525.Az

Azərbaycan: yeni xarici siyasət və gələcəyə baxış modeli


 

Azərbaycan: yeni xarici siyasət və gələcəyə baxış modeli <b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Çoxvektorluluq texnikası

Şübhə yoxdur ki, Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın strateji əhəmiyyəti, onun regionda aparıcı ölkə statusu, regional infrastruktur layihələrinin həyata keçirilməsi Avropa üçün Azərbaycanın əhəmiyyətini artırıb. Azərbaycan Avropa və qlobal energetika təhlükəsizliyinə öz töhfəsini verib, həmçinin həyat əhəmiyyətli yeni enerji mənbələrinin təməli qoyulub. Beynəlxalq aləmdə Azərbaycanın mərkəzi və vacib oyunçu kimi, təkcə enerji daşıyıcılarını istehsal və ixrac edən ölkə kimi deyil, həm də mühüm tranzit dövlət kimi imkanları get-gedə genişlənir.

Avropa bazarlarını neft-qaz resursları ilə təchiz edən, Avropa qaz bazarının şaxələndirilməsi layihələrini dəstəkləyən Azərbaycan ölkənin sosial-iqtisadi həyatının modernləşdirilməsinə yönəldilmiş birgə Avropa layihələrini bundan sonra da genişləndirmək əzmindədir.

Lakin müstəqillik illəri boyu Azərbaycan aparıcı dövlətlərin ikili standartları ilə qarşılaşmışdır. "Aydındır ki, belə yanaşmanın kökündə həmin ölkələrin geosiyasi və strateji maraqları dayanır. Məsələn, Birləşmiş Ştatlarda bəzi dairələr hesab edirlər ki, Azərbaycanın ya ümumiyyətlə heç bir dövləti maraqları, milli maraqları olmamalı, ya da həmin maraqlar Vaşinqtonun cızdığı çərçivədən kənara çıxmamalıdır. Onlar hesab edirlər ki, məsələn, Azərbaycan öz təbii resurslarının bölgüsünü və ixracını Vaşinqtonda müəyyən edilmiş qaydada həyata keçirməlidir, Dağlıq Qarabağın taleyi isə Azərbaycanın xaricində hazırlanmış ssenarilər üzrə həll edilməlidir, hətta həmin ssenarilər bizim ölkəmizin milli maraqlarına zidd olsa belə. Bir sözlə, seçim hüququ Azərbaycan xalqına yox, aparıcı xarici dövlətlərin paytaxtlarındakı rejissorlara və ssenaristlərə məxsus olmalıdır. Azərbaycan milli maraqlarımızın və yerli sosial-siyasi həyat tərzimizin zərərinə olaraq, universalist demokratiya prinsiplərini bizə maksimum geniş miqyasda zorla qəbul etdirməyə çalışan avropalı məmurların təzyiqini qəbul etməyəcək".

Ölkəmiz uzun illər boyu bu cür ittihamlara təmkinlə yanaşır və mümkün olan hər şeyi edirdi ki, "belə haqsız hücumlar strateji tərəfdaşlığa, ikitərəfli və çoxtərəfli səmərəli əməkdaşlığa mane olmasın. Müxtəlif ikitərəfli görüşlərdə, ayrı-ayrı tədbirlər çərçivəsində, istər rəsmi, istərsə də qeyri-rəsmi formatda qaldırılan məsələlərə dair izahatlar verilir, irəli sürülmüş iddiaların əsassızlığı diqqətə çatdırılırdı. Azərbaycan, bir tərəfdən, açıq-aydın göstərib ki, öz strateji seçiminə, vəzifələrinə və öhdəliklərinə sadiqdir, digər tərəfdən də, hamıya nümayiş etdirib ki, müstəqil dövlət kimi, dünya siyasətinin bütün aktorları ilə əlaqələri bərabərhüquqlu əməkdaşlıq çərçivəsində qaydaya salmaq niyyətindədir və heç bir halda onun milli maraqlarına real təhlükə doğuran addımlar atmayacaq".

Təəssüf ki, bəzi aparıcı KİV-lər də ölkəmizdəki daxili siyasi vəziyyəti, həmçinin Azərbaycanda baş verən mühüm hadisələri son dərəcədə subyektiv və birtərəfli mövqedən qiymətləndirirlər.

Məsələn, "Euronews" telekanalının informasiya siyasətini obyektiv və qərəzsiz hesab etmək mümkün deyil. Bu telekanal yüz il bundan əvvəl baş vermiş qondarma "erməni soyqırımı" deyilən hadisələr haqqında hər il aprelin 24-də Ermənistandan bir neçə saatlıq reportajlar verir, amma Avropa qitəsinə birbaşa aidiyyəti olan ümumdünya əhəmiyyətli tədbir - Bakıda keçirilmiş Birinci Avropa Oyunları barədə susur və praktik olaraq bu tədbiri kadr arxasında qoyur.

Bizim qonaqların, o cümlədən, həmin günlərdə Bakıda olmuş yüksək səviyyəli siyasətçilərin, xarici ictimai xadimlərin Avropa Oyunlarının açılış mərasimi barədə səmimi rəylərini bildirilmələri fonunda "Euronews" telekanalının bu mövqeyi dərin təəssüf doğurur, çünki bu, telekanalı nüfuzdan salır, onun əhəmiyyətini azaldır, obyektiv KİV statusundan məhrum edir.

Görünür, Qərbin bəzi aparıcı ölkələrinin Azərbaycanla bağlı nümayiş etdirdikləri subyektivizm, birtərəflilik və riyakarlıq həm də onların ruporu rolunda çıxış edən "Euronews" telekanalının mövqeyi ilə üst-üstə düşür.

Məlumdur ki, xarici siyasətdə çoxvektorluluq texnikası maraqlar balansını idarə etmək və ölkə üçün mühüm, taleyüklü qərarların qəbulu prosesində lazımi məsafə saxlamaq bacarığından ibarətdir. Məsələn, Azərbaycan, assosiativ üzvlük və azad ticarət zonası haqqında Avropa İttifaqı ilə sazişin imzalanmasını sürətləndirməyə başlamadı. Bunun ciddi və tutarlı səbəbləri var və Azərbaycan tərəfi bunu dəfələrlə bildirib. Aİ hələ də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməyib. Azərbaycanın hərtərəfli ölçülüb-biçilmiş xarici siyasət kursu Ukraynada yaranmış və Ermənistanda davam edən dramatik sarsıntılardan yan keçməyə kömək etmişdir.

Azərbaycan və dövrün çağırışları

Azərbaycanın xarici siyasətinin çoxvektorlu olması, əslində, bir çox mənada Dağlıq Qarabağın və onun ətrafındakı rayonların işğalı probleminin həlli məsələsi ilə əlaqəlidir. Müvafiq olaraq, beynəlxalq dəstəyin genişlənməsi, regionda Bakının iqtisadi təsirinin artması, inkişafın başqa əhəmiyyətli nəticələrinin meydana çıxması - bütün bunlar işğal edilmiş ərazilərin azad olunması məsələsindən xeyli dərəcədə asılıdır. Ötən illər ərzində Azərbaycanın xarici siyasətinin uğurları onun regionda və bütün dünyada mövqelərini möhkəmlətmişdir. Azərbaycan regional, qlobal təhlükəsizliyin, həmçinin enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı və sabit tərəfdaş kimi tanınmışdır.

Bütün bu amillər belə güman etməyə əsas verir ki, bu əhəmiyyətli məsələdə tərəfdaş ölkələrin Azərbaycanın ədalətli mövqeyinə göstərdikləri dəstək hesabına Azərbaycan diplomatiya sahəsində əldə etdiyi uğurlarından həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında da istifadə edə bilər. Bu gün Azərbaycan beynəlxalq hüququn suveren və özünəyetərli subyektinə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından aparıcı regional aktora çevrilib. Bunun nəticəsində Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin kimi aparıcı tərəfdaşlar Azərbaycanı dövrün çağırışlarına ciddi reaksiya verən, Avropa ilə Asiya arasında kommunikasiya funksiyasını yerinə yetirən, Cənubi Qafqaz kimi mühüm arealda etibarlılıq zolağı yaradan fəaliyyət qabiliyyətli subyekt kimi qəbul edir.

Regionda Rusiyanın rolu

Öz xarici siyasətində Rusiyanın Cənubi Qafqazda təsirini nəzərə alan Azərbaycan bu ölkə ilə çoxvektorlu münasibətlərin nizamlanmış kompleksinə böyük diqqət və əhəmiyyət verir.

Bununla əlaqədar, professor Novruz Məmmədovun "Xarici siyasət: reallıqlar və gələcəyə baxış" əsərində aparılmış təhlil çox maraqlıdır. Müəllif yazır ki, "Rusiya həm regiona qonşu olan böyük dövlət, həm də qlobal səviyyədə kifayət qədər təsiri olan ölkə qismində Azərbaycanın xarici siyasət kursunda xüsusi yer tutur. Üstəlik, Rusiya coğrafi olaraq məhdud dairədə Qafqaza aid olan ölkədir. Deməli, şimal qonşumuzu xarici siyasətin hər üç səviyyəsində nəzərə almalıyıq". Bundan əlavə, "bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlərdə ciddi problemlər və gərginlik zonaları yoxdur. Buna görə qarşılıqlı marağın sərhədlərinin daxilində əməkdaşlığın intensivləşdirilməsi üçün yaxşı potensial haqqında danışmaq olar. Bizim aramızda tarixi və mədəni əlaqələr yaranmışdır, bu əlaqələr çərçivəsində iki dövlətin əməkdaşlığı dinamik inkişaf edir. Bizim əlaqələrimiz qarşılıqlı hörmətə və qarşılıqlı sərfəli əməkdaşlığa söykənir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir".

Terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə Azərbaycanın və Rusiyanın əməkdaşlığı regionda sabitliyin və təhlükəsizliyin təminatına əhəmiyyətli töhfədir.

Humanitar əlaqələr sürətlə genişlənməkdədir . Mədəniyyət və təhsil sahələrini xüsusi qeyd etmək lazımdır. Ölkələrimiz arasında tələbə mübadiləsi genişlənir, qarşılıqlı səfərlərin intensivliyi artır, Azərbaycan mədəniyyəti fəal təbliğ edilir. Bakıda M.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir, Seçenov adına Moskva Dövlət Tibb Universitetinin filialının açılması planlaşdırılır. Qeyd etmək lazımdır ki, Azərbaycanda 120 minlik, yəni Cənubi Qafqazda ən böyük rus icması var. Bu icmanın üzvləri Azərbaycanın ləyaqətli vətəndaşlarıdır, onlar ölkəmizin inkişafına böyük töhfə verirlər.

Ölkəmiz regionda gərginliyin azaldılması və mehriban qonşuluq şəraiti yaradılması üçün çox böyük səy göstərir. Azərbaycan iqtisadi, siyasi, sosial və mədəni sferalarda Rusiya ilə qarşılıqlı sərfəli əməkdaşlığın daha da inkişaf etdirilməsinin tərəfdarıdır.

Bir faktı qeyd etmək kifayətdir ki, hazırda iki ölkə arasında münasibətlərin müqavilə-hüquqi bazasına yüzdən çox dövlətlərarası, hökumətlərarası və regionlararası saziş daxildir. Daimi siyasi dialoq aparılır, əlaqələr siyasi, iqtisadi və humanitar əməkdaşlığın bir sıra sahələrini əhatə edir.

Bu gün ikitərəfli əlaqələrimiz strateji əməkdaşlıq çərçivəsində inkişaf edir. Ölkələrimiz iqtisadi islahatların və demokratik dəyişikliklərin həyata keçirilməsində bir-birinə kömək edir. Son illərdə ölkələrimiz arasında siyasi əməkdaşlıq nəzərəçarpacaq dərəcədə fəallaşmışdır.

"Bakı ilə Moskva arasında siyasi münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi heç də o demək deyil ki, biz Rusiyanın bütün inteqrasiya layihələrinin iştirakçısı olmağa hazırıq, çünki hələlik buna ehtiyac yoxdur. Bu, rəsmi Bakının dəqiq ifadə edilmiş mövqeyidir və Kremldə bu, adekvat  qəbul edilir. Qarşılıqlı münasibətlərimiz kifayət qədər müxtəlifdir və regional təhlükəsizlik sferası da daxil olmaqla bütün istiqamətlər üzrə əlaqələrimiz inkişaf edir. Deyilənlər  onu göstərir ki, Azərbaycanla Rusiya arasında qarşılıqlı etimad prinsipi üstünlük təşkil edir, bu isə, öz növbəsində, ikitərəfli münasibətlərin çox mühüm elementidir".

Demokratik dəyərləri pozaraq 

Rəsmi Bakı dəfələrlə vurğulayıb ki, o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinin tərəfdarıdır. Azərbaycanın beynəlxalq strukturlarda fəaliyyəti, müxtəlif dövlətlərlə ikitərəfli əlaqələrin inkişafı, ümummilli problemimizin həllinə dəstək axtarışları məhz buna yönəlmişdir. Etiraf etmək lazımdır ki, bu sahədə kifayət qədər sanballı nailiyyətlər əldə edilib. Problemin həllinin hüquqi aspektinin olduğunu hətta bizim opponentlərimiz belə inkar edə bilməzlər. Bu gün BMT, ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən, Ermənistanı işğalçı dövlət kimi tanıyan və erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən çıxarılmasını, həmçinin qaçqınların və məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasını tələb edən qərarlar və qətnamələr qəbul ediblər.

Yaradılmasından 20 ildən artıq vaxt keçən, ABŞ, Fransa və Rusiyanın təmsil olunduğu ATƏT-in Minsk qrupu isə, təəssüf ki, müxtəlif danışıqlar aparmaqdan və bütün məsuliyyəti münaqişə tərəflərinə həvalə etməkdən irəli gedə bilməyib.

Məsələn, böyük təəssüf doğurur ki, ABŞ-da Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndəliyi fəaliyyət göstərir. Düzdür, Vaşinqton bildirir ki, həmin nümayəndəlik yalnız qeyri-rəsmi qurumdur, amma bununla belə, tanınmamış "DQR"-in başçıları bu ölkədə hər il marafon keçirərək, xeyli vəsait toplayırlar. Birləşmiş Ştatlar Dağlıq Qarabağın separatçı rejiminə on milyonlarla dollar həcmində rəsmi və qeyri-rəsmi yardım göstərən yeganə ölkədir. Yeri gəlmişkən, ABŞ-ın hər il Ermənistana kömək üçün ayırdığı vəsait də öz tərəfdaşı hesab etdiyi Azərbaycan üçün ayırdığı vəsaitdən çoxdur. Bu halda biz aparıcı dövlətlərin paytaxtlarından tez-tez ədalət, beynəlxalq hüquq normaları, demokratik dəyərlər, münaqişənin həllinin kompromisli yollarının axtarılması zərurəti barədə təmtəraqlı bəyanatlar eşidirik. Bir tərəfdən, Ukraynanın separatçı regionlarının rəhbərlərinə, onları dəstəkləyən dövlətə qarşı geniş miqyaslı sanksiyalar tətbiq edilir, digər tərəfdən, Dağlıq Qarabağdakı tanınmamış rejimin başçıları özlərini dövlət qurumunun rəhbərləri kimi qələmə verərək çoxsaylı ölkələrə səfər edirlər. Və beynəlxalq hüququn bütün ümumtanınmış normalarını pozaraq, onları müxtəlif rəsmi səviyyələrdə qəbul edirlər. Özü də elə bir vaxtda ki, Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması haqqında elə həmin BMT-nin ən ali strukturunun iyirmi ildən çox bundan əvvəl qəbul etdiyi dörd qətnaməsi hələ də yerinə yetirilmir.

Türkiyə amili: maraqların yaxınlığı, strateji tərəfdaşlıq

Türkiyə amili Azərbaycanın xarici dövlətlərlə qarşılıqlı münasibətlərində mühüm rol oynayır. Bu ölkə özünün bütün fəaliyyəti ilə, beynəlxalq həyatın bir sıra əsas problemləri barədə Azərbaycanın mövqeyini dəstəkləməklə, bizim yaxın müttəfiqimiz və tərəfdaşımız olduğunu sübut edib. Ölkələrimiz arasında siyasi əlaqələr müntəzəm əsasda həyata keçirilir, ticarət-iqtisadi əlaqələr fəal inkişaf edir, hərbi quruculuq və müdafiə sahəsində əlaqələr genişlənir.

Rəsmi Ankaranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına yönəldilmiş səyləri, o cümlədən, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində görülmüş tədbirlər də Azərbaycanın maraqlarının Türkiyə tərəfindən tam anlaşıldığını və ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərir.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyənin "TRT AVAZ" kanalının İctimai Televiziya ilə ortaq yayımlanan "50 dəqiqə" verilişindəki çıxışında deyib: "...bu gün dünyada Azərbaycan və Türkiyə kimi bir-birinə yaxın, dostluq, qardaşlıq, strateji tərəfdaşlıq əlaqələri olan iki dövlət tapmaq mümkün deyil".

Geosiyasət və modernləşmə kursu

Novruz Məmmədov "Xarici siyasət: reallıqlar və gələcəyə baxış" monoqrafiyasında vurğulayır ki, Azərbaycan mədəniyyətlərarası dialoqa xidmət edən tədbirlər keçirərkən, yeni beynəlxalq enerji layihələrini və iqtisadi əməkdaşlıq proqramlarını reallaşdırarkən, bəzi qüvvələr tərəfindən fitnəkar fəaliyyətin güclənməsi halları ilə qarşılaşır. Cəbhə xəttində atəşkəs rejimi pozulur, bir sıra xarici nəşrlərin səhifələrində yalan və təhriflərlə dolu məqalələr dərc edilir, bəzi beynəlxalq strukturlar tərəfindən bizə təzyiq göstərmək cəhdləri olur. Bununla əlaqədar, Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan 90-cı illərdəki ölkə deyil. O güclü, sülhsevər və zəngin dövlətdir. Azərbaycan, Cənubi Qafqaz regionunun aparıcı dövləti olaraq, bundan sonra da ona həvalə edilmiş missiyanı reallaşdıracaq.

Burada Azərbaycanın xarici siyasət kursunun effektivliyinin daha bir mühüm aspektini qeyd etmək lazımdır. Məsələ burasındadır ki, Cənubi Qafqaz kimi mürəkkəb regionda yalnız Azərbaycan yeni geosiyasi reallıqların çağırışlarını nəzərə alaraq tarazlaşdırılmış siyasi kursun sistemli şəkildə həyata keçirilməsi təcrübəsini nümayiş etdirir. Xarici siyasətin bu aspekti ölkəyə etimad və bunun sayəsində qazanılmış beynəlxalq imic nöqteyi-nəzərindən çox əhəmiyyətlidir.

Bu baxımdan, "Xarici siyasət: reallıqlar və gələcəyə baxış" monoqrafiyasının modernləşmə kursunun mərhələləri ilə Azərbaycanın xarici siyasətinin transformasiyasının sıx əlaqədə təhlil edildiyi bölməsi xüsusi maraq doğurur. Məsələnin bu tərəfi nəzəri cəhətdən prinsipial əhəmiyyət kəsb edir, çünki belə yanaşma geosiyasi amillərin cəmiyyətin modernləşdirilməsinə təsirini müəyyən etməyə imkan verir. Azərbaycan regionda sistemli, ardıcıl və çoxvektorlu xarici siyasət xətti yürüdən nümunəvi dövlətə çevrilib. Bu gün məhz həmin amillər Azərbaycanın xarici siyasət xəttinin uzunmüddətli müvəffəqiyyətinə zəmanət verən və regionda onun sabit mövcudluğuna təminat yaradan bünövrəni təşkil edir.

Kamal ADIGÖZƏLOV
Elsevər ABDULLAYEV

 





07.07.2015    çap et  çap et