525.Az
Bu ilin son “Azərbaycan”ı
“Azərbaycan” jurnalının 2012-ci il üçün son sayı – 12-ci nömrəsi bugünlərdə işıq üzü görüb. Jurnalın ənənəvi “Poeziya” bölməsində Rizvan Nəsiboğlu, İltifat Saleh, Fərqanə Mehdiyeva, Elçin İsgəndərzadə və Fəxri Müslümün şeirləri yer alıb.
Jan Anuyun “Kral, kraliça və şahzadə” pyesi dərginin dramaturgiya bölməsində oxuculara təqdim olunub.
Xarici ədəbiyyatla maraqlananlar jurnalın “Yeni tərcümələr” rubrikasında Con Çiverin “Satton Pleys hekayəti; təkliyin ləzzəti” və Korney Çukovskinin “Həmişə təmizlikdə” əsərləri ilə tanış ola bilərlər.
Yavuz Axundlunun müəllifi olduğu “Altmışıncılar”dan biri” məqaləsi yazıçı Əkrəm Əylislinin 75 illik yubileyinə həsr edilib.
Yusif Həsənbəyin 80 yaşı münasibətilə jurnalda yubilyarın “Next-özgə millət” romanı dərc edilib.
Jurnalın “Ədəbi gənclik” bölümündə Aliyə Əsədova, Elməddin Nicat, Elxan Yurdoğlu, Elçin Aslangil, Yusif Məhəmmədoğlu, Sərdar Tağıyev, Vasif Əlihüseynin şeirləri işıq üzü görüb.
Qəşəm Nəcəfzadənin “Tərsinə çevrilən başmaq” yazısı “Xatirlərə, duyğular” bölümündə oxuculara təqdim olunub.
Beyləqan rayonunun Ə.Rzayev adına Dünyamalılar kənd 2 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Tahirə Xudaverdiyevanın “Azərbaycan”ın redaksiyasına ünvanladığı məktub da jurnalın “Polemika” rubrikasında çap edilib.
Dərginin ənənəvi “Tənqid və ədəbiyyatşünaslıq” bölməsində Tərlan Novruzovun “M.Ə.Sabir irsi xaricdə” məqaləsinə yer verilib.
Vaqif Yusiflinin “İlahi, sən məni o kəndə yetir” yazısı jurnalın “Kitablar, rəylər” bölümündə öz əksini tapıb.
S.MÜRVƏTQIZI
18.12.2012
çap et