525.Az

Heydər Əliyev Mərkəzinin maketi Ermitajda nümayiş etdirilir


 

Heydər Əliyev Mərkəzinin maketi Ermitajda nümayiş etdirilir<b style="color:red"></b>

Rusiyanın Sankt-Peterburq şəhərində, Dövlət Ermitajında tanınmış memar Zaha Hadidin retrospektiv sərgisi açılıb. Müəllifin layihəsi əsasında inşa edilmiş Bakıdakı Heydər Əliyev Mərkəzinin maketi də ekspozisiyada nümayiş olunur.

"Azərtac"ın xəbərinə görə, Dövlət Ermitajı və Zaha Hadid Studiyasının birgə təşkil etdiyi sərgidə ümumilikdə 300-dək maket, çertyoj, heykəl və dizayn obyektləri təqdim olunur.

Ekspozisiyada Zaha Hadidin 1980-ci illərdəki eksperimental eskizləri, ilk reallaşdırılan və uğur gətirən layihələri və təbii ki, son illərdəki işləri nümayiş etdirilir.

Sərgidə Heydər Əliyev Mərkəzi ilə yanaşı, memarın layihəsi əsasında inşa olunan Çinin Quançjou şəhərindəki Opera Teatrı binası, Romanın XXI əsr Milli İncəsənət Muzeyi (MAXXI), Londonun Su İdman Növləri Mərkəzi və digər tikililərin maketləri də yer alıb.

Qış Sarayının "Nikolay" zalında açılmış sərgi sentyabrın 27-dək davam edəcək.

Qeyd edək ki, britaniyalı Zaha Hadid müasir dünya memarlığının ən məşhur simalarından biridir. O, "Pritzker" mükafatını almış ilk qadın memardır.

Xatırladaq ki, Zaha Hadidin layihəsi əsasında inşa olunmuş Heydər Əliyev Mərkəzi 2014-cü ildə London Dizayn Muzeyinin "İlin dizaynı" mükafatına layiq görülüb.

 





30.06.2015    çap et  çap et