525.Az

Almaniya ABŞ-ın vassalı qiyafəsində


 

AVROPA "ÜÇÜNCÜ REYXİN" XƏLƏFİ OLAN "DÖRDÜNCÜ REYX"in YARANMASINDAN DANIŞIR

Almaniya ABŞ-ın vassalı qiyafəsində<b style="color:red"></b>

"Azərbaycan" qəzetində Almaniyanın keçən əsrdən bəri yürütdüyü siyasətə və onun pərdəarxası məqamlarına həsr olunan məqalə dərc edilib.

"Almaniya bu gün: hegemon, yoxsa vassal?" başlıqlı yazıda qeyd olunur ki, ümumdünya iqtisadi böhranı güclü iqtisadi potensiala malik Almaniyanın ümumavropa hegemonluğu iddiasını reallaşdırmağa əlverişli şərait yaradır: "Almaniya kansleri Angela Merkel bu ekspanisiyanın müəllifi kimi təqdim olunur. Onun Hitlerin bığları ilə təsvir olunmuş karikaturaları, Avropanın alman tanklarının tapdağı altında təsvir olunduğu rəsmlər Yunanıstan, Bolqarıstan, İspaniya, Böyük Britaniya, Polşa, Portuqaliya və digər ölkələrdə ildırım sürəti ilə yayılır. Nasist simvolikası isə Almaniyanın ayrı-ayrı ölkələrə tətbiq etdiyi sərt qənaət siyasətinin ayrılmaz atributu kimi təqdim edilir. Avropa Almaniyada "Üçüncü Reyxin" xələfi olan "Dördüncü Reyx"in yaranmasından danışır".

Məqalədə müstəqillik dövründə Azərbaycanla Almaniyanın tarixi əlaqələrə də toxunulur və qeyd edilir ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra iki ölkə arasında münasibətlər müəyyən mərhələyə qədər rəvan inkişaf edib: "1992-ci ildə Almaniya ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulub, səfirliklər açılıb. Həmin dövrdə siyasi dəstəyə və sərmayələrə böyük ehtiyacı olan rəsmi Bakı Avropanın ən güclü iqtisadiyyatı ilə yaxın əlaqələr yaratmaqda maraqlı olduğu kimi, yenicə birləşmiş Almaniya da öz təsir dairəsini genişləndirmək, mühüm strateji bölgədə yerləşən, zəngin təbii ehtiyatlara və güclü inkişaf potensialına malik Azərbaycanla təmaslarını gücləndirmək perspektivindən imtina edə bilməzdi. 1995-ci ilin dekabrında Almaniyanın o zamankı xarici işlər naziri Klaus Kinkelin Azərbaycana, 1996-cı ilin iyulunda isə Azərbaycanın Prezidenti Heydər Əliyevin Almaniyaya səfərləri iki ölkə arasında əlaqələri yeni səviyyəyə yüksəltdi. Sonrakı illərdə ölkələr arasında siyasi, iqtisadi, elmi-texniki, müdafiə, təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq inkişaf etdirildi. Siyasi əlaqələrin möhkəmlənməsi, əlverişli investisiya mühiti alman şirkətlərinin Azərbaycana gəlməsi və uğurlu fəaliyyətinin başlıca səbəbləri kimi xarakterizə oluna bilər. "Simens", "Ferrosstal", "İnterselekt", "Mersedes Bens" kimi iri şirkətlər də daxil olmaqla Almaniyanın 150-yə yaxın biznes subyekti Azərbaycanda aktiv fəaliyyət göstərməyə başlayıblar. Siyasi əlaqələrin xarakterinə gəldikdə, Azərbaycan bütün ölkələrlə olduğu kimi, Almaniya ilə də bərabərhüquqluluq, qarşılıqlı etimad, səmərəli əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanan münasibətlərin qurulması və inkişaf etdirilməsində maraqlı olub".

Məqalədə bildirilib ki, Azərbaycan müstəqil dövlət kimi, ikitərəfli əlaqələrdə böyük-kiçik münasibətlərini qəbul etmir və qarşı tərəfdən də analoji münasibət gözləyir: "Bununla yanaşı, Azərbaycan hər bir ölkə və beynəlxalq təşkilatla əlaqələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi münasibət tələb edir. Bu münasibəti şərtləndirən başlıca faktorlardan biri isə beynəlxalq hüququn prinsiplərinin dəstəklənməsidir ki, bu da Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün vacib şərtlər sırasına daxil olub. Ədalət naminə qeyd edilməlidir ki, Almaniya dəfələrlə ən yüksək səviyyədə Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini ifadə edib. 2004-cü ildə bu ölkənin prezidenti Horst Keller bildirib ki, "Almaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və onun bu mövqeyi dəyişməz qalır". Almaniyanın kansleri Gerxard Şreder isə Almaniyanın Azərbaycanın tərəfdaşı olduğunu vurğulamaqla onun "ərazi bütövlüyünü tanıdığını və böyük hörmətlə yanaşdığını" deyib. Almaniya Bundestaqı Federal Şurasının 14 may 2010-cu il tarixli "Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və güclənmə" adlı qətnaməsində isə qeyd edilib ki, "Almaniya beynəlxalq hüququn dövlətlərin razılığı olmadan onların sərhədlərinin dəyişdirilməsinin yolverilməzliyini ehtiva edən əsas prinsiplərini dəstəkləyir".

Beləliklə, Azərbaycanla Almaniya arasında əməkdaşlıq əlaqələrinin inkişafı bir tərəfdən Almaniyanın Cənubi Qafqaz kimi mühüm regionda möhkəmlənməsinə, alman biznesinin, QHT-lərinin bu bölgəyə gəlməsinə şərait yaratdısa, digər tərəfdən də Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin güclənməsində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılmasında pozitiv rolunu oynadı. Əminliklə demək olar ki, ikitərəfli əlaqələrin inkişafında 2007-ci ilin fevralında Prezident İlham Əliyevin Almaniyaya səfərinin və səfər çərçivəsində əldə olunmuş razılaşmaların böyük əhəmiyyəti vardır.

Azərbaycanın Almaniya və Avropa İttifaqı üçün əhəmiyyəti baxımından 2014-cü ilin oktyabrında Bakıda səfərdə olan Almaniyanın xarici işlər naziri Valter Ştanmayerin fikirləri maraqlıdır: "Azərbaycan strateji baxımdan Şərq və Qərb arasında vacib ölkədir, körpü rolunu oynayır. Azərbaycan, həmçinin, enerji baxımından vacib ölkədir, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rola malikdir. Azərbaycan regionda yeganə ölkədir ki, burada Almaniyanın Xarici Ticarət Palatası fəaliyyət göstərir və 140 üzvü özündə birləşdirir. Bu da bizim iqtisadi əlaqələrimizin geniş olmasının göstəricisidir. Bundan başqa, "Cənub" qaz dəhlizi ikitərəfli əməkdaşlığımızın daha da inkişafı üçün böyük perspektivlər açır".

Qəzetdə iki ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyi və strateji tərəfdaşlıq meyillərinin gücləndiyi bir ərəfədə - 2011-ci ildə Almaniya QHT-lərinin, mediasının və bir sıra hallarda rəsmi şəxslərinin Azərbaycana qarşı aqressiv davranış göstərməyə başladığını qeyd edib. Bildirilib ki, ekspertlər Bakıda keçirilmiş "Eurovision -2012" mahnı müsabiqəsi dövründə Almaniya başda olmaqla, Qərb dairələrinin Azərbaycana qarşı həyata keçirdiyi qarayaxma kampaniyasını müxtəlif amillərlə izah ediblər: "Onlar bunu əsasən Azərbaycan qazının Avropa bazarına çıxarılması, həmçinin Almaniyanın hegemonluq iddiası və ABŞ-ın təhriki ilə Cənubi Qafqazın mərkəzi ölkəsi olan Azərbaycanı öz təsiri altına salmaq cəhdləri ilə bağlayıblar. Söz yox ki, bu bədbin niyyət demokratiya və insan haqları iddiaları ilə pərdələnib. Amma bu maska o qədər primitiv idi ki, hətta Almaniyanın həmin dövrdə Azərbaycanda səfiri olmuş Herbert Kvelle 2012-ci ildə Azərbaycan mediasına məktubunda da ona normal izahat verməkdə çətinlik çəkib. Səfir iddia edib ki, 2011-ci ildə Düsseldorfda "Eurovision" mahnı müsabiqəsində qələbədən sonra alman mətbuatı Azərbaycanla daha çox maraqlanmağa və pozitiv məlumatlarla yanaşı, internetdə çoxsaylı neqativ informasiyalarla rastlaşaraq onları qabartmağa başlayıb. Səfir yazıb ki, Almaniya federal hökumətinin müstəqil və güclü alman KİV-inə təsir etmək imkanı yoxdur. Əlbəttə, öz ölkəsinin maraqlarını müdafiə edən səfirin mülahizələri problemə bu çərçivədə izahat vermək cəhdiydi. Əgər cənab Kvelle məsələyə mühüm transkontinental enerji layihələrində Almaniyanın maraqları, bu ölkənin hakimiyyət və digər siyasi dairələrinin Azərbaycan müxalifəti ilə təmaslarının intensivləşməsi, prosesdə Almaniyanın xarici işlər naziri Guido Vestervelle, onun müavini Mixael Linkin fəal iştirakı, aparıcı alman siyasi dairələri tərəfindən idarə olunan nüfuzlu fondların Azərbaycan müxalifəti ilə əlaqələri, nəhayət, özünün müxalifət "liderləri" ilə görüşlərində müzakirə olunan mövzular prizmasından yanaşsaydı, tam başqa mənzərə yaranardı və səfir qeyri-obyektivlikdə ittiham olunmazdı. Ancaq qısa müddətdən sonra Almaniyanın "Spiegel", ARD kimi aparıcı KİV-ində Azərbaycana qarşı əsassız, qeyri-obyektiv materiallar verilməsi bu ölkənin müəyyən dairələrinin Azərbaycanla bağlı maraqları ilə uzlaşdırılıb və total qarayaxma kampaniyasının tərkib hissəsinə çevrilib. Konrad Adenauer, Fridrix Nauman, Henrix Böll, Fridrix Ebert kimi fondlar Azərbaycanda nəzərəçarpacaq dərəcədə aktivləşib, Almaniyanın rəsmi şəxslərinin, parlamentarilərinin müxalifət partiyalarının rəhbərləri ilə görüşləri intensiv xarakter alıb".

Almaniya hökumətinin İnsan Haqları və Humanitar Yardım üzrə müvəkkili Markus Löninqin Azərbaycana qarşı həyata keçirilən kampaniyanın əsas təşkilatçılarından birinə çevrilməsi haqda qeyd olunub ki, o, 2011-ci ilin avqustunda Azərbaycana səfəri zamanı kəskin fikirləri ilə yadda qalıb. Müxalifət nümayəndələri ilə görüşündə Löninq bildirib ki, "Almaniya Azərbaycanda dəyişikliklər etmək üçün sizə hər zaman kömək etməyə hazırdır". Löninqin anti-Azərbaycan demarşı 2013-cü ilə kimi, BMT-nin İnsan Haqları Komissiyasında Almaniyada insan hüquq və azadlıqlarının pozulması, irqçilik və ksenofobiya faktlarının artmasını nəzərdə tutan hesabatın açıqlandığı günə qədər davam edib.

Almaniyadan Azərbaycana qarşı digər kampaniya isə Avropa Şurasının insan haqları üzrə bədnam məruzəçisi Kristofer Ştrasserin xəttilə təşkil edilib. Lakin AŞ PA-nın 2013-cü il yanvar sessiyasında onun Azərbaycana dair məruzəsi tam iflasa uğrayıb və deputatlar Ştrasserin özü ilə birgə onun hesabatını da tarixin arxivinə təhvil veriblər. Bu kampaniyanın daha bir istiqaməti Bundestaqın Yaşıllar fraksiyası vasitəsilə reallaşdırılıb. Ermənipərəst mövqeyi ilə seçilən Bundestaqın Cənubi Qafqaz üzrə parlament qrupunun sədr müavini, “Yaşıllar” partiyasının fəalı Viola fon Kramon bildirib ki, Bundestaqın "Eurovision" müsabiqəsinin boykot edilməsi ilə bağlı Avropa İttifaqı ölkələrinə müraciət etməsinə nail olacaqlar. Bu partiyanın Almaniya parlamentindəki nümayəndəsi Folker Berq isə mətbuata açıqlamasında açıq şəkildə deyib ki, "Bakı "Eurovision"un keçirilməsi üçün münasib yer deyil".

Bütün bunlarla yanaşı, 2012-ci ilin martında Azərbaycanda səfərdə olmuş Almaniyanın xarici işlər naziri Guido Vestervellenin, bu ölkənin Azərbaycandakı səfiri Herbert Kvellenin müxalifət başçıları və fəalları ilə davamlı təmasları onu deməyə əsas verib ki, Almaniya dövlət səviyyəsində Azərbaycana qarşı çirkin kampaniya həyata keçirməyə başlayıb. Təsadüfi deyil ki, 2012-ci ildə Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə parlament qrupunun sədr müavini və Fridrix Nauman Fondunun xəttilə Bakıda keçirilən bütün tədbirlərin aparıcı siması olan Mixael Linkin Almaniya xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunması AXCP-də böyük ruh yüksəkliyi ilə qarşılanmışdı. Əli Kərimli M.Linki "dostumuz" adlandıraraq öz ətrafına bildirmişdi ki, onun bu vəzifəyə təyinatı heç də təsadüfi xarakter daşımır. Ə.Kərimli bu fikirləri işlədərkən yəqin onu nəzərdə tuturdu ki, Fridrix Nauman Fondu Almaniya Azad Demokratlar Partiyası ilə sıx əlaqədədir. M.Link isə bu partiyanın fəallarındandır. Beləliklə, M.Linkin təyinatı bir tərəfdən fondun pul kisəsini daha geniş şəkildə AXCP-nin üzünə açır, digər tərəfdən də AXCP-nin Almaniya hökuməti və Azad Demokratlar Partiyası səviyyəsində dəstək almasına şərait yaradıb".

Almaniyanın rəsmi şəxsləri, dövlət strukturları, mediası, QHT-ləri fəaliyyətlərində Azərbaycanı əsas hədəfi kimi seçməsi barədə qəzetdə yazılıb ki, Almaniyanın Azərbaycana olan marağını təhlil edən ekspertlərə görə, Gürcüstanın Avropa İttifaqı və NATO istiqamətində irəliləməsi, Ermənistanın isə Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Təşkilatına üzv olması və şimal qonşumuzun orbitində fırlanması fonunda, Azərbaycan heç bir bloka qoşulmayan və müstəqil siyasət yürüdən ölkə kimi diqqəti çəkməyə bilməzdi: "Azərbaycanın müstəqil siyasətini qəbul etməyən ABŞ tərəfindən məhz Almaniyanın vasitəsilə Bakını öz təsir dairəsinə salmağa cəhd edilib. Almaniya artıq dövlət səviyyəsində həm "Eurovision-2012" amilindən, həm də Qərbin standart təzyiq vasitələrindən - demokratiya amilindən istifadə etməklə Azərbaycana təzyiq göstərməyə çalışıb. Bu, Avropada hökmranlığa can atan "Dördüncü Reyx"in həm də uzaq Qafqazda möhkəmlənmək, Bakı neftini idarə etmək planlarına cavab verirdi. Əgər 60 il əvvəl "Üçüncü Reyx" bu planı hərbi yolla həyata keçirmək istədisə, Angela Merkel demokratik institutları Azərbaycana qarşı süngüyə çevirib. Ancaq heç nə alınmadı və 1942-43-cü illər 60 ildən sonra yenidən təkrarlanıb. Nə qədər ekzotik görünsə də, İkinci Dünya müharibəsindən ötən dövr ərzində Almaniya tam suverenliyə qovuşmayıb və faktiki olaraq ABŞ-ın işğalı altındakı ölkə qismində qalır. AFR-in keçmiş kəşfiyyat rəisi Komossanın sözlərinə görə, 1949-cu ildən bu ölkənin kanslerləri vəzifələrinin icrasına başlamazdan əvvəl Amerikadan vassal asılılığını təsdiq edən "Kansler Aktı"nı imzalamağa məcburdurlar. Almaniyanın indiki kansleri A.Merkelin Ukrayna hadisələri ilə bağlı özünü necə apardığına əsasən təxmin etmək olar ki, "Kansler Aktı" hələ də qüvvədədir.

İkinci Dünya müharibəsində faşist Almaniyasının məğlubiyyətə uğradılmasında Azərbaycan neftinin də rolu az olmayıb. İndi də neft və qazımız Avropaya ayaq açır. Amma əminliklə demək olar ki, Almaniya Avropada hökmranlığı ələ alacağı təqdirdə avropalılara Azərbaycan nefti də kömək etməyəcək.

Azərbaycan da bundan sonrakı dövrdə kiminlə əlaqələri necə qurmağı, kimə inanıb, kimə inanmamağı yaxşı ölçüb-biçəcək. İxtiyarı özündə olmayan hakimiyyətlərlə münasibətlərdə hansı etimaddan və səmimiyyətdən danışmaq olar?!"

 





24.06.2015    çap et  çap et