525.Az

Yaşam fəlsəfəsi


 

İSLAM DÜNYASINDA ELM VƏ TƏHSİL

Yaşam fəlsəfəsi <b style="color:red"></b>

Dördüncü yazı 

(Əvvəli ötən şənbə sayımızda)

Pareto prinsipi 

Akademik A. Mirzəcanzadə “20-80” qanununu tez-tez misal çəkərdi. Bu qanuna “Pareto prinsipi” də deyilir. Bu prinsipə görə, dünyada elmi nəticələrin 80 faizini alimlərin 20 faizi, yerdə qalan 20 faiz elmi nəticəni isə alimlərin 80 faizi əldə edirlər. “Pareto prinsipi” həm Qərb, həm də Şərq üçün doğrudur.

Albert Eynşteynə görə (A. Eynşteyn. Kak izmenitğ mir k luçşemu. M. 2013), çoxlu sayda, müxtəlif insanlar özlərini elmə həsr edirlər, ancaq onların hamısı özlərini elmin xətrinə elmə həsr etmirlər. Bir çoxları elm məbədinə ona görə daxil olurlar ki, burda onlar öz potensiallarını tam açmağa imkan verir (İdmançılar idmandan ləzzət aldıqları kimi bu insanlar da elmi fəaliyyətdən ləzzət alırlar). Ancaq başqa bir qisim alimlər elmə təsadüfən gəlirlər və öz ağıllarını yüksək əmək haqqı və mükafat xətrinə elmə təqdim edirlər. Bu insanlar elmə gəlməsəydilər, onlar siyasi xadim və ya uğurlu iş adamı olardılar. Eynşteyn belə deyir. Sonra böyük alim yazır ki, əgər göydən yerə məleykə ensə və təsadüfi alimləri (80 faizləri) elm məbədindən qovsa, onda məbəddə çox az alim qalar.

Bizim AMEA-nın 1945-ci il üzvlərinin “20 faizlər”dən, bugünkü akademiklərimizin xeylisinin isə “80 faizlər”dən təşkil olunduqları fikrini söyləyənlər də az deyil.

Bu qrupların üzvlərinin psixologiyası və düşüncələri fərqlidir. Bunu nəzərə alaraq Qərbdə elmi müəssisənin başına “20 faizlər”in içindən seçirlər. Şərqdə isə “80 faizlər”in içərisindən. Hesab edirəm ki, belə yanaşma Şərqdə elmi ləngidən əsas səbəblərdən biridir. Elmi müəssisənin başında kimin olmasının əhəmiyyəti çox böyükdür. Durna qatarını yada salın. Qatarın başında gedən durna təyin olunsa, yoxsa bu iş durnaların özlərinə buraxılsa yaxşıdır?

Elm dərkedilmiş şəkildə bizim həyatımıza 1945-ci ildən daxil olur. SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Azərbaycan Elmlər Akademiyası 23.01.1945-ci ildə təsis edilmiş və Azərbaycanın görkəmli fikir və elm adamları Akademiyaya ilk üzvlər seçilmişdilər: Ü. Hacıbəyov, S.Vurğun, M.İbrahimov, M.Qaşqay, M.Mirqasımov, Y.Məmmədəliyev, Ə.Ələşrəf, H.Hüseynov, M.Topçubaşov, Ş.Əzizbəyov, A.Qrossheym və digərləri. Niyyət saf olduğundan seçim düzgün olmuşdu. El misalına görə, yaxşı başlanğıc işin yarısıdır.

Bünovrəsi mötəbər qoyulmuş Akademiya uzun illərdən sonra elə səviyyəyə düşdü ki, sonrakı akademiklərin xeylisini nəinki əhali, bəzən heç elm adamları tanımırdılar.

Akademiyamızın yaradılmasından 70 il ötür. Bu vaxt kifayət edər ki, kimsə milli elmimizin tarixi ilə məşğul olsun. Uğurlar qeyd olunmalı, qüsurlar təhlil edilməlidir ki, təkrarlanmasın və ya yenisi yaranmasın.  

Müasir müsəlman cəmiyyətlərində elmin geri qalması səbəbini nobelçi Ə.Zevayl belə qeyd edir: “Elm-Texnologiya Universitetinin və başqa layihələrin timsalında, bürokratiyanın və “kürsü hakimiyyəti”nin, yaxud daha yumşaq desək, mövqe gücünün tərəqqini nə dərəcədə əngəllədiyini bilavasitə görməyə imkanım olub”.

XX əsrin ikinci yarısından başlayaraq bizim coğrafiyada çox vaxt dəyərli alimlərin əməyi layiqincə qiymətləndirilmir. Çünki elmdə 80 faizlərin nümayəndələri idarəçilik kürsüsünü ələ keçirərək və mövqe gücündən istifadə edərək elmi inkişaf etdirə bilən həqiqi alimləri küncə sıxırlar. Bu nəzəri müddəanın təsdiqi üçün bir neçə misal çəkmək istəyirəm.

Lavrenti Beriya və akademik Xariton 

II Dünya müharibəsi zamanı SSRİ rəhbərlərindən Lavrenti Beriya ölkənin “Atom layihəsi”nin elmi rəhbəri akademik Y. Xaritonun davranışı ilə bağlı dəfələrlə İ. Stalinə şikayət edir. Söhbətlərin birində İ. Stalin Beriyaya deyir: “Lavrenti, səni çıxarsam, yerinə onlarla namizəd taparam, bəs Xaritonu çıxarsam, onu kimlə əvəz edim?” Buradan görünür ki, L. Beriyadan fərqli olaraq, Stalin alimin unikallığını, əvəzedilməz olduğunu yaxşı dərk edirdi. 

Y.Xariton kimi toxunulmazlığa, hörmət və sonsuz hüquqa malik alimlər o zaman barmaqla sayılırdı: akademiklər Y.Zeldovic, A.Saxarov, İ.Kurçatov, A.Aleksandrov və digər bir neçə nəfər. Bu alimlərin hər biri üç dəfə Sosialist Əməyi Qəhrəmanı idi. Nikita Xuruşov, Lavrenti Beriya kimi dövlət və partiya adamları bu akademiklərin yaşam azadlıqlarına həsədlə baxırdılar. Onların da ürəklərindən belə toxunulmazlıq, sonsuz hörmətə malik olmaq, akademiklik keçirdi. Onların düşüncəsinə görə, bu ilahi toxunulmazlığın kökündə alimlik yox, akademiklik durur. Bu səbəbdən onlar da fürsət düşəndə özlərini və ya övladlarını akademik vəzifəsində və ya Akademiya sistemində görmək istəyirdilər.

Deyilənlərə görə, hətta N.Xruşşov SSRİ Nazirlər Sovetinin sədri olanda ürəyindən Akademiyaya üzv olmaq keçib və onun bu arzusunu gözündə qoyan Akademiyanın o zamankı prezidenti A.Nesmeyanovu prezidentlikdən azad edib. Elmdə himayədarlıq bu cür səbəblərdən yarandı.

Elmdə karyera ilə bağlı qüsurlara Sergey Patopov 1990-cı ildə həftəlik “Karyera” nəşrinin 7-ci sayında işıq tutur. “Vışka” qəzetimiz bu məqaləni “Kak radeöt rodnım çelovekam” başlığı altında 23.12.90-cı il tarixli sayında çap etmişdi. Söhbət Sovet elitasının uşaqlarının akademik karyerasından gedir:

“Uşaqlar” niyə məhz elmdə möhkəm kök atıblar? Cavab çox sadədir. Səsin olmasa, müğənni ola bilməzsən, ancaq talantın olmasa belə, asanca akademik ola bilərsən. Xüsusi ilə də ideoloji və ya qapalı hərbi-sənaye sahələrində. Vəzifəli talantsızlar üçün elm qızıl təməldir (zolotoe dno). Birincisi, elm daimidir. Siyasi konyunktura dəyişir, ancaq akademiya qalır. İkincisi, sonsuz sayda xarici səfərlər var. Üçüncüsü, elm nüfuzludur”.

Sonralar bu niyyət böyüyüb pis ənənə halını aldı və Sovet məkanında yayıldı. Bu cür alimlər “80 faizlər”in içərisində yer alırlar.  

Elmlər Akademiyasına bu cür qüsurlu baxış çox yerdə özünü göstərirdi. Yüksək dövləti vəzifədən uzaqlaşdırılanlar da Akademiyada yerləşdirilir, Akademiya elitar “cərimə meydançasına” çevrilirdi. Şübhəsiz, belə addımlar elmi yavaş-yavaş həm nüfuzdan salır, həm də “80 faizlər”i Akademiyada söz sahibi edirdi.

J.J. Russoya görə, “Bilməmək heç zaman bəla törətmir; çaşmaq məhvedici təsirə malikdir. İnsanlar çaşırlar, ona görə yox ki, bilmirlər, ona görə çaşırlar ki, özlərini savadlı bilirlər”. SSRİ zamanında belə adamlar elmi müəssisələrdə lazım olandan çox toplanmışdı. Səriştəsiz adamlar elm məbədinə daxil olduqca Akademiya müqəddəsliyini itirirdi.

“80 faizlər”in içərisindən seçilən bəzi akademiklərin yubileyləri ərəfəsində, adətən, mətbuatda böyük məqalələr yazılırdı. Məqalədə əsasən onun professional yox, ancaq personal xüsusiyyəti təsvir edilirdi: harda doğulub, dostları kim olub, “yaxşı adamdır, xeyirxahdır, yerlilərinə, tələbələrinə, xəstələrə kömək edəndir, əl tutandır” və digər belə epitetlərlə bəzənirdi. Onun professional elmi sahəsində nailiyyətlərindən çox az yazılırdı və ya “elmdə nə edibdir?” sualına cavab tapmaq olmurdu. Dəyərli akademiklərin (belə akademiklərimiz də çoxdur) birinin sözlərinə görə, bu qəbildən olan alimlər adətən ictimai həyatda çox aktiv olurlar, məclislərdə yaxşı tost deyirdilər, yeri gələndə yaxşı rəqs edir, kimlərinsə xoşuna gəlmək üçün, düz danışanı rahatca tənqid atəşinə tuturdular. Belə adamlar tənqidi fikri boğmağı, vəzifə sahibini isə tərifləməyi bacardıqları üçün asanlıqla akademik seçilə bilirdilər.

Kadr seçimi               

Seçim və ya təyinat məsələsində zəruri hüquqi bazanın (dəqiq meyarların və qaydaların) olmaması səbəbindən Akademiyanın üst qurumlarında dəyərli alimlər yox, çox vaxt sıravi, amma “arxalı” alimlər təmsil olunurdular. Bunun nəticəsində elmdə fərasəti olan alimlər həyatda fərasətsiz, elmdə fərasətsiz olan alimlər həyatda fərasətli kimi görünürdülər. Bu qüsur Akademiyanı zəiflədirdi və bunun nəticələrini görmək çətin deyildi.

1945-ci ildən elmin baş qərargahı kimi fəaliyyət göstərən Akademiyamızın üzvlərinin elmi nəticələri 1987-ci ildə Moskvada çap olunmuş “Sovet elminin və texnikasının 1917-1987-ci illər arasında əldə etdiyi ən böyük nailiyyətlər” kitabında yer almayıb. Formaca möhtəşəm olan Akademiyanın elmi məzmunu niyə zəif idi? Qeyd edək ki, gündə karikaturasını çəkdiyimiz və Qarabağ konfliktində bizi “işə salan” mənfur qonşu millətin 34 aliminin, bizim isə cəmi iki alimimizin (Emin Tağıyev, Oqtay Hüseynov) adları keçir bu kitabdan. Onların da heç biri Akademiyamızın üzvü deyillər.

Tanınmayan tanınmışlar 

Emin Tağıyev indiki Dövlət Neft Akademiyasını bitirmişdi və üç dəfə Stalin Mükafatı almışdı.

Oqtay Hüseynov 1963-cü ildə BDU-nu bitirib. 1968-ci ildən 1982-ci ilədək Milli Elmlər Akademiyasının Şamaxı Rəsədxanasında direktor müavini və sonra Fizika İnstitutunda laboratoriya müdiri vəzifələrində çalışıb. 1992-ci ildən Türkiyənin Orta Doğu Texniki Universitetində çalışıb, ordan də təqaüdə çıxıb.

Əli Əmiraslanov 1953-cü ildə SSRİ EA-nın müxbir üzvü seçilən ilk azərbaycanlıdır. Geoloq Əli Əmiraslanovdan sonra Yusif Məmmədəliyev SSRİ EA-nın müxbir üzvü (1958) seçilib.

Eylaz Babayev elmi kəşf diplomu olan yeganə azərbaycanlıdır. Mən biləni, Azərbaycanın çox minlik elm ordusunda ondan başqa heç kəsin kəşf diplomu yoxdur. Eylaz Babayev “Canlı insan və heyvan sümüklərində mövcud olan xüsusi gərginliyin təzahürü” kəşfinin həmmüəllifidir. Bu talantlı alim hazırda ABŞ-ın Minisota Ştatının Mennonones şəhərində elmi laboratoriyaya rəhbərlik edir. Azərbaycan elmi ictimaiyyəti isə belə bir adamı tanımır.

Abbas Çayxorski SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının sədri (1969-1981), neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçıdır. Kimya elmləri doktoru, professor Abbas Çayxorski 1917-ci ildə indiki Ermənistanın Basarkeçər qəzasının Çaxırlı kəndində anadan olub. Bir il sonra milli münaqişə başlayıb və ailə əvvəlcə Ağdama, oradan da Ağdaşa köçüb. Gələcək alimin uşaqlıq və yeniyetməlik illəri Ağdaşda keçib, o burada orta məktəbi bitirib, sonra Bakıda texnikuma daxil olub, ali təhsilini isə 1939-cu ildən başlayaraq Bakı Dövlət Universitetinin Kimya fakültəsində alıb.

Əli Cavanı, demək olar ki, heç kəs tanımır. Kimdir Əli Cavan?

1926-cı ildə Tehranda azərbaycanlı ailəsində anadan olub. 1948-ci ildən ABŞ-da yaşayır. 1964-cü ildən Massaçusets Texnoloji İnstitutunda işləyib. Qeyri-xətti spektroskopiyanın yaradıcısıdır. 1963-cü ildə Ç Taunsla birlikdə helium-neon lazer ilə Maykelson təcrübəsini aparıb. Bu işlərə görə 1964-cü ildə Ç.Tauns Sovet alimləri Basov və Proxorovla birlikdə Nobel mükafatı alıb. Əli Cavan isə bu mükafatdan kənarda qalıb. O, “qaz lazer”in ixtiraçısıdır (1960).  Çox vaxt Əli Cavanı “Şərqin Eynşteyni” və lazerin atası sayırlar.

Güman edirəm ki, əgər bu alimlər Akademiyaya üzv seçilsəydilər, qurum daha möhtəşəm görünərdi və qürur mənbəyinə çevrilərdi. Onda talantlı gənclik elmin dalınca gedər və vətənə sevgi duyğusu daha da artardı. Ancaq bu alimlər haqda nə kitabda, nə dəftərdə, nə radioda, nə TV-də, nə də qəzetdə nəsə yazılır. Bu böyük alimlərin adlarının əbədiləşməsi ilə bağlı Azərbaycanda bircə fakta rast gəlmək mümkün deyil.

(Ardı var)

 





29.06.2015    çap et  çap et