525.Az

"Mövcudluğun dözülməz yüngüllüyü" YAY Qalereyasında sərgilənir


 

"Mövcudluğun dözülməz yüngüllüyü" YAY Qalereyasında sərgilənir<b style="color:red"></b>

YAY Qalereyasında "Mövcudluğun dözülməz yüngüllüyü" adlı sərgi açılıb. Sərgidə Yaxın Şərq və Şimali Amerika ölkələrini təmsil edən dörd rəssamın əsərləri birlikdə nümayiş etdirilib.
 
Dubayda yerləşən Quadro Qalereyasının tərəfdaşlığı ilə hazırlanan bu sərgidə Kamil Zəkəriyyə, Məhəmməd Əhməd İbrahim, Roberto Lopardo və Manal Əl-Doveyn özlərinin foto, çap və heykəltəraşlıq kimi müxtəlif texnikalar vasitəsilə ərsəyə gətirdikləri sənət əsərlərini təqdim ediblər. Əsərlərin başlıca mövzusu - şəxsiyyət, ev və yaddaş arasındakı qarşılıqlı əlaqədir. Roberto Lopardo isə "Bakının xəritəsini çəkərək" (Mapping Baku) adlı əsərini məxsusi olaraq bu sərgi üçün hazırlayıb.

Sərginin açılışına mədəniyyət və incəsənət aləminin tanınmış simaları təşrif buyurublar və burada nümayiş olunan əsərlər böyük maraqla qarşılanıb.

"Mövcudluğun dözülməz yüngüllüyü” adlı sərgi avqustun 31-dək davam edəcək. Giriş sərbəstdir.

YAY Qalereyası Bakının tarixi mərkəzi olan İçərişəhərdə yerləşir. Qalereyanın təsisçisi olan YARAT müasir incəsənət sahəsində fəaliyyət göstərən, bununla da Azərbaycanda yaradıcı infrastrukturu dəstəkləyən qeyri-kommersiya təşkilatıdır. Qalereya ictimai vəzifələri yerinə yetirən müəssisədir. YAY (sözün "yaymaq", "paylaşmaq" mənasında) Qalereyasında satılmış hər bir əsərdən əldə edilən gəlir əsərin müəllifi ilə YARAT arasında bölünür. Qalereyada hər il altı sərgi keçirilir.

Bundan əlavə, qalereya böyük fəallıqla özünün görüşlər və publikasiyalar proqramını həyata keçirir. Əsərlərini YAY Qalereyasında sərgiləyən rəssamlar sonradan beynəlxalq art-rezident proqramları və sərgilərə qatılırlar. Buna misal olaraq, Faiq Əhmədin 2013-cü ildə nüfuzlu Jameel Prize mükafatına təqdim edilməsini və əsərlərinin Londondakı Viktoriya və Albert Muzeyində sərgilənməsini qeyd edə bilərik.

Həmçinin Nəzrin Məmmədova, Rəşad Ələkbərov və Fərid Rəsulov Delfina Fondunun məşhur art-rezident proqramı üzrə Londonda olublar.

S.ABDULLAYEVA

 





19.06.2015    çap et  çap et