525.Az

İltifat Salehin şeirləri


 

İltifat Salehin <b style="color:red">şeirləri</b>

YANMIŞ GAVALI AĞACINA AĞI

Xilas edə bilmədim onu,
ürəyimə axan göz yaşımla.
Zülümlə vidalaşdım
ağac qardaşımla.
Yazda çiçəkləriylə
nəğmə səpirdi,
işıq səpirdi üstümüzə.
Yayda meyvələriylə
ləzzət verirdi ürəyimizə.
Yellədə-yellədə yarpaqlarını,
sərinlik çiləyirdi istimizə.
İndi yarpaq xəzəlləri
ölü kəpənək kimi qonur
torpaqda izimizə.
Yaşıl ömrü qalıb yadımızda
Səməd Vurğunun “Azərbaycan”
şeiri kimi.
Onu sevə-sevə
əli üzüldü əlimizdən,
yaşıl nəğməsi dilimizdə.
İnsan ömrü kimi
pöhrələri təsəllidir
ürəkdən qopan ahlara.
Estafet kimi bir ömrü
aparırlar sabahlara...

BİGANƏLİK

Qar yağmışdı, şaxta idi,
Dedim: - Arvad,
narıngini bağlamadıq,
şaxta vuracaq onu.
Bu qış olacaq
ömrünün sonu...
Dedi: - Sağ olsun canımız.
Soyuqdur, yerində otur,
şaxta adam udur...
Yaz gəldi,
puçurlanmadı narıngi,
Yad etdim keçənləri
acı-acı.
Biganə qaldıq,
bürümədik ağacı,
olmadı əlacı.
Biganəlikdən yandı ağac
olmadı yaşamağına
bir əlac.
Həyat da belədir,
biganəlik yıxır insanı,
axırına çıxır insanın...

NAĞIL KİMİ

Bu yoldu,
ömür yoludu.
Nə qədər arzularımızı,
nə qədər işıqlı fikirləri
sərt caynağıyla yoldu.
Sevincləri az olsa da,
əzabları boldu.
Fikirlərin harayı,
xəyalların çoxu,
gözə getməyən yuxu
zaman üçün nataraz.
Hara aparacaq,
harda dayanacaq bu yol?
Bəzən sevinci az,
kədəri bol,
ömür yoludu bu yol.
Söyüdlərin kölgəsindən,
uca zirvələrdən,
babamın cırıldayan arabasının
təkərləri altından keçib,
gəlir bu yol,
aparacaq uzaqlara
Bu yol nağıl kimi görünəcək
nəvələrə, uşaqlara...

CAVABSIZ SUALLAR

Cavabsız suallar çox olur bəzən,
Bütün suallar da ürəyi əzən.
Suallar hardadır, kim tapa bilər?
Çətindir,  hazırca alasan cavab.
Özün tapmalısan bu cavabları,
Özün almalısan bu savabları.
heç kim də hazırca cavab söyləməz.
Çalış sualları cavabsız qoyma,
hər yetən cavaba asanca uyma!
Cavabsız suallar çoxdur həyatda,
Nə qədər gizlinlər qalıb qor altda!

LƏPİRLƏR

Ləpir- mən burdan keçdim,
Ləpir- bu bulaqdan əyilib
şirin-şirin su içdim.
Ləpir düşür həyata
ayağımızdan, sözümüzdən.
Bir fikri söyləməkçin
nur dolu gözümüzdən.
Ləpirimiz əl-ələ
verib, aparır bizi,
yolların sərtliyindən
bizi keçirə-keçirə.
Sevincləri, qəmləri
bizə içirə-içirə.
Ləpir-burdan keçmişəm,
burda yaşamışam mən.
Allah verən bu ömrü
çiynimdə, ürəyimdə
belə daşımışam mən.
İşıqlı əməllərlə
Ləpirlər qalır bizdən.
Gələcəyə aparır
tutaraq əlimizdən!

 





22.06.2015    çap et  çap et