Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Azərbaycanın bütün ölkələrlə, beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurduğunu qeyd edən dövlət başçısı bu ilin ilk 6 ayının yekunlarını müsbət qiymətləndirib və Azərbaycanın uğurla inkişaf etdiyini diqqətə çatdırıb.
Bununla yanaşı ölkə rəhbəri son zamanlar cəmiyyətdə narahatlıqla qarşılanan "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətində (AZAL) biletlərin satış qiymətlərinin artımı məsələsinə də toxunub və öz iradını bildirib. Dövlət başçısı diqqətə çatdırıb ki, biletlər həddindən artıq bahadır və bu məsələ tez bir zamanda nizama salınmalıdır. Prezident eyni zamanda ölkədə fəaliyyət göstərən otellərdəki qiymətlərin xidmət səviyyəsinə uyğun gəlməməsini və bunun da turizmin inkişafına mənfi təsir göstərdiyini vurğulayıb.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa qeyd edib ki, hər halda dövlət başçısı bu kimi çıxışları cəmiyyətdən aldığı informasiyalara əsaslanaraq edir: "Bu dəfə də çoxsaylı müraciətləri nəzərə alaraq belə bir neqativ hallara qarşı haqlı mövqe bildirib. Bu məsələdə hansı vəziyyətin hökm sürdüyü hamımıza bəllidir. Ümid edək ki, bu iraddan AZAL rəhbərliyi nəticə çıxaracaq".
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli bildirib ki, bu ilin iyun ayında yüksək səviyyədə təşkil olunan Birinci Avropa Oyunları zamanı öz işimiz və əməlimizlə tariximizi, mədəniyyətimizi, incəsənətimizi, mətbəximizi, qonaqpərvərliyimizi geniş miqyasda dünyaya göstərə bildik: "Bu tarixi hadisə Azərbaycana münasibətin müsbət yöndə inkişafına ciddi təkan verib. Belə şərait, digər şərtlərlə yanaşı, ölkəmizə əlavə turist axınına səbəb ola biləcək çox güclü amildir. Fəqət təyyarə biletlərinin, eləcə də otellərin qiymətlərinin həddən artıq yüksək olması Azərbaycana münasibətdə dünyada yaranan hazırkı əlverişli turizm imkanlarını tam şəkildə reallaşdırmağa imkan vermir, bu işi xeyli məhdudlaşdırır. Biz bu yaxınlarda Ukraynaya - GUAM-ın tədbirinə getmişdik. Kiyevdə geniş yataq otağı ilə yanaşı, 8 nəfərə qədər qonaq qəbul etməyə imkan verən əlavə geniş otaqdan ibarət lüks nömrə 80 avro idi. Bizdə hələ Bakıda demirəm, heç rayon mərkəzlərində bu qiymətə normal şəraiti olan otel nömrəsi tapmaq çətindir. Ötən il mən bir regionda normal şəraiti olan oteldə birotaqlı nömrədə günü 180 manata qaldım. Bəzi otellərdə xidmətin keyfiyyəti kifayət qədər yüksək olsa da, xeyli turist obyektlərində hələ də qiymətlər yuxarı, xidmət isə çox aşağı səviyyədədir".
Ə.Məsimli əlavə edib ki, ölkədə fəaliyyət göstərən xeyli sayda otellərdəki qiymətlərin xidmət səviyyəsinə uyğun gəlməməsi turizmin inkişafına mənfi təsirini göstərir: "Ona görə də Azərbaycan Respublikası Prezidentinin qiymətlərin bahalağı ilə bağlı qaldırdığı məsələni - turizm sektorunda zəruri tədbirlərin görülməsini və nizama salınmasını vacib hesab edirik".
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev xatırladıb ki, AZAL bu gün Azərbaycanda təbii inhisara malik olan aviaşirkətdir: "Qiymət artımının qarşısını almaq üçün daxili və xarici investisiya şirkətlərinin bazara daxil olmasına şərait yaradılmalıdır. Əgər aviadaşıyıcılıq sahəsində xidmət göstərən şirkətlərin sayı çoxalarsa, rəqabət nəticəsində qiymətlər xeyli dərəcədə aşağı düşəcək".
Bununla yanaşı iqtisadçı ekspert qeyd edib ki, Azərbaycanda daxili turizmin inkişafına xüsusi ehtiyac var: "Xarici turistlərin ölkədə istirahətini təşkil etməzdən öncə ölkə vətəndaşlarının bölgələrdə istirahət etməsi üçün əlverişli şərait yaradılmalıdır".
Mərkəz sədrinin sözlərinə görə, Azərbaycanda turizm xidmətinin bahalı olmasının bir sıra səbəbləri var: "Qiymət artımları həm süni, həm də təbii yolla ortaya çıxır: "Ölkədə turizm mövsümi xarakter daşıdığı, xüsusilə yay ayları üçün əlverişli şərait mövcud olduğuna görə bu sektorda çalışan sahibkarlar maksimum dərəcədə gəlir əldə etmək istəyirlər. Bununla da süni qiymət artımları meydana çıxır. Digər tərəfdən isə turizm əhəmiyyətli obyektlərin icarə haqlarının yüksək olması qiymətlərin artımına səbəb olur".
R.Atakişiyev əlavə edib ki, Gürcüstanda turizm sektorunu inkişaf etdirmək üçün dövlət uzunmüddətli vergi tətilləri tətbiq edib: "Bu da investisiya şirkətlərinin turizm sektoruna marağını artırıb. Azərbaycanda da bu cür stimullaşdırcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Bundan sonra turizm sektorunda böyük canlanmanın şahidi ola bilərik".
Ceyhun ABASOV
çap et