525.Az

"...Günahsız uşaqların hamısının taleyinə ağlamaq lazımdır"- Millət vəkilindən Obamaya


 

"...Günahsız uşaqların hamısının taleyinə ağlamaq lazımdır"- <b style="color:red">Millət vəkilindən Obamaya</b>

"ABŞ-ın Konnektikut ştatının Nyutan şəhərinin məktəblərinin birində 20 azyaşlı uşağın və 8 qadının ölümü ilə nəticələnən faciəli qətl hadisəsi bir insan kimi məni  də ürəkdən sarsıtdı”.

Bunu 525.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Tahir Rzayev dilə gətirib.

 “Günahsız fidan balaları qətlə yetirən, onların ata-analarını, əzizlərini gözü yaşlı qoyan qatili min dəfə lənətləsəm də qəlbimin səsinə cavab tapa bilmədim: “Axı, bu uşaqların günahı nə idi? Dünyanın ləzzətini duymamış, şirinini-acısını yaşamamış, valideynlərinin ümidləri, arzuları olan bu balalara əl qaldırmaq, onları qanına qəltan eləmək insanlığa sığırmı?”-deyə, sual edən T.Rzayevin sözlərinə görə, bu uşaqıar öz gələcəklərini yaşamalı, sevib-sevilməli, ailə qurmalı, ata-analarının həyatını mənalandırmalı, Allah tərəfindən onlara verilmiş bir ömrü yaşamalı idilər:

 “Bu görkəmdə, bu yaşda dünyadan getməli deyildilər. Çünki onların yaşamaq haqq vardı və hər biri gələcəkdə görkəmli alim, diplomat, sənət adamı, ən başlıcası layiqli vətəndaş ola bilərdi. Suallar nə qədər düşündürücü, kədərli, təsiredici olsa da, cavabını tapa bilmir və özümü qınayırdım: “Axı insan niyə bu qədər qəddardı, niyə bir-birimizi qırırıq, yandırırıq, şikəst edirik? Hətta əlsizlərə, qocalara, uşaqlara, ana bətnində olan körpələrə belə rəhm etmirik?”

 Millət vəkili qeyd edib ki, həm hakim və müttəhim kimi onu düşündürən sualların qarşısında aciz qalıb, həm də qətlə yetirilən uşaqların və onların gözü yaşlı valideynlərinin halına acıyır, bu ata-anaların bundan sonrakı həyatı haqqında düşünürmüş: “Bir də ki, bir də ki, ABŞ  prezidenti Barak Obamanin çıxışı və onun məktəbli uşaqların faciəli ölümünün təsirindən yaranan göz yaşları, dövlət başçısının qəhərdən danışa bilməməsi məni düşündürürdü. İnsan olan hər bir kəs bu anlarda cənab prezidentin nələr keçirdiyini, hansı hisslərlə yaşadığını yaxşı anlayır və onun kədərinə şərik çıxmağa borcludur. İlk olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bu faciəyə öz münasibətini bildirdi, xalqımızın adından Amerika xalqına və dövlət başcısına başsağlığı verdi, dərindən kədərləndiyini söylədi. Prezidentimizin kədəri, qatilə, terrorizmə kəzkin nifrəti, bu qətlə mənfi münasibəti hər bir azərbaycanlının kədəridir, münasibətidir və biz bir xalq olaraq amerikalılarla, gözüyaşlı valideynlərin kədərlərinə şərik çıxmağa hazırıq.   Allah dünyasını dəyişən günahsız balalara rəhmət eləsin! Onların məzarı önündə baş əyirik. Düzünü deyim ki, ABŞ prezidentinin göz yaşları məni nə qədər təsirləndirdisə, qəlbimi ağrıtdısa, bir o qədər də təəcübləndirdi, bir daha düşünməyə və bu sətirləri yazmağa vadar etdi”.

T.Rzayevin bildirdiyinə görə, axı, irqindən, cinsindən, hansı ölkədə yaşamasından, varından-dövlətindən asılı olmayaraq insan insandır və bütün insanları Allah yaradıb, hər bir insanın da balası özünə şirindir, əzizdir:

“Əgər mənim Prezidentim, xalqım bu gün amerikalı uşaqların, türkiyəli, fələstinli, iraqlı, suriyalı, livanlı körpələrin dərdinə yas tutub kədərlənirsə, ata-anaların halına acıyırsa, kövrəlirsə, amerikalılar da mənim halıma acımalı, dərdimə şərik çıxmalıdılar. Elə bilirəm ki, cənab Barak Obama Fələstində, Iraqda, Misirdə və dünyanın səbəbsiz qanlı müharibələrə cəlb edilən bütün ölkələrində qətlə yetirilən yüz minlərlə günahsız körpənin, uşağın taleyi üçün də ağlamalıdır, ürək ağrısı keçirməlidir.   Xocalıda, Qaradağlıda, Qarabağın işğal altında olan kəndlərində, şəhərlərində öldürülən, gözü çıxarılan, diri-diri doğranılan, yandılılan minlərlə körpələ də, insanlar da bu dünyanın sakinləridir. Onlar torpaqdan, daşdan əmələ gəlməmişlər. Hər birinin atası-anası, bacısı-qardaşı, əzizi var. Cənab Barak Obama nə üçün bu insanların taleyi haqqında düşünməməlidir? Bəs illərlə öz ata-baba yurdundan didərgin salınan bir milyondan artıq insanın, uşağın taleyi insan taleyi deyilmi? Yoxsa bu insanlar başqa planetin sakinləridir? Bu dünyada xoş gün görməyə, dinc yaşamağa, öz balasını xoşbəxt böyütməyə, oğlan evləndirib qız köçürməyə haqları yoxdur?  Cənab Obama Şükran bayramında bir hind toyuğuna azadlıq verib bağışlayırsa və öz hümanizmini dünyaya nümayiş etdirirsə, onda Fələstində tökülən qanlara rəvac verənləri, Azərbaycan torpaqlarını əsarətdə saxlayıb xalqımızın başına müsibətlər açanları, İraqı cəhənnəmə çevirənləri, Türkiyədə terrora imkan yaradanları və dünyanı qana çalxalamağa cəhd göstərənləri heç vəcdlə bağışlamamalıdır. Terrorizmdən, separatizmdən əziyyət çəkən bütün ölkələrə, xalqlara haqqın, ədalətin üzünü göstərməyə çalışmalı, yeri gələndə bu ölkələrin vətəndaşının taleyinə yanmalıdır”.

Millət vəkili həmçinin bildirib ki,  əgər bu gün bizi ağladan qətliamlar, ölümlər, qanlar-qadalar, günahsız insanları, uşaqları qətlə yetirən qatillər bağışlanılırsa, insan fəlakətlərinə ikili mövqedən qiymət verilirsə, haqlının səsi eşidilmirsə, ədalətsizliklər yeni-yeni faciələrə yollar açırsa,  o zaman  Obamanın göz yaşlarının həqiqiliyinə şübhə edir:  “Çünki bu gün axan göz yaşlarını kəsmək, gələcəkdə baş verə biləcək daha geniş miqyaslı faciələrin, qətllərin qarşısını almaq üçün ilk növbədə dünyada haqqı, ədaləti bərqərar etmək, ali bir varlıq kimi insanın hüququnu qorumaq, azadlığını, qorxusuz yaşamasını təmin etmək lazımdır. Əksinə dünyada nə qədər ədalətsizliyə, haqqın, hüququn pozulmasına göz yumulacaqsa, haqsız haqlını ayaqlara salacaqsa, yalanlar, böhtanlar həqiqət donunda meydana çıxarılacaqsa, o qədər də faciələrimiz, bəlalarımız, qətlyamlarımız çoxalacaq, balalarımız qəfil güllələrə tuş gələcək, evimiz-eşiyimiz talanacaq, od-ocağımız viran qalacaq. Hər bir kəsin balası özü üçün şirindir, çox əzizdir. Dünyadan vaxtsız gedən hər bir körpənin taleyi bizi yandırmalı, düşündürməlidir. Bəşəri dəyərlərə önəm verən və insanlığı uca tutan hər bir insanı, dövlət rəhbərini də hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq hər bir xalqın, varlığın taleyi düşündürməli və yeri gələndə haqqı taptalanan, əzilən, öldürülən insanlar üçün göz yaşı axıdılmalıdır.   

Acınacaqlı, dəhşətli həyat yaşamış, ağlasığmaz faciələri öz taleyində hiss etmiş, soyqrımların şahidi və qurbanı olmuş, müharibələr, qətllər zamanı on minlərlə oğlunu, qızını, uşağını itirmiş azərbaycanlıların amerkalı uşaqların faciəli ölümünə göz yaşı axıtdığı kimi...Əsl insan üçün hər bir uşaq əzizdir, şirindir, cənab Obama. Ağlayanda dünyadakı günahsız uşaqların hamısının taleyinə ağlamaq lazımdır...”        

Kamil Həmzəoğlu

 





17.12.2012    çap et  çap et