525.Az

Avropa Məhkəməsi Ermənistan dövlətinin cavabdehliyini təsdiqlədi


 

Avropa Məhkəməsi Ermənistan dövlətinin cavabdehliyini təsdiqlədi <b style="color:red"></b>

Azərbaycan Respublikasının beynəlxalq aləmdə son nailiyyətlərindən biri də beynəlxalq təşkilatlarda, o cümlədən,  Avropa Şurasında tam hüquqlu üzv kimi təmsil olunmasındadır. Bu faktın özü hər şeydən əvvəl ölkəmizdə demokratiyanın mövcudluğunu, hüququn aliliyini və insan hüquqları və azadlıqlarına hörmətin bərqərar olmasını təsdiq edir.

Hüquqi dövlətin elan edilməsi artıq əldə edilmiş, başa çatmış prosesin rəsmiləşdirilməsi demək deyildir. Bu uzunmüddətli inkişaf prosesinin bir pilləsindən digər pilləsinə keçiddir. Azərbaycan dövləti demokratiya və insan hüquqları sahəsində qazandığı nailiyyətlərlə kifayətlənmir, bu istiqaməti daim davam etdirir. Avropa Şurasında üzvlük Azərbaycan dövlətinin yurisdiksiyası altında olan insanların hüquq və azadlıqlarının müdafiəsinin təmini cəhətdən geniş perspektivlər açır.

Azərbaycanın Avropa Şurasına daxil olması və Avropa İnsan Hüquqları Konvensiyasına qoşulması ölkəmizdə insan hüquqlarının müdafiəsi sisteminin möhkəmlənməsində mühüm mərhələ hesab olunur.

"İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında" Konvensiya, eləcə də Avropa Şurası tərəfindən qəbul edilmiş digər Konvensiyaları araşdırmaqla həmin Konvensiyalarda nəzərdə tutulan müddəaların tələblərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı pozulmasına dair yüzlərlə faktlar göstərmək mümkündür. Bəs, görəsən həm Azərbaycan  Respublikası, həm də Ermənistan Respublikası Avropa Şurasının üzvü olduqdan və həmin Konvensiyaları imzaladıqdan sonra bu hüquqların pozulmasının qarşısını almaq mümkündürmü? Konvensiya müddəaları, dövlət Konvensiyaya qoşulmamışdan əvvəl baş vermiş pozuntulara şamil olunacaqmı? Bu suallara cavab vermək üçün Konvensiyanın iştirakçısı olan dövlətlərin yurisdiksiyasının şamil olunduğu ərazi və şəxslərin dairəsi müəyyənləşdirilməli, Konvensiya müddəalarının zaman yurisdiksiyası, insan hüquqları sahəsində "davam edən pozuntuları" və onların tənzimlənməsi məsələləri nəzərdən keçirilməlidir.

Beynəlxalq hüquqa görə hər bir dövlət öz ərazisi hüdudlarında ərazi üstünlüyünü həyata keçirir. Ərazi üstünlüyü əlamətlərindən biri də ondan ibarətdir ki, dövlətin hakimiyyəti onun ərazisindəki bütün fiziki və hüquqi şəxslərə şamil edilir. Dövlətin hakimiyyəti üzərində başqa hakimiyyət ola bilməz. Dövlətin ərazisi hüdudundakı yurisdiksiyası mütləq və müstəsna xarakter daşıyır. Odur ki, bir qayda olaraq, dövlət onun ərazisində baş vermiş pozuntulara görə cavabdehlik daşıyır.

İnsan hüquqları sahəsində əksər müqavilələr açıq ifadə olunmuş belə bir tələbi nəzərdə tutur ki,  iştirakçı-dövlətlər özlərinin yurisdiksiyası altında olan bütün şəxslər üçün həmin müqavilələrdə ifadəsini tapan  hüquq və azadlıqlardan sərbəst  istifadə etməyi təmin  etməlidirlər.

Beynəlxalq insan hüquqları hüququnun tətbiqi məqsədilə "yurisdiksiya" anlayışı digər hallarda olduğundan daha geniş məna kəsb edir.  İnsan hüquqları hüququna müvafiq olaraq dövlət ərazisindən kənarda olsa da, lakin onun hakimiyyəti və nəzarəti altında olan ərazidə baş vermiş hərəkətlərə görə də cavabdehlik daşıya bilər.

Dövlətin öz ərazisindən kənar ərazidə nəzarətinin səviyyəsi bir neçə halda insan hüququları sahəsində öhdəliklərinin tətbiqi, yəni cavabdehliyi üçün əsas yaradır. Bu cür şəraitlərdən biri hərbi işğaldır. BMT-nin Beynəlxalq Məhkəməsi özünün "Divar məsələsi" ilə bağlı Məsləhətverici  rəyində qeyd etmişdir ki, İsrail işğalçı dövlət kimi işğal olunmuş Fələstin torpaqlarına münasibətdə ərazi yurisdiksiyasını həyata keçirir və ona görə də həmin ərazilərdə yaşayan hər bir şəxsə münasibətdə beynəlxalq insan hüquqları hüququ üzrə öhdəliklərini yerinə yetirməlidir. İnsan Hüquqları üzrə Komitə də  hərbi işğal zamanı "Vətəndaş və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın tətbiqi məsələsi üzrə şərhində analoji yanaşmadan istifadə etmişdir.

Dövlətin öz ərazisindən kənar ərazidə nəzarəti həyata keçirməsinin digər bir halı ərazinin mənsub olduğu dövlətin xahişinə əsasən dövlətin öz qoşunlarını onun ərazisində yerləşdirməsi ilə bağlıdır. Belə hallarda nəzarətin səviyyəsi hər bir konkret haldan asılı olaraq həll edilməlidir.

Dövlətin öz ərazisindən kənar ərazini tam idarə etməsi halında məsuliyyəti həmin ərazidə onun əsgərləri və vəzifəli şəxslərinin hərəkətlərinə görə məsuliyyətlə məhdudlaşmır, həm də hərbi və digər dəstəyə söykənərək fəaliyyət göstərən yerli idarəçilik orqanlarının fəaliyyətinə görə məsuliyyəti də əhatə edir. Bundan əlavə, belə hallarda məsuliyyət  təkcə müdafiə altında olanların  hüquqlarını pozmamaq kimi neqativ  öhdəliklərin pozulmasını deyil, həm də dövlətin hüquqlarının həyata keçirilməsinin təmin etməsini nəzərdə tutan pozitiv öhdəliklərə də şamil olunur.

"İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 1-ci maddəsinə əsasən iştirakçı dövlətlər onların yurisdiksiyası altında olan insanların Konvensiyanın 1-ci bölməsində nəzərdə tutulmuş hüquq və azadlıqlarını təmin etməlidirlər.

Avropa Komissiyası və Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, "yurisdiksiya" termini iştirakçı dövlətlərin milli ərazisi ilə məhdudlaşmır. Dövlət hakimiyyətinin fəaliyyəti nəticəsində onun ərazi hüdudlanndan kənarda baş vermiş nəticələrə görə də dövlətin məsuliyyəti yarana bilər.

Bu mövqe "Kipr Türkiyəyə qarşı" işdə Komissiya tərəfindən daha aydın ifadə olunmuşdur. Həmin işdə Kipr iddia edirdi ki, Türkiyə silahlı qüvvələri onun ərazisinə daxil olub, ərazisinin bir hissəsini işğal etmiş və bununla da Konvensiya ilə təminat verilmiş bəzi hüquqları pozmuşdur. Türkiyə verilmiş şikayətə Komissiyanın baxmaq səlahiyyətini şübhə altına alaraq göstərilən pozuntuların Türkiyə ərazisində deyil, Kipr ərazisində baş verməsinə istinad etmiş, həmin ərazidə baş vermiş insan hüquqlarının pozulmasına görə cavabdehlik daşımadığını bildirmişdir. Lakin Komissiya qeyd etmişdir ki, "yurisdiksiya hüdudunda" termini iştirakçı dövlətin milli ərazisi ilə ekvivalent deyildir. Komissiyanın mövqeyinə görə, iştirakçı dövlət hakimiyyətini ərazisi hüdudunda və ya ondan kənarda həyata keçirməsindən asılı olmayaraq, nəzərdə tutulan hüquq və azadlıqları onun faktiki hakimiyyəti və cavabdehliyi altında olan bütün şəxslərlə bağlı təmin etməyə borcludur. Eyni zamanda, dövlətin silahlı qüvvələrinin üzvləri onun yurisdiksiyası altında olduğu üçün onların fəaliyyətinə görə də dövlətin məsuliyyəti baş verə bilər.

"Kipr Türkiyəyə qarşı" iş üzrə sonrakı qərarında Komissiya qeyd etmişdir ki, 1974-cü ildən Türkiyənin silahlı qüvvələri Kiprin şimalında olduğuna görə Kipr adanın şimalında öz hakimiyyətini həyata keçirə bilməmişdir. Adanın şimalında Türkiyə Federativ Kipr Dövlətinin elan edilməsi Konvensiyanın 1-ci maddəsinin mənasına görə Kiprin həmin hissəsi üzərində yurisdiksiyanı Türkiyə Federativ Kipr Dövlətinin həyata keçirməsinin tanınmasına əsas vermir. Kipr hökumətinin hakimiyyəti əslində adanın cənub hissəsi ilə məhdudlaşdığı üçün Kipr Respublikası adanın şimalında baş verən Konvensiya müddəalarının pozulmasına görə cavabdehlik daşıya bilməz .

Bu müddəa Loizidou işində daha da inkişaf etdirilmişdir. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, iştirakçı dövlətin qanuni və ya qeyri-qanuni hərbi əməliyyatları nəticəsində milli ərazi hüdudundan kənarda yerləşən müəyyən ərazilər üzərində səmərəli nəzarəti həyata keçirməsi hallarında həmin ərazidə baş vermiş pozuntulara görə də dövlətin məsuliyyəti yarana bilər. Dövlət üçün Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqların təmini öhdəliyi həmin ərazidə nəzarətin birbaşa onun silahlı qüvvələri və ya yerli idarəçilik orqanları vasitəsi ilə həyata keçirilməsi faktından asılı olmayaraq yaranmış olur.

Beləliklə, hər hansı ərazi üzərində faktiki mülki və hərbi nəzarəti müəyyən edib, onu həyata keçirən dövlət həmin ərazini işğal və ya ilhaq etməsindən, yaxud ona nəzarət etmək hüququnun olub-olmamasından asılı olmayaraq, ərazidə insan hüquq və azadlıqlarını təmin etməyə borcludur.

İnsan hüquqları üzrə Avropa Məhkəməsi "Bankoviç  Belçika və digər 16 iştirakçı dövlətə qarşı" işdə Avropa Konvensiyasının regional müqavilə olmasını nəzərə alaraq qeyd etdi ki, o, iştirakçı dövlətlərin hüquq məkanında (espace juridicque) fəaliyyət göstərir,  razılaşmış dövlətlərin hərəkətlərinə münasibətdə bütün dünyada tətbiq üçün nəzərdə tutulmamışdır. Mahiyyət etibarı ilə bu qərarın mənası Konvensiyanın tətbiqinə ümumi məkan məhdudiyyəti qoymasında öz ifadəsini  tapır.

İraqın şimalında yaşamış və Türkiyə silahlı qüvvələri tərəfindən İraq ərazisində öldürülmüş kürdlərin qohumlarının ərizəsi əsasında başlanılmış "İssa Türkiyəyə qarşı" işdə Məhkəmə espace juridicque (hüquqi məkan) anlayışını Türkiyə dövlətinin məsuliyyəti üçün maneə kimi qəbul etmədi. Həmin işin ümumi kontekstində belə bir yanaşma əsas götürüldü ki,  dövlətin öz ərazisindən kənarda hər hansı ərazidə "ümumi nəzarəti" həyata keçirməsi faktı müəyyən edildiyi təqdirdə həmin ərazi avtomatik olaraq onun yurisdiksiyası altına, beləliklə də, Konvensiyanın hüquqi məkanına  düşür.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində minlərlə insanın həyatdan məhrum olması,  Azərbaycan dövlətinin torpaqlarının 20 faizinin işğal olunması,  bir milyon insanın  qaçqın və məcburi köçkün həyatını yaşaması,  dövlətə və insanlara böyük məbləğdə maddi ziyanın vurulması, insanların hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması yaşadığımız son 25 ilin reallığıdır. 

Azərbaycan dövləti münaqişəni sülh yolu ilə həll etmək niyyətində olmaqla bu istiqamətdə fəaliyyətini davam etdirir. Müxtəlif beynəlxalq təşkilatlar tərəfindən münaqişə ilə bağlı qəbul olunmuş sənədlərdə münaqişənin sülh yolu ilə həll edilməsi ilə əlaqədar səylərini davam etdirmək Ermənistan dövlətinə tövsiyə olunsa da (məsələn: BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr), həmin sənədlərdə münaqişə zamanı bağ vermiş  insan hüquqlarının pozuntusuna görə Ermənistan dövlətinin cavabdehliyi öz ifadəsini tapmamışdı. Ermənistan dövləti münaqişənin iştirakçısı olmamasına istinad edərək uzun illər ərzində  əsl həqiqətin beynəlxalq ictimaiyyətə çatdırılmasına mane olmuş, münaqişənin beynəlxalq hüququn prinsiplərinə müvafiq olaraq həllini əngəlləmişdir.  Məhz bu xüsusat Ermənistan dövlətinin münaqişə zamanı baş vermiş pozuntulara görə məsuliyyətdən kənarda qalmasına  şərait yaratmışdı.

16 iyun 2015-ci il tarixdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası tərəfindən "Çıraqov Ermənistana qarşı" və "Sarkisyan Azərbaycana qarşı" qərarları qəbul edilmiş və internet səhifəsində yerləşdirilmişdir. Həmin qərarlarda beynəlxalq hüququn bir sıra məsələlərinə müvafiq şərhlər verilmiş, münaqişənin sülh yolu ilə həlli üçün əhəmiyyət kəsb edən bir sıra məsələlərə aydınlıq gətirilmişdir. Hər iki qərar kifayət qədər  böyük həcmə malik olduğuna, həmçinin qərarlarda müxtəlif  səpkili məsələlərə yeni baxış öz ifadəsini tapdığına və nəhayət  Məhkəmənin  bir neçə hakiminin  qərarlarla bağlı  xüsusi rəylərini bildirmələri ona dəlalət edir ki, həmin qərarlar uzun müddət ərzində müzakirə obyektinə çevriləcək, müxtəlif məqamlarla bağlı elmi müzakirələrə rəvac verəcək.

"Çıraqov Ermənistana qarşı" qərarda "Ermənistan Respublikasının yurisdiksiyası" bölməsində (qərarın 152-187-ci bəndləri) ifadəsini tapan müddəalar münaqişənin həlli ilə bağlı Azərbaycan dövlətinin mövqeyinin dəstəklənməsində son dərəcə mühüm əhəmiyyətə malikdir. Verilmiş şikayətlə bağlı Ermənistan dövləti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim etdiyi dəlillərdə  əvvəllər başqa beynəlxalq təşkilatlarda olduğu kimi münaqişənin iştirakçısı olmamasına, münaqişənin onun ərazisində baş vermədiyinə görə münaqişə zamanı bağ vermiş pozuntulara görə cavabdehlik daşımamasına,  şikayətin məkan yurisdiksiyası baxımından qəbuledilməz olmasına istinad etmişdir. Lakin Ermənistan dövlətinin  ərazi yurisdiksiyası ilə bağlı dəlilləri  qəti şəkildə rədd edilmiş,  Avropa Məhkəməsi özünün presedent hüququna istinad edərək "effektiv nəzarət" konsepsiyasını əsas götürərək belə qənaətə gəlmişdir ki,  işğal olunmuş  ərazilər Ermənistan dövlətinin nəzarəti altında olduğuna görə  həmin ərazidə baş vermiş insan hüquqlarının pozuntusuna görə Ermənistan dövləti cavabdehlik daşıyır. Qərarın həmin məsələ ilə bağlı ən önəmli cəhəti ondadır ki,  həmin qərarla Ermənistan dövlətinin cavabdehliyi müəyyən edilməklə yanaşı qəti şəkildə qeyd olunmuşdur ki, Ermənistan dövləti münaqişənin ilk  günlərindən silahlı münaqişədə iştirak etmiş, hazırda da həmin əraziləri öz nəzarəti altında saxlamaqdadır və baş vermiş insan hüquqlarının pozuntusuna görə cavabdehlik daşıyır. Məcburi hüquqi qüvvəyə malik olan  Məhkəmə qərarında  belə bir mövqenin bəyan edilməsi beynəlxalq hüquq müstəvisində Azərbaycan dövlətinin böyük uğuru kimi qiymətləndirilməlidir. Hesab edirik ki, bu mövqe münaqişənin beynəlxalq səviyyədə həlli üçün hüquqi baza kimi  son dərəcə önəmlidir. Ermənistan dövləti  danışıqlar prosesində artıq kənardan seyrçi dövlət kimi deyil, münaqişədə baş vermiş insan hüquqlarının pozuntularına görə cavabdehlik daşıyan dövlət kimi iştirak etməlidir.

Ermənistan dövləti  şikayətlə bağlı Məhkəməyə təqdim etdiyi dəlillərində ona istinad etmişdir ki,  Ermənistan - Azərbaycan münaqişəsi onun yurisdiksiyasından kənarda olan ərazilərdə başlanmış, Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərə onun yurisdiksiyası şamil olunmur və həmin ərazilərdə Ermənistan dövləti effektiv nəzarəti və hər hansı ictimai hakimiyyəti həyata keçirmir. Şikayətçi Ermənistan dövlətinin yurisdiksiyasının həmin ərazilərə şamil olunması barədə yüksək standartlara cavab verən sübutları Məhkəməyə təqdim edə bilməmişdir (bax: qərarın 158-ci bəndi).

Ermənistan dövləti daha sonra qeyd etmişdir ki, o, silahlı münaqişənin iştirakçısı olmamış, münaqişədə iştirak etrməmişdir. 1992-ci ildə Laçın və Şuşa rayonlarının təslim edilməsi Dağlıq Qarabağın müdafiə qüvvələri tərəfindən həyata keçirilmiş,  bu da Azərbaycanın müharibə cinayətlərinin qarşısını almaq və Dağlıq Qarabağ ilə Ermənistan arasında humanitar karidor açmaq məqsədi güdmüşdür (bax: qərarın 159-cu bəndi).

Ermənistan dövləti daha sonra qeyd etmişdir ki,  Ermənistan münaqişənin sonrakı mərhələlərində də heç bir silahlı münaqişədə  iştirak etməmişdir.  Ermənistan dövlət ordusunun münaqişədə iştirakı təsdiq edən heç bir beynəlxalq  sənəd mövcud deyil, həmin sənədlərdə "yerli erməni silahlı qüvvələri"ndən söhbət açılır. Ermənistan yalnız onun sərhədlərində baş vermiş toqquşmalara məcburi surətdə cəlb edilmiş, bu da Azərbaycanın hücumlarından müdafiə xarakteri daşımışdır (bax: qərarın 160-cı bəndi).

Ermənistan dövləti daha sonra qeyd etmişdir ki, Dağlıq Qarabağ yarandığı dövrdən müstəqil siyasi, sosial və maliyyə siyasətini həyata keçirir, Ermənistan Dağlıq Qarabağa müəyyən layihələrin həyata keçirilməsindən kənar heç bir iqtisadi yardım göstərmir (bax: qərarın 162-ci bəndi).

Ermənistanın mövqeyinə görə Dağlıq Qarabağ Respublikası beynəlxalq hüquqa müvafiq olaraq müstəqil dövlətdir və bu dövlət Dağlıq Qarabağ və onun ətrafındakı ərazidə öz hakimiyyətini həyata keçirir  (bax: qərarın 163-cü bəndi).

Dağlıq Qarabağa Ermənistanın siyasi dəstəyi yalnız münaqişənin nizama salınmasına yardım məqsədilə  ATƏT-in Minsk qrupu çərçivəsində təzahür edir (bax: qərarın 163-cü bənd).

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarının  Ermənistan dövlətinin dəlilləri ilə bağlı qiymətləndirməsində aşağıdakılar öz ifadəsini tapmışdır: "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 1-ci maddəsinə müvafiq olaraq iştirakçı dövlətlər yurisdiksiyaları altında olan hər bir kəs üçün Konvensiyada ifadə olunmuş hüquq və azadlıqları təmin etməlidirlər. Bununla belə Məhkəmə  ərazidən kənar yurisdiksiyanın mövcudluğunu tanıyır və bu hal dövlətin öz ərazilərindən kənarda effektiv nəzarəti həyata keçirməsi zamanı baş verir. Bu cür effektiv nəzarət  kənar ərazilərin silahlı qüvvələr tərəfindən işğal edilməsi, dövlətin  silahlı qüvvələrinin ərazinin mənsub olduğu dövlətin dəvəti  və ya susmaqla razılıq verməsi ilə yerləşdirilməsi halında baş verə bilir.

Avropa Məhkəməsi qərarında  yuxarıda istinad etdiyimiz "Loizidou Türkiyəyə qarşı", "Kipr Türkiyəyə qarşı", "Bankoviç Belçikaya qarşı" işlər üzrə məhkəmə presedentlərinə də istinad etmişdir. Məhkəmə hesab etmişdir ki o, Ermənistanın Dağlıq Qarabağ və ətraf ərazilərdə effektiv nəzarəti həyata keçirməsi və hazırda da həmin nəzarəti həyata keçirməkdə davam etməsi sübuta yetirilərsə, Ermənistanın baş vermiş pozuntulara görə cavabdehliyini müəyyən edə bilər.

Avropa Məhkəməsi münaqişənin başlanğıcından hal-hazıra kimi Dağlıq Qarabağ və onun ətraf ərazilərində effektiv nəzarəti həyata keçirməsi və həmin effektiv nəzarətin Ermənistan tərəfindən hazırda da davam etdirilməsini aşağıdakılarla sübuta yetirilmiş hesab etmişdir:

- 1989-cu ildə Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağ yerli Soveti tərəfindən  birləşmək barədə qərarın qəbul edilməsi;

- 1990-cı ilin yanvarında birgə büdcənin  təsdiq olunması;

- Human Rights Watch təşkilatının bəyanatlarında münaqişəyə Ermənistan silahlı qüvvələrinin cəlb olunmasının təsdiq olunması;

- Həmin dövrdə müdafiə naziri işləmiş Vazgen Manukyanın silahlı münaqişədə Ermənistan dövlətinin iştirakını etiraf etməsi;

- 150.000 minlik əhalisi olan Dağlıq Qarabağın 7 milyonluq əhalisi olan Azərbaycana qarşı silahlı  münaqişəni aparması və Dağlıq Qarabağla yanaşı  Azərbaycanın yeddi rayonunu nəzarət altında saxlamasının inandırıcı olmaması;

- 1994-cü ildə Ermənistan Respublikası ilə Dağlıq Qarabağ Respublikası arasında  silahlı qüvvələrin əməkdaşlığı barədə müqavilənin bağlanması;

- ATƏT-in Minsk qrupunun 1997-ci il  BMT Baş Məclisinin  2008-ci ilin mart, Avropa Parlamentinin  2012-ci il aprel, Avropa Şurası Parlament Assambleyasının 2005-ci ilin yanvar ayında qəbul etdikləri sənədləri;

- Ermənistanın keçmiş müdafiə naziri Manukyanın, Ermənistan prezidenti Serj Sarkisyanın bəyanatları;

- "Zalyan, Sargisyan və Serobyan Ermənistana qarşı" İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı;

 - Ermənistanın "Hayastan All - Armenian" fondu vasitəsi ilə Dağlıq Qarabağa maliyyə dəstəyi göstərməsi.

 İnsan hüquqları üzrə Avropa Məhkəməsinin "Çıraqov Azərbaycana qarşı" qərarının 180-cı bəndində göstərilir ki, Ermənistan Respublikası öz hərbi iştirakı, hərbi texnika və təcrübəsi ilə Dağlıq Qarabağ münaqişəsində erkən vaxtlardan əhəmiyyətli dərəcədə  iştirak etmişdir. Bu hərbi dəstək mübahisə olunan ərazilərin işğalı və onlar üzərində nəzarət üçün həlledici olmuşdur və olmaqda davam edir, sübutlar, ən azından 1994-cü ilin hərbi əməkdaşlıq müqaviləsi Ermənistan hərbi qüvvələri və "DQR"-in arasında yüksək inteqrasiyanın olduğunu inandırıcı şəkildə göstərir.

Məhkəmə Ermənistan dövlətinin  pozuntularla bağlı yurisdiksiyası ilə bağlı aşağıdakı nəticəyə gəlmişdir: "Ermənistan Respublikası Dağlıq Qarabağ münaqişəsinin erkən vaxtlarından  "DQR" üzərində mühüm və həlledici təsirə malik olmuşdur, onlar faktiki olaraq bütün mühüm məsələlərdə yüksək dərəcədə inteqrasiya olunmuşlar və bu vəziyyət bu günə qədər davam edir. Başqa sözlə, "DQR" və onun administrasiyası Ermənistan tərəfindən göstərilən hərbi, siyasi, maddi və digər dəstək hesabına mövcuddur və Ermənistan Dağlıq Qarabağ və ətraf ərazilər üzərində, Laçın rayonu da daxil olmaqla, effektiv nəzarətə malikdir. Buna görə də şikayət olunan məsələlər Konvensiyanın 1-ci maddəsi baxımından Ermənistanın yurisdiksiyasına daxildir.

Beləliklə, Hökumətin Ermənistan Respublikasının Dağlıq Qarabağ və ətraf ərazilər üzrə yurisdiksiyası ilə bağlı etirazı rədd edilir" (qərarın 186,187-ci bəndləri).

Qərarla bağlı ayrı-ayrı hakimlərin xüsusi rəyləri də beynəlxalq hüquq baxımından ətraflı araşdırma predmeti olacaqdır.  İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi Xanlar Hacıyev qərarla bağlı xüsusi rəyində razılıqla qeyd etmişdir ki, Azərbaycan Respublikasının ərazisinin beşdə bir hissəsini təşkil edən Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərin Ermənistan Respublikası tərəfindən işğal olunması siyasi cəhətdən BMT-nin Təhlükəsizlik Şurasının  dörd qətnaməsi, BMT Baş Məclisinin qətnaməsi, Avropa İttifaqı Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının və digər beynəlxalq təşkilatların qərarları ilə tanınmışdı. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həmin qərarı ilə bir daha hüquqi müstəvidə bu faktı təsdiq etdi.

Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, Ermənistan Respublikası silahlı qüvvələri, silah və sursatı ilə ilk günlərdən münaqişənin iştirakçısı olmuşdur.

Ermənistan dövləti siyasi, ordu, maliyyə dəstəyi göstərməklə işğal olunmuş ərazilər üzərində effektiv nəzarəti həyata keçirir. Erməni əsgərlərinin Dağlıq Qarabağda hərbi xidmət keçməsi  işğal vəziyyətinin davam etməsinə dəlalət edir.

Xüsusi rəy Azərbaycan dövlətinin mövqeyinin əsaslandırılması baxımından beynəlxalq humanitar hüquq normalarına, müxtəlif beynəlxalq təşkilatların  qərarlarına istinad olunmuşdur.

Avropa Məhkəməsi "Çıraqov Ermənistana qarşı" qərarında  Ermənistan dövlətinin şikayətçinin daxili müdafiə vasitələrinin tükədilməməsi, qurban statusuna malik olmaması barədə dəlillərini rədd etmiş,  şikayət olunan pozuntuların Ermənistan dövlətinin yurisdiksiyasına düşməsini təsdiq edərək, Ermənistan dövlətinin yurisdiksiya ilə bağlı dəlillərini əsassız hesab etmiş, Ermənistan dövləti tərəfindən Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, Konvensiyanın 8-ci maddəsi, Konvensiyanın 13-cü maddəsinin tələblərinin pozmasını müəyyən etmişdir. Pozuntu ilə bağlı kompensasiya məsələlərinin qərar qəbul edilməsi üçün hazır olmadığı nəzərə alınaraq həmin məsələlər üzrə qərarın qəbul edilməsi təxirə salınmışdır.

Əlbəttə, qeyd olunanlar geniş və hərtərəfli  beynəlxalq hüquqi, elmi təhlil tələb edir. Bu  gün oxuculara təqdim etdiyimiz  yazının məqsədi qərarın bizim - azərbaycanlılar üçün son dərəcə əhəmiyyətli olan məqamına - Ermənistan dövlətinin münaqişə zamanı baş vermiş insan hüquqularının pozuntusuna görə cavabdehlik daşımasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən təsdiq olunmasına yönəltmək,  qəbul olunmuş qərarın Azərbaycan mövqeyinə xidmət etməsini oxucularla bölüşmək, uğuru birgə paylaşmaqdır.

Vəfaddin İBAYEV
Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi

 





19.06.2015    çap et  çap et