525.Az

"ATƏT PA nəhayət Ermənistanın işğalçı siyasətinə obyektiv mövqe bildirməlidir"


 

"ATƏT PA nəhayət Ermənistanın işğalçı siyasətinə obyektiv mövqe bildirməlidir"<b style="color:red"></b>

"ATƏT-in Parlament Assambleyası Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə qarşı obyektiv mövqe bildirməlidir. Biz nümayəndə heyəti olaraq bu məsələni daim təşkilatın gündəliyinə çıxarmağa çalışırıq və artıq öz işinə başlayan yay sessiyasında da bu məsələ diqqətimizdə olacaq".
 
Bu fikirləri  Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Eldar İbrahimov deyib.
 
"Azərbaycan tərəfi təşkilatın bütün toplantılarında Qarabağ problemini gündəmə gətirir"-deyən,  E. İbrahimovun sözlərinə görə, Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri hər zaman beynəlxalq birliyin gündəmində olmalıdır.

Bununla yanaşı, E. İbrahimov  mətbuata açıqlamasında  onu da  qeyd edib ki, elə dünən Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-da çıxışı zamanı bir daha bu məsələni gündəmə gətirib və ATƏT başda olmaqla sözügedən qurumu  Qarabağ münaqişəsinin ədalətli həllində real addımlar atmağa çağırıb.

"Bahar xanım çıxışında eyni zamanda, Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Gegamyanın əsassız iddialarına çox haqlı və sərt cavab verdi. Yəni, o, bir daha Azərbaycanın Qarabağ məsələsində dəyişməyən mövqeyini ifadə etdi və bunu digər avroparlamentarilərin də nəzərinə çatdırdı"-deyən E. İbrahimovun bildirdiyinə görə, Azərbaycan cəmiyyəti artıq bütün beynəlxalq təşkilatlardan, münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu həmsədrlərindən real addımlar atılmasını gözləyir və tələb edir.

"Bir sözlə, biz də nümayəndə heyəti olaraq,  ATƏT PA-nın bütün toplantılarında bu məsələni gündəmə gətiririk və bundan sonra da gətirəcəyik. Çünki Ermənistanın işğalçılıq siyasəti daim beynəlxalq müstəvidə ifşa olunmalıdır. Eyni zamanda, ATƏT PA, eləcə də digər beynəlxalq qurumlar bu məsələyə obyektiv, ədalətli qiymət verməlidirlər. Çünki uzun illərdir ki, bu münaqişə davam etsə də, vasitəçilər, beynəlxalq qurumlar işğalçı Ermənistana qarşı ciddi addımlar atmayıblar. Bu yanaşma, ədalətdən, beynəlxalq hüquqdan tamamilə uzaqdır".

Kamil HƏMZƏOĞLU

 

 





07.07.2015    çap et  çap et