Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) vaxtaşırı xarici qurumlarda, ali məktəblərdə, media orqanlarında, bələdiyyələrdə, qeyri-hökumət təşkilatlarında Azərbaycan multikulturalizmi və tolerantlığı ənənələri haqqında məlumat vermək məqsədilə müxtəlif silsilə tədbirlər keçirir.
Bu tədbirlər sırasına dəyirmi masaları, konfransları, simpoziumları, seminarları aid etmək olar. İyunun 29-30-da Almaniyanın Bavariya vilayətinin Auqsburq şəhərində keçirilən “Auqsburqda dini etiqad azadlığı və Azərbaycan multikulturalizmi” mövzusunda kollokvium bu sıradan növbəti tədbir idi. Auqsburq şəhər meriyasının tarixi Rokoko zalında keçirilən tədbir BBMM-in təşəbbüsü ilə Bakı Slavyan Universiteti (BSU) və Auqsburq Universiteti tərəfindən təşkil edilib. Bu kollokvium Auqsburq universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi üzrə unikal layihədə bir növ ilk addım məqsədi daşıyıb. Auqsburq Universiteti bu fənni öz akademik kurrikulumuna daxil etmiş sayca səkkizinci ali məktəb olacaq.
Tədbiri Auqsburq Universitetinin professoru Klaus Volf açaraq bildirib ki, multikulturalizm mövzusu yeni və eyni zamanda təkcə region üçün deyil, Avropa İttifaqı üçün də aktualdır.
Auqsburq Universitetinin rektoru, professor Sabina Dörinq-Mantoyfel çıxışında konfrans iştirakçılarını, xüsusən, azərbaycanlı alimləri salamlayaraq iki universitet və BBMM arasında əməkdaşlıqdan məmnun olduğunu bildirib: “Universitetin təhsil proqramına daxil olan yeni fənn stereotiplərin hansı şəraitdə yaranmasını və Azərbaycanın təcrübəsi nəzərə alınmaqla çoxmillətli dövlətlər şəraitində həmin stereotipləri aradan qaldırmağın uğurlu yollarını anlamağa kömək edəcək”.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Azərbaycanın multikulturalizm təcrübəsi haqqında ətraflı məruzə ilə çıxış edib. Akademik gənc, müstəqil, lakin eyni zamanda qədim tarixə malik olan Azərbaycan dövlətinin bu sahədə qazandığı nailiyyətlər və dövlət başçısı, Prezident İlham Əliyevin bu məsələyə böyük diqqət yetirməsi barədə məlumat verib. Dövlət müşaviri Litva, Gürcüstan, Rusiya, Bolqarıstan, Çexiya, İtaliya və Belarus universitetlərində bu fənnin tədris olunduğunu qeyd edib və yeni semestrdən etibarən Azərbaycan multikulturalizminin Auqsburq universitetində və Avropanın bəzi başqa universitetlərində də tədris
ediləcəyini diqqətə çatdırıb.
Professor Klaus Volf tədbirin iclasları arasında fasilədə verdiyi müsahibədə qeyd edib ki, kollokviumun vəzifəsi Bakı Slavyan Universiteti ilə Auqsburq Universiteti, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi arasında əməkdaşlığın fəal mərhələsinə başlamaqdır: “Bu kollokvium Auqsburqda dini dözümlülük və Azərbaycanda multikulturalizm məsələlərini müqayisəli şəkildə öyrənir. İlk dəfədir ki, bu cür maraqlı sosioloji paralel aparılır və təhlil edilir. Ona görə də kollokvium böyük maraq doğurur”.
Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşı Ramin Mirzəyev, Auqsburq meriyasının mədəniyyət məsələləri üzrə dövlət naziri Tomas Vaytsel, Auqsburq Universitetinin professorları Alfred Vildfoyar, Henninq Rozenau, Günter Kronenbitter, Volfqanq Veber, Yorq Ernesti, BBMM-in icraçı direktoru Azad Məmmədov, Bakı Slavyan Universitetinin Germanistika İnstitutunun kafedra müdiri Sevinc Rzayeva və başqaları məruzələrlə çıxış ediblər.
Kollokviumun ikinci günü Auqsburq Universitetinin binasında keçirilib. Tədbir iştirakçıları arasında maraqlı diskussiya olub. Bütövlükdə Almaniyanın bu şəhərinin akademik dairələri kollokviumu böyük maraqla qarşılayıblar. Çıxışlarda vurğulanıb ki, Auqsburqda davam etdirilən layihənin də Avropanın digər yeddi universitetindəki kimi uğurlu olacağı gözlənilir.
Kollokviumun məhz Bavariya kimi müxtəlif mədəniyyətlərin, dinlərin və etnosların birgə dinc yanaşı yaşaması sahəsində zəngin təcrübəyə malik federal əyalətdə keçirilməsi də əlamətdar hadisədir. Almaniyalı alimlər qeyd ediblər ki, Azərbaycan kimi polietnik mühitdə cərəyan edən daxili ideoloji prosesləri daha dərindən anlamaqda Azərbaycanın təcrübəsi onlara kömək edir. Almaniyalı tərəfdaşlar bu baxımdan Azərbaycanla əməkdaşlığın onlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini dilə gətiriblər.
lll
Bugünlərdə BBMM-in icraçı direktoru, professor Azad Məmmədovla görüşüb həm səfər təəssüratları ilə tanış olduq, həm də kollokviumun nəticələri ilə bağlı suallarımızı ünvanladıq. A.Məmmədov bildirdi ki, Auqsburq Universiteti ilə mərkəzin ənənəvi əməkdaşlıq münasibətləri var: “Yəqin ki, gələn tədris ilindən Auqsburq Universitetində Azərbaycan multikulturalizmi fənni tədris olunacaq. Eyni zamanda bu kollokviumu həmin fənnin tədrisinə hazırlıq prosesi kimi qiymətləndirmək olar. Kollokviumda Dövlət müşaviri, akademik Kamal Abdulla əsas məruzəçi idi. Çıxış Azərbaycan multikulturalizminə və ümumilikdə multikulturalizm konsepsiyasının ölkənin, dövlətin təhlükəsizliyinin təmin olunmasında roluna həsr olunmuşdu. Kollokviumun birinci günü Bakı Slavyan Univertsitetinin Germanistika İnstitutunun kafedra müdiri Sevinc Rzayeva da Azərbaycan multikulturalizmi fənni haqqında çıxış edib. Çıxışda həmin fənnin tələbələrə hansı bilikləri qazandıracağı, fənnin mənimsənilməsi nəticəsində məzunların nəyə nail olacaqları, Azərbaycan multikulturalizminin strukturu haqqında məlumat öz əksini tapmışdı”.
İcraçı direktorun bildirdiyinə görə, kollokviumun Auqsburqda təşkili təsadüfi deyil: “Auqsburq şəhəri daha çox tolerantlıq və multikulturalizm ənənələri ilə yadda qalan simvolik şəhərdir.
Kollokviumun ikinci günü A. Məmmədov Mərkəz haqqında çıxışı tədbir iştirakçılarının diqqətinə çatdırıb: “ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Prezident İlham Əliyevin 2014-cü il 15 may tarixli Fərmanı ilə təsis edilib. Bu addım bizim liderimizin Azərbaycanda multikulturalizm ruhuna sədaqətini bir daha nümayiş etdirdi. Multikulturalizmin həm də öz tarixi kökləri vardır. Bizim milli liderimiz Heydər Əliyevin siyasi gücü ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrinin bərpa edilməsini təmin edib. Heydər Əliyevin müdrik siyasəti sayəsində bu ənənələrin qorunması bizim ölkəmizdə prioritetlərdən biri olub”.
A. Məmmədov çıxışında xüsusilə vurğulayıb ki, Heydər Əliyev multikulturalizm siyasətini ölkənin demokratik inkişafının ayrılmaz tərkib hissəsi hesab edirdi: “O, etnik azlıqların hüquq və azadlıqlarının, onların etnomədəni və dini dəyərlərinin qorunmasını insan hüquqları və əsas azadlıqları çərçivəsində nəzərdən keçirirdi. Bu gün Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönəldilmiş bu siyasəti uğurla inkişaf etdirir. Multikulturalizmin bizim dövlət siyasəti və həyat tərzimiz olduğunu nəzərə alaraq, İlham Əliyev bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verir”.
İcraçı direktor çıxışında Heydər Əliyev Fondunun da həmçinin bizim multikulturalizm və tolerantlıq ənənələrimizin beynəlxalq arenada təbliğinə böyük töhfə verdiyini, Fondun Azərbaycan multikulturalizminin bizim ölkəmizin hüdudlarından çox uzaqlarda təbliğatı üçün yeni perspektivlər açan çox vacib layihələr həyata keçirdiyini vurğulayıb: “Bu inkişaf sayəsində dünyada heç kəs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təsis edilməsi faktına təəccüb etməyib. Özünün çoxəsrlik tolerantlıq və multikulturalizm ənənələri olan Azərbaycan xalqının bu cür təşkilatı açmasına mənəvi hüququ var. Biz əminik ki, Azərbaycan uğurlu multikulturalizm siyasətinin aparılmasına parlaq nümunədir və biz öz təcrübəmizlə dünya ictimaiyyəti ilə bölüşməyə hazırıq”. İcraçı direktor kollokviumda Mərkəzin fəaliyyətinin iki istiqaməti barəsində söz açıb: “Birinci istiqamət - multikulturalizmin fənlərarası perspektivlik nöqteyi-nəzərindən öyrənilməsi ilə bağlı tədqiqat işlərinin aparılmasıdır. Beləliklə, biz Azərbaycanda multikulturalizm ənənələrinin və dünyada multikulturalizm təcrübəsinin müntəzəm surətdə tədqiqini təşkil etmək niyyətindəyik.
Yuxarıda qeyd edilən məqsədlərin həyata keçirilməsi üçün Mərkəz elmi konfransların, seminarların, dəyirmi masaların keçirilməsini, həmçinin kitab və monoqrafiyaların dərc edilməsini planlaşdırır. Bizim gələcək layihələrimizdən biri də multikulturalizm jurnalının nəşr edilməsidir. Mərkəz həm də universitetlərdə multikulturalizm kursları təşkil edir. Hazırda biz bu sahədə Bakının ali təhsil ocaqları ilə əməkdaşlıq edirik.
Tələbələrin tədris proqramına “Azərbaycan Multikulturalizmi” fənninin daxil edilməsi xarici ali təhsil ocaqları ilə də müzakirə edilmişdir. Bizim fəaliyyətimizin ikinci istiqaməti - Azərbaycanda etnik və dini icmaların nümayəndələrinin mədəni irsinin qorunub saxlanılması və yeridilməsi məqsədilə layihələrin həyata keçirilməsidir. Mərkəz mahnı müsabiqələri, konsertlər, festivallar, xeyriyyə tədbirlərinin keçirilməsi, həmçinin təsviri və tətbiqi incəsənət sərgilərinin təşkili kimi müxtəlif milli və beynəlxalq layihələri həyata keçirəcək”.
lll
Məlum səfər və kollokviumla bağlı fikirlərini öyrəndiyimiz Bakı Slavyan Universitetinin Germanistika İnstitutunun kafedra müdiri Sevinc Rzayeva Almaniyadan zəngin təəssüratlarla ayrıldığını qeyd edib. S. Rzayeva kollokviumdakı çıxışlardan sonra universitetin professorlarının Azərbaycan multikulturalizmi fənninin tədrisi nəticəsində tələbələrin hansı biliyi əldə edəcəkləri ilə maraqlandıqlarını diqqətə çatdırıb: “Professorlara izah etməyə çalışdıq ki, bu fənn o mənada mühümdür ki, Azərbaycan multikulturalizmi modeli digər modellərdən əsaslı şəkildə fərqlənir. Bizim multikulturalizm modeli daha uğurludur. Bizim model əsrlər boyu tarixi təcrübədən keçib. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan multikulturalizmi yeni bir çalar əldə edib. Ona görə də biz təsadüfi olaraq hesab etmirik ki, Azərbaycan multikulturalizminin siyasi və hüquqi banisi ümummilli lider Heydər Əliyevdir. Biz kollokviumda tədbir iştirakçılarına sübut etməyə çalışdıq ki, Azərbaycan multikulturalizmi modelini öyrənməyə dəyər. Və bu modeldən istifadə edərək digər modellərdə olan boşluqları da doldurmaq olar”.
S.MÜRVƏTQIZI
çap et