525.Az

Cəbhədəki son hadisələr və Ermənistan cəmiyyətindəki qorxu sindromu


 

Cəbhədəki son hadisələr və Ermənistan cəmiyyətindəki qorxu sindromu<b style="color:red"></b>

Son günlər cəbhə xəttində yenidən düşmən təxribatlarının sayının artması ilə qarşılaşırıq. Pilotsuz uçan aparatlarla mövqelərimiz üzərində kəşfiyyat məlumatları toplamağa çalışan Ermənistan ordusu gözləmədiyi itkilərlə üzləşdi.

Silahlı Qüvvələrimizin sayıqlığı nəticəsində cəbhə xəttində kəşfiyyat uçuşları keçirməyə cəhd edən düşmənin 3 pilotsuz uçan aparatı məhv edildi. Müasir hərbi texnika və silahla təchiz edilmiş ordumuz bir daha sübut etdi ki, düşmənin istənilən təxribatının qarşısını almağa qadirdir. Əlbəttə, olduqca zəifləyən və son bir neçə ildə döyüş qabiliyyətini itirən Ermənistan ordusunun normal şərtlərdə təxribata cəhd etməsi anormal addım kimi qiymətləndirilə bilər. Ancaq indi Ermənistanda daxili ictimia-siyasi vəziyyət o qədər gərginləşib ki, Sərkisyan iqtidarı xalqın etirazlarının qarşısını ala bilmir. Ermənistanın terrorçu rejimi xalqın diqqətini yayındırmaq üçün cəbhədə vəziyyəti gərginləşdirmək və müharibə amilini əsas göstərərək xalqın etirazını başqa istiqamətə yönəltmək istəyir. Qiymətlərin qaldırılmasına etiraz edənlərin aksiyaları davam etdiyi bir vaxtda övladları Qarabağda naməlum səbəblərdən həlak olmuş valideynlər Sərkisyanın iqamətgahı qarşısında toplandılar. Artıq sirr deyil ki, Ermənistan ordusunda baş verənlər cəmiyyətdə böyük narazılığın baş verməsinə səbəb olur. Ermənistan ordusunda “dedovşina”nın geniş yayılması, rüşvətxorluğun yüksək səviyyədə olması, Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasında ədavətin baş qaldırması Sərkisyanın komandanlıq etdiyi ordunun çürüdüyünü göstərir.

Ermənistan mətbuatının yaydığı informasiyalardan görünür ki, düşmən ölkənin ordusu artıq elə həddə çatıb ki, Azərbaycan ordusunun bir hücumu ilə məhv olmaq təhlükəsini yaşayır. Təsəvvür edin ki, hərbi hissələrdə Ermənistan və Qarabağdan olan hərbçilərin birlikdə xidmət etmələri artıq mümkünsüz səviyəyə çatıb. Buna səbəb isə Ermənistan ermənilərinin hər yerdə təhqir olunması, demək olar ki, əksər yuxarı vəzifələrin Qarabağ klanına yaxın olanlara verilməsidir. Ermənistan ordusunda rüşvət və dedovşinanın geniş miqyası, nizamnamə qaydalarına əməl edilməməsi, naməlum səbəblərdən ölüm hallarının artması, vəzifələrə rüşvət və ya şəxsi əlaqələrə görə təyinat, ordunun təminatının aşğı səviyyədə olması, silah-sursat və hərbi texnikanın artıq köhnəlmiş modellərdən təşkil edilməsi və ermənilərin etiraf etdiyi kimi Ermənistan və Qarabağdan olan hərbçilərin bir birlərinə düşmən münasibəti  artıq erməni cəmiyyəti üçün dözülməz həddə çatıb. Ermənistan rəhbərliyi isə bu cinayətlərin qarşısını almaq iqtidarında deyil.  Ermənistan rəhbərliyi əhalinin diqqətini daxili problemlərdən yayındırmaq, özünü xilas etmək üçün cəbhədə təxribatlar əl atmağa çalışır. Sərkisyanın komandası hesab edir ki, cəbhədə vəziyyət nə qədər gərgin olsa, erməni cəmiyyəti o qədər sakitləşəcək. Yəni müharibə təhlükəsi hazırda Sərkisyan üçün xilaskar rolunu oynamaqdadır. Ancaq Ermənistanın real müharibəyə başlamaq istəyi və ya Azərbaycanı müharibəyə təhrik etməsi əksər analitiklərin dediyi kimi mümkün deyil. Çünki Sərkisyan Ermənistan ordusunun gücünü yaxşı bilir. Onlar anlayır ki, əsl müharibəyə başlamaq Ermənistan üçün fəlakət olacaq.

Müharibə təkcə Azərbaycanın işğal altında olan torpaqlarını geri qaytarması ilə nəticələnməyəcək.

Başlayacaq müharibə Sərkisyan komandasının sonu olacaq. Bunun üçün də Ermənistan rəhbərliyi sadəcə təxribatların sayını kritik məqamlarda artıraraq  ölkəni müharibə xofunda saxlamağa və beləliklə də öz hakimiyyətlərini qorumağa çalışırlar. Ancaq son hadisələr Sərkisyanı daha çətin vəziyyətə saldı. Daxili narazılığı yatırmaq üçün cəbhədə təxribata əl atan düşmən nəticədə 3 pilotsuz uçan aparat itirməklə daha pis vəziyyətə düşdü. Bir tərəfdən daxili auditoriya üçün sərt müharibə bəyanatları verən, digər tərəfdə isə beynəlxalq təşkilatlara və böyük ölkələrə Azərbaycanı müharibədən çəkindirmək üçün yalvaran Sərkisyan indi dünyaya pilotsuz aparatlarının Azərbaycan səmasında nə iş gördüyünü izah edə bilməyəcək.  Həmçinin erməni ictimaiyyəti ordularının nə qədər zəif olduğunu bir daha gördü. Onsuz da ümidsiz vəziyyətdə olan ermənilər son dövrdə cəbhədə böyük uğursuzluqla üzləşdiklərinə şahidlik edirlər. Ötən il baş verən hadisələrin bu ilin əvvəlindən başlayaraq ermənilərin cəbhədə ağır itkiləri ilə davam etməsi erməni cəmiyyətinə güclü psixoloji təsir edir. Hər bir erməni daha aydın şəkildə anlayır ki, Azərbaycan qarşısında olduqca zəifdirlər və vəziyyətin daha da gərginləşməsi onlar üçün daha dəhşətli nəticələrlə yekunlaşacaq. 

Bu gün Ermənistan və onun havadarları anlayır ki, Azərbaycan hərb yolu ilə işğal altında olan torpaqlarını geri qaytarmaq əzmindədir. Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyev iyunun 25-də Hərbi Dəniz Qüvvələrinin yeni bazasının açılışı zamanı erməniləri bir daha işğala son qoymağa çağırdı: “Keçən ilin iyul-avqust aylarından bu günə qədər yüzdən çox işğalçı məhv edilib. Bəzi hallarda bizə irad tutulur ki, təmas xəttində gərginlik yaranır, Ermənistan tərəfində çoxsaylı itkilər var. Bizim isə buna cavabımız çox sadədir. Rədd olsunlar bizim torpaqlarımızdan!”.

Regionda cərəyan edən hadisələr, cəbhə xəttində düşmənin itkiləri Ermənistanın artıq ağır vəziyyətdə olduğunu göstərir. Ermənistandan fərqli olaraq Azərbaycan ötən dövrdə daha da güclənib, qüdrətli və müasir hərbi texnika, silahla təchiz edilmiş ordu formalaşdırıb. Azərbaycanın iqtisadi imkanları müasir silahların və hərbi texnikaların alınmasına imkan verir. Dövlətimizin hərbi büdcəsi isə Ermənistanın ümumi büdcəsindən çoxdur. Bu isə hərbi sahəyə daha çox vəsait ayrılmasına imkan verir. Həmçinin Azərbaycan xarici siyasəti ilə də beynəlxalq arenada nüfuz qazanmağa nail olub. Ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan müstəqilliyi üçün təhlükə törədə biləcək prosesləri neytrallaşdıra bilib.

Regionda uzun müddətdir ki davam edən qeyri sabitlik fonunda Azərbaycan daxili sabitliyi qoruyub saxlayıb və bir sıra kriteriyalar üzrə dünyada nümunə hesab olunur. Həmçinin Azərbaycan müasir hərbi sənaye kompleksini yarada bilib. Ölkədə Müdafiə Sənayesi Nazirliyi yaradılıb və çox sayda hərbi məmulatın istehsalı həyata keçirilir.  Son proseslər isə göstərir ki, işğal olunmuş ərazilərimizin azad edilməsi günü yaxınlaşıb. Düşmən bunu sülh yolu ilə etməsə Azərbaycan ordusu asanlıqla bu missiyanı həyata keçirəcək.

Artıq Azərbaycan xalqı əmindir ki, Silahlı Qüvvələrimizin torpaqlarımızı azad edəcəyi gün uzaqda deyil.

 





10.07.2015    çap et  çap et