525.Az

Milli və bəşəri dəyərlərə sənətkar münasibəti


 

ÖTKƏM İSKƏNDƏROVUN YARADICILIĞINDA HUMANİST DÜNYAGÖRÜŞ MƏSƏLƏSİ

Milli və bəşəri dəyərlərə sənətkar münasibəti<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

1989-cu ildə çəkilmiş “Dəvətnamə” filmində (rejissor və ssenari müəllifi Aydın Dadaşov) Ötkəm İskəndərov yenə də sürücü rolunu oynayır. Lakin bu dəfə o, avtobus deyil, traktor sürücüsü rolunu ifa edir. Filmdə hadisələr ağır sosial-iqtisadi dəyişikliklər fonunda baş verir.  

Humanist dünyagörüşün xeyrinə seçilən hərəkət problemi “Sifarişçi” filminin (2000-ci il, rejissor Elnur Mehdiyev, ssenari müəllifi Natiq Rəsulzadə) personajı qarşısında duran problemdir. Filmin baş qəhrəmanını öldürücü ağrı narahat edir. Süjetin inkişafı gedişində qarşımızda güclü bir Qalib-İnsan şəxsiyyətinin durduğunu anlayırıq. O, həm incəsənət, həm pul, həm də güc dünyasına hakimdir və diqqətli tamaşaçı başa düşür ki, təbiət ona hər şeyi səxavətlə bəxş edib. Lakin fiziki Ağrı bu Dühanı asılı, zəif edir. Bu ağrı onun azadlığı və qüruruna xələl gətirir.

Öz taleyinin hakimi olmaqla hər şeydə, eləcə də bu işdə əziyyətlərlə barışmaq istəmir, bunlardan azad olmaq qərarına qəlir. O, problemin həllini killerdə tapır, ölümünü killerə həvalə edir. Bu seçim özünüöldürmənin şüuraltı inkarı kimi izah edilir, bununla belə, o, həm də zəif görünmək istəmir.

Gözlənilən Qurtuluş ərəfəsində o, öz iradəsini kağız üzərinə köçürmək, bir də uzun müddət görmədiyi, vaxtılə dəlicəsinə sevdiyi qadınla vidalaşmaq istəyir. Vidalaşmada tövbə, söhbət baş tutmur. Çünki bütün həyatını şəxsi ssenarisi əsasında yaşayan sifarişçi sevimli qadını ilə görüşü əslində tövbə etmək üçün nəzərdə tutmayıb. O, sevimli qadının yadında xoş təəssürat saxlamaq istəyir. Dramatik gərginliklə zəngin olan bu vida səhnəsi aktyorun oyununda tamaşaçını kəskin keçidləri ilə dəhşətə gətirir. Bundan əvvəl qarşımızda lirik bir qəhrəman durmuşdu. O, tamaşaçını intim ünsiyyətə, həyəcanlamaya dəvət edirdi. İfa məlahətində qipnoza düşmüş tamaşaçı məntiqi etiraf gözləyir. Lakin oyun üslubunu dəyişən aktyor ən son nota qədər dramatizmini yüksəldir.

Qəhrəmanını məişət səviyyəsindən faciəviliyə yönəldən Ötkəm İskəndərov oyununu açıq şəkildə simvolik və teatral edir, nitqi əcnəbi sözlərlə zənginləşir, sevimli qadını ilə səmimiyyətdən uzaqlaşdığı məqamda intonasiyası şüar tempinə keçid alır. Ötkəm İskəndərov qəhrəmanının daxili dünyasını filmin yekun hissəsində açıqlayır. Bu qəhrəman öz ağrısını nə kağız üzərində, nə də sevdiyi qadınla söhbətində ifadə edə bilir. Əli adəti üzrə royala uzanır, lakin nə musiqi, nə də alkoqol bu dəfə onu tənhalıqdan xilas etmir...

Küləyin səsi, meşənin gözəlliyi, gölün parıltısı ölümcül xəstə adamın həyat həvəsini artırır. O killerlə əlbəyaxaya çıxaraq Ölümü inkar edib Həyatı seçir. Aktyor rolunda ağrıdan əziyyət çəkdiyi, sevdiyi qadına kinayə etdiyi, bahalı royalın dillərinə toxunduğu anlarda nə qədər təbii görünürsə, killerlə əlbəyaxa səhnəsində bir o qədər inandırıcıdır. Filmin finalında qəhrəmanımız təbiətin gözəlliyi qarşısında əyilərək çox böyük ümidlə gələcəyə baxır. Tamaşaçı bu qəhrəmana çox inanmaq istəyir, çünki bu qəhrəman təkcə xəstəliklə mübarizədə deyil, öz təkəbbürü ilə mübarizədə də Qalib çıxır.

“Tənha durna uçuşu” (2003-cü il. Ssenari müəllifi Hüseynbala Mirələmov, rejissor Ələkbər Kazımovski) filminin baş qəhrəmanının obrazında da səslənir. Digər xüsusiyyətləri ilə yanaşı, film psixoanalizin öyrənilməsinin gözəl vasitələrindən biri ola bilər. Filmin baş qəhrəmanı Nəsib yad şəhərdə Sankt-Peterburqda yaşayır, o, gözəl alim, nümunəvi ailə başçısıdır. Məktəbi bitirdikdən 20 il sonra doğma kəndi Göytəpəyə, eyni sinifdə oxuduğu uşaqlarla görüşə qayıdır. Doğma diyara gələrkən xatirələri tamaşaçıların gözləri önündə canlanır: valideynlərini itirmiş istedadlı yuxarı sinif şagirdi Nəsib eyni sinifdən olan Gülgəz adlı qızı sevir. O öz gələcəyini Gülgəzsiz təsəvvür etmir. Lakin Gülgəzin doğmaları Nəsibin yetimliyi və kasıblığına görə Gülgəzi sevməsinə mane olurlar. Gülgəz onların iradəsinə əks gedə bilmir. Gənclikdə ona edilən bu alçadıcı hərəkət Nəsibin gələcəyini qurmağında nəhəng stimula çevrilir. O, təhsil alaraq hörmətli bir alim olur. Budur, Nəsib öz doğma diyarına taleyin bütün çətinliklərinə sinə gələrək Qalib kimi qonaq gəlir. Lakin sevgilisi ilə ayrılıq ağrısına, uşaqlıqda ona edilən alçaldıcı hərəkətlərin ağrısına qalib gəlməyə dözümü çatmır.

Piknikdə sevgilisi üçün təqdim etdiyi gül dəstəsinin onun qardaşı tərəfindən kobud şəkildə atılması xatirələrində gözü önündən keçir. Bu görüş sanki onun keçmişi ilə görüşdür. Lakin Nəsib bu görüşə revanş üçün yox, öz keçmişi ilə barışmaq üçün gəlib. 

Ötkəm İskəndərovun ifasında Nəsib özündən müştəbeh, qisasçı, xırdaçı insan deyil. Bu, ziyalı, özünə rahatlıq tapmaq istəyən bir adamdır. Sevgilisinin peşman olmasını görmək istəmir. O, Gülgəzin (Həmidə Ömərova) xoşbəxt həyatını gördükdə daha çox rahatlıq tapacaq. Lakin Gülgəz kamilləşməyib, sadəcə olaraq qocalıb. Məzunlarla görüş zamanı həmin şən və qayğısız qızdan əsər-əlamət olmur, Nəsib dəhşətə gəlir. Onun ölgün baxışları, səliqəsizliyi, qayğılı görünməyi Nəsibi məyus edir. Lakin uşaqlıqda olduğu kimi, bu görüşdə də onlar bir-birinin əlindən tutmağa çalışırlar. Yenə də piknikdir, lakin indiki görüş yaşa dolmuş eyni sinif yoldşlarının görüşüdür. Nəsib yenə də Gülgəz üçün gül dəstəsi yığır. Görünür, bu dəstə vida və üzr simvoludur. Onun üçün vacib olanı gələcəyi yaşamaq üçün keçmişlə barışmağı bacarmaq duyğusudur. Lakin sevgilisi böyük minnətdarlıqla əlini gül dəstəsinə uzadaraq öz ilk məhəbbətinə baxır və elə həmin andaca qorxu ilə əri gələn tərəfə baxaraq gül dəstəsini kənara atır. Uşaqlıqda olduğu kimi Nəsib yenə də hamının yanında alçalır. Burada da aktyor obrazın traktovkasına uyğun olaraq kin palitrasından kənardır.

Bu obraz yüksək daxili mədəniyyəti olan ziyalı insandır. Yetim böyüsə də, bu zadəgan keyfiyyətlər onun təbiətidir. Aclıq və müdafiəsizlik onun uşaqlığının yol yoldaşlarıdır. Lakin onun daxili kübarlığı insanlara kin saxlamağa imkan vermir. Filmdə aktyorun obrazı zərgər dəqiqliyilə ifa etməsi sayəsində Nəsibin təkcə öz taleyinin qalibi deyil, həm də bağışlamağı bacaran olduğu üzə çıxır. Məhz Nəsibin xeyirxahlığı onu dağıdıcı qəddarlıqdan xilas edir. Biz tənha durnanın öz qayğıkeş həyat yoldaşının və Gülgəzin yanına qayıtmasını görürük. Nəsib öz sevimli qızını da Gülgəz adlandırır.

 Sənətkar istedadı sehrli rənglər içərisindən boy verərək tamaşaçını çalarların tükənməz zənginliyi ilə təəccübləndirir, ona görə də yaratdıqları xarakterlər tanınır, həqiqətə uyğun və sevimli görünür. Sənət karyerasında Ötkəm İskəndərov bu günədək 40-dan çox filmin yaradılmasında iştirak edib. O, hətta gənc rejissor və operatorların debüt filmlərində çəkilməkdən də boyun qaçırmır. Ötkəm İskəndərovun oynadığı rollar fərqli talelərə malik, temperament və xarakterə görə müxtəlif insanlar olsa da, mənəvi kamilliyinə, geniş dünyagörüşünə görə biri-birinə yaxındırlar.
 
Sənətkarın hər bir rolun öz yerişi, səsi, aksenti, əllərinin hərəkəti, gözlərin ifadəsi, tamamilə fərqli hərəkət plastikaları mövcuddur. Möhtəşəm intuisiyaya malik aktyor yaratdığı obrazları ruhuna daxil olur, bu yolla roldan-rola inkişaf edir, bununla da incə zövqlü tamaşaçıları öz sehrli zənginliyi ilə dəyişdirir. Bu oyun, hər şeydən əvvəl, insanda humanist dünyagörüşünün tərbiyələndirilməsi kimi mühüm məqsədə istiqamətləndirilmiş istedadın işidir. Ötkəm İskəndərovun obrazlarında bu məqsəd özünü qabarıq şəkildə təzahür etdirir.

Əməkdar artist Ötkəm İskəndərov və onun həmkarları milli kino estafetini layiqli şəkildə davam etdirənlər sırasındadır. Təkcə yaradıcılıq işi deyil, həm də pedaqoji fəaliyyəti ilə milli aktyor sənətinin inkişafı yolunda çalışan Ö.İskəndərovun yetişdirdiyi mütəxəssislər də öz müəllimləri ilə qürur duyurlar.

Tamilla ƏHMƏDOVA 
ADMİU-nun Kulturologiya kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru 

 





17.07.2015    çap et  çap et