525.Az

Xristian-müsəlman yaxınlığı: Ceyms Cons və Nəriman Qasımoğlu


 

Xristian-müsəlman yaxınlığı: <b style="color:red">Ceyms Cons və Nəriman Qasımoğlu</b>

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri, ilahiyyatçı alim Nəriman Qasımoğlu bu yaxınlarda İngiltərədən məktub alıb. Məktubun müəllifi Britaniyanın keçmiş Liverpul yepiskopu, məşhur xristian din xadimi və teoloqu Ceyms Consdur. N.Qasımoğlunun əməkdaşımıza verdiyi məlumata görə, onun xristian həmkarı Gloucestershire Universitetində “Adəm Övladı və Yer Kürəsinin Gələcəyi: Xristian Yepiskopu və Müsəlman Alimi Arasında Yazışmalar” başlıqlı mühazirə ilə çıxış edib. Yer kürəsinin xristian və müsəlman ekoteologiyası işığında gələcəyinə həsr edilən və əsasən də İsa Məsihin planetimizlə münasibətlərinə toxunan çıxışın mətni N.Qasımoğlu ilə C.Cons arasında yazışmalar əsasında qurulub. Britaniyalı din xadiminin azərbaycanlı ilahiyyatçı ilə tanışlığı 2006-cı ilə, Braziliyada Amazon çayı üzərində “Din, Elm və Ətraf Mühit” Beynəlxalq Forumunun keçirildiyi zamana təsadüf edir. Məktubu ingiliscədən tərcümədə olduğu kimi təqdim edirik:

“Əziz Nəriman,

Mühazirəmin yaxşı keçməsi üçün etdiyin dualara görə çox təşəkkür edirəm. Çıxış etdiyim müddətcə bu, məndən ötrü çox şey demək idi. İndi qayıtmışam, evdəyəm və şadam deyim ki, mühazirəyə reaksiya olduqca müsbət oldu. Gloucester Universiteti çıxışımı gələn həftə özlərinin vebsaytında yerləşdirəcək. Mətnimin nüsxələrini Canterbury və York arxiyepiskoplarına, eləcə də Böyük Britaniya Krallığının Vəliəhdi, Kral Həzrətləri Uels Şahzadəsinə təqdim etmişəm. Toxuməkən məsəlində (Yeni Əhd, İncil, Matveyə görə, 13:1-18) olduğu kimi, möhkəmcə inanıram ki, bu toxum yaxşı torpağa düşəcək və Tanrı artım bəxş edəcək. Özünün böyük lütfü ilə bizə inanc dostları olmağı nəsib etdiyinə görə O-na olduqca şükranam. Dua edirəm ki, sənin araşdırmalarını və mənim mühazirə mətnimi qiraət edənlər həm Quranı, həm Bibliyanı öyrənməyə ilhamlansınlar. O üzdən ki, İsa haqqında, onun yer üzünə münasibəti barədə daha ətraflı biliklərə yiyələnsinlər. Və bununla da Tanrının gözəl yaradılışına canişinlik və müvəkkillik etməklə bağlı bizim çağırışlara get-gedə daha artıq dərəcədə qulaq kəsilsinlər.

Mənim üçün böyük şövq qaynağı olduğuna görə çox sağ ol. Səni tez-tez dualarımda anıram ki, Tanrı sənin könlünü Öz Hikməti, Hüzuru və Sevgisilə doldursun.

Qoy O cənnət pəncərələrini açsın və Azərbaycan torpağına, sənin ailənə və şəxsən sənə Öz nemətlərini yağdırsın.

Hər zaman sənin inanc dostun olaraq qalan Ceyms”.

N.Qasımoğlu bir məqamı da xatırladıb ki,  Kaliforniya Dövlət Universitetində tədqiqatla məşğul olduğu dövrdə yazdığı “Paylaşdığımız Təbiətə Ruhani Səyahət: İncil və Quranda Ekoteoloji Uyğunluqlar” əsəri ABŞ və Britaniyanın nüfuzlu elmi çevrələrində xüsusi maraqla qarşılanandan sonra müəllifin ingiltərəli həmkarı Ceyms Cons ondan həmin əsərin çap olunduğu “Azerbaijani Studies” (Azərbaycanşünaslıq araşdırmaları”) jurnalının müvafiq saylarını ona göndərsin ki, o da əsəri tanışlıq üçün Krallığın vəliəhdi Çarlza çatdırsın. Əsərlə tanış olandan sonra Uels Şahzadəsi Oksford Sheldonian Teatrında universitetin İslam Araşdırmaları Mərkəzinin əməkdaşları qarşısında “İslam və Ətraf Mühit” mövzusunda çıxış edib. Öz çıxışında Britaniyanın fərqli dini icmalar arasında sağlam əlaqələrin qurulmasının vacibliyinə diqqət çəkib. Şahzadə Çarlz çıxışını bu sözlərlə bitirib: “Yöndəmsiz həqiqət bundan ibarətdir ki, biz bu planeti Yaradılmışlardan olan başqaları ilə çox ciddi bir səbəbə görə paylaşırıq. Bu, o anlam daşıyır ki, ətrafımızdakı həyatla heyrətamiz dərəcədə  balanslaşdırılmış həyat şəbəkəsi olmadan özbaşımıza mövcud ola bilmərik.  İslam hər zaman bunu öyrədib və bu dərsi ehmal etmək Yaradılışla əlaqəmizi üzmək deməkdir”.

Fidan HÜSEYNOVA

 





20.06.2015    çap et  çap et