525.Az

Azərbaycan multikulturalizmi fənni dünya universitetlərində uğurla tədris olunur


 

Multikulturalizm həyat tərzimizdir

Azərbaycan multikulturalizmi fənni dünya universitetlərində uğurla tədris olunur<b style="color:red"></b>

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı bir il ərzində  ölkədə və xaricdə Azərbaycan multikulturalizmini təbliğ edən çoxsaylı layihələr həyata keçirməkdədir.

Hazırda respublikamızın və xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarında Azərbaycan multikulturalizmi fənninin tədrisi Mərkəzin tarixi nailiyyətlərindəndir. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və təşəbbüsü ilə Azərbaycan multikulturalizmi fənni hazırda 7 xarici ölkənin nüfuzlu ali təhsil ocağında -Müqəddəs Kliment Oxridski adına Sofiya (Bolqarıstan Respublikası), İvan Cavaxişvili adına Tbilisi Dövlət (Gürcüstan Respublikası), Litva Pedaqoji (Litva Respublikası), Praqa Karlov (Çex Respublikası), Roma La Sapienza (İtaliya Respublikası), Belarus Dövlət (Belarusiya Respublikası) universitetlərində və Ural Federal Universitetinin Yekaterinburq filialında (Rusiya Federasiyası) tədris olunur. Artıq builki tədris  dövrü yekunlaşıb. Adıçəkilən universitetlərdə Azərbaycan multikulturalizmi fənnini tədris edən mütəxəssislərlə əlaqə saxlayıb tədrisin keyfiyyəti, əldə olunan nəticələr, qarşıdakı vəzifələr və perspektivlərlə bağlı ünvanladığımız suallara ətraflı cavab aldıq.

lll

İtaliyada sözügedən fənni La Sapienza Universitetinin “Avrasiya tarixi” və “İncəsənət tarixi” kursunun bakalavrlarına İrina Kunina tədris edib. “Müasir tarix” və “Politologiya” fakültələrinin magistrlərinə də Azərbaycan multikulturalizmi ilə bağlı mühazirələr oxunub. Həmçinin semestr ərzində Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev ilə birgə mühazirə də təşkil edilib. “Bu müddət ərzində “Avropa tarixi” kursunun doktorantları üçün “Multikulturalizm və dövlət quruculuğu: Azərbaycan modeli” adlı seminar keçirilib. İ. Kunina deyib ki, hər qrupda tələbələrin sayı fərqli idi: “Məsələn, birinci qrupda İtaliya, Bolqarıstan, Albaniya, Serbiya və Türkiyədən gələn 9 tələbə var idi. Magistrların qrupunda isə İtaliya, Serbiya, İran və Rumıniyadan 12 tələbə iştirak edib. “Beynəlxalq siyasət” kursunun magistrantlarının olduğu qrup İtaliya, Sloveniya, Misir, Moldova, Gürcüstan və Türkiyədən gələn 20 tələbədən ibarət idi. Artıq ilk mühazirələrdən sonra onların Azərbaycan haqqında düşüncələri daha da dolğunlaşdı. Azərbaycanda olan etnik müxtəliflik, adlarını ilk dəfə eşitdikləri bəzi etnik qruplar onların xüsusi marağına səbəb oldu. Həmçinin respublikamızda olan dinlərarası dialoq modeli də onları çox  maraqlandırırdı. Bu maraq bizi çox sevindirir. Düşünürəm ki, Azərbaycanı yaxından tanıtmaq üçün daha çox əyani vəsaitə ehtiyac var”. 

lll

Rusiyada Azərbaycan multikulturalizmini tədris edən Aleksandr Nesterov suallarımıza cavab olaraq bildirdi ki, fənnin mənimsənilməsi uğurla başa çatıb: “Mühazirələrdə “Xarici regional araşdırmalar” ixtisasının Rusiya, Ukrayna və Tacikistandan olan 11 magistri iştirak edib. Semestr boyunca tələbələr Azərbaycan multikulturalizminin mahiyyəti ilə daha yaxından tanış olublar. Hesab edirəm ki, proqramın məzmununa müəyyən əlavələr olunmalı, Azərbaycan multikulturalizmi ilə yanaşı ölkənin tarixi ilə bağlı daha çox bilgi verilməlidir. Hələ imtahan olmadığından nəticələr barəsində dəqiq məlumat verə bilməsəm də, ümumən tələbələrin tədris proqramını çox yaxşı mənimsədiklərini qeyd edə bilərəm”.

lll

Çexiyada tələbələr Azərbaycan multikulturalizmi ilə Roza Şəfiyevanın vasitəsilə daha yaxından tanış olmaq imkanı əldə ediblər. Onun fikrincə, bu fənnin Çexiyadakı tədrisi çox uğurla aparılıb: “Semestr boyu tələbələr bu fənnə böyük maraq və istək nümayiş etdiriblər. Onlar tədris boyu qeyd edirdilər ki, bu fənn vasitəsilə Azərbaycan haqqında daha çox məlumat öyrəndilər. Və bu bilgilər onlara gələcəkdə ölkəmizlə bağlı daha geniş araşdırmalar aparmaqda yardımçı olacaq. Çexiya və Rusiyadan dinləyici kursu keçən tələbələr (9 nəfər) etiraf edirlər ki, bu məşğələlərdə Azərbaycanda mövcud olan  çoxsaylı etnik birgəliyə və müxtəlif dini konfessiyalılığa heyran olublar. Bu fənndən sonra onlar Azərbaycan həqiqətləri ilə daha yaxından tanış olduqlarını diqqətə çatdırıblar. Qeyd etmək lazımdır ki, fənnin tədrisi boyu tələbələr Azərbaycan tarixi ilə çox maraqlanıblar. Mühazirələr çex dilində oxunub, tədris kabinetləri yüksək səviyyədə təşkil olunub. Mühazirələrdə deyilənlərdən əlavə, tələbələr özləri də mövzu ilə bağlı müxtəlif mənbələrdən, internet resurslarından istifadə ediblər. Fənnin imtahanına tələbələr çox yaxşı hazırlaşıblar, onların Azərbaycan multikulturalizmi ilə bağlı bilikləri mənimsəmə səviyyəsi müəllim kimi məni tam qane edib”. 

lll

Gürcüstanda bu fənndən dərs deyən David Qotsiridze vurğulayıb ki, İvan Cavaxişvili adına Tbilisi Dövlət Universitetində Azərbaycan multikulturalizminin tədrisi çox böyük maraq doğurub və uğurla başa çatıb: “Əlbəttə, indiyədək tələbələrin Azərbaycanla bağlı xeyli məlumatları vardı. Ancaq bu fənn vasitəsilə onlar Azərbaycanın tarixi, mədəniyyəti və multikultural dəyərləri haqqında sistemli olaraq tanış ola biliblər. Mühazirələrdə 30-dan artıq rəsmi dinləyici tələbədən əlavə, müxtəlif fakültələrdən olan magistr və doktorantlar da iştirak edib. “Azərbaycan multikulturalizmi” kursu tələbələrdə böyük maraq oyadıb, onların mühazirələrdə davamlı iştirakı da bunu təsdiq edirdi. Ümumən kursda 50-dən artıq dinləyici iştirak edib. Dinləyicilər arasında gürcülərdən başqa, rus, ukraynalı, belorus və çexiyalı tələbələr də olub. Qeyd etmək yerinə düşər ki, Tbilisi Dövlət Universitetinin tələbələrindən əlavə, mühazirələrə Gürcüstanın müxtəlif özəl ali təhsil ocaqlarından da dinləyicilər qatılıb. Bu fənni tədris edərkən Azərbaycanın mənəvi, mədəni, siyasi durumunu tələbələr daha yaxından anlatmağı qarşımıza əsas məqsəd kimi qoymuşduq. Düşünürəm ki, buna nail ola bildik.  Xalqlar arasında qardaşlıq ideyasının təbliği bu kursun populyarlığını artıran amil idi. Tələbələr seminarlarda aktiv çalışırdılar, təqdimatlar keçirirdilər, əldə etdikləri bilikləri bölüşürdülər. Tələbələr məşğələlər zamanı Azərbaycanın milli bayramları ilə yaxından maraqlanırdılar. Bu kursdan sonra tələbələr Azərbaycanı daha yaxşı tanıdıqlarını bildiriblər. Universitet rəhbərliyi də fənnə xüsusi maraq nümayiş etdirib və gələcəkdə bu istiqamətdə daha yaxın əməkdaşlıq niyyətindədir”.

lll

Litvada adıçəkilən fənnin tədrisi ilə məşğul olan Rəfail Həsənov bildirib ki, ümumilikdə dərs prosesi maraqlı keçib: “Belə bir kursun təşkili Azərbaycanın tanıdılması, mədəniyyətimizin təbliği və digər xalqlara çatdırılması üçün böyük əhəmiyyət kəsb edir.  Mühazirələri müxtəlif ölkələrin təmsilçisi olan 12 tələbə dinləyib. Daimi dinləyicilərlə yanaşı mühazirələrə iştirakçı qismində də tələbələr qatılıb. Hətta universitetin bəzi müəllimləri də məşğələlərdə iştirak ediblər. Mühazirələr boyu hiss edirdim ki, ölkəmiz haqqında daha çox bilmək, Azərbaycan multikulturalizminin mahiyyətinə dərindən bələd olmaq tələbələrin çox xoşuna gəlir və Azərbaycana maraqları artır. Hesab edirəm ki, gələcəkdə bu istiqamətdə Azərbaycanla bağlı məlumat resurslarının daha da artırılması vacibdir. Zənnimizcə, “Azərbaycan multikulturalizmi” fənninin tədrisi ilə yanaşı bu sahədə ayrı-ayrı istiqamətlərdə (məsələn, Azərbaycanda etnoslararası münasibətlər (eləcə də müxtəlif etnosların ərazimizdə məskunlaşması tarixi, Azərbaycan xalqının etnogenezisi və sair ), konfessiyalararası münasibətlər, müxtəlif ölkələrdə bu problemlə bağlı qanun və qərarların müqayisəli təhlili və s.) tədqiqat işlərinə də start verilməlidir. Tədqiqatın nəticələrinə əsaslanan tədris daha əsaslı ola bilər”.

lll

Bolqarıstanda Azərbaycan multikulturalizmi fənnini öyrədən Sofia Şiqayevanın bildirdiyinə görə, tədris prosesi yüksək səviyyədə keçib, tələbələr bu məşğələdə davamlı olaraq iştirak ediblər, Azərbaycanla, bu yeni fənnlə tanışlıq onların dərin marağına səbəb olub: “Fikrimcə, onlar bu fənn vasitəsilə kifayət qədər bilik əldə ediblər. Kursda Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin “Filologiya” fakültəsindən 6 bakalavr və 3 magistr olmaqla, 9 nəfər iştirak edib. Bu tələbələrin indiyədək Azərbaycanla bağlı olan təəssüratları daha da zənginləşib. Bu fənn vasitəsilə onlar Azərbaycan ədəbiyyatı, fəlsəfəsi və mədəniyyəti, ölkədə yaşayan çoxsaylı etnik qruplar, müxtəlif dini konfessiyalar haqqında ətraflı bilgilərə sahib olublar. Tələbələr həmçinin Azərbaycanın dövlət siyasətinin prioritet istiqaməti olan multikulturalizm barəsində daha geniş  təsəvvürlər əldə ediblər. Tələbələr bu fənnlə bağlı hər şeylə yaxından maraqlanırdılar, hər mühazirədən onlar özləri üçün yeni informasiyalar götürürdülər, materialı oxuyub bununla bağlı diskussiya təşkil edirdilər. Yeganə problem bu sahədə  bolqar dilində kifayət qədər ədəbiyyatın olmaması idi. Ancaq buna baxmayaraq, tələbələr müxtəlif xarici dilləri bildiklərindən mövzunu öyrənmək üçün həm rus, həm ingilis, həm də azərbaycandilli mənbələrdən istifadə edirdilər. Semestrin sonunda tələbələrə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin sertifikatları təqdim edilib. Hesab edirəm ki, gələcəkdə bu fənnlə bağlı dərsliklərin yazılmasına ehtiyac var”.   

lll

Belarusda Azərbaycan multikulturalizmi fənnini tədris edən Eleonora Hüseynovanın fikrincə, bu kurs gözləntiləri doğruldub: “Bu fənnin tədrisi  tələbələrin Azərbaycana marağını daha da artırıb. Azərbaycan multikulturalizmi Belarus Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsinin 132 nəfər birinci kurs tələbəsinə tədris olunub. Həmin tələbələrin sırasında 14 ölkənin- Belarus, Rusiya, Çin, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Özbəkistan, Liviya, Mozambik, Nigeriya və Koreya Respublikasının vətəndaşları var. Bu kursun tədrisi tələbələrə Azərbaycan multikulturalizmi siyasətini, onun xüsusiyyətlərini və səbəblərini elmi əsaslarla öyrənməyə imkan yaradıb. Arzulayardıq ki, gələcəkdə bu məşğələlərə Azərbaycandan digər nümayəndələr də dəvət edək, daha çox məlumatlar-bukletlər, videoçarxlar, müxtəlif əyani vəsaitlər əldə edək. İmtahanlar hələ qarşıda olsa da, fənnin tədrisi boyunca apardığımız monitorinqlər əsasında bu kursun tələbələr arasında xüsusi maraq doğurduğunu qeyd edə bilərik. Tələbələrin Belarusdakı  Azərbaycan səfirliyində cənab səfirlə görüşünün təşkili də bu marağın yaranmasında rol oynayıb”.

S.MÜRVƏTQIZI

 





20.06.2015    çap et  çap et