525.Az

Qələbəyə çağıran “Cəngi”


 

Qələbəyə çağıran “Cəngi”<b style="color:red"></b>

 “Cəngi” Azərbaycanın qədim milli rəqsidi. Söz “cəngavər yerişi”, “meydan oxumaq”, “döyüşə çağırış” mənalarını ifadə edir.

Ta qədimdən, pəhləvan yarışlarından əvvəl, ya sonra, bəzən də döyüşlər zamanı “Cəngi” çalınarmış. Dahi Üzeyir bəyin “Koroğlu” operasında “Cəngi”dən istifadə etməsi bu rəqs haqqında çox şey deyir. Mərhum Rafiq Babayevin isə estrada-folklor ansamblını yaradarkən qrupa bu adı verməsi maraqlıdı... Və məncə, məhz o gün, iyunun 17-də, Rəşid Behbudov adına Mahnı Teatrındakı konsertdə “Cəngi” qrupunun adı ilə gördüyü iş bu qədər harmoniya təşkil edirdi. Konsert birinci Avropa oyunlarına, idmançılarımızın uğurlarına həsr olunmuşdu.

Musiqinin insana ruh, güc verməsi, onu yeni-yeni işlərə, qələbələrə həvəsləndirməsi sınaqdan çıxıb artıq. Burda təsirli və təəccüblü olan məhz “Cəngi” qrupunun jestidi. Yazıya başlamazdan əvvəl qrup haqda bilgilərimi təzələmək niyyətiylə saytlarda kiçik bir araşdırma apardım. “Cəngi”nin az qala fasiləsiz, çox qısa zamanda gördüyü işlərdən, konsertlərdən, layihələrdən adamın yaxşı mənada başı gicəllənir. Xəbərlərin qısa başlıqları isə belədi: “Cəngi” qrupu İsveçrədə olub... “Cəngi” Parisdə konsert verdi... “Cəngi” Osloda konsert proqramıyla çıxış edir və s. Bütün bu səfərlərin, qastrolların, konsertlərin arxasında duran zəhməti az da olsa təsəvvür etmək mümkündü. Şəhərlər arasındakı zaman fərqindən tutmuş gərgin məşqlərə, hazırlıqlara, xaricdə musiqimizi təmsil etməyin məsuliyyətinə qədər hamısı çətindi. Amma hər dəfə bu qrupu dinləyəndə, onların konsertlərdəki ovqatını müşahidə edəndə bu qənaətə gəlirəm ki, böyük sevgi, sənət fədailiyi, öz işinə hədsiz bağlılıq onların uğurlarının əsas sirridi. Axı, həqiqətən də bunlar varsa, bütün çətinliklər unudulur, qəlizlər asanlaşır. Və məhz belə gərgin iş qrafikinə baxmayaraq “Cəngi”nin Avropa oyunları şərəfinə konsert verməsi də millətinə, dövlətinə, şəhərinə böyük sevginin, sayğının göstəricisidi.

Həyatda elə “rollar” var ki, onları oynamaq olmur. Onları sadəcə yaşamalısan. Bu sənin həyat tərzinə, gündəlik işinə çevrilməlidi. Məsələn, vətəni sevmək, vətənpərvərlik... Axı vətənpərvərlik nə tribunadan qışqırmaqdı, nə də pafoslu bəyanatlar vermək... Yarıqaranlıq zalda, həzin-həzin, sakit-sakit, az qala “pıçıldayaraq” musiqilər ifa etmək vətənə daha böyük sevginin nümunəsidi. Qızıl medallarımızın sayı 10-u keçəndən sonra lap arın-arxayın, ürəklə qürurlana, sevinə də bilərik. Amma “Cəngi” daha böyük qələbələrə səsləyir...

Qrupun rəhbəri, Əməkdar artist Mircavad Cəfərov səhnəyə çıxar-çıxmaz bir şad xəbər verir, voleybolçularımızın uğurunu vurğulayır və tamaşaçıları musiqi ilə baş-başa buraxır. Burda hər növ musiqilər ifa olunur. Xalq mahnıları, aşıq musiqisi, türk sənət musiqisi, bəstəkar mahnıları, etno caz və s. Bunları ardıcıl dinlədikcə sənətin zərifliyinə, gözəlliyinə və ən əsası peşəkarlığa heyrətlənməyə bilmirsən. Əslində, bu musiqi hər kəsin anlaya, qəbul edə biləcəyi tərzdə deyil. Amma “Cəngi”nin əsas qeyri-adiliyi hər zövqdə dinləyicini nəzərə almasıdı. Bu konsertdə melodiyalar təkcə peşəkarların yox, həm də sıravi dinləyicilərin anlayacağı şəkildə təqdim edilir. Və ən başlıca məqam qrup üzvlərinin özlərinin bu musiqilərdən, ifalardan zövq almalarıdı.

Vokalist xanım Arzu Həsənova da mahnılar arası qısa fasilələrdə I Avropa oyunlarının ölkəmiz üçün, hər bir vətəndaş üçün vacibliyini vurğulayır və aşıq mahnılarımızdan nümunələr ifa edir. Yenə də repertuar rəngarəngliyi, görülən işin hərtərəfli mənimsənilməsi və peşəkarlıq özünü göstərir. Həm də səslənən musiqilər adamın fikrini, düşüncəsini uzaqlara çəkir. Və caz sənətinin böyüklüyünü, bütün bu nizamsızlıqdakı harmoniyanı, “xaos”dakı gözəlliyi daha yaxşı hiss edirsən. Bu yerdə bir səmimi istəyimi də bildirmək istərdim. Məncə, zamanla bu cür konsertlərin açıq havada, özü də Xəzərin lap uzaqdan olsa belə, göründüyü yerlərdə keçirilməsi yerinə düşər... Çünki bu musiqidə dənizin rahat, arxayın, sakit ləpələri hiss olunur. Arada bir göstərilən rəqs nömrələri, milli rəqslərimiz isə xüsusi coşqu yaradır.

... Mircavad Cəfərov yenidən səhnəyə çıxıb - “daha bir şad xəbər istəyirsinizmi?” - soruşur, bir anlıq susur, sonra - “Bu anlarda Toğrul qızıl medal qazandı” - deyir. Beləliklə, konsertdə olan hər kəs güləşçimiz Toğrul Əsgərovun finalda qələbə çalmasını Mircavad Cəfərovdan eşidir. Belə məqamlarda o içdən gələn birlik, həmrəylik, sevinc son dərəcə təsirlidi. Hər adam bir cür ifadə edir sevincini. “Cəngi” öz üsulu ilə - ifasıyla göstərir. Elə qrupun rəhbəri də bunu deyir: icazə verin ürəyimi boşaldım... “Ömrün səhifələri” kinofilmindən melodiya ifa olunur. Sənətin bir qeyri-adiliyi, ecazkarlığı da həyatın; hətta əşyaların, hətta məkanların anlamını, mənasını dəyişməsidi, onlara təzə ruh verməsidi. İndi bu məqamda Mircavad Cəfərovun köksünə sıxdığı sadəcə musiqi aləti deyil, özü dediyi kimi - ürəyini boşaltmaq, ən mübhəm hisslərini ifadə etmək üçün vasitədi... Görünür dinləyicini də elə bu təsirləndirir, musiqiyə sirayət etmiş ovqat, hisslər, ruh, enerji... Və bu yerdə qrupun ən gənc üzvü, tar ifaçısı Mircavid Cəfərovdan söz açmaq məqamı gəlir. Həsən Rzayevin “Çahargah rapsodiyası”nı bu qrupun ifasında bir neçə dəfə dinləmişəm. Hər dəfə də Mircavidin ifasından heyrətlənmişəm, daha doğrusu gənc musiqiçinin peşəkarlığı, ifasından duyulan zənginlik, gözəllik məni təəccübləndirib. Axı Mircavidin həmyaşıdlarının maraqlarının da, həyata baxışlarının da bəlli olduğu, açıq göründüyü, müasirləşdikcə adiləşdiyi bir zəmanədə milli alətimiz olan tara, musiqiyə bu bağlılıqdan necə təəccüblənməyəsən... Əslində bir az dərinə gedəndə idmançılarımızı qələbəyə ruhlandıran, o zirvəyə aparan səbəblə gənc ifaçını sənətə bağlayan, öz üzərində çalışmağa sövq edən səbəb arasında gizli bağlar, eyniliklər var.

Milli köklərə bağlılıq, eyni zamanda da məhdud bir çərçivədə qalmamaq, ən müxtəlif janrları, tərzləri repertuarda birləşdirmə “Cəngi” qrupu üçün xarakterik məqamdı. Bu da müasir dünyanın əsas tələblərindən, sənət kriterilərindən biridi. Misalçün, Avropa Motsartın sonatasını yüzlərlə ən müxtəlif ifalarda, ən müxtəlif yozumlarda eşidib. Ona görə çox güman ki, bu Qərb yozumlarının, yanaşmalarının  daha bir təkrarı onlardan ötrü maraqlı da deyil. Amma bir azərbaycanlı qrupun özünəməxsus yanaşması, eyni musiqini öz üslubunda, tərzində təqdim etməsi maraqla qarşılanır.

Əminəm ki, “Cəngi”nin budəfəki konserti də həm bizlərin, həm də qonaqların yaddaşında qalacaq. Ölkəmizdə keçirilən I Avropa Oyunlarının unudulmaz məqamlarından biri kimi xatirələrdən silinməyəcək. Axı, elə Avropa oyunlarının Azərbaycanda keçirilməsiylə “Cəngi”nin ölkəmizdən kənardakı uğurlarının arasında da bir ümumi cəhət var. Səbəb Azərbaycanın ölkə kimi nüfuzunda, özünü güclü dövlət kimi təsdiq etməsindədir. Əgər bir azərbaycanlı estrada-folklor ansamblı Parisdə, Osloda konsert verə bilirsə, yaxud ölkəmizdə bu cür vacib tədbir, özü də bu səviyyədə keçirilirsə, deməli idmançıların da, “Cəngi”nin də tutduğu yolda daha da artıq çalışması, daha da böyük uğurlara imza atması üçün stimul var, səbəb var.

...”Cəngi”nin qələbəyə səsləyən konserti nəticəsiz olmadı, idmançılarımız yeni uğurlar qazandılar, qızıl medallar alıb bayrağımızı bir daha ucaltdılar. Arzu edək ki, lap yaxın gələcəkdə “Cəngi” əsas qələbəmizin şərəfinə konsertlər versin...

 





20.06.2015    çap et  çap et