimatlar dinlənilib.

Tədbirdə “Əlillərin Cəmiyyətə İnteqrasiyası” təşkilatı adından bir qrup fəala fəxri diplomlar və təşəkkürnamələr təqdim edilib.

TPİ-nin direktoru Qulu Novruzova da cəmiyyət adından xüsusi təşəkkürnamə təqdim olunub.

Tədbirin yekunu olaraq inklüziv təhsilin qarşısında duran cari çətinliklərin aradan qaldırılması məqsədilə konkret addımların atılması üçün belə müzakirələrin davam etdirilməsi qərara alınıb.

 





17.06.2015    çap et  çap et