525.Az

“Azərbaycanla Ermənistan arasında müharibə hər an başlaya bilər"


 

“Azərbaycanla Ermənistan arasında müharibə hər an başlaya bilər"<b style="color:red"></b>

Fərhad Məmmədov: “Gələn ilin fevralından sonra danışıqların daha intensiv xarakter almasının tərəfdarıyıq”

“Azərbaycanla Ermənistan arasında müharibə hər an başlaya bilər. Çünki bu iki ölkənin hərbi birləşmələri arasında üçüncü qüvvənin dayanmaması müharibənin istənilən anda başlanmasına gətirib çıxara bilər”. 525.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov dünən keçirdiyi brifinqdə deyib.

F.Məmmədovun dediyinə görə, Ermənistan tərəfi qeyri-konstruktiv mövqeyini davam etdirərək danışıqlar prosesini süni şəkildə uzadır. SAM direktoru qeyd edib ki, Ermənistan tərəfi bu dəfə də həmin ölkədə 2013-cü ilin fevralında keçiriləcək prezident seçkilərini bəhanə gətirir : “Azərbaycan tərəfi isə fevraldan sonra danışıqlar prosesinin davam etdirilməsinin və daha intensiv xarakter almasının tərəfdarıdır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmiləri, o cümlədən Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov da dəfələrlə çıxışlarında dilə gətirib. Azərbaycan tərəfi olaraq biz danışıqlar prosesinin sülh sazişinin imzalanması ilə nəticələnməsinin tərəfdarıyıq. Biz istəyirik ki, bölgədəki proseslər sülh şəraitində davam etsin. Ancaq onu da qeyd edim ki, Azərbaycan işğal olunmuş torpaqlarının geriyə qaytarılması məsələsində heç zaman hərb variantından da imtina etməyib. Bu, bizim təbii haqqımızdır.

Çünki, işğalçı Ermənistan tərəfindən Azərbaycan sərhədlərinin dəyişdirilməsinə cəhdlər edilib və bu cəhdlər hələ də ortadadır. Ona görə müharibə hər an başlaya bilər”.

“Ermənistanda gələn ilin fevral ayının 18-nə təyin olunmuş prezident seçkiləri bu dövlətə xas olan siyasi intriqalar ənənəsini hələ seçkiqabağı kampaniyanın ilk mərhələsində itirib”. Bunu da brifinqdə F.Məmmədov deyib.

O qeyd edib ki, 2012-ci ilin may ayında keçirilmiş parlament seçkilərindən sonra Ermənistanın siyasi mənzərəsi dəyişmiş, Ermənistan cəmiyyətinin bu ölkədə baş verən hadisələrin mahiyyətini anlaqlı dərk edə bilməməsini nümayiş etdirib:

“Milli Statistika Xidmətinin rəsmi məlumatına görə, 2011-ci ildə əhalinin yoxsulluq həddi 35%-ə çatmışdır. Əgər xarici ölkələrdən daxil olan transfertləri çıxsaq, müvafiq göstərici ölkə sakinlərinin 53%-ni əhatə edəcək. Bundan başqa, əhali təbii özünümüdafiə instiktini tamamilə itirmiş, seçicilərin elektoral fəalllığı əsasən iki amilə - qorxu hissinə və maddi marağa söykənib”. SAM direktoru eyni zamanda qeyd edib ki, məhz seçicilərə hədə-qorxu gəlmək, onları pul ilə ələ almaq sayəsində prezident Serj Sarksyana aid olan Ermənistan Respublikaçılar Partiyası və Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyası seçkiqabağı kampaniyanın favoritlərinə çevrilib, ölkə parlamentində çoxsaylı fraksiyalar formalaşdırmağa nail olublar. F.Məmmədov hesab edir ki, Serj Sarqsyan hakimiyyətini sarsıda biləcək yeganə qüvvə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın siyasi potensialı və ona yaxın olan “Çiçəklənən Ermənistan”, eləcə də Daşnaksyutun partiyalarıdır. SAM direktoru vurğulayıb ki, Robert Köçəryan son vaxtlaradək özünün prezident seçkilərində iştirak edib-etməməsinə dair çoxmənalı bəyanatlar versə də, hələ də konkret mövqeyini bildirməyib.

Qeyd edək ki, R.Köçəryanın arsenalında ölkə daxilindəki iki nüfuzlu siyasi qüvvə və Rusiya rəhbərliyinə birbaşa çıxış imkanları var:

“Serj Sarqsyan xarici sponsorların ona qarşı alternativ qüvvədən istifadə etmələrinin və ya Ermənistanın xarici siyasətin gündəmində olan prinsipial məsələlərlə şantaj olunmasının qarşısını almaq üçün əlindən gələni edib”.
F.Məmmədov bildirib ki, Ermənistan Respublikasının 2013-cü il büdcəsində investisiya layihələri nəzərdə tutmadığına görə onu “yaşamaq uğrunda mübarizə büdcəsi” də adlandırırlar: “Bütün bunlara və digər amillərə əsasən belə nəticəyə gəlmək olar ki, Ermənistan Respublikasında növbəti prezident seçkiləri praktiki olaraq, alternativsizlik şəraitində keçiriləcək. Əhali qorxu və maddi ehtiyac üzündən Serj Sarqsyana səs verməli olacaqdır. Serj Saqsyan prezident seçkilərində qalib gəlmək üçün taktiki məsələləri həll etsə də, gələcəkdə strateji vəzifələrin icrasında daha böyük problemlərlə üzləşəcək”. SAM direktorunun sözlərinə əsasən, Serj Sarqyan prezident kürsüsündə əyləşdiyi beş il ərzində ölkədə ümumilli əhəmiyyətə malik heç bir problemi həll edə  bilməyib.
Bunu misal kimi o, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunmamasını qedy edib:
“Bu münaqişə həll olunmadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması, sərhədlərin açılması mümkün deyil. Türkiyənin regional əhəmiyyətinin və iqtisadi gücünün artması üzündən Ermənistanın saxta ittihamları, o cümlədən uydurma “erməni soyqırımı” öz aktuallığını itirməkdədir. Ermənistanın sadə vətəndaşlarının yaşayışında irəliləyiş yoxdur.
Ermənistanın rəsmi statistik məlumatlara əsasən, bu ilin 11 ayı ərzində 2 milyon 53 min nəfər ölkə vətəndaşı ölkəni tərk edib və onların yalnız 1 milyon 981 min nəfəri geri qayıdıb. Ölkəyə qayıtmayanların sayı təqribən 72 min nəfər olub.
Əgər son üç ilin mənfi saldosunu da nəzərə alsaq, bu müddət ərzində Ermənistanı tərk edənlərin sayı 155 min nəfər və ya rəsmi ölkə əhalisinin 5%-ni təşkil edib.
Nəzərə alınmalıdır ki, rəsmi statistika bu ölkədə əhali sayını şişirdərək 2,9 miliyona çatıdırır, halbuki ATƏT-in də qeyd etdiyi rəqəm 2 miliyondan az olmasını göstərir”. F.Məmmədov vurğulayıb ki, Ermənistan bundan sonra da xarici sponsorlar hesabına bir dövlət kimi mövcudluğunu saxlayacaq, ətrafdan təcrid olunmuş vəziyyətdə qalacaq, bankrot dövlət səviyyəsinə enəcək.  

Kamil Həmzəoğlu

 





18.12.2012    çap et  çap et