525.Az

Aydın Canıyevdən “Sözün sağlığına”


 

Aydın Canıyevdən “Sözün sağlığına”<b style="color:red"></b>

Aydın Canıyevin imzası bədii və siyasi publisistikadan oxuculara yaxşı tanışdır. Bugünlərdə isə publisistin “Sözün sağlığına” adlı ilk kitabı işıq üzü görüb.

Kitabda müəllifin əsasən 2009 və 2010-cu illərdə lent.az və 2013-cü ilin sonlarında isə tezxeber.com portallarında yayımlanan, müxtəlif illərdə “Xural”, “Proloq”, “Ədalət”, “Geopolitika XXI əsr”, eləcə də digər qəzetlərdə dərc olunmuş ədəbi-bədii yaradıcılıq nümunələri- hekayə, şeir, esse, etüd, söhbət-müsahibələr, ədəbi və siyasi, eyni zamanda mədəniyyət və incəsənət korifeyləri və həmkarları haqqında portret yazıları yer alıb.

Səhər Əhməd “Sözün sağlığına” “Əclafcasına səmimi” önsöz yazıb: “...Əminəm, bu imzayla tanış olan sadə oxucuları da, sənətin bütün incəliklərini bilən yazıçıları da eyni fikir birləşdirir: “Gözəl yazır”. Biz yaşlandıqca, nə istədiyimizi bildikcə, hədəfimizə doğru daha kəsə getməyi bacardıqca, özümüzü azadlıqdan daha çox məhrum etdikcə içimizdə bir uşaq öldürdüyümüzün fərqində deyilik. Amma nə qədər “doymuş məhlul” olsaq da, nə qədər münsiflər heyətində otursaq da, həmişə bizi silkələyən təmiz bir uşaq səsinə ehtiyacımız var. Hər sözün düzünü deməyi ar bilməyən, “kral lütdür” deyə qışqıran uşaq cəsarətinə. Ona görə ətrafımızda az-az tapılan, hələ də içindəki uşağa qıymamış adamları görəndə silkələnirik, qulaqların pasını təmizləyən bir səs eşitmiş kimi diksinirik.

Aydın Canıyevin bu - hələlik yeganə kitabını “top on” adlandırmaq olar. Kitab on onluqdan ibarətdir və hər onluqda ayrı janrlar verilib... Nə yazıçılıq, nə şairlik iddiası olmasa da, müəllif bu on şeirdə şair, on hekayədə yazıçı, on essedə esseistdi. Hətta müsahibələrində belə öz üslubunu nümayiş etdirən, bədii publisistikanın haqqını verən qələm adamı. O yazar ki, bütün təbliğ və tənqid etdiklərinin, dostların və düşmənlərin, zalda və kürsüdə oturanların qarşısına, çoxlarının layiq olub-olmadan at oynatdığı ədəbiyyat meydanına “Sözün sağlığına” adlı kitabıyla çıxır”. Önsöz müəllifi öz yazısını ənənəvi resenziyadan daha çox, səmimi bir həmkar sözü kimi səciyyələndirib və Aydın Canıyevin bu kitabı haqqında əsl sözü oxucuların deyəcəyinə əminliyini ifadə edib.  

Kitabdakı yazılar “Onluq”larda toplanıb. “Hekayə onluğu”nda “Mardəm boto, Yesenya”, “Güllə yerindən öpən qatil”, “Sokaklar çocuğu”, “Mənim sonuncu əclaflığım”, “Ruh əkizi” kimi hekayələri toplanıb.

“Allah ol, mən elçiyəm”, “Gedənlərim uzaq mənə”, “Sevir-sevmir”, “Ona söz demək olmur”, “Sevgimizin leksikası” və digər şeirləri isə kitabın “Şeir onluğu”nda yer alıb.

“Esse onluğu”na isə müəllifin maraq doğuran “Əsarətdən qurtulmağın kodu”, “Hesabı...məndən!”, “Pozulmuş şəhər”, “Toy müğənnisi”, “Ruhlar görüşən yerdə”,  “Qurban olum...o gözlərə” və başqa esseləri daxil edilib.

“Etüd onluğu”nda “Atasının qızı”, “Kursant məhəbbəti”, “Pislikləri yaradan şeytan”, “Fat-Mah-Yasir Ərəfat” üslubunda yazılar yer alıb.

Kitabın “Deyim onluğu”nda A. Canıyevin Vaqif Bayatlı, Hüseynbala Mirələmov, Aqil Abbas, Rəşad Məcid, Qulu Ağsəs və başqa ədiblərlə söhbəti təqdim edilib.

“Sözün Bəxtiyarı”, “Sizsiz”, “Patriarxın yetmişi”, “Sözün əziz sahibi”, “Gecələrimizin dolusu-”Dolu”, “Tanrının Səhəri”, “Bircə şeirin şairi, amma...” adlı rəy və resenziyaları “Ədəbi onluq”da verilib.

“Musiqili onluq” başlığında isə tanınmış ifaçılar - Ququş, Flora Kərimova, Müslüm Maqomayev, Alim Qasımov, Əli Salahlı, Ələkbər Hüseynov, Fərqanə Qasımova və Rövşən Behcətə həsr olunmuş yazılar toplanıb.

Milli mətbuatımızın tanınmış simaları - Şakir Yaqubov, Mir Şahin, İsmayıl Ömərov, Əvəz Zeynallı, Rey Kərimoğlu, Elmar Hüseynov, İlqar Həsənov, Züleyxa Nadir, Anar Yusifoğlu haqqında qələmə alınan yazılar isə “Publisistik onluq”da öz əksini tapıb.

Kitabın “Qızıl əsr”, “Siyasi onluq” kimi bölümləri də maraq doğurur.

S.MÜRVƏTQIZI

 

 





11.07.2015    çap et  çap et