525.Az

Azərbaycanlı gənc rəssamın əsəri “Atatürk evi” muzeyində


 

Azərbaycanlı gənc rəssamın əsəri “Atatürk evi” muzeyində<b style="color:red"></b>

Gənc azərbaycanlı rəssam Günay Mehdizadənin “Atatürkün portreti” əsəri Ankarada fəaliyyət göstərən “Atatürk evi” muzeyinin daimi ekspozisiyasında nümayiş üçün qəbul olunub. Bu əsər ekspozisiyada yeni və ilk bədii nümunədir.

“Azərtac”  xəbər verir ki, kətan üzərində yağlı boya ilə 2014-cü ildə çəkilmiş portret 80x60 sm ölçüsündədir. Kompozisiyanı Atatürkün obrazı və onun adı ilə bağlı müxtəlif tikililərin təsvirləri təşkil edir. Rəngli portret ağ-qara cizgilərlə çəkilmiş memarlıq abidələrinin fonunda cəlbedici və təsirli baxılır. Əsərdə realizm ənənələrinin geniş bədii ümumiləşdirmələrlə qovşağı çox təsirli və duyğulandırıcıdır.

Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Günay Mehdizadə yaradıcılığı maraqla izlənən gənclərdən biridir. Rəssamın müxtəlif sərgilərdə nümayiş olunan əsərlərinə tamaşaçı marağı da bunu təsdiqləyir. 2013-cü ildə gənc Azərbaycan rəssamlarının Milanda (İtaliya) keçirilən sərgisində iştirakı və 2014-cü ildə Konyada (Türkiyə) təşkil olunan beynəlxalq simpoziuma dəvət olunması onun yaradıcılığına olan marağın ifadəsidir.

 





27.06.2015    çap et  çap et