525.Az

Doğulduğu günü xatırlayan adam


 

ŞAİR VAQİF BƏHMƏNLİ İLƏ SÖHBƏT

Doğulduğu günü xatırlayan adam<b style="color:red"></b>

(Əvvəli ötən şənbə sayımızda)

- Vaqif, istəyirəm indi də söhbətimizi daha qəliz bir istiqamətə yönəldim. Bax, sən kənddən gəlmiş bir gənc idin. Adətən sənin kimilər ənənəvi şeir üstə köklənirlər, uzun müddət ənənəvi şeirin çərçivələrində qalırlar - mən yalnız şəkli cəhətdən, forma baxımından demirəm, şeirin ruhu, daxili məzmunu, dünyaya, elə öz daxilinə baxışında da və s... - Sənin isə, mənim yadımda olanı, belə bir problemin olmadı, şeirin, demək olar ki, elə lap əzəldən ruhu, deyim tərzi ilə təzə idi, müasir idi. Məsələn 23 yaşında, 1978-ci ildə yazdığın “Vitrindəki gips adam” şeirini götürək... Sən kənddən gəlmiş bir gənc, 23 yaşında dərhal ətrafa baxıb, zamanın konyukturasını nəzərə alıb (konyuktura sözünü burda mən yaxşı mənada işlədirəm), ağlınla şüurlu şəkildə poeziyada mövqeyini müəyyənləşdirmişdin, yoxsa bu elə sövqi-təbii, özü-özünə belə alınmışdı?

- İntiqam müəllim, icazə verin bu suala ətraflı cavab verim. Siz Şuşada doğulmusunuz. Şuşa nəinki Qarabağ xanlığının paytaxtı, həm də Azərbaycan mədəniyyətinin paytaxtıdır, döyünən ürəyidir, hələ ki, alternativsiz yaradıcı ruh mənbəyidir. Milli vokal sənətinin iki banisindən biri, bəlkə də birincisi xanəndə Cabbar Qaryağdıoğlu deyirdi ki, oxumaq yalnız səsdən ibarətdi. Allah tərəfindən əta olunan yüksək, ürəyəyatımlı, məlahətli səs öz sahibini başqalarından fərqləndirir və ona oxumaq ixtiyarı qazandırır.

Cabbar Qaryağdıoğlu ilk nəfəs dərdiyi gündən sonuncu nəfəsi sinəsindən üzülənəcən düz oxudu, rast oxudu. O, özünəqədərki muğamat təcrübəsini ümumiləşdirə bilən fitri istedada, qüdrətli səs imkanına və improvizə bacarığına malik idi. Elə belə deyil ki, Cabbar Qaryağdıoğlu ahıl yaşa çatanda milli vokal musiqi-nin digər banisi böyük Bülbül aylarla xanəndənin dizinin dibini kəsdirib onun ifasında 350-dən çox muğam, təsnif və xalq havacatını, örnəyini fonovala köçürdü.

Əslində XX yüzilliyin əvvəlində Üzeyir Hacıbəyli ümumən Azərbaycan musiqisində və təbii ki, bəstəkarlıq yönündə inqilab eləmişdi. Bu, şəksizdi. Azərbaycan ifaçılığının bütün tarixi təcrübəsini əxz eləyən Bülbül bizim milli musiqini Avropa musiqi ailəsinin bərabər hüquqlu üzvünə çevirməyi bacardı və bu işin baş tutmağında milli musiqi ensiklopediyası sayılan Cabbar Qaryağdıoğlu sənətinin müstəsna xidməti vardı.

Məncə, keyfiyyət fərqlərinə baxmayaraq, estetik meyarlara görə hər iki sənətkar - həm Cabbar Qaryağdıoğlu, həm də Bülbül Azərbaycan musiqisində həmişə novator olaraq qalacaq və müasir səslənəcəklər. Şeirimizə keçid alaq, musiqidən fərqli olaraq klassik poeziya sənədli olduğuna görə burada Bülbül, yaxud Cabbarsayağı trausfer mümkün deyil. Çünki Füzuli bir dünyadırsa, Nəsimi iki cahandır, Sabir dünyanın başqa bir üzüdür. Təəssüf ki, Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra milli ədəbiyyatın uçan qanadlarını qırdılar. Ədəbiyyatda nə Üzeyir Hacıbəyli inqilabı, nə Cabbar Qaryağdıoğlu ümumiləşdirməsi, nə də Bülbül, Fikrət Əmirov, Qara Qarayev keçidi baş vermədi. Açıq deyirəm, mənim, oxuduğum ədəbiyyat dərsliklərindən heç xoşum gəlmirdi. Zorla bizim boğazımıza tökülən sıyıq dəhşətli dərəcədə dadsız idi. Amma onu yeməyə məcburduq. Partiya, kolxoz, Moskva, komsomol, pioner şeirləri, ideologiyanın eybəcərləşdirdiyi ifrat bəsit, qurama hekayələr, sicilləmə poemalar... Ötən əsrin 20-ci illərindən 60-cı illərinə qədər ümumtürk poeziyasında boşluğu dolduran bəlkə də yeganə şair Nazim Hikmətdir. Sovet poeziyasının bir çox örnəklərində ümumən ədəbiyyatın predmeti təhrif olunub.

Ritorika virusunun, şablon düşüncə üşütməsinin pozucu təsiri bu gün də yüzlərlə qrafomanı kor halda saxlayır. Biz hamımız Sovet ədəbiyyatının uçurumuna yıxılmış adamlarıq, əziklər, çapıqlar təbii ki var.

Bununla belə, şükür, salamatlıqdır. 60-80-ci illərdə Rəsul Rza, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Nəriman Həsənzadə, Fikrət Qoca, Əli Kərim, Məmməd Araz, Cabir Novruz, Musa Yaqub, Xəlil Rza və gerçək poeziya meyarları ilə yaradan digər şairlərin mən deyərdim ki, fədakarlığı sayəsində milli poeziya nokautdan ayıla bildi. 80-ci illər poeziyasının ən yaxın sələfləri indicə adını çəkdiyim şairlərdir. Onların təsirindən, nailiyyətlərindən, ədəbi təcrübələrindən yan keçsəydim, xüsusən M.F.Axundovdan üzü bəri Azərbaycan nəsrini, dünya ədəbiyyatı örnəklərini oxumasaydım yəqin ki, pis səsi bir-birinə bənzəyən poeziya bülbüllərindən biri də mən olardım.

70-ci illərin sonu, 80-ci illərin əvvəllərindən başlayaraq mənim bədii sözlə davranışlarım ədəbi dəyərləndirməyə imkan verən səviyyədədr. Buna qədər xüsusən gənclərin əzbər bildiyi, qızların can dəftərini bəzəyən “Mənim nənəm sizdədi”, “Qızlar bulaq üstə gələr”, “Sən tərəfdən əsən külək”, “Bu qızlar nə yaman gözəlləşiblər”, “Üzlük”, “Payız məhəbbətim”, “Arazım”, “Bir kənd qoyub gəlmişəm” adlı şeirlərin varlığındakı həyat və obrazlı düşüncə tərzi mənə yazmaq ixtiyarı verirdi. Yəni səs var idi, qalırdı oxumaq, qışqırmaq, fısıldamaq yox, məhz oxumaq. Etiraf edirəm ki, 1978-ci ildə “Azərbaycan”ın təqdimatından sonra hiss edim ki, bədii sözü adi sözdən, əbədini fanidən ayıra bilirəm. Paltar biçən dərzi əlini sürtən kimi parçanın pambıq, kətan, yaxud ipək olduğunu gərək ayırd edə bilsin. Məncə, bu yaradıcılığın hər bir sahəsində bəlkə də ilkin və çox mühüm şərtdir. Həyat idealı insanı mənalandırdığı kimi estetik ideal da sənətkarın varlığını təsdiqləyir.

Sözümün canı odur ki, məqsədli axtarış, gərgin mütaliə və böyük əmək sərf edilməsə yekunlar yaratmaq bir xülya olaraq qalır. Təsəvvür edin, Azərbaycan klassik ədəbiyyatına, folklora, müasir Azərbaycan nəsrinə, poeziyasına, ədəbi tənqidinə, dramaturgiyasına mənsub elə bir əsər yoxdur ki, onu mütaliə etməyim. “Azərbaycan” jurnalı isə əsasən 78-ci ildən başlayaraq ta bu günə qədər dünya ədəbiyyatına məxsus Mayakovski, Yesenin, Blok, Bulqakov, Markes, Kamyu, Selincer, Akutakava, Aytmatov, Rasputin, Belov, Pasternak kimi sənətkarları ən maraqlı formatlarda (əsərin tərcüməsi, müsahibələr, məktublaşmalar, xatirələr, tərcümeyi-hal) təqdim etdi və edir. Yaxşı ki, dünya ədəbiyyatı “Azərbaycan”da milli ədəbiyyatımızla milli nəsr, poeziya, ədəbiyyatşünaslıq örnəkləri ilə paralel işıqlandırılır.

50-60-cı illərdən yeni axar, yeni istiqamət götürən çağdaş ədəbiyyatımız isə həqiqətən, qüdrətlidir, düşüncələrə, bədii söz dünyasına meydan açan etibarlı mənbə, əsl məktəbdir. İmzaları xatırlayaq - İ.Əfəndiyev, İ.Hüseynov, S.Əhmədli, R.Rza, B.Vahabzadə, H.Arif, N.Həsənzadə, S.Tahir, Ə.Kərim, C.Novruz, M.Araz, M.İsmayıl, Ə.Əylisli, İ.Məlikzadə, Anar, Elçin, M.Süleymanlı, İ.İsmayılzadə, Ə.Salahzadə, S.Səxavət, S.Rüstəmxanlı, R.Rövşən, N.Kəsəmənli, M.Oruc, V.Bayatlı, E.Baxış... adları çoxaltmaq da olar.

Məhz bu adlarla Sovet dövründən şoran tutmuş milli ədəbiyyat torpağı münbitləşir. Və bu münbitləşmə, yeni ədəbi-bədii düşüncə mühitinin yaranması təqribən 30 il çəkib. Məktəb var. 60 yaşımda, 45 illik ədəbi təcrübəyə dayanıb deyirəm ki, bu məktəbdən imtina etmək, onun üstündən xətt çəkmək nadanlıqdır. Sizin dediyiniz, sözün yaxşı mənasında olan “konyuktura”ya görə göstərdiyim amillərə, adlara, ədəbi mərhələlərə minnətdaram.

- Bilirsən də, 60-cı illərdə, elə 70-ci illərin əvvəllərində də sərbəst şeir ətrafında çox qızğın söz-söhbət gedib. Sən poeziya aləminə, necə deyərlər, atılanda bu söz-söhbət bir qədər səngimişdi, amma hələ də davam edirdi. İndi buna əsasən əhəmiyyətsiz bir məsələ kimi baxsalar da, hər halda şeirimizdə müxtəlif ölçülər-biçilər var, vəznlər var və bu mahiyyət etibarı ilə, çox ciddi bir məsələdir. Mənim zənnimcə, ilk növbədə xüsusən dil faktoru ilə çox bağlı bir məsələdir. Azərbaycan dilinin, ümumən türk dillərinin təbiəti, onun qramatik xüsusiyyətlərini, hətta, belə deyək də, nə qədər demokratik və ya konservativ bir dil olub-olmamasını nəzərdə tuturam... Sən necə, bir şair, bir praktika adamı kimi bu məsələdə mövqeyin necədir?

- Belə başa düşürəm ki, ədəbi formaların və ana dilimizin düşüncəni bədii şəkildə ifadə imkanı barədə danışmalıyıq. Bu, məncə, sənətkarlıq problemidir və öz roluna görə istedadın özü qədər əhəmiyyət daşıyır.

Heç şübhəsiz ki, bütün ədəbi janrlar, ədəbi forma və üslublar ona görə mövcuddur ki, bədii əsərin dili adi, ümumişlək xalq dili deyil. Mənbə xalqın dili olsa da, bədii dil, üslub, ifadə tərzi - estetik kateqoriyadır. Janr dəyişkənliyinin, qəzəldən, rübaidən, qoşmadan, ənənəvi hecadan, poemadan tumuş sərbəst şeirə, üstəlik esse və publisistik janrlara keçidlərin elə də fərqində olmamışam. Mənə görə bədii mətləbin, emosional ovqatın, hansı şəkildə olur olsun, müəyyən bir harmoniya içərisində mənalı sözə çevrilməsi əsasdır. Çox zaman şeirin vəznini içində baş qaldıran ideya tumurcuğu, ilk soz, ilk misra və ya sətir müəyyən edir. Adətən qüdrətli qələm sahibləri düşüncələrini ifadə edərkən sözün əlində aciz qalmırlar. Oxucudan fərqli olaraq şair sözün tamaşaçısı deyil, çırpınan, həyəcanlandıran, bağıran, pıçıldayan və bütün hallarda ədəbi qaydalara  uyğun olaraq hökmünü və ifadə gücünü azatmayan sözün özüdür.

Sözün açığı, bizim 70-80-ci illər ədəbi nəsli işlətdikləri poetik vəznlər səbəbindən basqılara məruz qalmamışdır. Çünki biz ədəbiyyata gələndə şeirlər heca və ya sərbəst adıyla kəskin şəkildə bir-birindən ayrılmırdı. Elə şairlər var idi ki, əlbəttə dünya, xüsusən rus poeziyasının və təbii ki, Nazim Hikmətin sehrli şair ruhunun müsbət təsiri altında müəyyən təcrübələr eləyirdilər və nəticədə ən müxtəlif vəzənlər vahid şeir strukturu yaradırdı. Məsələn, İsa İsmayılzadənin, Tahir Qurbanovun, Dilsuzun... bəlkə başqa yada düşməyən adlar da var, onların şeirlərində sərbəstdən hecaya olduqca rahat və məqbul keçidlər izləmişəm.
Yüksək ilham və çırpıntı ilə yazılan poeziya əsərində duyğulara uyğun ahəngdarlıq eləcə də, bədii qayə vəhdətdədirsə əsəri uğurlu saymaq olar. Bizim bir yazıçı başqa bir yazıçının bədii sirlərlə dolu əsərini Azərbaycan dilinə çevirəndən sonra maraqlı bir fikir işlətmişdi. “Mənim üçün də maraqlı idi - tərcüməçi deyir, - düşünürdüm, görəsən yad dildə ifadə olunmuş dahiyanə bədii mətləbləri çatdırmaq üçün bizim ana dilimizin döş qəfəsinin həcmi, ciyərinin hava tutumu yetərlidirmi?” İndi mən deyirəm, söz sahibi ustaddırsa Azərbaycan dilinin orfoqrafiya lüğətindən alınmış mincə sözlə möcüzə və sehr yarada bilər.
 
Zəngin, koloritli və müdrik dil mühitində dünyaya göz açıb böyümək yazıçı üçün bəxtiyarlıqdır. Amma əgər o sərvətdən ardıcıl şəkildə istifadə olunmasa və daim yeni axtarışlarla zənginləşməsə itib-batar, özündə şey olaraq qalar. Dil yaddaşdır, donuq yox, hərəkətdə olan yaddaşdır. Məhz bu yaddaş yazıçının istinad nöqtəsidir. İdeya, forma, bədii ifadə və harmoniya axtarışları hüdudsuzdur, onu sona qədər dərinləşdirmək cəhdləri hər bir yazıda məğlubiyyətə uğrayır. Dahiyanə əsərlər belə, sona qədər kamil deyil. İndi bizim sürət əsrində, yeni ədəbi cərəyanın bir çox nümayəndələri ədəbi janr və vəznləri, bədii dili heç nəzərə almırlar, sanki dil kimsəsiz, yetim küçə uşağıdır və sən onunla istədiyin kimi davrana bilərsən. Mənə görə hər bir əsər ədəbi dilin, ədəbiyyatın qanunları, məcburi meyarlar əsasında yaradılmalıdır. Hətta novatorluğun da mövcud olması üçün ədəbi təcrübələrdən ideal məkan yoxdur.

- Əvvəlki sualımın davamı kimi soruşuram: şeirin müasirliyi nə ilə ölçülür, müəyyən edilir? Ümumiyyətlə, müasirlik mütləq bir tələbdir, yoxsa şeir müasir olmaya da bilər? Söhbət klassiklərdən getmir təbii ki, bu gün bizimlə bir vaxtda yaşayan şairin şeirindən gedir; bu gün yazılan şeirdən?! Məsələn, biri şeir yazır - belələri hal-hazırda çoxdur - ənənəvi yazır, güldən-bülbüldən yazır, lap elə aktual mövzuda yazır, amma müasir şeir deyil. Buna necə baxırsan? Belə şeirlərin çapına ehtiyac varmı?

- Müasirlik müəyyən bir zaman kəsimində yaradılan siyasi, sosial, mədəni və mənəvi sərvətin gərəkli olduğunu təsdiqləyən meyardır. Mənim fikrimcə, bu anlayışda zaman faktoru şərti rol oynayır. Bütün sirr, dəyər, enerji və təsir imkanı əslində müasir adlandırdığımız nailiyyətin özüdür. O dəyər min il əvvəl də yaradıla bilər, onun dəyərləndirildiyi vaxt aralığında da. Müasirlik modern qab-qacaq deyil, qədim, yaxud çağdaş naxışlı qabın içindəki təamın dadı, ləzzəti və cana xeyiridir. Bu mövzu həmişə müzakirə olunub, sizin bu sualınıza cavab verməyə cəhd göstərən nə birinci, nə də sonuncu adamam. Xatircəm olun, heca şeiri - onun qoşma, qəraylı, onbirlik, on ikilik, on beşlik, on altılıq şəkilləri həmişə qalacaq, nə bilim, bəlkə sərbəst şeirlər esse adlanacaq, hekayəyə roman deyəcəklər, poemanı İsa kimi çarmıxa çəkəcəklər... Bunları biz bilmirik, heç falçı da bilmir. Bütün hallarda, mənim statusuma uyğun olaraq, həmişə həyat həqiqəti, dərin bədii ümumiləşdirmə, bəşəriyyətin böyüməyinə səbəb olan ideyalar, insanın içini zənginləşdirən və onu birmənalı olaraq yaşamağa, insanlığa xidmət etməyə ruhlandıran harmoniya əsas olacaq.
 
Bəzən məsələnin konseptual qoyuluşundan detalların izahı çətin olur. Misal üçün, qayıdıram yaxşı bildiyim yerə, indiki Azərbaycan şeirinin çağdaş durumuna. Bir çox şairlərimiz və yazıçılarımız var ki, onların poeziya və nəsr prosesinə təsiri dolayısıyla qalır, amma onlar, məsələn, Məhəmməd Füzuli, Nəsimi, Vaqif kimi hərəsi öz çəkisində artıq ədəbiyyat tarixinə məxsusdurlar. Onların canlı olaraq səhnəyə çıxmaları qocalmış artistlərinin nostalgiyasını xatırladır və gülməli görünür. Bir də var namuslu kəndli kimi taxıl əkib tarlasını suvaranlar, bunlar, hayıf ki, barmaqla sayılacaq qədər azdır. Və yenə təəssüf ki, poeziya torpağının 90 faizi şoranlaşıb. Heç alaq-ulaq da bitmir. Bu məni çox mütəəsir eləyir. Bilirəm, bu müsahibədə sizinlə bir yerdə səsləndirdiyimiz bir çox fikirlər bir qıraqda qalacaq və məhz indicə apardığımız təsnifata görə üstümüzə yüz yerdən çomaq çəkəcəklər. Amma qardaş, Allaha and olsun, bizim ədəbiyyatın inkişafını əngəlləyən bütlərə, orada örüş ayaqlayan çobanlara, alaq da bitirməyən şoranlaşmış torpaq laylarına görə ölüb yerə girmək istəyirəm. Düzdü, XXI əsrin yaddaqalan imzaları var: məsələn, Böyükxan Pərviz (Allah rəhmət eləsin), Salam Sarvan, Akif Səməd, Aqil Mirseyid (Allah hər ikisinə rəhmət eləsin), Fərid Hüseyn, Şəhriyar Del Gerani, Qulu Ağsəs, Elşad Ərşadoğlu, Könül Həsənqulu, Sevinc Pərvanə, Günel Mövlud, Feyziyyə, nəsrdə Cavid Zeynallı, Qaraqan, Şərif Ağayar, ədəbi tənqiddə Cavanşir Yusifli, Nərgiz Cabbarlı, Azər Turan, Tehran Əlişanoğlu, Elnarə Akimova və digərləri var. Amma çevrədə elə bir dəhşətli boşluq, uçurum durur ki, adamı ruhdan salır.
 
Uzağa getmirəm, əgər son əlli ilin ədəbiyyat güzgüsündə İlyas Əfəndiyev, İsa Hüseynov, Sabir Əhmədli, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Sərdar Əsəd, Əli Kərim, Cabir Novruz, Xəlil Rza, Fikrət Qoca, Sərdar Əsəd, Məstan Günər, Anar, Əkrəm Əylisli, Elçin, Abbas Abdulla, Məmməd Aslan, Məmməd İsmayıl, Musa Yaqub, Ramiz Röşən, Əşrəf Veysəlli, Seyran Səxavət, Tofiq Abdin, Nüsrət Kəsəmənli, Camal Yusifoğlu, Sabir Rüstəmxanlı, Məmməd Oruc, Eldar Baxış, Vaqif Bayatlı, Saday Budaqlı, Səfər Alışarlı, Akif Əhmədgil, Ağacəfər Həsənli, Tofiq Nurəli, Aqil Abbas, Afaq Məsud, Zakir Fəxri, Adil Cəmil, Musa Ələkbərli, Rauf Soltan, Maarif Soltan, Tahir Qurbanov, Rafiq Tağı kimi ciddi ədəbiyyat obrazları varsa, bəs onda ədəbiyyatı barmağına dolayan boz “şairlər, yazıçılar” kütləsi haradan peyda olub və necə olub ki, kimsə bunu görməyib. Məncə “dur” deməyin vaxtıdır. Yazıçılar Birliyinin üzvü olan bütün şübhəli şəxsləri böyük bir imtahan otağına toplayıb onların ədəbi biliyinin hansı səviyyədə  olduğunu müəyyənləşdirmək ixtiyarını heç kəs bizim əlimizdən almayıb. Ədəbiyyatın büdcəsini fərdi axtarışlar, tək-tək istedadlar formalaşdırır, ədəbi məhsul tenderə çıxarılmır, onun gərəkliyini Satınalmalar üzrə dövlət agentliyi deyil, əlahəzrət oxucu müəyyənləşdirir. İntiqam müəllim, deyəsən yenə də baş alıb getdim, sonda tam əminliklə deyirəm, müasirliyin töhfəsi gül, bülbül haqqında yazılmış nimdaş şeir, pritça, hekayə deyil, gülün ətri, bülbülün nəğməsidir. Elə bir ətir ki, ciyərin havasına saflıq qatır, elə bir səs ki, dərdi unutdurur.

- Vaqif, sən ədəbiyyata Sovet dövründə gəlmisən və təxminən 15 il də o dövrdə, o mühitdə yazıb yaratmısan. Yadındadır, onda çap olunmaq məsələsində ciddi tələblər vardı. Nəhayət, senzura da vardı. Bax, xahiş eləyirəm tam səmimi deyəsən, şeir yazmaqda, ortaya yüksək bədii söz qoymaqda bunlar sənə mane olurdumu? Olurdusa, hara qədər mane olurdu?


- On beş yox, 20 il Sovet mətbuatının fəal müəlliflərindən biri olmuşam. Ondan başqa mətbuat da yox idi. Şeirlərim, poemalarım, publisistik yazılarım, kitablarım işıq üzü görüb. Ümumiyyətlə qəzetlərin senzuradan keçdiyini redaksiyada işə başlayanda bildim. Elə ki, bütün materiallar səhifəyə yerləşdirildi, qəzet çapa gedəndə elə nəşriyyatın özündə lap axırdakı sakit və səliqəli bir otaqda qadın, kişi - bir neçə nəfər əyləşib bizi gözləyirdilər ki, səhifələrə baxıb, onun bir qırağına möhür basıb desinlər ki, buyurun aparın, bizim iradımız yoxdu. Üst-üstə on beş il “Sovet kəndi”, iki il “Kommunist”, iki il “Odlar yurdu” qəzetlərində çalışmışam, hələ bir dəfə görməmişəm ki, “qlavlit” qəzeti gecikdirsin, yaxud hansı materialasa ilişsin. Elə bil onların işi orada oturub çay içmək, sonra da “ottiskin” qırağına möhür basıb evə etmək idi. Kitablarımız da eləcə. Kitab nəşriyyatının senzorunun harada əyləşdiyini bilmirdim. Biz əsərimizin siqnal nüsxələrini həyəcanla gözləyərkən, o xoşbəxt hadisədən zəbər tutmaq üçün redaktorumuza tez-tez baş çəkirdik.

Redaktor deyirdi, hə, biz işimizi görüb qurtardıq, kitab getdi “qlavlitə”, yəqin bir-iki günə qayıdar, gedər mətbəəyə. Amma hərdən qulağımıza çatırdı ki, deyək, “Ədəbiyyat və incəsənət” qəzetinin hansı səhifəsinisə, “Azərbaycan”, “Ulduz” jurnallarının hansı sayınısa “qlavlit” buraxmayıb, aparıblar MK-da baxmağa... Bizim dövrün senzurası haqqında təəssüratım belədir. Məncə, yerində olmayan redaktorlar daha amansız idilər, onlar bəzən antisovet yox, yaxşı obraz, sərrast deyilmiş cümlə axtarırdılar ki, onu aradan qaldırsınlar. Kitab redaktorunun kəsdiyi başa sorğu yox idi. Amma yaxşı redaktorlar da yetərincəydi.

Bu məqamda, kabinetsiz-filansız, senzurası öz içində oturan, hökumətə yaltaqlanıb nəsə pay qoparmaq üçün bir-birinə mafar verməyən müəlliflər sürüsünü də qeyd etməliyəm. Onlar qaşlarının arasını düyünləyib adama salam verməyə də can çəkirdilər, göynən gedirdilər. İndi onların adı heç it dəftərində də yoxdu. Bir çox redaksiyalarda şeir şöbələrinin müdirləri ədəbiyyata yeni gələn cavanlarla rastlaşanda sanki qutuda ilan görürdülər. Əlyazma illərlə mübhəm qovluqlarda mürgü döyür, sora da itib-batır, harasa yoxsa çıxırdı. Özünə hörmət bəsləyən qələm sahibləri onların sınıq-salxaq qapısında alçalmaq istəmirdilər. Müəllif nədi, baş redaktorun üzünü gördü nədi? İndi bütün bu olmuşlara görə fərdi qaydada kimlərisə qınamağın yeri deyil. Çünki bunlar sistemin təbiətindən gəlirdi. Yaradıcılıq müqəddəs bir işdir, seçilmişlərin qismətidir, yazıçılar fədakar adamlardır, onların qarşısını  kəsmək, onlara mane olmaq ən ağılsız işdir. İbrət alıb elə etmək lazımdır ki, ötənlərdə baş verənlər bir daha təkrarlanmasın.

- Mümkünsə, döşünə yatırsa, bir neçə kəlmə də müstəqillik dövründə şeirimizin, ümumən ədəbiyyatımızın durumu barədə danışaq (müqayisəli şəkildə). Yəni istəyirəm sən münasibətini bildirəsən. Bax, hal-hazırda fikir söyləmək, yazmaq və nəşr olunmaq üçün heç bir qadağa, senzura, bədii şura və sairə yoxdur. Ədəbiyyat, bədii yaradıcılıq çoxmu irəli gedib? Əlbəttə məni daha çox keyfiyyət göstəricisi, sənətkarlıq səviyyəsi maraqlandırır...

- Bəzək-düzəksiz, birbaşa sualınıza elə o tərzdə də cavab verəcəyəm. Müstəqillik illərinin ilk on ili sarsıntıdan çıxmaq dövrüdür, bu yalnız ədəbiyyata aid deyil, həm də cəmiyyətə şamil olunur. Yazı-pozu, kitab, məktəb, elm... hər şey gözdən düşmüşdü. Bakı kimi unikal bir şəhər “lotoxanaya” dön-müşdü. Aclıq qorxusu az qala insani olan bütün mədəni, mənəvi dəyərləri arxa plana keçirmişdi. Sonra yavaş-yavaş həyat qaydasına düşməyə başladı. Mətbuat dirçəldi, yaradıcılıq birliklərində canlanma hiss olundu və çoxlu, lap çoxlu imzalar göründü.

İnternet məkanı imzaların tanınmasını sürətləndirdi. Bəs yaxşı ədəbi nailiyyət baxımından ortada olan nədir? Sadəcə axtarış, ədəbiyyata gəlmək, oxucu sevgisi qazanmaq cəhdləri. Bu heç də pis deyil. Yaradıcı gəncliyin mütaliə imkanın genişlənməsi də yaxşı mənada ciddi məsələdir. İndi oxumağa hər şey var. Hətta bir çox insanlar ingilis dilində oxuyur, indi bütün Türkiyənin ədəbi arsenalı əlimizin altındadır. Bizim vaxtımızda türk ədəbiyyatının beş-on kitabı gəlib çıxmışdı buralara - Suat Dərviş, Tofiq Fikrət, Rəşad Nuri Güntəkin, Əziz Nesin, Fazil Hüsnü Dağlarca, Səbahəddin Ali, Yaşar Kamal, Orxan Kamal və bir neçə başqaları.

Türkiyə kitablarının kasadlığı öz yerində, kiril əlifbasına öyrəşdiyimizə görə qardaş ədəbiyyatı tərcümədən oxuyurduq. Özüm bir az asta oxuyuram, amma elə azərbaycanlı tanıyıram türkcə dünya ədəbiyyatını yarılayıb. Rus dilində mütaliənin zəifləməsi isə möhtəşəm bir ədəbi varidatla təmasları çətinləşdirir. Rus dili tarixi həzm edən, indini və gələcəyi canlandıran bir dildir. Nə qədər ki, itirilməyib bərpa edək. İnanıram ki, yeni dövrün qüdrətli şairləri, yazıçıları meydana çıxacaqlar. Çünki Azərbaycan xalqı, türk milləti səsi olan bir qövmdür. Onun oxumağa haqqı və gücü var. Amma bu kökdən üzülməmək şərti ilə mümkündür. Kitabi-Dədə Qorquddan, Qətran Təbrizidən, Nizami Gəncəvidən, Füzuli, Xətai, Dirili Qurbani, Aşıq Abbas, Zakir, Sabir, M.F.Axundzadə, Mirzə Cəlil, Haqverdiyev, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Hadi, Cavid, Müşfiq, Vahid, Şəhriyar, Süleyman Rəhimov, Ordubadi, İlyas Əfəndiyev, İsa Muğanna, Ənvər Məmmədxanlı, Bəxtiyar Vahabzadə və ona yaxın ədəbi nəsildən tutmuş, bədii sözü sizin dediyiniz kimi çağdaş axara qaytaran 60-80-ci illər ədəbi nəslinə qədər olan ədəbi sərvət mənimsənilməsə, başqa sözlə, bu estetik məkandan kənarda hansısa bir əsər peyda olsa, bütün məqbul məziyyətlərinə baxmayaraq o əsər ailə üzvünə çevrilməyəcək, qürbətdə qalacaq və öldüsündən-qaldısından xəbərimiz olmayacaq.

- Məni çoxdan düşündürən, amma sənə heç vaxt demədiyim bir sualım da var. Deyim, deməyim?

- Onsuz da mənə olan olub, bayaqdan dil boğaza qoymadan danışıram. Çalışaram bu dəfə çox uzatmayım. Buyurun sualınızı verin...

- Sən neçə illərdir dövlət qulluğundasan, nazirlikdə işləyirsən. Nazirlikdə hamı: nazirdən, müavinlərdən tutmuş müxtəlif vəzifələrdə çalışanlar da sənin xətrini istəyirlər, hörmət edirlər sənə - dönə-dönə şahidi olmuşam sənə olan münasibətin. Çalışdığımız sahələr çox yaxın, hətta qohum olduğu üçün görürəm və bilirəm ki, sən bir məmur kimi (bu söz xoşuna gəlmirsə, başqa cür deyim... Amma üzünün ifadəsindən başa düşdüm ki, etirazın yoxdur), hə, bir məmur kimi xidməti vəzifəni bütün tələblərə uyğun şəkildə icra edirsən, yeri gələn nəyisə qəti şəkildə rədd edirsən, dövlətçiliyin qəbul etmədiyi məsələyə çox rahatca “yox” deyirsən və s. Yəqin ki, məni başa düşdün?! Amma şeirlərində özün tam azadsan, şeirində, düşüncələrində, fikirlərində tamamilə müstəqilsən. Belə ki, deyəcəyin, demək istədiyin söz dilinin ucuna gəlirsə, onu geri qaytarmısan; deməli, belə çıxır ki, iki Vaqif var: biri - Vaqif Quliyev (qapında da belə yazılıb), o biri - Vaqif Bəhmənli. Əhsən. İkincini qoruyub saxlaya bildiyin üçün sənə eşq olsun! Amma mənimçün sirdir, bu necə olur axı? Bunu necə bacarırsan? Bəri başdan deyim ki, mən buna əsla pis baxmıram, sadəcə heyrət edirəm. İstəməsən bu suala cavab verməyə bilərsən. Yox, bilirəm, qardaşının bu sualını da cavabsız qoymazsan...

- Yazıçı hamı kimi sosial varlıqdır. Yazmaq isə onun fövqəladə missiyasıdır. Sonuncu cəhətə, yəni missiyaya fərdin qəlbi, ürəyi qərar verir. Əgər fərd əzablı azadlıqda mövcud olmaq istəyirsə, davam edir, yox istəmirsə, yenə də onun öz işidir. Amma cəmiyyətdə var olmanın yeganə yolu yararlılıqdır. Biz hamımız hardansa gəlib harasa gedirik. Karvanın imkanına münasib yük də var. O yükü hamımız bir yerdə çəkib aparmalıyıq. Korlara, karlara, şillərə Allah kömək olsun. Amma səhhəti imkan verən hər bir icma üzvü, belə desək karvanın sıra nəfəri ümumi yükün bir qulpundan yapışıb aparmağa borcludur. Bu azərbaycanlıların əxlaqıdır, tərbiyə sistemidir. Mən gözümü açandan bizim Böyük Bəhmənli kəndində hamını işləyən görmüşəm. Anam iş yerində, məktəbdə, qapıda-bacada o qədər əlləşirdi ki, ona yazığım gəlirdi. Bəlkə də ifrat mərhəmətli olmağımın yeganə səbəbi budur. İlk dəfə şin zavodunun “Saja” (yəni qurum) sexində üç növbəli işə girəndə 18 yaşım vardı. Özü də ora böyük minnətnən, tanışlıqla götürmüşdülər. Əmək məcəlləsində belə bir qayda var, əgər ali təhsilə istehsalatdan gəlmisənsə, tələbəlik illəri iş stajı sayılır. 60-dan 18 çıxanda nə qalır, 42, deməli mən 60 ilin 42 ilini işləmişəm. İş yerlərim sizə məlumdur. Yeri gəlmişkən son şeirlərimdən birində sizin bu sualınıza aydın cavab var. İcazə versəydiniz söylərdim.

- Buyur, buyur.

- Həyat itir dərində, həyat izi dərimdə -
kim deyirsə, səhv deyir, dərbədər doğulmuşam.
Ovcumdakı xətləri yanlış deyil biri də,
and olsun Allaha ki, bəxtəvər doğulmuşam.

Bəxtəvər doğulmuşam -
    Günəşin özü kimi,
Ulduzun işartısı, Ayın ziyası təndə,
əbədi yük çəkirəm, canım yelkənli gəmi
dünyanı daşıyıram girdə, yumru bədəndə.

Girdə, yumru bədəndə
   dartınır qoca bəndə
özündən kiçik, amma özündən uca göyə.
Fəlakət ilxısını ehmal salır kəməndə,
qoymur ki, yer tərpənə,
   yıxılıb uça göyə...

Yıxılıb uça göyə
   gərək qurduğum qala,
gərək yüngül canımı yüngül mehlər apara.
Taleyim gəhgir atdı,
   Allah çarəsiz qalar -
cilovumdan yapışıb gərək mehtər apara.

Gərək mehtər apara
   mənim kimi köhləni
Şahlara layiq atam, belim gədə götürməz!
Gəncliyim şərab kimi başa çəkdi köhnəni,
mömindi qocalığım,
   ələ badə götürməz.

Ələ badə götürməz;
   Bədənimin gözü toxdu,
Keyf üçün vaxt nə gəzir, əlimdə işim daşır.

Bəxtimin adı işdi, ayrı bir işim yoxdu,
Qəbrim üstdə ucalar yəqin ki, işin daşı.

Yəqin ki, işin daşı
   mənzilimi hörər cəm,
Ruhumun qamətini rüzgar əyməsin deyə.
Başdaşımın saçına üzərrik hörəcəyəm
Bəxtimə bir kimsənin gözü dəyməsin deyə!

Hə, İntiqam müəllim, sizin məmur dediyiniz Vaqif Bəhmənli işə belə qiymət verir. Vəzifə mənasında iki Vaqifdən söhbət gedə bilməz. Bununla belə mənim içimdə həyat rüzgarlarının dövranına uyğun milyonlarla Vaqif var. Bu mənim tərkibimdir. Məncə “məmur” arxaik sözdür. Heç onu Sovet vaxtında işlətmirdilər, “məsul işçi” deyirdilər. “Məmur” sözü səslənəndə adamın yadına Çexov düşür “Çinovnikin ölümü” düşür.

Bütün bunları elə belə deyirəm. Düzdü, şəxsi planda, xalqımızın, el-obamızın düşdüyü vəziyyətlər, hər dürlü əziyyətlərlə bərabər mənalı yaşadığıma, çalışdığıma inamım var. Özümü xoşbəxt hesab eləyirəm ki, həm Sovet dövründə, həm müstəqillik illərində dahi Heydər Əliyevin kişi qeyrəti, böyük zəka ilə qurduğu bir dövlətin, Azərbaycanın vətəndaşı olmuşam. Çox xoşdu ki, gənc dərrakəsi, tükənməz enerjisi ilə dünyada yeni Azərbaycan möcüzəsi yaradan Prezident İlham Əliyevin komandasında, ürəyimcə olan bir nöqtədə qərar tutub xalqım, Vətənim, insanlar naminə çalışıram. Allaha qurban olum, söz də ki başıma dolu kimi yağır... İntiqam müəllim, necə ki, sözlə dedim bir bənd də sazla deyim, bu sualı qapayaq:

İndi siz deyin görüm, mən tək iqtidar hanı,
Vəzifə pilləsinin neçənci qatındayam?
Sərvətim təmiz dəri, mudaram ürək qanı
Adam məmləkətində,
        insan ştatındayam!

- Vaqif, sənə ənənəvi bir sual da vermək istəyirdim (bu məni həmişə maraqlandırır), sən şeiri necə yazırsan, necə işləyirsən? Amma birdən yadıma düşdü ki, dostumuz Seyran Səxavət sənin özün və yaradıcılığın haqqında yazdığı və “Azərbaycan” jurnalının builki 4-cü sayında dərc olunmuş düşüncələrində bu sualı qoyub və sənin-

Dörd qaş bükülürəm söz axtaranda,
Hürgüclü dəvənin beli oluram... (Dəhşət!!! - İ.Q,)

misraları ilə başlayan şeirinlə gözəl cavab verib. Vaz keçdim sualımdan. Amma dərhal başqa bir sual çıxdı ortaya. Həmin şeirin axırıncı bəndində yazırsan ki:

Peşəm can hərləmək, boş xəlbirəm ki,
Dəftərim, qələmim, dilim - Allahın.
Sözlərdən nərdivan düzəldirəm ki,
Yetsin ətəyinə əlim Allahın -
Mən belə yazıram şeirlərimi.

Adamın şeir yazanda çəkdiyin əzab-əziyyətə, məşəqqətlərə paxıllığı tutur. Şəxsən mən qibtə eləyirəm sənə. İndi, qardaş, tam ciddi soruşuram: əlinin Allahın ətəyinə yetdiyi olubmu? Və bu xoşbəxt an nə vaxt baş verir?!

- Allah heç kimin əlini öz ətəyindən üzmür. Amma baxır o ətəkdən yapışan əl kimin əlidir, caninin, yoxsa oğlu Qarabağ savaşında şəhid olan ananın. Allahın ətəyini mənalı edən ondan yapışan əllərimizdir. Allah heç vaxt əl kəsmir. Amma o qədər kafir var ki, özü əlini o ətəkdən buraxır. Allahın ətəyinə can atmaq elə Allahın ətəyini buraxmamaqdır.

- Vaqif, bu yerdə sorğu-sualı bitirirəm - çünki danışdıqca qurtaran deyil, ürəyimdə sənə veriləcək hələ o qədər suallar var... Onları saxlayıram 70 illiyinə. Allah qoysa, görüşərik... Bu da bir niyyətdir. Hələlik isə 60 yaşın mübarək!

- İntiqam müəllim,  o boyda jurnalın işini-gücünü buraxıb mənə bu qədər vaxt ayırdığınıza görə sizə bir daha təşəkkür edirəm. Bu illik limit bitib, birinci sayda silsilə şeirlərimi vermisiniz. İmkan varsa söhbətimizi lap bu günlərdə yazdığım tək bircə şeirlə bitirək.

- Olsun.

Daş kimi bərkiyib döşəli taxtım,
Qüssə dev-dev gəlir...
  Necə cəng edim?
Mən kimi oyadım bu gecə vaxtı,
Gecənin bu vaxtı kimə zəng edim?

Canım can möhtacı,
  Canım can acı;
Səbr yox üfüqün oyaq vaxtına.
Bəlkə sevgilimə telefon açım -
Gördümmü heç onun oyaq vaxtını?..


Axı nə mənası...
  Durum, geyinim
Yuxudan oyadım narı, noxudu
Mənzili çöllərdi çöl çiçəyinin,
Küknar ağacının qapısı yoxdu.

Dünyada nə qədər qapı var - bağlı,
Döyməyə bir qapı yoxdu bu gecə.
Gen sinəm açıqdı...
  O da ki, dağlı...
Sinəmə sancılan oxdu bu gecə.

Qarışıq, dolaşıq...
  Ruhumun saçı!
Xizqədən içəri, dondan içəri.
Tək mənim darvazam taybatay açıq -
Bəlkə əcəl girə ondan içəri.

Hayana yollayım didərgin baxtı,
Başımı salmağa bir damım varmı?
Mən kimə zəng edim bu gecə vaxtı,
Allahdan savayı adamım varmı

 





13.07.2015    çap et  çap et