525.Az

“Bütün Avropa bizim idmançılardan danışacaq”


 

“Bütün Avropa bizim idmançılardan danışacaq”<b style="color:red"></b>

İlk Avropa Oyunları idmançılarımızın uğurlu çıxışları ilə finişə doğru yaxınlaşır. Təmsilçilərimizin müvəffəqiyyətli çıxışları ilə əlaqədar onlarla Milli Olimpiya Komitəsində görüşlər keçirilir, uğur qazanan idmançılara mükafatlar təqdim edilir.

“Zəfər günləri” adlanan bu tədbirlərinin fəxri qonaqları arasında yunan-Roma güləşi üzrə Olimpiya çempionu Fərid Mansurov da var idi. Qol.Az saytının müxbiri F.Mansurovla söhbət edərək onun ilk Avropa Oyunları ilə bağlı fikirlərini öyrənib.

- Bakıda keçirilən ilk Avropa Oyunları sizdə necə təəssürat oyadıb?

- Hər şey yüksək səviyyədə təşkil olunub. Bu yarışa iki il yarım ərzində bu cür hazırlaşmaq  doğrudan da böyük bir uğur deməkdir. Qonaq idmançılar, xarici ölkə nümayəndələri də hər şeydən razıdırlar.

- İdmançılarımızın çıxışları sizi qane edir?

- Əlbəttə. Hazırda Azərbaycan 50 ölkə arasında ikincidir. 39 medalla yalnız Rusiyadan geri qalırıq. Əlbəttə, bu, qürurverici haldır. İdmançılarımız uğurlu çıxışları ilə bir daha sübut edirlər ki, Azərbaycan əsl idman ölkəsidir. Təbii, bu da cənab prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir. İnanıram ki, uğurlarımızın davamı gələcək.

- Güləşçilərimizin çıxışlarında sizi təəccübləndirən nəsə oldu?

- Təbii ki, oldu. Öncə onu deyim ki, güləşçilərimizə böyük ümid bəsləyirdim. Onlar da mənim ümidlərimi demək olar ki, doğrultdular. Buna baxmayaraq, məni məyus edən idmançılar da oldu. Məsələn, Həsən Əliyevdən qızıl medal gözləyirdim. Ancaq o mənim proqnozumu doğrultmadı (gülür)... Bu, normal haldır. İdmanda qələbə də olur, məğlubiyyət də. Ümumilikdə güləşçilərimizin çıxışlarından razı qaldım.

- Sizcə, bəzi idmançılarımızın zəif çıxışına səbəb nə oldu? Səhvlər nədə idi?

- Dediyim kimi, idmanda hər şey ola bilər. Digər tərəfdən onu deyim ki, Avropa Oyunlarında zəif idmançı yoxdur. Kim daha çox layiqdirsə, o da çempion oldu. Səhvlərə gəldikdə, ola bilsin ki, güləşçilərimiz bəzi məqamlarda tələskənliyə yol veriblər, rəqib isə bundan bacarıqla istifadə edib. Ümumiyyətlə, bu barədə çox danışıb idmançılarımızı həvəsdən salmaq istəmirəm. İrəlidə hələ çox yarış var.

- İlk Avropa Oyunlarının doğma divarlar arasında keçirilməsi idmançılarımızın çıxışlarına nə dərəcədə təsir göstərir?

- Bir tərəfdən “doğma divar”lar, çoxlu azarkeş dəstəyi idmançılarımıza kömək edə bilər. Digər tərəfdən isə hər bir idmançı üçün vətənində mübarizə aparmaq daha məsuliyyətli olur. Onlar səfərdəkindən ikiqat diqqətli olmalıdırlar. Sözsüz ki, bu şərtlər altında mübarizə aparmaq daha çətindir.

- Sizcə, ilk Avropa Oyunlarının Bakıda keçirilməsinin dövlətimiz üçün hansı faydaları olacaq?

- Azərbaycan indiyə kimi bir çox beynəlxalq yarışa uğurla ev sahibliyi edib. Amma bugünə qədər onların arasında Avropa Oyunları kimi genişmiqyaslı bir idman tədbiri olmayıb. Sevindiricidir ki, ölkəmiz bu işin də öhdəsindən layiqincə gəldi. Qitə Oyunları başa çatdıqdan sonra bütün Avropa bizim idmançılarımızın uğurlarından danışacaq. Əlbəttə, bizim üçün bundan qürurverici bir hadisə ola bilməz. Həm də bu cür böyük bir idman tədbirinə ev sahibliyi etməklə Azərbaycan bütün dünyaya nümayiş etdirir ki, 2017-ci ildə Bakıda keçirilcək İslam Həmrəylik Oyunlarına da tam hazırdır.

 





25.06.2015    çap et  çap et