Bu gün Dilqəm Əsgərovla Şahbaz Quliyevin girov götürülməsi, Həsən Həsənovun qətlə yetirilməsinin 1 ili tamam olur.
Keçən ilin iyulun 11-i işğal altında olan Kəlbəcərə öz doğmalarının qəbirlərini ziyarət etmək üçün səfər edən soydaşlarımız erməni hərbçiləri tərəfindən saxlanılıblar. H.Həsənovu öldürən ermənilər digər iki azərbaycanlını girov götürərək üzərlərində qondarma məhkəmə işi aparıblar. Təəssüf doğuran məqam odur ki, bütün bunlara görə Ermənistan beynəlxalq birlik tərəfindən ciddi şəkildə tənqidə məruz qalmayıb. Azərbaycanda insan haqlarının pozulduğunu iddia edən, dövlətimizə qarşı qərəzli mövqe ortaya qoyan Qərb və Amerika dairələri nədənsə soydaşlarımızın pozulan hüquqlarını bərpa etmək üçün heç bir addım atmayıblar. Bunun əvəzində sanki heç nə baş verməmiş kimi separatçı rejimin lideri Bako Saakyan sərbəst şəkildə xarici ölkələrə - ABŞ-a, Fransaya, sonuncu dəfə isə Böyük Britaniyaya səfər edir, hökumət və dövlət nümayəndələri ilə görüşlər keçirməyə müvəffəq olur. Bu açıq-aşkar Qərbin Azərbaycana qarşı tətbiq etdiyi ikili standartlardan xəbər verir. Dövrün reallığı odur ki, bu dövlətlər müəyyən maraqlar naminə beynəlxalq hüququn ziddinə getməyi, onu kobud şəkildə pozmağı yaxşı bacarırlar.
Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni hesab edir ki, Azərbaycan dövləti, media və Qeyri-Hökumət Təşkilatları bütün imkanlarından istifadə edərək girovların qaytarılması istiqamətində lazımi işlər görür: “Biz dünya ictimaiyyətini bu məsələ barədə daha çox məlumatlandırmalıyıq. Erməni girovluğunda olan soydaşlarımız orada əzab çəkirlər. Dilqəm Əsgərov işgəncələrə məruz qalmalarına baxmayaraq əfv ərizəsini imzalamaqdan imtina edib. Bu da onun igidliyi, qəhrəmanlığı, vətənpərvərliyindən xəbər verir. Biz bunu yüksək qiymətləndiririk. Öz dədə-babalarının qəbrlərinin ziyarət etmək üçün doğma Kəlbəcər torpağına gedən soydaşlarımızın ədalətsiz şəkildə mühakimə edilməsi, onlara qarşı qanunsuz “hökm” oxunmasının nəticələri mütləq aradan qaldırılmalıdır.
Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Ələkbərli bildirib ki, Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı məsələlər Azərbaycan ictimaiyyətinin daim diqqət mərkəzindədir: “Həsən Həsənovun meyiti doğmalarına qaytarılsa da, Dilqəmlə Şahbazı bu gün yanımızda görə bilmirik. Şahbaz Quliyevi şəxsən tanıyıram və onun vətənpərvərliyi, cəsurluğuna yaxşı bələdəm. Bu insanlar işğal altında olan doğma Kəlbəcərə səfər edərək öz valideynlərinin qəbirlərini ziyarət edərkən girov götürülüblər. Bizim borcumuzdur ki, xalq olaraq onların girovluqdan azad edilməsi istiqamətində səylərimizi göstərək. Biz onların müdafiəsinə qalxmalı, soydaşlarımızın geri qaytarılması üçün prezidentimizin yanında olmalıyıq. Əminəm ki, ölkə rəhbərinin atdığı addımlar bu dəfə də soydaşlarımızın azadlığa qovuşması üçün kifayət edəcək. Dövlət başçısı İlham Əliyev dəfərlərlə bildirib ki, o hər bir azərbaycanlının Prezidentidir və həmişə onların yanındadır. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun nəşinin geri qaytarılması istiqamətində ölkə başçısı çox böyük işlər görüb. Eyni zamanda, İlham Əliyev bütün kanallardan istifadə edərək Silahlı Qüvvələrimizin zabiti Ramil Səfərovun Azərbaycana gətirilməsinə nail olub. Ona görə də inanıram ki, yaxın vaxtlarda həm Şahbazı, həm də Dilqəmi öz yanımızda görə biləcəyik”.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev qeyd edib ki, Prezident İlham Əliyev hər bir vətəndaşı uğrunda mübarizə aparmağa hazırdır: “Ölkə başçısının tapşırığına əsasən Azərbaycan hökuməti girovların azadlığa qovuşması üçün fəaliyyətini davam etdirir. Bununla yanaşı Beynəlxalq Qırmızı Xaç Komitəsi də bu istiqamətdə addımlar atmaqdadır. Vaxtaşırı olaraq girovlara baş çəkir, onların vəziyyəti ilə maraqlanır, ailələrinə məlumatlar çatdırır. Eyni zamanda, Rusiya da öz vətəndaşı Dilqəm Əsgərovun girovluqdan azad edilməsi üçün çalışmalarını davam etdirir. Mütləq bunun müsbət nəticəsi olacaq”.
Girovluqda saxlanılan Şahbaz Quliyevin cərrahiyyə əməliyyatı olunmasının səbəblərinin hələ də məlum olmadığını deyən M.Mehdiyev hesab edir ki, bu onların saxlanıldığı yerdə işgəncələrə məruz qalma ehtimalını daha da artırır: “Hər iki azərbaycanlı qatlaşdığı əzablara baxmayaraq ermənilərin qarşısında əyilmir, onların qoyduqları heç bir şərtlə razılaşmır, böyük iradə, dözüm göstərirlər. Əminəm ki, Azərbaycan dövləti Şahbazla Dilqəmin girovluqdan azad olunmasına nail olacaq və biz onları əsl qəhrəman kimi qarşılayacağıq”.
Ceyhun ABASOV
çap et