525.Az

Şamaxıda jurnalistlər üçün yay məktəbi açıldı


 

YAY MƏKTƏBİ AMEA-nın 70, MİLLİ MƏTBUATIN 140 İLLİK YUBİLEYİ MÜNASİBƏTİYLƏ TƏŞKİL EDİLİB

Şamaxıda jurnalistlər üçün yay məktəbi açıldı<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında qurumun Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin (İƏEPİ) təşkilatçılığı ilə "Science Activity-2015" adlı yay məktəbinin açılışı olub.

AMEA-nın 70, Milli Mətbuatın 140 illik yubileyi münasibətilə jurnalistlər üçün keçirilən iki günlük yay məktəbində ölkənin tanınmış media orqanlarının nümayəndələri iştirak ediblər. "Azərbaycan Milli Elmlər Akademiyasının sosial siyasət və təbliğat kampaniyası-2015" layihəsi çərçivəsində təşkil olunan tədbirin məqsədi AMEA-nın fəaliyyətinin və elmin kütləvi təbliği işində səmərəliliyi artırmaq, akademiya ilə əməkdaşlıq edən jurnalistləri bu işə daha da stimullaşdırmaq olub.

Tədbirdə İƏEPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev bildirib ki, AMEA-nın və Azərbaycan elminin sürətli inkişafı ölkə vətəndaşları tərəfindən yüksək rəğbətlə qarşılanır: "Akademiyada həyata keçirilən islahatlar bu qurumun sosial-iqtisadi inkişafına, alimlərimizin elmi göstəricilərinin yüksəldilməsinə zəmin yaradır. Bu gün cəmiyyətdə AMEA-nın və elmin təbliği, elmi istinad mədəniyyətinin formalaşdırılması istiqamətində də mühüm işlər görülür. Ali və orta məktəblərdə tələbə-şagird kontingenti ilə keçirilən müntəzəm görüşlər, kütləvi informasiya vasitələrində yayımlanan təbliğat xarakterli məlumatlar, təşkil olunan proqramlar öz səmərəsini verir".

Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov bildirib ki, Milli Mətbuatın 140 və AMEA-nın 70 illik yubileyi ölkədə bayram səviyyəsində qeyd olunur. O, media işçiləri ilə akademiya və alimlər arasındakı sıx münasibətlərin əhəmiyyətini vurğulayıb. Altmış illik tarixə malik rəsədxananın fəaliyyətindən danışan N.Cəlilov bu qurumun fəaliyyətində inkişafa nail olmaq üçün kadr hazırlığının böyük əhəmiyyət daşıdığını bildirib.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası idarə heyətinin üzvü, fizika üzrə fəlsəfə doktoru Fəxrəndə Əlimərdanova "Elmin təbliğində mətbuatın rolu" adlı təqdimatla çıxış edib. Alim şuranın fəaliyyəti, məqsədləri, bu istiqamətdə görülən işlər, Akademiya rəhbərliyinin həyata keçirdiyi islahatlar barədə geniş məlumat verib. Alim əldə olunan elmi yeniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara metodiki, informasiya yardımının göstərilməsi məsələlərinə toxunub.

Qeyd edək ki, Yay məktəbinin ilk gününün yekununda jurnalistlər rəsədxanada teleskopla səma cismlərini müşahidə ediblər. Yay məktəbinin yekunu olaraq iştirakçılara sertifikatlar verilib.

Tural HƏSƏNOV

 





14.07.2015    çap et  çap et