525.Az

"Bu təxribatlar Birinci Avropa Oyunlarına xələl gətirə bilməz"


 

"Bu təxribatlar Birinci Avropa Oyunlarına xələl gətirə bilməz"<b style="color:red"></b>

"Ümumiyyətlə Azərbaycanda radikal mövqedə dayanan müxalifətin barmaqla sayılası bir neçə mətbuat orqanı var. Bunlar nəinki Birinci Avropa Oyunları zamanı, hətta bütün ilboyu mütəmadi olaraq Azərbaycan əleyhinə təbliğat aparıblar".
 
Bunu  millət vəkili Elman Məmmədov Birinci Avropa Oyunlarını gözdən salmağa yönəlik təxribatçı əməllərinə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, müxalifət mətbuatının heç birinin Azərbaycanda kimlərdənsə pul almaq imkanı yoxdur:

"Onların bütün maliyyəsi xaricdən gəlir. Hansı yollarla gəlməsini isə müvafiq orqanlar araşdıracaqlar. Əgər biz bu maliyyələrin kökünü axtarsaq, xaricdə erməni cəmiyyətinə, lobbisinə, diasporasına və s. gedib çıxacaq. Yəni onlar həmişə Azərbaycan dövlətçiliyinə qarşı düşmən mövqedə dayanmış insanlardır. Hazırda da bu siyasətlərini davam etdirirlər.

Müxalifət mətbuatı yazıb ki, guya avstriyalı idmançı qəza nəticəsində həlak olub. Bilirsiniz, bu həyatdır.

Həyatda heç kim heç nədən sığortalanmayıb. Burada hər şey ola bilər. Ümumiyyətlə sözügedən qəza düşünülmüş deyildi. Qəza ilə bağlı artıq günahkarlar öz cəzasını alıblar. Bu qəzanı reklam etməklə Azərbaycanın imicinə axı necə ziyan vurmaq olar? Bu təbii bir işdir".

E.Məmmədov əlavə edib ki, bu təxribatlar ölkəmizin yüksək səviyyədə keçirdiyi I Avropa Oyunlarının, ümumilikdə isə Azərbaycanın imicinə, nüfuzuna heç bir xələl gətirə bilməz: "Azərbaycan özünün bütün hərəkətləri, göstəriciləri, siyasəti ilə sübut edib ki, ölkəmiz ən inkişaf etmiş Avropa dövlətlərindən biridir. Ölkəmizin daxili və xarici siyasəti çox düzgün qurulub".

Millət vəkili digər bir məsələyə, Avropa Oyunlarının açılışında iştirak edən Rusiya prezidentinin bundan sonra mövqeyində hansısa dəyişikliyin ola bilməsinə də toxunub. Onun sözlərinə görə, Azərbaycan Qarabağ məsələsində Rusiyadan ədalətli mövqe nümayiş etdirməyi gözləyir.

Onun sözlərinə görə, Qarabağ və Azərbaycanın digər tarixi torpaqlarında erməniləri köçürülməsində Çar Rusiyasının xüsusu rolu olub və bu proses daha sonra Sovet dönəmində və ondan sonra da baş verib: "Biz bu prosesin 1988-1992-ci illərdə və ondan sonra da Qarabağ münaqişəsi zamanı şahidi olmuşuq. Buna baxmayaraq Rusiya rəsmiləri, başda Vladimir Putin olmaqla hər zaman bəyan edirlər ki, onlar Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarlarıdır.  Bəyan edirlər ki, əgər tərəflər razılığa gələrlərsə, o zaman münaqişənin həllində vasitəçilik  etməyə hazırdırlar. Ancaq biz bunun sözdən real işə keçdiyini görmürük".

Millət vəkili əlavə edib ki, Azərbaycan beynəlxalq aləmin, xüsusən də Qərbin təzyiqlərinə baxmayaraq Rusiyaya hərtərəfli  dostdur və bunu əməldə də sübut edir.  "Rusiya da bundan qazanır. Ancaq hələ ki, Rusiya tərəfdən adekvat reaksiya yoxdur. Biz Rusiyadan Qarabağ məsələsində ədalətli mövqe və bu istiqamətdə real addımlar gözləyirik. Bu mövqe nədən ibarət ola bilər? Bildiyimiz kimi Ermənistan Rusiyanın bir quberniyası və forpostu hesab olunur. Ermənistan adlanan oyuncaq dövlət bu gün Rusiyanın əlində regionda öz siyasətini həyata keçrimək üçün bir alət ölkədir. Odur ki, əgər Rusiyanın marağı olarsa və Qarabağ münaqişəsinin real olaraq ədalətli və qansız sülh yolu ilə həllini istəyərsə, o zaman Ermənistanın mövqeyinə ehtiyac yoxdur. Çünki Ermənistan Rusiyanın bir quberniyası olduğundan ona qarşı çıxa bilməyəcək. Heç Rusiyaya da onun mövqeyi gərəkli deyil. Rusiya Ermənistana "qulaqburması" verərək işğal olunmuş torpaqlardan qoşunların çıxarılmasını tələb edə bilər. Deyə bilər ki, əks təqdirdə Azərbaycanla üz-üzə qalacaqsan.  Belə olan halda Azərbaycan nəinki işğal olunmuş torpaqları və Qarabağı işğaldan azad edəcək, hətta tarixi itirilmiş torpaqları azad etməyə qadirdir. Biz Rusiyadan bax bu mövqeyi nümayiş etdirməyi gözləyirik".

PƏRVANƏ

 





24.06.2015    çap et  çap et