525.Az

"Ölmək istəyirəm səssiz-səmirsiz..."


 

"Ölmək istəyirəm səssiz-səmirsiz..."<b style="color:red"></b>

Yetmiş yaşın tamam olacaqdı. Böyük yubiley tədbiri keçirməyə hazırlaşırdın. Əyin-başını da təzələmişdin. Dostların, qohumların səbirsizliklə gözləyirdi o günü. Muğam ifaçıları ancaq sənin qəzəllərini oxuyacaqdı. Qismət olmadı, Qabil. Qismət olmadı, qardaş. Bu yubileyə, bu yetmişə üçcə günün çatmadı. Üç məclisini keçirdik 70-ində. Çox deyirdin, bu yaşdan utanıram; anamın, qardaşımın, bacımın, qardaşım qızının, bacım qızının, əmilərimin, dayılarımın, əmim oğlunun, dayım oğlanlarının, ta nə deyim kimin, kimin çata bilmədiyi bu yetmişdən. Ta utanma, qardaş. Heç sən də çata bilmədin. Qəfil təzyiqin qalxdı. Beyninə qan sızdı, komaya düşdün. Şeirlərinin birində dediyin kimi:

"Ölmək istəyirəm səssiz-səmirsiz..."

Elə səssiz-səmirsiz də bir müqəddəs cümə günündə gözlərini əbədi yumub, torpağa qovuşdun. Məni qardaşsız qoydun.

Gedişinlə böyükdən-kiçiyə hamımızı yandırıb-yaxdın. Sevimli nəvən Ülkər sənsizliyin ağrı-acısını gör necə vərəqə köçürüb:

"Sınmış ümidlər, çərçivələrə sığmayan fotoşəkillər, Allaha israrla edilən dualar, pəncərə qarşısında gözləmələr... Heç biri səbəb olmurdu qayıtmasına, çayını içib yenə də gündəlik yuxuya dalmasına. Səbəb olmurdu o quru torpağın altından qalxıb "Babası qurban" deməsinə. Sevdiyin adamın bir gün dünyadan köç eədcəyinə inana bilmir insan - tutduğu qələmin, oturduğu divanın bir gün lal dinməz boylanacağına, çəkdiyi siqaretlərin bir də tüstülənməyəcəyinə, külqabısının bomboş qalacağına inana bilmir. Doğrudan da beşgünlük dünyadır. Bu qısa zaman kəsiyində insanları üzməyə dəyməz. Bir daha gəlməyəcəyini düşünsək, vicdanımız rahat durarmı? "Heç vaxt getməz" dediyimiz neçə insan getdi bu dünyadan. "Ölməz" dediyimiz neçə insan köçdü. "Bizi tək qoymaz" dediyimiz neçə insan tək buraxdı bizi. Amma mən ilk itkimi yaşadım. Bir babam vardı - mənimlə fəxr edən, qürur duyan, hər yerdə məndən danışan babam. Bir babam vardı - hər zaman gülüb danışan, insanları sevən, heç vaxt sevməkdən vaz keçməyən babam. Bir babam vardı - sözlərini sevdiyim, mənə keçmişimi sevdirib orada dərin izlər buraxan, bir vaxtlar var olub indi tək məni tək qoyan babam..."

 Bu da sənsizliyin 40 günü - hər saatı, hər hanı nisgillə keçən 40 gün!

Ruhun şad olsun!

MÜBARƏK

Səliqə-səhmanı çox sevirdin, Qabil. Qəbrin də səliqə-səhmanla qazılıb hörülüb.

Nə gözəl qazılıbdı,
Nə gözəl düzülübdü,
Nə gözəl hörülübdü,
Bu otağın mübarək.

Bu, kəfənin, bu, ağın,
Bu, torpaqdan yastığın.
Bu ən şirin yatmağın,
Bu yatağın mübarək.

Burda köhnə tanışlar,
Burda qohum-qardaşlar.
Burdan bir ömür başlar,
Solun-sağın mübarək.

Mübarək təzə vaxtın,
Mübarək təzə taxtın.
Mübarək günə çıxdın,
Lap bu çağın mübarək.
                  
Şamil ƏHMƏDOV

QARABAĞ

Kaş sənə mən qovuşam, qibleyi-Kəbəm, Qarabağ,
Dərdimin ümid yeri, Mədinə-Məkkəm, Qarabağ.

Sən Muğam oylağısan, Cabbarımın zil səsisən,
Segahım, Rast muğamım, sazımda dilqəm, Qarabağ.

Səni cənnət yaradıb, Tanrı özü lap əzəldən,
Bu behiştdə doğulub, Həvvaylə Adəm, Qarabağ.

Öz vətən torpağımın bağı gülüstanı da sən,
Qorxuram meh toxuna, tökülə şəmnəm, Qarabağ.

Bizi səndən ayıran, o cəlladın qanı halal,
Tutacam ətəyindən, lap elə ölsəm, Qarabağ.

Qabili dəfn eləyin, üzü Vətən torpağına,
Qəbrimi dəyişməyin, qoy olsun qibləm Qarabağ.

lll

Təbibim, qıl dərdimə əlaci-dərman muğamı,
Canımdan can çıxmamış qoy oxusun Xan muğamı.

Şur olsun sübh namazım Bayatı-qacarsa duam,
Qoymayın naşı etsin qanına qəltan muğamı.
 
Segahın mayesində qoy ağlasın yarım məni,
Alsın öz ağuşuna tar ilə kaman muğamı.

Oxunsun Füzulinin həzin-həzin qəzəlləri,
Bəzəsin zərgər kimi Şəbu-Hicran muğamı.

Qabiləm, bağlanmışam gör nə qədər mən muğama,
Sevirəm üstün inan sevdiyim yardan muğamı.

ŞUŞASIZ

Çəkilib ərşə yuxum, qan ağlayır can Şuşasız,
Yata bilmir, bilir ki məzarında Xan Şuşasız.

Cabbarın naləsini eşitməyən, ey binəva,
Ağardıb saçlarını anamız Heyran Şuşasız.

Yaquba xəbər eylə, şikəst oldu şikəstimiz,
Dəştini dəfn elədi Dədə Süleyman Şuşasız.

Haray et, Arifim oy, Qəribim oy, Vahidim oy,
Səxavətin məzarını alıbdır duman Şuşasız.

Zülmə bax, göz dağıdır, gözümüzün üstdəki qaş,
Görəsən bəs niyə susmur tar ilə kaman Şuşasız?

Zahidin öz nəvası, Şamilin də yanğısı var,
İslamın xəstə canı olubdur talan Şuşasız.

Xar olub Xarı bülbül, Cıdır düzü qan gölüdür,
Deməyin siz Qabilə, əsla, qəzəlxan Şuşasız.

ŞUŞADA

Örpəkdir, ləçəkdir başda papağım,
Yaman yazıqlaşıb aranım, dağım,
Özün ki, şahidsən can Qarabağım,
Başımda papağım vardı Şuşada,
Namusum, qeyrətim qaldı Şuşada.
Bəs niyə eynidir astarım, üzüm,
Həsrətlə ötüşür gecəm-gündüzüm,
Ay İsa bulağım, ay Cıdır düzüm,
Kişitək mənliyim vardı Şuşada,
Namusum, qeyrətim qaldı Şuşada.

Qıy vuran qartaldım, sındı qanadım,
Dəryada qərq olub, batıbdır adım,
Bülbüllər gör necə xardı Şuşada,
Qeyrətim, namusum qaldı Şuşada,

Cəbrayıl, Füzuli, Laçın, Zəngilan,
Ağdamın sinəsi olubdur talan,
Qubadlı, Kəlbəcər qoparır fəqan,
Qışı da, yayı da qardı Şuşada,
Namusum, qeyrətim qadı Şuşada.

Xocalı fəryadı qalxdı göylərə,
Qan tökdü gözündən hər dağ, hər dərə,
Ta dözə bilmirik belə dərdlərə,
Kərəm də Əslisiz yandı Şuşada,
Namusum, qeyrətim qaldı Şuşada.

Oyan Xanım oyan, Bülbülüm oyan,
Cabbarım, Seyidim, ay Zülfüm oyan,
Oyan ər oğullar, ey zülmüm oyan.
Gör kimlər belimi qırdı Şuşada,
Namusum, qeyrətim qaldı Şuşada.

Qaçıbdır ağzından dadı Qabilin,
Doğmadan çox olub yadı Qabilin,
Qaçqındır, köçkündür adı Qabilin,
Əlləri sinəsin yardı Şuşada,
Namusum, qeyrətim qaldı Şuşada.

Qabil ƏHMƏDLİ

 





07.07.2015    çap et  çap et