525.Az

Üzeyir bəy Hacıbəyli böyük maarifçi-pedaqoq və ziyalı kimi


 

Üzeyir bəy Hacıbəyli böyük maarifçi-pedaqoq və ziyalı kimi <b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Bu il sentyabrın 18-də XX əsr Azərbaycan musiqi mədəniyyətinin korifeyi, Vətənimizdə milli dövlətçilik ideyalarının böyük carçısı, dünya şöhrətli musiqişünas alim, ölkəmizin milli təhsil və pedaqoji fikir tarixinə şanlı səhifələr yazmış maarifçi-pedaqoq, tanınmış ədib, bənzərsiz publisist və dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin (1885-1948) anadan olmasının 130 illiyi tamam olur.

Məlumdur ki, həmin tarixi gün Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 1995-ci il tarixli “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” Fərmanı ilə hər il ölkə miqyasında dövlət səviyyəsində “Üzeyir Musiqi Günü” kimi təntənəli şəkildə qeyd edilir. Bu il 20 ili tamam olacaq bu tədbir artıq xalqımızın qan yaddaşında Milli Musiqi Bayramı kimi öz layiqli yerini tutub, dahi Üzeyir bəy Hacıbəyli fenomeninə millətin sonsuz hörmət, ehtiram və əbədi məhəbbətinin simvoluna çevrilib.

Hesab edirəm ki, dahi Üzeyir bəy Hacıbəylinin anadan olmasının 130 illiyi ərəfəsində bu böyük maarifçinin Azərbaycanın məktəb və pedaqoji fikir tarixində, xalqımızın milli oyanışı, özünüdərki və dirçəlişində, milli maarifçilik hərəkatının imkişafında, mətbuat və mədəniyyətimizin tərəqqisi yolunda, nəhayət, ölkəmizdə musiqi təhsili və musiqişünaslıq elminin formalaşmasında təmənnasız xidmətlərinin müstəqil milli dövlətçilik düşüncəsi kontekstində yenidən dəyərləndirilməsinin Azərbaycanın bu müstəsna zəka sahibinin zəngin irsinin dərindən tədqiqi və təbliğində müəyyən rolu vardır.

22 yaşlı gənc Üzeyir bəy Hacıbəylinin musiqi yaradıcılığı sahəsində ilk ən böyük uğuru 1908-ci il yanvarın 25-də Bakıda böyük mesenat-maarifçi Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası olub ki, bununla təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində və türk dünyasında muğam opera sənətinin əsası qoyulub. Əsərin librettosunu böyük Azərbaycan şairi M.Füzulinin eyni adlı əsəri əsasında Üzeyir bəy özü yazıb. Belə bir operanın yazılması haqqında ilk təklifin nitqi tutulduqdan sonra əl işarələri ilə “danışan” Həsən bəy Zərdabidən gəldiyi və bu təklifin reallaşmasına dair məşhur pedaqoq Fərhad Ağazadənin Üzeyir bəyə dəfələrlə xahişləri haqqında ədəbiyyatda geniş məlumatlar vardır. Bu da tarixi faktdır ki, operanın ilk tamaşasının bədii tərtibatını məşhur fikir və əməl adamı Əli bəy Hüseynzadə vermişdir. Həmin operanın onilliyi münasibətilə görkəmli maarifçi Azad Əmirovun keçmiş tələbə yoldaşı Üzeyir bəyə 1918-ci ildə yazdığı məktubda operanın Azərbaycan tarixindəki rolunu böyük uzaqgörənliklə bu cür dəyərləndirmişdir: “Vaxt gələcək, tarix, yalnız ədalətli tarix özünün ehtiyatlı əli ilə öz səhifələrində müsəlman həyatındakı bu misilsiz, müstəsna hadisəni qızıl hərflərlə yazacaq və sənin, əziz Üzeyir, əzabkeş millətinin fərəhsiz həyatına çox zəngin xəzinə, nadir inci kimi bəxş etdiyin bu gözəl, ilahiləşdirilmiş cərəyanı (muğam operası) xüsusi qeyd edəcəkdir”.

Tarix və zaman bu həqiqəti bir daha təsdiq etdi. Üzeyir bəy 1909-15-ci illərdə bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşudbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla” kimi muğam operalarını da yaratdı. Lakin bu illərdə bu operalara birmənalı münasibət olmadı. Yersiz tənqidlərin, təhqirlərin olmasına baxmayaraq, Üzeyir bəy öz müqəddəs yolundan dönmədi.

Üzeyir bəy opera sahəsində olduğu kimi, dramaturgiya sahəsində də böyük uğurlara imza atdı. O, “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” əsərləri ilə ədəbiyyatımızda musiqili komediya janrının təməlini qoydu.

Xüsusi musiqi təhsili almayan Üzeyir bəy 1912-ci ildə bu sahədə biliyini artırmaq və təkmilləşdirmək üçün Moskvaya getmiş, orada Filarmonik Cəmiyyətin musiqi kurslarında təhsilini artırmışdır. Moskvaya gedərkən əsərlərinin səhnəyə qoyulmaq hüququnu “Nicat” cəmiyyətinə həvalə etmək haqqında müqavilə bağlamış, cəmiyyət isə ona təhsil aldığı müddətdə təqaüd verəcəyini öhdəsinə götürmüşdü. Lakin cəmiyyət bu öhdəliyi pozmuş və ona yardımı vaxtında göndərməmişdi. Həmin dövrdə Avropa ölkələrindən səfərdən qayıdan Cabbar Qaryağdıoğlu Moskvada bir neçə konsert vermiş, toplanan vəsaiti təhsilini davam etdirmək istəyən Üzeyir bəyə çatdırdığı haqda məlumatlar vardır. Buna görə də Üzeyir bəy maddi imkansızlıq üzündən təhsilini yarımçıq qoyaraq Bakıya qayıtmışdır. 1913-cü ildə Üzeyir bəy Hacıbəyli musiqi təhsilini artırmaq və təkmilləşdirmək üçün yenidən Sankt- Peterburqa getmiş, Konservatoriyaya daxil olmuş, lakin az sonra I Dünya Müharibəsinin başlanması və maddi çətinliklər burada da ona təhsilini başa çatdırmağa imkan verməmişdir...

28 may 1918-ci ildə Azərbaycan Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsi qəbul ediləndə Üzeyir bəy Bakıda deyildi. O həmin il ermənilər tərəfindən törədilən mart qırğınlarından qorunmaq üçün Cənubi Azərbaycana məcburi mühacirət etmişdi. Onunla birgə olmuş Mirzağa Əliyevin xatirələrindən öyrənirik ki, hələ 1914-cü ildə yaradılmış “Hacıbəyov Qardaşlarının Opera-Operetta Artistləri Dəstəsi” ilə Rəşt və Ənzəlidə tamaşalar göstərmək üçün Bakını tərk etmişdilər. Azərbaycanda Xalq Cümhuriyyətinin qurulması xəbərini orada eşidən və bu hadisəni böyük sevinclə qarşılayan Üzeyir bəy həmin ilin oktyabrında Bakıya qayıtdıqdan sonra Milli Hökumətin “Azərbaycan” qəzetində (rusca) “İran məktubları” adlı silsilə məqalələri çap olunmuşdur. Üzeyir bəy Milli Hökumətə müraciət edərək ona hər cür yardım göstərməyə, əməkdaşlıq etməyə, dövlət quruculuğunda iştirak etməyə hazır olduğunu bildirmişdi. Təklif Hökumət tərəfindən mənmuniyyətlə qəbul edilmişdi...

Üzeyir bəy 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetində fəaliyyət göstərmişdir. Qəzetin 1919-cu il yanvarın 16-da buraxılmış 89-cu sayından başlayaraq, Parlamentin qərarı ilə Paris Sülh Konfransına göndərilən kiçik qardaşı Ceyhun bəyin əvəzinə, qəzetə müvəqqəti redaktor (müdir) təyin olunmuş və 1920-ci il aprelin 27-sinə kimi, yəni Cümhuriyyət süqut edənədək həmin qəzeti redaktə etmişdir.O, qəzetə redaktorluq edərək onun ideya istiqamətini müəyyənləşdirmiş, qəzetdə çap olunan çoxsaylı yazıları ilə siyasi publisistikanın parlaq nümunələrini yaratmış, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə yardım etmiş, Cümhuriyyətin tarixinə özünün şərəfli adını əbədi həkk etdirməyə nail olmuşdur. Üzeyir bəy bu dövrdəki ictimai-siyasi fəaliyyətinə görə Cümhuriyyət qurucuları arasında öncül yerlərdən birini tutur. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, “1918-1920-ci illərdə, ağır bir dövrdə - Azərbaycanın ilk respublikasının fəaliyyət göstərdiyi dövrdə Üzeyir Hacıbəylinin yaradıcılığı əvəzsizdir...”

Onun “Azərbaycan” qəzetindəki son yazısı 1920-ci il aprelin 25-də, sonuncu 82-ci sayında, yəni işğaldan iki gün əvvəl çap edilmişdir. Orada deyilirdi: “Mən demirəm ki, Nikolay höküməti ilə Lenin hökuməti arasında fərq yoxdur, xeyr! Təfavüt vardır və özü də bundan ibarətdir ki, nikolaylar və generallar hökuməti bizə həmişə “isvoloç” deyib atamıza söyərdilər, mujik və raboçi hökuməti məşhur rus söyüşü ilə anamıza söyəcəkdir...”

Sovet Rusiyasının 1920-ci il 27 aprel çevrilişindən sonra dərin sarsıntılar keçirən Üzeyir bəy Sovet terror maşınının təzyiq və təhdidləri ilə üzləşsə də, doğma vətənini tərk etməmişdir. İşğaldan az sonra Azərbaycan xalqının cəlladları olan pankratovların, mikoyanların rəhbərliyi və sapı özümüzdən olan manqurtların dəstəyi ilə bir neçə gün əvvəl “Azərbaycan” qəzetində Sovet hökumətinin mahiyyətini məsxərəyə qoyan, “Müsavat” partiyasının üzvü Üzeyir bəyin də tutulub güllələnməsi haqqında sənədlər hazırlanmış, ittihamnamədə yuxarıdakı felyetondakı tənqid cinayət faktı kimi vurğulanmışdı. Nə yaxşı ki, böyük milli faciəyə yol açan bu cinayətin qarşısını o zaman Nəriman Nərimanov vaxtında ala bilmişdi... Yeri gəlmişkən qeyd edək ki, Nəriman Nərimanov Azərbaycan ziyalılarının və Xalq Cümhuriyyətinin qurucularının kökünü kəsməyi qarşılarına məqsəd qoymuş həmin cəlladların bir çox cinayətkar planlarının da qarşısını almış, onların vətəndən uzaqlaşmasına şərait yaratmışdı...

Kommunist rejiminin “qırmızı” terrorundan yaxa qurtaran Üzeyir bəy Nəriman Nərimanovun dəstəyi ilə Sovet Azərbaycanının Xalq Maarifi Komissarlığı yanında İncəsənət İdarəsinin musiqi şöbəsinə rəhbər təyin edilir. Çox maraqlıdır ki, 27 aprel çevrilişindən bir neçə gün sonra teatrda Üzeyir bəyin “O olmasın, bu olsun” əsəri səhnəyə qoyulmuşdu. Görünür, bolşeviklər Üzeyirsiz ötüşə bilməmişdilər. Bəlkə çoxları bilmir ki, bir il sonra (1921) isə böyük şairimiz M.Ə.Sabirə Bakıda heykəl qoymaq məsələsi ortaya çıxanda maddi vəsait üçün Üzeyir bəyin əsərlərinə üz tutulmuş, bolşeviklər onun əsərlərini tamaşaya qoyaraq ianə toplamaq yolu ilə böyük şairə paytaxtımızda heykəl qoydurmuşdular. Görünür, bolşeviklər belə bir həqiqəti də anlamışdılar ki, cəmiyyət dahilərsiz keçinə bilməz...

1920-ci illər Üzeyir bəyin həyat və fəaliyyətində “ağır illər” olsa da, bu dövr Azərbaycanda musiqi quruculuğunda “təşkilatçılıq” illəri kimi xarakterizə olunur. Nə yaxşı ki, bu təşkilatı işlərə Üzeyir bəy başçılıq edirdi. Onun təklif və layihələri əsasında Azərbaycan Dövlət Konservatoriyası, Dövlət Türk Musiqi Məktəbi, çoxsaylı musiqi məktəbləri yaradılır. 1926-cı ildə Dövlət Konservatoriyası ilə Dövlət Türk Musiqi Məktəbi birləşdirilir. 1933-34 -cü tədris ilində Dövlət Konservatoriyası nəzdində “xüsusi istedadlı uşaqlar qrupu” yaradılır. Az müddətdən sonra həmin “qrup” onillik orta ixtisas musiqi məktəbinə çevrilir. Bu məktəbin əsas missiyası (hazırda Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) Konservatoriya üçün musiqi kadrları hazırlayan əsas baza təhsil müəssisəsi olmuşdu...

1920-ci illərdə Üzeyir bəyin musiqi təhsili quruculuğu işində aparıcı mövqeyi və nüfuzu ona qarşı hücumlara “rəvac verir”, onun əsərlərinin təftişinə başlanılır. İş o həddə çatır ki, erməni əsilli kamançaçı Saşa Oqenazaşvili (Oqanezov) Üzeyir bəyi “Azərbaycan musiqisinin inkişafı üçün çalışmamaqda” ittiham edir. Dünyanın qəribə paradoksları var. Gəlmə bir erməni bu musiqinin ölməz nümunələrini yaratmış Üzeyir bəyi Azərbaycan musiqisinə xidmət etməməkdə “ittiham” edirdi!...

Bu illərdə Üzeyir bəy təkcə “gəlmələrdən” deyil, sapı özümüzdən olan, milli ruhdan uzaq, nihilist komissarlardan, milli manqurtlarımızdan da çoxlu tənələr, tənqidlər, təhdidlər və təhqirlər eşitməli olmuşdu. Xüsusən, xalq maarif komissarı Mustafa Quliyev və müxtəlif adlarla mətbuatda çıxış edən “musiqi tənqidçiləri”ndən bu illərdə geniş müzakirə olunan muğam operası ilə bağlı ona qarşı yersiz tənqidlərə Üzeyir bəy dəfələrlə cavab vermək məcburiyyətində qalmışdı. Bir çox hallarda bu işdə məsləkdaşı, dostu və bacanağı Müslüm Maqomayev də Üzeyir bəyə yardımçı olmuşdu... Lakin bu “müzakirələr” tezliklə musiqi quruculuğunda Üzeyir bəy yolunun düzgünlüyünü sübut etdi.

(Ardı var)

ƏSGƏR QULİYEV
Təhsil Nazirliyi Tədris Resursları şöbəsinin müdir müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent

 





11.07.2015    çap et  çap et