525.Az

Kanadada "Azərbaycan günü" keçirilib


 

Kanadada "Azərbaycan günü" keçirilib<b style="color:red"></b>

Azərbaycanın Kanadadakı səfirliyi və Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi Toronto şəhərində "Azərbaycan günü" təşkil edib.
 
Tədbirdə Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı qonaqlar, o cümlədən, Ontario əyaləti parlamentinin üzvü Cek Maklaren iştirak ediblər.

Tədbirin açılışında çıxış edən səfirliyin müvəqqəti işlər vəkili Ramil Hüseynli Azərbaycan-Kanada əlaqələrinin genişləndirilməsinin, ölkəmizin Kanadada düzgün təbliğ olunmasının, respublikamızla bağlı həqiqətlərin Kanada və dünya ictimaiyyətinə çatdırılmasının, Kanadada yaşayan vətəndaşlarımızla əlaqələrin səmərəli qurulmasının, diaspor qurumlarımızın təşkilatlanmasının və onlar arasında əlaqələrin möhkəmləndirilməsinin səfirliyin fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu bildirib.

O, həmçinin düşmənlərimizin təxribatlarına qarşı mübarizədə cəmiyyətlərimizin birlik nümayiş etdirməsinin, eyni məqsədə, eyni amala xidmət etməsinin həlledici amil olduğunu vurğulayıb.

Ontario əyaləti parlamentinin üzvü Cek Maklaren Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib:
 
"Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın müstəqilliyinin ilk illəri çətin və məşəqqətli olub. O zaman vətəndaş müharibəsi və müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə dəvət edib. 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Bundan sonra Azərbaycan sabitlik və davamlı inkişaf yoluna qədəm qoyub".

Sonra konsert proqramı başlayıb, Azərbaycan xalq mahnıları səsləndirilib, vətənpərvərlik mövzusunda şeirlər oxunub, milli rəqslər nümayiş etdirilib. Konsertdə Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin şagirdləri də çıxış ediblər.

Tədbirdə, həmçinin qonaqlar Azərbaycan yeməklərini və şirniyyatlarını dadıblar.

S.ABDULLAYEVA

 





18.06.2015    çap et  çap et