525.Az

Təşəkkürlər, AzTV və "İdman Azərbaycan"!


 

HƏR İKİ KANAL I AVROPA OYUNLARI SINAĞINDAN ALNIAÇIQ VƏ ÜZÜAĞ ÇIXDI

Təşəkkürlər, AzTV və "İdman Azərbaycan"!<b style="color:red"></b>

İlk Avropa Oyunları bir sıra gözəl məqamlarla yaddaşlara həkk olundu. Bu heyrətamiz, qürurverici, həyəcan dolu anları bizə yaşadanlar sırasında Azərbaycan Televiziyası  (AzTV) və "İdman Azərbaycan" da vardı. Avropanın idman tarixinə yazılacaq bu irimiqyaslı və mühüm hadisənin ölkəmizdəki yayım hüququnun məhz Azərbaycanın ilk və əsas televiziyasına etibar edilməsi həm də qanunauyğunluq idi.

Tədbirin məmləkətimizdə keçiriləcəyi məlum olandan bəri AzTV və "İdman Azərbaycan" Avropa Oyunlarının nəbzini tutmuşdu. Bu temp dövlət başçısı İlham Əliyevin Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyi bəyanatından tutmuş, Bakının və idmançıların oyunlara hazırlığının işıqlandırılmasına qədər hər bir nüansda özünü göstərirdi.

Avropa Oyunlarına 46 gün qalmış - Atəşgah məbədindən məşəlin alovlandırılması anından ölkə ziyalılarını, ictimai-siyasi və media elitasını səfərbər edərək, bütün cəmiyyətin diqqətini daha intensiv şəkildə Avropa Oyunlarına yönəldən AzTV Vətənə əsl xidmət nümayiş etdirdi. Açılış mərasiminə qədər və sonrakı müddət ərzində AzTV və "İdman Azərbaycan"ın əksər veriliş və proqramlarında yalnız Avropa Oyunlarından danışıldı, bu tədbirə cəlb olunmuş məsul şəxslərdən tutmuş könüllülərədək hər kəs tamaşaçılara tanıdıldı, bu möhtəşəm bayrama həsr olunmuş musiqi əsərləri səsləndirildi və kliplər yayımlandı. Yeri gəlmişkən, öz musiqi kollektivlərinin ifasında yazdırılmış 4 mahnının klip şəklində ərsəyə gətirilməsini AzTV-nin Avropa Oyunlarına həsr olunmuş musiqi marafonuna töhfəsi kimi dəyərləndirmək olar.

Amma AzTV və "İdman Azərbaycan"ın yaradıcı və texniki heyətinin açılış mərasimindən başlayan geniş fəaliyyəti idmansevərlərə xüsusi zövq və məmnunluq hissi aşıladı. Açılış və bağlanış mərasimləri kimi məsuliyyətli tədbirlərin aparılması təcrübəli icmalçılar Fikrət Adıgözəlov və Siyavuş Əliyevə həvalə olundu. Onlar yüksək peşəkarlıq və əsl bayram əhval-ruhiyyəsi ilə Olimpiya Stadionunda baş verənləri bütün xırdalıqlarına qədər tamaşaçılara çatdırdılar. 17 gün davam edən yarış boyu teleizləyicilər AzTV və "İdman Azərbaycan" əməkdaşlarının həm də  milli komandamıza ürəkdən azarkeşlik etdiklərinə şahid oldular. Bu qızmar yay günlərində Fikrət Adıgözəlov, Siyavuş Əliyev, Rəşad Hacıyev, İsmayıl Abdullayev, Ramiz Mirzəzadə, Tural Məmmədli, Nurlan Hacıyev, Elnur Məmmədli, Tərlan Şahinoğlu və başqaları sanki kabinədən şərh aparmır, idmançılarımızla birgə tatamidə, xalçada, rinqdə, stadionda  idman mücadiləsinə qoşulur, onların medal sevinclərini birgə yaşayır, yüksələn bayrağımızla, səslənən himnimizlə, dövlət başçısının qalib idmançılarımızı ayaq üstə alqışlaması və medalla təltif etməsi ilə  qürur duyurdular. Qısa müddət ərzində Azərbaycan Televiziyasında səlis nitqə, hərtərəfli məlumata və emosional ruha malik bu cür gənc şərhçilərin yetişməsi həqiqətən sevindirici amildir. Bu, AzTV və "İdman Azərbaycan" kanallarının daxil olduğu Azərbaycan Televiziya və Radio Verilişləri QSC rəhbərliyinin böyük uğurudur.

Onu da qeyd edək ki, AzTV və "İdman Azərbaycan"ın bütün əməkdaşları o qədər çevikliklə hərəkət edirdilər ki, heç bir irada yer qoymurdular. Məhz bu cür fəaliyyət Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin, "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Saymon Kleqin, Beynəlxalq İdman Yayımı Şirkətinin prezidenti Manolo Romeronun, MOK-un vitse-prezidenti, Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Çingiz Hüseynzadənin, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənovun və digər məsul şəxslərin AzTV-nin fəaliyyətinə yüksək qiymət verməsi ilə nəticələndi.

Hətta Patrik Hikki Prezident İlham Əliyevin və "Bakı-2015" Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından Olimpiya Ailəsinin üzvləri  üçün verilən qəbulda çıxışı zamanı axşamlar AzTV-yə baxdığını etiraf etmişdi: "Mən uzun günün sonunda mehmanxanaya qayıdandan sonra Azərbaycan Televiziyasına baxdım. Sizin və birinci xanımın karate yarışında medalların verilməsində iştirak etməyiniz məni fərəhləndirdi".

Oyunlar başa çatdıqdan sonra isə Patrik Hikki AzTV-yə xüsusi təşəkkürünü bildirdi: "Oyunların Azərbaycan Televiziyası ilə yayımı möhtəşəm şəkildə keçdi. Bu oyunlara məxsus çətinliklər var idi. Çünki bu oyunlar yeni bir məhsul idi və onların əvvəlcədən necə keçəcəyini bilmək çox çətin idi. Buna baxmayaraq, mən deyə bilərəm ki, yayım keyfiyyəti mükəmməl idi. Bunu hamı deyir və təqdir edir".

 Beynəlxalq İdman Yayımı Şirkətinin prezidenti Manolo Romero isə AzTV ilə əməkdaşlıqdan məmnunluğunu ifadə etdi: "AzTV-nin üzərinə böyük iş düşdü. AzTV bizə yayım prosesində çox kömək oldu və deyərdim, fundamental rol oynadı. Çünki eyni zamanda, Azərbaycanın daxilində də oyunlar yayımladı. Mən özüm də AzTV-ni izləyirdim, medalların Azərbaycan idmançılarına təqdim olunması fantastik idi. Düşünürəm ki, AzTV yayım baxımından digər Avropa ölkələri ilə ayaqlaşa biləcək səviyyədədir. Çünki çox keyfiyyətli, peşəkarcasına bu işin öhdəsindən gəldi. AzTV-nin sədri oyunların yayımı məsələsində çox dəstək oldu. AzTV böyük iş gördü. Biz də öz tərəfimizdən böyük məmnuniyyətlə AzTV telekanalına, onun sədrinə və işçilərinə sertifikat təqdim etdik. Əgər biz Azərbaycanla gələcəkdə də oyunların yayımında birgə çalışsaq, AzTV ilə əməkdaşlıqdan məmnun olarıq".

Bəzi saytların keçirdikləri sorğularda isə respondentlər Avropa Oyunlarını "İdman Azərbaycan" və AzTV vasitəsilə izlədiklərini vurğulayaraq, hər iki kanalın bu tədbiri ən operativ şəkildə işıqlandırdığını bildirdilər. Bu xəbərə Facebook sosial şəbəkəsindəki istifadəçilərdən biri belə reaksiya verib: "Bravo, "İdman Azərbaycan" və AzTV! Azərbaycanda birinci kanalsan, sükanı belə saxla!". 

Əminik ki, AzTV və "İdman Azərbaycan" qarşıdan gələn bütün beynəlxalq səviyyəli idman yarışlarının yayımında da bu mükəmməlliyi və liderliyi qoruyub saxlayacaq.

Orxan QASIMBƏYLİ

 





02.07.2015    çap et  çap et