525.Az

"Literaturnaya qazeta"dan Azərbaycan ədəbiyyatına aid daha bir layihə


 

"Literaturnaya qazeta"dan Azərbaycan ədəbiyyatına aid daha bir layihə <b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu daha bir ilkə imza atıb.

Ədəbiyyat İnstitutu ilə Rusiyada çıxan "Literaturnaya qazeta"nın birgə layihəsi işıq üzü görüb.

Moskvada A3 formatında nəşr olunan "Literaturnaya qazeta"nın budəfəki nömrəsinin (№ 25-26, 24-30 iyun 2015-ci il) dörd səhifəsi başdan-başa Azərbaycan şifahi xalq poeziyasına həsr olunub. Qəzetin səhifələrində şifahi xalq ədəbiyyatının lirik janrlarında olan nümunələrindən çoxsaylı seçmələr verilib.

Bu, "Literaturnaya qazeta"nın Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu ilə birlikdə oxuculara təqdim etdiyi ikinci layihədir. Qəzetin 2015-ci ilin aprel ayında Nizami adına Ədəbiyyat İnstitutu ilə birgə ilk layihəsi Rusiyada yaranan Azərbaycan diaspor ədəbiyyatına həsr edilmişdi. Təkcə Rusiyada deyil, geniş mənada rusdulli beynəlxalq auditoriyada kifayət qədər böyük nüfuza malik olan "Literaturnaya qazeta" postsovet ölkələri arasında ilk dəfədir ki, konkret bir respublikanın Elmlər Akademiyası ilə, həm də ayrıca bir elmi-tədqiqat institutu ilə birlikdə xüsusi layihə - 4 səhifəlik əlavə çap edir. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu ilə "Literaturnaya qazeta"nın xüsusi buraxılışı həm Ədəbiyyat İnstitutunun, həm də bu məşhur qəzetin tarixində ilk və əhəmiyyətli hadisədir.

Akademik İsa Həbibbəylinin ideyası ilə reallaşdırılan layihə "Literaturnaya qazeta"nın "Azərbaycan - Turanın incisi" adlı əlavəsi ilə oxuculara  təqdim olunub. Əlavə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin və yazıçı-ədəbiyyatşünas, Nizami adına Ədəbiyyat İnstitutunun elmlər doktorluğu üzrə doktorantı Abuzər Bağırovun "Poetik folklor irsi: Milli mentalitetin kodu" adlı böyük həcmli məqaləsi ilə açılır.

Məqalədə ümumiyyətlə bədii ədəbiyyatın yaranmasında folklorun rolu, o cümlədən, Azərbaycan şifahi xalq ədəbiyyatının yaranması, tarixi təkamül mərhələləri haqqında ətraflı bəhs olunur. Müəlliflər şifahi xalq ədəbiyyatının janrları, mövzu dairəsi, ideya istiqamətləri barədə oxuculara hərtərəfli məlumat verərək Azərbaycan yazılı ədəbiyyatının yaranıb-formalaşmasında və inkişafında folklorun rolunu ön plana çəkiblər. Xalq ruhunun bədii təqdimində, düşüncə sintezində, milli fikrin formalaşmasında əhəmiyyətli dəyərə malik olan şifahi ədəbiyyatın böyük əhəmiyyət kəsb etdiyi xüsusi olaraq vurğulanan məqalədə dünya xalq şeiri nümunələri ilə müqayisələr aparılaraq Azərbaycan ədəbiyyatının keçdiyi çoxəsrlik inkişaf yoluna nəzər salınır, "Avesta" kitabı, "Kitabi-Dədə Qorqud", "Koroğlu"dastanları, ədəbi istiqamətlər və mərhələlər üzrə bir sıra görkəmli şair və yazıçılarımızın yaradıcılığından söz açılır. Məqalədə Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı kontekstində səciyyələndirilərək həm də uzun əsrlər boyu öz xalqının əsl, dərin və səmimi insani duyğularını, humanizm və sülhpərvər ideyalarını yüksək bədii səviyyədə mənalandıran böyük ədəbiyyat faktı kimi təqdim olunur. Yaxın Şərqin üç əsas ədəbi dilində: ərəb, fars və türk dillərində yaradılan Azərbaycan ədəbiyyatının unikallığı hələ qədim zamanlardan milli xarakteri ifadə etməklə bərabər, başqa dillərə,mədəniyyətlərə dözümlü münasibəti ilə fərqləndiyi də nəzərə çarpdırılır.

"Literaturnaya qazeta"da Azərbaycan poetik folklor nümunələri "Xalq boğçasından ilahi xəzinə" başlığı altında oxuculara çatdırılır. Müxtəlif mövzuları əhatə edən çeşidli bayatılar, laylalar, yanıltmaclar, tapmacalar, mərasim (toy, Novruz və s.) nəğmələri, xalq mahnıları "Literaturnaya qazeta"nın əlavəsində Vladimir Qafarovun, Alla Axundovanın və Tatyana Straşnevanın tərcümələri ilə verilib.

Qəzetin əlavəsində Azərbaycan xalçaları ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, rəssam Fəxrəddin Əlinin çəkdiyi rəsmlər də yer alıb ki, bu da səhifələrin cəlbedici tərtibatını nəzərə çarpdırmaqla yanaşı, layihənin əsas məqsədi olan xalq ruhunun əyani surətdə əks etdirilməsinə xidmət edir.

Özünəməxsus ənənələrə və böyük auditoriyaya məxsus olan "Literaturnaya qazeta"nın Nizami adına Ədəbiyyat İnstitutu ilə birgə layihəsi rusdilli oxucularda Azərbaycanın poetik folklor ədəbiyyatı haqqında geniş və dolğun təsəvvürlərin yaradılmasına imkan verəcəkdir. Bu, müstəqillik dövründə Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda təbliği istiqamətində atılmış ən böyük və əhəmiyyətli addımlardan biridir.

Nizami adına Ədəbiyyat İnstitutunun "Literaturnaya qazeta" ilə birgə layihəsinin davam etdirilməsi, sonrakı əlavələrin klassik və müasir Azərbaycan ədəbiyyatına həsr olunması nəzərdə tutulur. Layihənin koordinatoru filologiya elmləri namizədi Abuzər Bağırov artıq Azərbaycan poeziyasından rus dilinə ən yaxşı tərcümələrin seçilib müəyyənləşdirildiyini bildirir.

"Literaturnaya qazeta"nın Azərbaycan ədəbiyyatına 4 səhifəlik əlavəsi Rusiya ilə ədəbi əlaqələrimizin tarixində də yeni və əlamətdar hadisədir.

Fidan ZAKİRQIZI

 

 





09.07.2015    çap et  çap et