525.Az

Türk boylarının buluşduğu tarixi məkan...


 

QƏDİR TOPBAŞ: "TÜRK DÜNYASININ ORTAQ MƏDƏNİYYƏTİNİ BİR ARAYA GƏTİRMƏK ƏN BÖYÜK XƏYALLARIMDAN BİRİ İDİ"

Türk boylarının buluşduğu tarixi məkan...<b style="color:red"></b>

Asiyadan Avropaya yayılmış Türk mədəniyyəti "Türk Dünyası Evləri"ndə sərgilənir. "Özbək Evi"ndən "Qırgız Evi"nə, "Türkmən Evi"ndən "ŞKTR Evi"nə qədər tam 9 ev ilə "YURD" adı verilən iki çadır, sizi Krımdan Qafqazlara, oradan da Orta Asiyaya və Azərbaycana aparır...

İstanbulun sürprizlərlə dolu gözəlliklərinə bir yenisi daha əlavə olunub. Artıq neçə ildir ki, şəhərin ən qədim tarixi məkanlarından birində - Topkapı Parkında qurulan "Türk Dünyası Kültür Məhəlləsi" öz ziyarətçilərinə Krımdan Çin səddinə qədər uzanan bir coğrafiyada möhtəşəm səyahət imkanları yaradır. Parkdakı "Türk Dünyası Evləri"ndə, hər respublikanın mədəniyyəti özünəməxsus şəkildə sərgilənir.

İstanbul Şəhər Böyük Bələdiyyə Başqanı Qədir Topbaşın gözəlliyi və qədimliyi ilə hər kəsi heyran edən şəhərin sakinlərinə və Türk dünyasına hədiyyə etdiyi parkda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası, Tatarıstan, eləcə də Başqırdıstanı təmsil edən ayrı-ayrı "Kültür Evləri" qurulub. Balkanlardakı Türk varlığı da, özəl bir "Balkan Evi" ilə təmsil edilir.

Parkda "YURD" deyilən və keçədən hazırlanmış 2 orijinal Türk çadırı da qurulub. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Rəcəb Tayyib Ərdoğana hədiyyə etdiyi YURD da bu parkda sərgilənir. Başqan Topbaşın "ən böyük xəyallarımdan biri idi" dediyi park, Türk dünyasında özenlə kutlanan "Sabuntuy" və "Novruz" bayramlarına da ev sahibliyi etməyə başlayıb. Türk dünyasının bayramları, özəl proqramlar, dövlət böyüklərinin iştirakı ilə burada keçirilir. Hər il Türk dünyasının böyük aydınlarından Çingiz Aytmatovun doğum və vəfat günləri qeyd olunur. Ötən il Güney Azərbaycanın və bütün türk dünyasının ünlü şairi Şəhriyarın da doğum günü və Türkiyə türkcəsində İstanbulda çap olunan " Muhammed Huseyin Şehriyar" kitabının (monoqrafiyanın müəlifi AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı işçisi, Dos.dr. Esmira Fuad Şükürova) təqdimat mərasimi yaddaqalan bir şölənlə qeyd edildi. Azərbaycan konsulluğunun dəstək verdiyi bu tədbir böyük maraqla qarşılandı.

Kültür Evlərində, Türk dövlət və topluluqlarına məxsus ev əşyaları, günlük həyatda və özəl günlərdə istifadə olunan geyimlər, bəzək əşyaları, musiqi alətləri, oyuncaqlar, xalılar, kilimlər, ov və tarixi savaş silahları sərgilənir.

Turist axını

İlginc bir faktdır ki, Türkiyəyə, İstanbula gələn xarici turistlərin həmin əşyalara xüsusi marağı var. Bir-birindən gözəl əşyalara sahib olmaq üçünsə uzağa getmək lazım deyil... Sərgilənən əşyaların önəmli bir hissəsi "Hədiyyəlik Əşya Evi"ndə satılır. Qazanc məqsədi güdməyən bu alış-veriş sadəcə təbliğat xarakteri daşıyır.

Orxan abidələri sərgilənir

"Orxan" və "Göytürk" anıtlarının surətləri Kültür Məhəlləsinin girişində sərgilənməyə başlanıb. Kültür Evləri müdiri Saleh Doğan "Türk cümhuriyyətlərində olan önəmli abidələrin miniatür variantını da bu parkda yaradırıq" deyir. Saleh Doğanın arzularından biri də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin bu böyük layihəyə diqqət göstərməsi, Azərbaycanın Qız Qalası və digər önəmli abidələrinin maketlərinin parkdakı Azərbaycan Evinin bağçasında qurulmasına dəstək verməsidir. Topkapı "Türk Dünyası Kültür evləri" layihəsi Türk mədəniyyətini İstanbula daşıdı.

Sərgidə Göytürk İmperatorluğunun hökmdarı Bilgə Xaqan və qardaşı Gültəkinə, vəzir Tonyukuka aid daş kitabələr və müxtəlif tarixi abidələr var. Tarixi kitabələrə aid maketlər, ilin bütün günləri yerli və əcnəbi turistlər tərəfindən ziyarət edilir.

Türk mətbəxinin kabab, düşbərə, özbək plovu, çüçürə, göşnan kimi yüzlərcə növü parkdakı restoranda qonaqlara təqdim olunur.

Səyahət sırasına "Panorama-1453" Tarix Müzeyi də əlavə olunub. Başkan Qədir Topbaşın "yaşayan, hissedilən gözəl bir məkan" deyə tərif etdiyi bu parkın Türk Dünyasının mədəniyyət körpüsü olduğu da danılmazdır. Yeni əlaqələrin yaranması, mədəniyyət və tarixlə daha dərindən tanış olmaq, var olub bir yumruq kimi birləşmək düşüncəsi aşılayan bu müqəddəs məkanın müəllifi Qədir Topbaş İstanbulun fəthində Türk cümhuriyyətlərindən, Orta Asiyadan, Balkanlardan gələn bir çox könüllülərin iştirak etdiyini söyləyir və bu insanların nəvələrinin yenidən bir məkanda birləşməsi üçün çalışmalar yapmağın müqəddəs bir vəzifə olduğunu deyir: "Tarixdə çox qüdrətli dövlətlər qurmuş böyük xaqanların büstləri, heykəlləri və bayraqları ilə bəzədilmiş bir tarix yolu layihəsi ilə bu güzəl atmosferə malik məkanda yola çıxdıq - Topkapı Türk Dünyasına"...

Bələdiyyə başqanı haqlıdır. Mədəniyyətlərimiz məhz öz köklərinə qayıdan qəhrəman boylarımızın oyanış hərəkatı, diriliş günü ilə geri dönəcək...

Kəbutər HAQVERDİ

 





18.06.2015    çap et  çap et