Mədəniyyətimiz, ziyalılarımız, teatrlarımız haqqında ara-sıra səhifə dolduran yazılara rast gəldikcə Krılovun təmsilindəki dişi tula Moska yada düşür.
Son aylarda bəzi saytlarda milli ədəbiyyatımızın görkəmli qələm sahibləri - Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Hidayət Orucov, Əli Əmirli, Afaq Məsud, Yunus Oğuz, Hüseynbala Mirələmov kimi dramaturqlar barəsində qərəzli iddialar, hörmətsiz ifadələr yer alıb.
Azərbaycan teatrını İ.Əfəndiyevdən sonrakı illərdə dramaturji ədəbiyyatla təmin edən müəlliflərlə, eləcə də maraqlı tamaşalar ərsəyə gətirən səhnə ustaları, Azərpaşa Nemətov, İranə Tağızadə, Loğman Kərimov, Gümrah Ömər, Mikayıl Mikayılov, Nicat Kazımov və başqa rejissorlarla, həmçinin bir sıra səhnə oyunları ilə artıq özünü təsdiqləmiş aktyorlarla bağlı söylənən cəfəng mülahizələr əsl nadanlıq işartılarıdır.
Həmin saytlarda Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı, ayrı-ayrı teatrlar da yazı müəllifinin qəzəbinə tuş gələn ünvanlardır.
İşə baxın ki, Mədəniyyət və Turizm Nazirliyinin bir şöbəsinin bir həftə ərzində gördüyü işləri bütün həyatı boyu bacarmayan, milli səhnə sənətimizdə əvəzsiz xidmətləri olan yüzlərlə yaradıcı insanları birləşdirən Teatr Xadimləri İttifaqına yaxın düşə bilməyən birisi amansız hikkə ilə qəzet və sayt səhifələrində (onlara da bərəkallah) hədyanlar yağdırır. L.Tolstoyun sözləri ilə desək, elə insanları incitməyə cəhd edir ki, onların “evinin dəhlizinə belə girməyə layiq deyil”.
Onun sağlam məntiqə sığmayan, təkcə özünə bəlli olan çirkin səbəblərdən qaynaqlanan fikirlərinə görə, guya, hamı yanlış istiqamətdə fəaliyyət göstərir. Bu yazı müəllifinin Bakı şəhərindəki başqa teatrların rəhbərlərinə cırmaq atmasının səbəbini onun səhhəti ilə izah etmək olar. Çünki mülahizələri məntiqi fazasını itirib, gah sönən, gah da yanan lampa kimi anlaşılmır, amma belə görünür ki, onun antoqonist münasibətinin başlıca hədəfi, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovdur. Çünki son altı aydakı yazılarının əsas tənqid obyekti məhz odur.
Onun fikrincə, İ.İsrafilov rəhbərlik etdiyi sənət məbədini dağıdır (adamın yadına kollektivləşmə dövrünün “kolxozu dağıdır” şərləməsi düşür), məhv edir. Sənət ənənələrinə riayət etmir, repertuarı zəif pyeslərlə doldurur. Teatrda Bədii Şura yoxdur və s. Xəstə təxəyyül nələrə qadir deyil?!
Milli teatr sənətimizi, təkcə MDB məkanında deyil, dünyanın dörd qitəsində layiqincə təmsil və təbliğ edib tanıdan, ömrünün 40 ilini teatr sənətinə, bu sahədə kadr hazırlığından tutmuş, teatr işinin təşkilinə, idarəetməsinə, nəzəri tədqiqatlarına həsr etmiş bir insan, neçə-neçə nüfuzlu təşkilatların, o cümlədən, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının üzvü, Türkdilli Dövlətlərin Teatr Rəhbərləri Şurasının sədri, bundan başqa, Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mədəniyyət və İncəsənət Universiteti nəzdində Müdafiə Şurası sədrinin müavini, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının üzvü, “Qızıl qələm”, “Qızıl Dərviş”, “Humay” mükafaları laureatı, Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor, ayrı-ayrı illərdə Mədəniyyət və İncəsənət Universitetində prorektor, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat Muzeyinin, Dövlət İncəsənət Muzeyinin direktoru vəzifəsində işləmiş, hazırda Akademik Milli Dram Teatrının direktoru olan İ.İsrafilov sifarişli cızmaqaralara dözməyi bacarır. Amma bu cızmaqaraçının sərsəm əməllərinə təmkinlə susmağın deyil, birmənalı yox deməyin zamanıdır.
Son altı ayda İ.İsrafilova hansı ləkələri vurmağa cəhd etmədilər?! Nələr yazmadılar?! Yazdılar ki, deputat olduğu dövrdə Parlamentdə müstəqillik aktına səs verməyib, halbuki Milli Məclisin arxivində həmin dövrün protokolları bu iftiranın əksini təsdiq edir. Yazdılar ki, teatra rəhbər təyin edilən kimi baş rejissor və rejissor ştatlarını ləğv edib, halbuki bunu da təkzib edən müvafiq sənədlər var. Yazdılar ki, İ.İsrafilovun dünya teatrının praktikasından - “indiki menecer-siti” (!) düşüncə düzənindən xəbəri yoxdur. Amma bütün yazılar, onların müəllifi də, sifarişçiləri də çox gülməli idilər. Çünki L.Tolstoyun təbirincə desək, gülünc olmaları iyrənc olmalarından daha yaxşıdır.
Vaxtilə Dövlət İncəsənət İnstitutunun axşam şöbəsində teatrşünaslıq ixtisası üzrə təhsil alan bu zavallı, yarımçıq mütəxəssisdir.
Onun həqiqət bilib söylədikləri cəfəngiyyat və yalandır. Onun tez-tez işlətdiyi “bizim araşdırmalarımız” ifadəsinin arxasında ağ yalan dayanır. Çünki o heç bir araşdırma aparmayıb, əks halda, adlarını qeyd etdiyi rejissorların və tamaşaların barəsində həqiqi faktlari bilərdi. Onun son 12 ildə teatr işçilərinin əmək haqlarının artırılmadığı fikri də yalandır. Çünki təkcə son dörd ildə Dövlət Başçısının müvafiq Sərəncamları ilə əmək haqları toplam otuz faiz artırılmışdır.
Onun kin-küdurətlə istedadsız adlandırdığı adamlar - Loğman Kərimov uzun illər Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru olub. Nicat Kazımov ən yaxşı rejissor işinə görə “Zirvə” mükafatına layiq görülüb. Respublikanın Xalq artisti İranə Tağızadə Rus Dram Teatrının aparıcı rejissorudur, Gümrah Ömər, əvvəlcə Gəncə Dövlət Dram Teatrının, indi isə Yuğ Dövlət Teatrının baş rejissorudur. Azərbaycanın Xalq artistləri Ramiz Novruza, Bəsti Cəfərovaya gəlincə, Akademik Milli Dram Teatrının ənənələrindən ağızdolusu söz açan cızmaqaraçı yadına salsın ki, ayrı-ayrı illərdə Xalq artistləri Lüfti Məmmədbəyov, Əli Zeynalov, Məlik Dadaşov, Mikayıl Mirzə bu teatrın səhnəsində maraqlı tamaşalar hazırlayıblar. Tamaşalara gəlincə, Loğman Kərimovun hazırladığı tamaşa 100 dəfədən çox oynanılıb, Gümrah Ömərin, Nicat Kazımovun, İranə Tağızadənin, Azərpaşa Nemətovun, Mikayıl Mikayılovun, Ramiz Novruzun, Bəsti Cəfərovanın və b. ərsəyə gətirdikləri səhnə əsərləri tamaşaçıların böyük rəğbətini qazanıb. Unutmaq olmaz ki, XXI əsrin dünya teatr düzənində (o, bu ifadəni xoşlayır) əsas söz sahibi tənqidçi yox, tamaşaçıdır. Bu adam çox şeyi, o cümlədən, ən sadə məsələləri belə bilmir. Görünür, axşam şöbəsində dərslərdə müntəzəm iştirak etməyib. Əgər başqa cür olsaydı, bilərdi ki, teatrın məbəd konsepti bitmiş bənzətmədir. Murdar əməllərdən əl çəkib, mütaliə etsə, professor Ədalət Vəliyevin “Teatr” kitabından bu barədə dəyərli bilgilər ala bilər. Öyrənər ki, çağdaş dünya teatrşünaslığının qəti qənaətinə görə, teatr məbəd deyil, çünki məbədə bilet satılmır, orada istehsalat olmur.
İ.İsrafilovu teatrı inzibati-amirlik metodu ilə idarə etməkdə suçlayan bu adam teatr fəaliyyətində inzibati-amirlik metodunun yaradıcısı “Adil İskəndərovun Ulusal Teatr Məktəbi” ifadəsini işlədir və bilmir ki, Adil İskəndərov teatrının tədqiqatçısı, kölgəsini qılıncladığı, bəyənmədiyi İsrafil İsrafilovdur. Onu da bilmir ki, Adil İskəndərov məktəbi adlı teatr məktəbi olmayıb, həmin dövrün teatrında istedad və üslub baxımından ən müxtəlif rejissorlar çalışıb.
Bu adamın Türkiyə teatr sistemi, yaxud Gürcüstan teatr həyatı haqqında söylədiyi həqiqətdən uzaq xəyallarında da ifrata varır. Çünki hər iki dövlətin teatrlarının fəaliyyətində ciddi problemlər mövcuddur. Bu ölkələrdə, nə teatr fəaliyyəti haqqında qanun, nə də Dövlət Proqramı mövcuddur və həmin ölkələrin teatr xadimləri bizə həsəd apardıqlarını dəfələrlə açıq söyləyiblər.
Məzmunu və ifadə üsulu etibarilə sısqa, mahiyyətcə ikrah hissi doğuran yazıların müəllifinin ağ yalanları çoxdur.
Həqiqət isə bundan ibarətdir ki, Mədəniyyət və Turizm Nazirliyinin nəzarəti ilə dövlət başçısının təsdiq etdiyi “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı teatrlarımızda, o cümlədən, Akademik Milli Dram Teatrında uğurla həyata keçirilir. Belə ki, teatra yeni müəlliflər, yeni rejissor və teatr rəssamları, həmçinin aktyor qüvvələri cəlb olunur. Burada əsl mənada, sağlam yaradıcılıq mühiti yaranır, beynəlxalq sənət əməkdaşlığı, qarşılıqlı mədəni bəhrələnmə prosesi müşahidə edilir.Milli teatr mədəniyyətimizə dövlət tərəfindən göstərilən qayğı uğurlu nəticələr verməkdədir. Belə ki, son 3-4 ildə 10-15 ilə görüləcək qədər səmərəli işlər görülmüşdür. Diqqət çəkən mədəni-estetik proseslər cəmiyyətimizin həyatına pozitiv impulslar verir. Teatrda tamaşaçı auditoriyasının sayının artması aparılan sənət siyasətinin doğruluğunu sübut edir, bu sahədə keyfiyyət dəyişmələrinin konkret göstəricilərini ortaya qoyur.
Təbii olaraq, köhnəlmiş ifa üslubu, streotip oyun prinsipləri, eləcə də yaradıcılıq ahənginə xələl gətirə biləcək intizamsızlıq meyllərinə qarşı teatr rəhbərliyi tərəfidən prinsipial mövqe göstərilir. Teatrın yeniliyə, bədii-estetik axtarışa köklənən fəaliyyət rejimi bəzilərinin ətalət rahatlığını pozur.
Bu adamın ümumiləşdirilmiş şəkildə misal göstərdiyi tamaşaların əksəriyyəti teatrın daxili imkanları hesabına, ən cüzi maliyyə vəsaiti ilə hazırlansa da, bu adam iftira atır, guya dövlət büdcəsindən həmin tamaşalara 50-80 min manat vəsait ayrıldığını və guya bu vəsaitin havaya sovrulduğunu yazır.
Xalqımızın Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Mirzə Ələkbər Sabir kimi böyük zəka sahibləri, maarif xadimləri həmişə nadanlığa qarşı çıxıblar. Amma görünür, o çayır kimidir, kökünü kəsmək çətindir. İndi əlinə qələm keçən nadanlar meydan sulayır. Ala-yarımçıq bildiyi, hardasa, kimdənsə eşitdiyi mətləbləri, mənasız sözlərlə biri-birinə calaq edir. Yuğ Teatrının bədii poetikasını, mərhum rejissor Vaqif İbrahimoğlunun rejissor sənətini və səhnə nəzəriyyəsini anlamadığı kimi, sən demə, B.Brexti də anlamır. Anlamadığı üçün onların arasında, az qala, bərabərlik işarəsi qoyur, “Brext məktəbi” anlayışını icad edir və onun dünya teatrlarında irəli getməkdə olduğunu bildirir. Görəsən, bu zavallı Epik teatrın hazırkı vəziyyətini bilsə idi, yenə susmazdı? Məncə, susmazdı, çünki ağlı kəsməyən məsələlərdən söz açır.
Akademik Milli Dram Teatrının Bədii Şurası barədə bəsit məlumatı olan bu adam konkret fikir söyləmək əvəzinə, hətərən-pətərən ifraz edir. Maraqlıdır ki, məlumatların hansı mənbədən ötürüldüyünü bilməsək də, yanlış olduğu şübhəsizdir. Teatrın praktik həyatından, onun istehsalat və yaradıcılıq prosesindən uzaq olan bu adamın, istər aktyorların aylıq əmək haqları, istər qastrollarla bağlı məlumatlar, istərsə repertuar və yeni layihələr haqqında söylədikləri göydən götürülmədir. Əgər onu qidalandıran mənbə, çalışdıqları teatrın nüfuzu ilə möhtəkirlik edən, üzvü olduqları kollektivin yaradıcı əməyini çirkaba bulaşdırmağa cəhd edən bir qrup yaramaz ona dürüst faktlar ötürmüş olsaydı, o bilərdi ki, cari ildə Respublika Audit Palatası tərəfindən teatrda kifayət qədər ciddi yoxlama aparılıb, aşkar edilən texniki qüsurlar, yerindəcə, aradan qaldırılıb. Bilərdi ki, teatrın dörd nəfər əməkdaşı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Moskvaya Bolşoy və Vaxtanqov adına Teatrlara göndərilib və onlar həmin teatrlarda təcrübə kursu keçiblər. Bilərdi ki, Akademik Milli Dram Teatrında daxili imkanlar hesabına Aktyor Studiyası fəaliyyət göstərir. Ən başlıcası, bilərdi ki, teatrın strukturu və ştat cədvəli Mədəniyyət və Turizm Nazirliyi tərəfindən baxılır, təsdiq edilir. Onu da bilərdi ki, baş rejissor, yaxud rejissor ştatlarını ləğv etmək teatr direktorunun səlahiyyətində deyil.
O, bütün bunları və demədiklərimi bilmir. Əslində, bilsəydi nə olacaqdı ki? Elmi bilikləri olmadığı üçün o, yalnız içini gəmirən söyüşə, həqarətə qadirdir. Söyüş, həqarət isə nitqin ən bəsit ifadəsidir. Bunun üçün elmi bilik tələb olunmur.
Hansı məzhəbə qulluq etdiyi bəlli olmayan bu adam kimdir axı? Belələri haqqında el arasında, “birtəhər adamdı”, deyirlər.
Reallıq hissini itirdiyi, mövcud mədəni-estetik həqiqətləri görə və duya bilmədiyi üçün nə o özü, nə də kölgədə duranlar populist hay-həşirlə milli teatr sənətimizin inkişaf tendensiyalarını dərk etmək iqtidarında deyil. Amma bunu dərk etməlidirlər ki, şər-böhtan nidaları, yalanlarla dolu qarayaxmaları minlərlə namuslu teatr xadimini hiddətləndirir.
Rafiq ƏLİYEV
Azərbaycan Teatr Xadimləri İttifaqı Sədrinin müavini, Xalq artisti
çap et