525.Az

Kültür müşavirinin vidası


 

Kültür müşavirinin vidası<b style="color:red"></b>

Bu günlərdə V Azərbaycan Şairlər günündəki çıxışında Türkiyə Səfirliyinin Kültür və Tanıtım müşaviri Seyid Əhməd Arslan qısa bir vida çıxışı etdi. İyun ayının sonuna doğru vəzifəsini bitirib Ankaraya qayıdacağını söylədi.

Əslində bəlkə qısa vaxtda ədəbi-mədəni mühitdə yetərincə tanınan, nüfuza malik olan Seyid Əhməd bəyin haqqında və onun burdakı vəzifə müddətinin bitməsindən doğan təəssüf barədə çox danışmağa ehtiyac da yoxdu. Çünki həqiqətən də çoxlarının sevimlisinə və bir çox ədəbi-mədəni, turizm layihələrində, tədbirlərində güvənc, dəstək yerinə çevrilmiş bu adam haqda nələri seçib deməli olduğumu müəyyənləşdirmək çətindi. Bu son üç il ərzində az saylı beynəlxalq tədbir adı çəkmək olar ki, (bəlkə də heç olmaz!) orda Türkiyə Kültür və Tanıtım müşavirliyinin loqosu, imzası görünməsin. Seyid Əhməd bəyin gerçək bir ədəbiyyat, sənət sevdalısı olması bir çox məsələlərdə həssaslıq göstərməsi, layihələrə ürəklə, ruhla, coşquyla qoşulması hər kəsə məlumdur. Bu günlərdə türkiye.az saytında yayımlanmış “Salamat qalın” adlı vida yazısı bütün bu müddətdə görülən çoxsaylı, daha doğrusu sayı-hesabı bilinməyən işlərin bəzilərini yada salmağa rəvac verdi. İlk öncə onu qeyd edim ki, Seyid Əhməd bəyin həm qardaş xalqların, Türkiyənin və Azərbaycanın mədəniyyət əlaqələrinin möhkəmləndirilməsi, genişləndirilməsi üçün gördüyü işlər, həm də birbaşa Azərbaycan ədəbiyyatına, mədəniyyətinə xidmətləri rəsmi şəkildə də dəfələrlə qiymətləndirilib. İki il öncə o, Mədəniyyət və Turizm Nazirliyinin Şərəf diplomu ilə, bu günlərdə isə Mətbuat Şurasının diplomu ilə təltif edilib. Amma bütün bu rəsmi sənədləri kənara qoysaq, ən müxtəlif adamların, ziyalıların Seyid Əhməd Arslan haqda müsbət rəylərinin, xoş sözlərinin hər zaman şahidi oluruq.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Seyid Əhməd Arslanın vidasına belə münasibət bildirdi: “Seyid Əhməd bəyin bu illərdə tədbirlərdə iştirakını, müxtəlif kitabların çapına dəstək olmasını, bir çox ədəbi gecələrin, simpoziumların keçirilməsində yardımını əsirgəməməsini müşahidə etmişəm. Ədəbiyyatlarımızın yaxınlaşmasında bütün bu görülən işlərin rolu danılmazdır. Bilirik ki, Türkiyənin qanunlarına görə Seyid Əhməd bəyin vəzifə müddəti bitəndən sonra yenidən Azərbaycana təyin edilməsi mümkünsüzdür. Amma o bu üç ildə bizlərlə o qədər qaynayıb-qarışıb, o qədər doğmalaşıb ki, mən onun Bakıdan, Azərbaycandan ən azı mənən uzaqlaşmamasını diləyirəm. Bundan sonrakı fəaliyyətində uğur arzu edirəm”. Ümumiyyətlə, işlədiyi bu qısa zamanda Seyid Əhməd bəy təkcə ədəbi mühitdə deyil, media nümayəndələriylə də qarşılıqlı əlaqələr yaradıb. Hər il media qurumlarıyla birgə müxtəlif tədbirlərin, layihələrin həyata keçirilməsi bunun bariz nümunəsidir.

Qəzetimizin baş redaktoru Rəşad Məcid də bu illərdə müşavirin gördüyü işlərdən, faydalı layihələrdən danışdı: “Seyid Əhməd bəy bu vəzifəyə təyin olunan kimi media nümayəndələri ilə münasibət yaratdı, onlarla işləməyə başladı. Hesab edirəm ki, bu son dərəcə vacib məqamdı. Azərbaycanın tanınmış mətbuat rəhbərlərinin Türkiyəyə səfərlərinin təşkili, müxtəlif yazı müsabiqələri qaliblərinin Türkiyənin çeşidli bölgələrinə səyahətə göndərilməsi bu qəbildən olan işlərdir. Mən özüm bu tipli iki səfərdə iştirak etmişəm. Birincisi 2013-cü ildə Əskişəhərin Türk Dünyasının Mədəniyyət paytaxtı elan olunmasıyla bağlı bu şəhərə səfərimiz. İkincisi isə bu ilin may ayında Çanaqqala zəfərinin yüz illiyi ilə bağlı səfər... Hər iki səfərin təəssüratları çox zəngindir və bunlardan danışdıqca danışmaq olar. Amma indilikdə yalnız bir məqamı, Seyid Əhməd bəyin yüksək təşkilatçılıq istedadını, həssas münasibətini vurğulamaq istəyirəm. Onun bu günlərdə yayımladığı vida yazısından da çox təsirləndim. Arzu edirəm ki, özünün yazdığı kimi - Qarabağda Azərbaycan bayrağının dalğalanmasına Seyid Əhməd kimi dostlarımızla bərabər sevinək...”

Əsl sənət riyakarlıq, saxtakarlıq götürmür. Sənəti yalandan sevə, ona yalandan xidmət edə bilməzsən. Əgər o istək, o qayğı içdən gəlmirsə, səmimi deyilsənsə, mütləq hardasa, hansısa şəkildəsə özünü göstərəcək. Xaric çalınan musiqi kimi, yerində deyilməmiş söz kimi, xalçaya vurulmuş səhv ilmə kimi nəzərə çarpacaq. Bu mənada Seyid Əhməd bəy yerində olan adamdı. Onun içdən gələn sənət sevgisi, ədəbiyyat heyranlığı, əsl sözün dəyərini bilməsi hər zaman görünüb. Və ən əsası da bu üç ildə gözəl nəticələr verib. Kitabxanalara hədiyyə edilən saysız-hesabsız kitablar, müşavirliyin yardımı ilə dərc olunan, çapdan çıxan yeni əsərlər, “İpək yolu Beynəlxalq Musiqi Festivalı” kimi mədəni tədbirlərə dəstək verməklə yanaşı, Türkiyədən tanınmış sənət adamlarının bu cür festivallarda iştirakının təmin edilməsi, Rəşad Məcidin də vurğuladığı kimi media nümayəndələrinin, yazıçıların səfərlərinin təşkili və s.

Sonuncu Çanaqqala səfərimiz haqda qəzetimizdə geniş yazıyla çıxış etdiyimdən bu haqda geniş danışmaq istəmirəm. Amma ötən ilin sentyabrında Bakıda keçirilən Türkiyə Mədəniyyət həftəsini xüsusi vurğulamaq istərdim. Səfirliyin, Kültür müşavirliyinin və şəxsən Seyid Əhməd bəyin sayəsində bu mədəniyyət günləri sənətsevərlərdən ötrü bayrama çevrilmişdi. Bakı teatr salonlarında gedən türk tamaşaları, konsertlər, görüşlər hamısı son dərəcə maraqlı idi. Və mən həmin günlərdə Seyid Əhməd bəyin bütün bu tədbirlərə necə xüsusi həssaslıqla, diqqətlə yanaşmasının şahidi oldum. Hətta xatırlayıram ki, o, türk yazıçısı, şairi, tərcüməçisi Səid Faiq Abasıyanıqın hekayələri əsasında hazırlanmış və şairin həyatından bəhs edən “Meraklısı için öylə bir hekayə” tamaşası haqda yazıma kövrək reaksiya vermişdi. Əslində bu kövrəkliyin, həssaslığın kökündə millətinin teatrına, ədəbiyyatına, incəsənətinə verilən dəyərdən təsirlənmə durur... Elə təkcə bu faktın özü Seyid Əhməd Arslanın vəzifəsinə, (əslində elə missiyasına!) münasibətini, işinə məsuliyyətli yanaşmasını göstərir.

Artıq gələn aydan Seyid Əhməd bəy işlərinə, karyerasına Türkiyədə, Ankarada davam edəcək. İşgüzar, peşəkar, zəhmətkeş adam həmişə, hər yerdə arzuolunandı və heç şübhəsiz uğur da belələrinin yanındadı hər zaman. Amma nədənsə əminəm ki, Bakıda çalışdığı bu üç il nə onun, nə də ailəsinin yaddaşından silinməyəcək, bir az qəribə, bir az sirli, bir az sehrli zaman kimi xatirələrində qalacaq. Mən də öz növbəmdə əziz Seyid Əhməd bəyə uğur diləyirəm, bizlər üçün gördüyü işlərə görə təşəkkürlərimi çatdırıram və ... Bakını unutmayın - deyirəm! Salamat gedin - deyirəm!

 





22.06.2015    çap et  çap et